Xəbər lenti

 

 Jalə Mütəllimova

Keçmiş AMİP-çi Əli Əliyevin, keçmiş xanımının nə zamansa keçmiş sədrə, Etibar Məmmədova ünvanladığı məktubu ətrafında müzakirədən dolayı yazdığım yazı qarşılığı hələ də reaksiyalar alıram. “Uman yerdən küsərlər” işarəti ilə yazılan, Musavat.com-da dərc olunan “Siyasiləşən qadınlar” başlıqlı yazıma belə reaksiyalar gözləmirdim doğrusu. Təbii ki, qeyri-rəsmi. Təbii ki, nəyinə lazımdır? sualı ilə…

Qəribə millətik heç nə lazım olmamalıdır. Susmalıyıq, toxunulmazlar, keçilməzlər var. Niyə? Axı sonra həmin o dəymə, toxunma deyənlər hamıdan daha çox və möhkəm bağırır “dəhşətdir!”, “batırıq!” deyə.

Sözün düzü məsələnin bu qədər ciddi pərdəarxası məqamlarının olduğunu ağıl etməmişdim. Çoxu kimi düşündüm Əli müəllimdir, özünü test eləyir, görsün və göstərsin, nə bacarır. Amma nəzərə alanda ki, reaksiyalar hansı çevrələrdən gəldi, məsələ aydınlığa doğru oldu. Əslində nə baş verir? Əli Əliyev növbəti parlament seçkilərinə qatılmaq istəyir, bu sirr deyil. Buna görə ona nəhəng, həm də yaxından tanıdığı biri ilə şou yaratmaq vacibdir. Təxminən bu mənzərə yaranmalıdır ki, görün mən filankəsi neynəyəcəm. Bunun üçün onun baxış bucağına görə ən yaxşı variant Etibar Məmmədovdur. Adam təxminən yatmış şirdir. On ildən çoxdur açıq siyasi proseslərdə iştirakçı deyil. Əslində bu fikirin özü də o qədər inandırıcı deyil. Çünki siyasət tək girişi olan mənzil kimidir. Yəni çıxış qapısı yoxdur. Hər halda görünən bəlkə də aldadıcı mənzərə bu ki, Etibar Məmmədov adlı siyasi sima deaktivdir. Bu üzdən o bir çoxlarına, o cümlədən keçmiş partiyadaşına və səhv etmirəmsə qohumuna hədəf kimi göründü. Efir söhbətlərindən birində ilk həmlə gəldi, söhbətin nədən getdiyini dilə gətirməsə də Əli Əliyev sabiq partiya liderin heç zaman bağışlamayacağını dedi. Buna cavab olaraq ortaya nə zamansa Etibar Məmmədova Əli Əliyevin keçmiş xanımından ünvanlanan məktub çıxdı ortaya, şikayət məktubu. Düzü Əli Əliyevi susdurmaq üçün o qədər də uğurlu olmayan, hazırlıqsız və emosional cavab idi bu. O üzdən aqressiya doğurdu. Və haqlı olaraq sual ortaya çıxdı ki, əgər Etibar Məmmədov yenidən aktiv siyasi fəaliyyətə dönüş edirsə bunu Əli Əliyevin və onun keçmiş xanımının üzərindən etmək ona yaraşmadı axı. Ancaq məlum olur ki, məsələ alayıdır. Bu həm qorxmaq, həm də qorxutmaqdır. Daha dəqiqi, elektorat yoxlamaqdır.

Bəlli olduğu kimi sabiq səhiyyə naziri Əli İnsanov azadlığa çıxdı. Bu azadlıq ölkə mediasında nə zamansa siyasi proseslərdə önəm daşıyan yerliçilik ənənəsinin geri döndüyü kimi dəyərləndirildi. Bu fonda ilk yada düşənlərdən biri də təbii ki, əslən qərbi azərbaycanlı, sabiq AMİP lideri Etibar Məmmədov oldu. Əli İnsanovun “çoxdan siyasətdən uzaq olan adamların yenidən siyasətə qaytaracağıq” mesajı da daha çox əslən Qərbi Azərbaycandan olan siyasilərə, ələlxüsus da Etibar Məmmədova işarət kimi dəyərləndirildi.

Bütün bunların fonunda təbii ki, Əli Əliyevin maraqlı bir missiyası olmamış deyildir. Etibar Məmmədovun qarşısına yalnız o çıxa bilər. Nə də olsa sabiq partiya yoldaşıdır. Və təbii ki, bir-birinin addımlarını proqnozlaşdırmaq kimi eynilikləri var. Ancaq bir məqam nəzərə alınmayıb. Əli Əliyev AMİP-də üçüncü kateqoriya siyasətçi kimi media qarşısına çıxarılanda, Etibar Məmmədov lider idi. Təbii ki, o, lider olaraq bütün məlumatların və atacağı addımların üçüncü kateqoriya olanla bölüşmürdü. Ona yalnız hansısa tapşırıqlar verilirdi icra eləməsi üçün.

Bir sözlə Əli Əliyevlə Etibar Məmmədovu yoxladılar, test elədilər. Görəsən nə qədər regionçudur? Əli İnsanovla münasibətləri hansı səviyyədədir? Illərdir prosseslərdən uzaq olmasına rəğmən elektoratı varmı? İnsanların yadındadırmı? Ona kimin hansı münasibəti var?

Əslində Əli Əliyevlə Etibar Məmmədovu yoxlamaq uğursuz variant idi. Çünki sabiq AMİP lideri siyasi arenada həm də ən qısadanışan və özünübiruzə verməyənlərədən idi. Yəni test alınmadı. Bəlkə də bu testin cavabı istənilən kimi aydın alınmadı. Yəqin ki, bu Əli Əliyevin siyasi gələcəyini də bəlli edəcək.

Qaldı ona ki, Əli Əliyevin millət vəkilli olsunmu, olmasınmı? Onun insanlığı barədə kobud və sərt nəsə deyə bilmərəm. Amma bir vətəndaş mövqeyim var, onu demək boynumun borcudur. Düşünürəm o, cəmiyyət üçün faydalı vəkillərdən, sözü keçən siyasi xadimlərdən deyil və olmayacaq.

Əvvəla ona görə ki, keçmiş də olsa xanımını, oğlunun anasının adını siyasi pilləkəndə tranplin etdi. Bunu həmin xanımın yazdığı və ya adından yazılan cavab da bəlli edir. O cavabda qorxu var idi. Bir ananın atası ilə ünsiyyətdə olan oğlunu itirmək qorxusu. Yəni qadın, ya oğlunu itirməmək üçün ağlına gələni yazıb, ya da necə gəldi yazılan yazının altına imza atıb…

Ayrıca, bilmirəm yaşıdım olan həmkarların yadındadır ya yox? İllər öncə Əli Əliyevin xanımı ilə mübahisəsi Azərbaycan mediasında gündəm idi. Onda hələ ailə üzvlərini siyasi məqsəd üçün alət eləyən kişilər demək olar ki, yox idi. Amma xatırlayıram o gündəmi Etibar Məmmədova və elə Əli Əliyevin özünə də sayğıdan dolayı əsasə media quruluşlarının heç biri tirajlamadı. Bir neçə az populyar sayt tirajladı. O tirajlayanlar arasında indi Əli Əliyevlə-Etibar Məmmədov daxil. İndi həmin müəlliflər arasında internet televiziya işlədənlər də var. Nə zamansa Etibar Məmmədovun televiziya açmasına dəstək vermədiyi adamlar da deyə bilərik. Çox bəsit iş oldu bu.

İndi qayıdaq ona ki, niyə çox hörmətli Əli Əliyev görmək istədiyim deputat obrazı deyildir.

Birincisi, siyasətə ailə üzvlərini biabırçı formada cəlb edir. Bu gün Azərbaycan cəmiyyətində ikrah doğuran və media mənsubu olaraq bəndənizin də qarşısında durub mübarizə aparacağı məsələlərdəndir bu.

İkincisi, Azərbaycan siyasi səhnəsində keçmişi, həyatı və fəaliyyəti təmiz olmayan yetərincə siyasi sima var. Onlar bu gün hədəf olan Azərbaycanın siyasi hakimiyyətini heç nədən qoruya bilmir. Heç nəylə mübarizəyə girişə bilmir. Çünki özü öz başına qaxıncdır. Yəni, dövləti və hakimiyyəti qurtarmaq, uzunömürlü etmək üçün yeni bir yol, xətt açılmalı. O xətlə keçmişi ləkəsiz, ailəsi qüsursuz, dovlətçi, millətçi, adamların etibarını qazana biləcək, söyüş siyasətinə sinə gərəcək, vicdanlı, əqidəli, sadiq həm də müstəliq adamlar siyasi səhnəyə gətirilməlidir. Onlar daha çox insanlarla işləməlidirlər. Bu işdə ümid yeni keçirilcək parlament seçkilərinədir. Bəs Əli Əliyev bu standarta uyurmu? Əsla. Yeni seçiləcək namizədlər sırasında ola bilərmi? Zənnimcə olmamalıdır! Olmasına yol verilməməlidir! Veriləcəksə, deyiləcək bir söz qalır geriyə: Vay bizim də, millətin də, dövlətin də halına…




Ana səhifəyə qayıt        Baxış: 801          Tarix: 20-07-2019, 13:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma