Xəbər lenti
 

Nə qədər mübahisəli keçsə də, Türkiyədəki son referendumda yaşanan bir çox hadisələr Azərbaycan üçün əsl dərs mahiyyətindədir. Eynilə Siirtin gözdən uzaq, könüldən iraq 3 kəndində yaşanan referendum marafonu kimi.
Ovqat.com xəbər verir ki, konstitusiya dəyişikliyi referendumunda seçki məntəqəsinə getməkdə çətinlik çəkən Qayıqlı, Günəşli və Kələkçilər kəndinin kənd əhalisi çarəni Siirt valiliyinin Seçki Böhran Mərkəzinə müraciət etməkdə görürlər. Bu kəndlərin problemi isə onunla bağlıdır ki, hər 3 kəndin sakinləri səs vermək üçün qonşu kəndə - Ormanardına getməliymişlər. Zira 4 kəndin seçki məntəqəsi məhz orda yerləşirmiş. Di gəl ki, Ormanardıyla bu kəndləri Dəclə çayı ayırır və dünən şiddətli leysan yağdığından qayıqlarını sel aparan kəndlilər nəqliyyat sıxıntısı yaşayıblar.  

 
 
Məcburən müraciət etdikləri Seçki Böhran Mərkəzi kəndliləri motorlu qayıqlarla təmin edib və sakinlər seçki məntəqəsinə  gedə biliblər. Səs verəndən sonra yenə həmin qayıqlarla da evlərinə qayıblar.
Siirtin bu ucqar kəndlərindən Azərbaycana baxanda qəribə bir təzadlıqla üzləşirik. Biz bir çox hallarda tam burnumuzun dibində qurulan seçki məntəqələrinə getməyə ərindiyimizdən MSK-ya seçkiləri saxtalaşdırmaq imkanı yaradırıq. Seçkidən yayınmağımızın başlıca səbəbi isə “bizim səsimizlə heç nə dəyişməyəcək” düşüncəsi olur. Halbuki, bizim ümumi seçici sayında tutduğumuz yer Siirtin haqqında danışdığımız 3 kəndiylə müqayisədə bəlkə də daha böykdür. Belə ki, MSK-nın rəsmi statistikasına görə, Azərbaycanda 5 milyon 163 min 927 seçici var. Türkiyədə isə seçicilərin sayı bizdən, nə az nə çox, düz 11 dəfə artıqdır- 55 milyon 319 min 222 seçici.

 
Sual edə bilərsiniz: Motorlu qayıqla Dəclə çayını keçib səsverməyə gedən 3 kəndin seçicilərinin sayı nə qədərmiş?
Cəmi 70 nəfər. Yəni dənizdə damla qədər. Amma onlar referendumda iştirak etmək üçün hər cür cəfaya qatlanıblar. Çünki verdikləri səsin çox şeyi həll edəcəyinə inanırlar.


Heydər Oğuz


Ana səhifəyə qayıt        Baxış: 1 341          Tarix: 16-04-2017, 17:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma