Xəbər lenti

 

Naxçıvanda bir kənd var-Kələki. Muxtar Respublikanın ən şərq ucundakı Ordubad rayon mərkəzindən belə 45 km şimalda yerləşən bu kənd regionun ən ucqar yaşayış məskənlərindən sayılır. Əhalisi bağçılıq, tərəvəzçilik və heyvandarlıqla məşğul olan Kələki füsunkar təbiətilə də göz oxşayır. Vənənd çayının sahilində, Uçurdağın ətəyində yerləşən kənd, qədim mədəniyyət mərkəzlərindən biri olub. Kənddə hələ də öz araşdırmaçılarını gözləyən məbədgah xarabalığı da bundan xəbər verir. Axı adətən mədəniyyət mərkəzləri ya özləri məbədgahlara çevrilir, ya da bu məbədgahlar yerləşdikləri əraziyə mədəniyyət gətirirlər.

Kələki yaxınlığındakı məbədgah, tarix araşdırmaçılarının gözündən nə qədər uzaq qalsa da, öz adını haqqında danışdığımız kəndə verərək xatirələrini yaşadır. Alimlərin fikrincə, Kələki sözünün kökü də məhz bu məbədgahdan və kəndin ətəyindən yapışdığı Uçurdağdan gəlir. Sözün iki kökündən biri ərəbcə “kələ” (məbəd), digəri isə farsca “ki”dən (dağ) törəyib. Başqa sözlə desək, Kələki “məbəd dağı” mənasını verir.

 

Görünür, qədim dövrlərdə uzun əsrlər boyu coğrafiya insanının məbədgahına çevrilməsi Kələkinin bu gün də öz intellektual gücüylə müasir tariximizdə mühüm rol oynamasına səbər olub. Heç uzağa getməyək, Azərbaycan xalqının milli-azadlıq hərəkatının unudulmaz lideri Elçibəy bu kəndin yetirməsidir. Elçibəylə yanaşı bu kənddən milli şüurumuzun formalaşmasında əvəzsiz rol oynayan Aydın Qasımlı kimi ziyalı çıxmışdır.

Kələki tarixdən gələn inttellektual potensialını bu gün də uğurla davam etdirmək əzmindədir. Təsadüfi deyil ki, ali məktəblərə son qəbul imtahanında Muxtar Respublikanın adını ucaldan iki abituriyent də bu kəndin uşaqlarıdır. Kələki kənd tam orta məktəbinin şagirdi Zeynəb Xəlilova topladığı 683 balla Ordubad rayonunun birincisi ünvanını qazanıb. Rayonun ikincisi isə onun sinif yoldaşıdır. Mirzəyeva Natəvan Vüqar qızı 669 balla Zeynəbdən sadəcə 14 bal geri qalıb.

Kələki tam orta məktəbini bu il cəmi 5 şagird bitirib. Zəynəb və sinif yoldaşlarınının imtahanlardan qazandığı balların toplamı isə 2500-ü keçib. Başqa sözlə desək, Kələki kənd məktəbinin məzunlarının ortalama qiyməti 500 baldan yuxarıdır.

Biz Elçibəy yadigarı olan Kələki məktəblilərini təbrik edir, onlara gələcək  həyat yollarında uğurlar arzulayırıq.

Heydər Oğuz




Ana səhifəyə qayıt        Baxış: 2 932          Tarix: 3-08-2017, 15:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma