Xəbər lenti

 Təbaşirlə çəkilən rəsm…

… Saat 9-30 radələri. Şəhərin mərkəzi küçəsi. Yaxınlıqda metro stansiyası, bir qədər aralıda yerləşən ticarət mərkəzi, küçənin o biri tərəfində isə, sahəsinə görə bütün parklardan böyük olan sahil parkı. Hələ ətrafdakı irili-xırdalı ofis və yeməkxanaların olduğunu da nəzərə alsaq, bura şəhərin ən qaynar və gur yeri idi.

Dördyol ayrıcından keçən döngədəki səkidə təbaşirlə çəkilmiş bir rəsm gözə dəyirdi. Bu rəsm qara asfalt üzərində, insanların ayaqları altında çəkildiyinə görə diqqəti daha çox cəlb edirdi.

İnsan rəsmi idi, üzüqoylu, yatmış vəziyyətdə çəkilmişdi. Qolları yana açılı, əlləri qoşa vəziyyətdə başından bir qədər yuxarı, sanki allaha dua edirmiş kimi təsvir olunmuşdu.

Çəkilən rəsm əsəri hansısa bir rəssamın təxayülünün məhsulu, bəlkə də fantaziyası idi. Rəsmin fonu qaranlıq olduğu üçün çəkilən insan rəsminin yaşını təyin etmək mümkün deyildi. Amma onun kişi rəsmi olduğu tam aydın idi.

Rəsmin yanında bir papiros qutusu, alışqan, bir də pulqabı şəkli də cızılmışdı. Maraqlı olsun deyə, rəssam pulqabının ətrafına səpələnmiş bir neçə qəpik də qaralamışdı. Həmin əşyalardan, təxminən yarım metr aralıda bir tay əlcək rəsmi də vardı. Ola bilsin ki, rəssam rəsmini çəkdiyi adamın zəhmətkeş, amma kasıb və bədbəxt birisi olduğunu tamaşaçıya anlatmaq istəmişdir.

Maraqlı orasındaydı ki, kişi rəsminin yanındakı bütün əşyalar rəsm əsəri yox, elə reallıqda gördüyümüz əşyaların özüydü.

Asfalt üzərinə təbaşirlə çəkilmiş insan rəsminin baş hissəsinin yanına bir dəstə tər gül də qoyulmuşdu. Qızılgül dəstəsi idi, ləçəkləri al qırmızı, qan şəklində… Elə bil güllər qana boyanmışdı.Yoldan ötənlər ayaq saxlayıb diqqətlə rəsmə tamaşa edirdilər. Tamaşa edənlərin sayı o qədər çox idi ki, hətta dörd-beş cərgəlik dairəvi növbə də yaranmışdı. Belə dairəvi növbəni başqa yerlərdə görmək mümkün deyildi, axı növbələr dairəvi yox, uzunsov olur.

Günəş qalxdıqca rəsm əsərinin parlaqlığı bir az da artırdı. Elə bil rəsmin üstünə gur işıq seli axırdı, bir az da mənzərəli görünürdü.

Tamaşaçı çox idi. İş-güc dalısınca gedənlər bircə anlıq da olsa ayaq saxlayıb rəsmə baxır və ecazkar bu rəsm əsərinin onların qəlbində buraxdığı qəribə təəssüratdan çiyinlərini çəkərək, başlarını bulaya-bulaya yollarına davam edirdilər.

Hər kəsi bir sual düşündürürdü, asfalt üzərinə çəkilmiş rəsm əsəri kimindir və bu rəsmi bura hansı rəssam çəkmişdir?! Hamı susaraq maraqla bir-birinin üzünə baxırdı.
  Qarşı yolda dayanmış, üstündə göy-qırmızı işiqları yanıb-sönən maşından bir polis işçisi düşüb adamlara yaxınlaşdı. Onun qoltuğunda bir yığın sənəd, əlində isə ağ təbaşir var idi.

O, dairəvi cərgəni yararaq asfalt üzərində çəkilmiş rəsmə yaxınlaşdı və bir anlıq başını qaldırıb yaxınlıqda tikilməkdə olan onaltı mərtəbəli binaya baxdı. Sonra adamlara:
- Dağılın, icazə verin, işimizi tamamlayaq.-dedi.


Sevgilim mənim…

… Gözlərini açmadan əlini uzadıb gecə lampasının düyməsini basdı. Otaq çəhrayı rəngli işıq selinə büründü. Yarımqapalı gözlərini ovuşduraraq divardakı saata baxdı, saatın əqrəbləri altı tamamı göstərirdi.
   Yataqdan qalxıb pəncərəni açdı. Səhər hələ açılmamışdı. Göydə təkəm-seyrək ulduzlar gözə dəyirdi. Açıq pəncərədən içəri dolan soyuq hava axını bədənini ürpəşdirdi. Soyuğun təsirindən gözləri yaşardı.

Havadan neft qoxulu şəhər havasının iyi gəlirdi. Ağzını geniş açıb, acgözlüklə sinə dolusu nəfəs aldı. Aldığı havanı  bir müddət ciyərlərində saxladı. Duza qoyulmuş balıq iyi verən, bu neft qoxulu havanın elə bil ki, ömrüboyu həsrətindəymiş.

Bir müddət beləcə dayanıb qaldı. Sonra pəncərəni örtüb hamama keçdi, əl-üzünü yudu. Çaydanı doldurub qaz pilətəsinin üstünə qoyanda fikrindən daşındı. Düşündü ki, naharı gözləsə yubana bilər. Çünki hava bir azdan işıqlaşacaqdı.

Özünə söz vermişdi, bu gün onu çox gözlətməyəcəkdi. Onsuz da, nə vaxt getsəydi onu sahildə gözləyən görürdü.

Üzünü qırxdı, paltarını geyinib güzgünün qabağında dayanaraq özünə baxdı. Qocalırdı. Qocalıq öz nişanəsini ağ saçlarında, sir-sifətinin qırışlarında artıq göstərməkdəydi. Bircə ürəyi həminki ürək idi, alovlu, ehtiraslı.

Yataq otağına keçdi, üzüqoylu yatan həyat yoldaşının üstündən sürüşüb düşən adyalı sahmanlayıb çölə çıxmaq istəyirdi ki, arvadı astaca:

- Durmusan?!-dedi.

- Hə?..

- Ağrımırsan ki?!

- Yox, indi babatam.

- Yenə ora gedirsən?

- Hmm…

- Ürəyin doludu yəqin? Darıxırsan?!

- Hə, yaman darıxıram…

- Sizin söhbətiniz bitib dükənmədi? Axı, görənlərdən ayıbdır?

- Əzizim, sən ki, mənə söz vermisən, bu işdə bizə mane olmayacaqsan.

- Hə, elədir! - deyə arvadı arxası üstə dönərək əllərini başının altında daraqlayıb gülümsədi. - Düz deyirsən, söz vermişəm. Di get, mane olmayacağam sənə.

Sonra nə fikirləşdisə:

- Heç olmasa, əynini qalın edəydin, axı, xəstəlikdən təzə qalxmısan. Gözəlçən naxoşladıb yenə göndərəcək ha, üstümə səni.

- Narahat olma, əzizim, bir-iki saata qayıdıram. – deyə kişi gülümsəyərək, əlini arvadının qıvrım saçlarında gəzdirib otaqdan çıxdı.

Həyat yoldaşı dərindən köks ötürərək ərinin arxasınca:

- Kaş, məni də onun kimi sevə biləydin, onda heç dərdim olmazdı. İnsanın nə boyda sevgisi olarmış, ilahi? – deyə o, dərindən köks ötürdü. Sonra öz-özünə gülümsəyib:

- Allah sənə ağıl versin, yaşlansan da, ağlın uşaq ağlı kimidir. - dedi.

Bir müddət olardı ki, onlar görüşmürdülər. Azacıq xəstələnməsi, ona evdən bayıra çıxmağa imkan verməmişdi. Bu gün isə bir az yaxşılaşmışdı və axşamdan özünə söz vermişdi ki, səhər sübh tezdən onu görməyə gedəcəkdir. Onu çox sevirdi. Ürəyi doluydu. Qəlbini sıxan, heç kəsə demədiyi sirrini ona açardı. Yaşlaşdıqca bir az da kövrək olmuşdu, danışdıqca, elə hey danışmaq istəyirdi. Yaşlı adamlar danışmağı çox sevirlər. İllahki, onlara qulaq asan ola, sözlərini kəsməyələr.

Onun mavigözlü sevgilisi də bir kəlmə də olsa sözünü kəsməyərək axıra qədər ona qulaq asırdı. Sevgilisinin lal-dinməzliyi ona elə ləzzət verirdi ki… Ürəyinin bütün sirrlərini ona

danışırdı. Zəmanədən, insanların vəfasızlığından, son vaxtlar ona əzab verən ağrılarından, hətta arvadıyla bəzən sözlərinin düz gəlməyən vaxtlarında, küsüb-barışmalarını da ona açıb deyərdi.

Neçə müddətdi ki, onunla beləcə qəlbbircandaydı, dərdləşirdi, heç kəsə demədiyi qəlbinin sirrini açıb ona deyirdi. Amma bir dəfə də olsun dediyi sirri, söhbəti, sevgilisi heç kəsə açmamışdı. Bu söhbətlərin hamısı sevgilisinin ümman böyüklükdə qəlbində quyuya atılan daş kimi sirr olaraq qalardı…

… Yaşadığı binanın həyətinə düşəndə soyuq payız küləyi onun boyun-boğazını yaladı. Qəfildən üstünə soyuq su çilənən pişik kimi silkindi. Soyuq olmasın deyə, plaşının yaxalığını qaldırdı. Qısa və ətli boynu bir az da görünməz oldu. Əllərini cibinə salıb sürətli addımlarla binadan uzaqlaşaraq sahilə tərəf üz tutdu.

Hava tam işıqlanmamışdı. Üfüqdən boylanan, hələ özü görünməyən günəşin qızılı şüaları boz buludların üzərinə düşərək, get-gedə alovlanan iri tonqalı xatırladırdı. Gecə isə mürgülü gözlərini ova-ova əriyib yox olmaqdaydı. Sanki buludların arasında yuva qurmuş qağayılar, bir-bir oyanaraq sübhün bağrını dələn qışqırtılarıyla haray-həşir salmışdılar.

Saat qülləsinin üstündəki işıqlar hələ də yanırdı. Sahildə barmaqla sayılası adamlar gözə dəyirdi. Onların çoxunu tanıyırdı, yaşlaşmış idmançılar idi, hər səhər qaçırdılar. Onların arasında bir həkim dostu da vardi, ürəyi xəstə olduğundan hər gün burada idi.

Onunla salamlaşdı. Həkim addımlarını yavaşıtmadan:

- Su pərisi gözləyir?!

- Əlbəttə, həmişəki kimi?

- Sevgi buna deyərəm e, - deyə həkim gülümsəyərək başını buladı.

Saat qülləsinin yanından keçib pillələrlə aşağı endi. Həyacanlıydı.

O, gözləyirdi... Yaxın gəldi. Sahildən düşən işıqseli sevgilisinin çöhrəsini sanki al-qırmızı rəngə boyamışdı. Saçları açıq və qırçınlıydı. Gözləri qapalı olsa da, nə isə pıçıldayırdı. Onun pıçıltısı sanki bir ovuc çaylaq daşının bir-birinə sürtülərək çıxartdığı xışıltılı səslərə bənzəyirdi.

Amma o, bu səsləri delfinlərin bir-birlərini görüşə çağırdıqları zaman göndərdikləri ulturaintim səslərə daha çox oxşadırdı.

Bir-iki addım da yaxın gəlib dayandı.

Asimanı, yeri-göyü qucaqlayıb bağrına basacaqmış kimi qollarını geniş açdı. Qolları havada asılı vəziyyətdə qalsa da, sanki ağuşunda bir gözəlin duzlu-tamlı isti nəfəsini hiss etdi. Sir-sifətinə duman-çiskin qarışıq nəm toxundu. Bu nəmli şeh damlaları onun yanaqlarından süzülüb ağzına dolaraq, ilk dəfə öpülən  qızın dodaqlarının tamını verirdi.

Hər ikisinin qəlbi çırpınırdı… Bayaqdan sakit görünən dalğalar birdən-birə şahə qalxaraq, özünü sahilə çırpır və bayaqdan yolunu gözlədiyi sevgilisini ağuşuna almaq istəyirdi.

O isə, hamının eşidə biləcəyi uca səslə:

- Salam… Dənizim… Əzizim… Sevgilim mənim ! – deyərək, uşaq kimi sevinirdi.


Varlı adamın pencəyi...

Cənablar, doğurdan da…

Evsahibəsi üst-üstə qalaqlanmış bir yığın paltarı qulluqçu qadının ayaqları altına ataraq:

– Onundur... götür, istəsən ərin geyinər, istəməsən qohumlarından birinə bağışlayarsan, gedər, - dedi.

Qulluqçu qadın diksinən kimi oldu. Ölmüş adamın paltarlarının ona toxunub, üst-başını murdarlayacağından sanki qorxurmuş kimi bir-iki addım geri çəkildi.

Paltarlar bahalı idi. Üzərlərinə səpilmiş ətrin iyi bir neçə addımlıqdan hələ də hiss olunmaqdaydı. Bu paltarları vaxtilə ev sahibinin əynində dəfələrlə görmüşdü.

Ev sahibəsinin əri bir müddət bundan qabaq avtomobil qəzasında həyatını itirmiş varlı bir şəxs idi. Əri deyəndə rəsmi nigahları yox idi, sadəcə onunla yaşayırdı. Ölən adamın şəhərin mərkəzində ev-eşiyi, ailəsi vardı.

Bu məhəllədə iki ildən bir qədər artıq olardı ki, yaşayırdılar. Hamı kişini pis adam kimi tanıyırdı. Olduqca əzazil və xəsisin biriydi. Qonşuluqda heç kəslə ünsiyyəti olmayan bu adam kirayələdiyi bir neçə otaqlı, geniş həyət-bacası olan mənzilinə həftədə iki dəfə, şənbə və bazar günləri gələr, bazar ertəsi isə sübh tezdən gəldiyi kimi də yox olub gedərdi.

Evin xanımı qulluqçusunun gözlərini döyə-döyə onun üzünə baxdığını görüb astaca dilləndi:

-Bilirəm, haqqını istəyəcəksən, amma nə edim ki, bu dəqiqə sənə verməyə pulum yoxdur. Özün yaxşı bilirsən ki, mənim də vəziyyətim yaxşı deyil. Artıq bu mənzilin kirayə haqqını verə bilmədiyim üçün mən də məcbur qalıb gedirəm. Amma sənə borclu olduğumuzu da danmıram, nə vaxtsa haqqını ödəyəcəyəm, bir az səbr etsən yaxşı olar.

Qulluqçu qadın udqundu. Elə bil nə isə onun boğazına tıxandığından nəfəs almağı çətinləşdi. Bədənini soyuq tər basdı. Həyacandan göz bəbəkləri iriləşdi

- Xanım, altı aya yaxın olar ki, bir qəpik də olsun mənə pul vermirsiniz. Mən də insanam, mənim də ailəm var, axı. Oğul-uşaq saxlayıram və bilirsiniz ki, ərim iflic, uşağımın biri də ağır xəstədir, onları müalicə etdirirəm. Xahiş edrəm, mümkünsə mənim haqqımı verin, halallallıqla ayrılaq.

Ev sahibi əsəbləşsə də, iki ildən artıq onlara qulluq etmiş, ev-eşiklərini qorumuş, həyət-bacalarını təmizləmiş, dükan-bazarlıqlarından tutmuş biş-düşlərinə qədər bütün işlərinə qatlaşmış və bir dəfə də işində nöqsan tapmadıqlrı bu xidmətçi qadına üzünü tutub dedi:

-Nə edim, bizimki də belə gətirdi. Ölməsəydi yəqin ki, qalıb işləyəcəkdin, səndən bir incikliyimiz olmayıb axı. Bir də ki, məndə nə günah var, çalışıb zəhmət haqqını vaxtlı-vaxtında alaydın. Mən ki bu işlərə qarışmırdım. Allah şahiddir ki, mən də ondan az çəkməmişəm, gün-güzaranımı ki, sən bilirdin. Onun qazancından mənim xəbərim olmayıb, nə qazanıb, hara xərcləyib bir dəfə də olsun soruşmamışam. Hər şey onun öz əlindən gəlib keçərdi. Sən ki, bilirsən biz dükan-bazardan aldıqlarımızı aylar sonra ödəyərdik. Onda da sahibləri qapımızı dabandan çıxartdıqdan sonra. – Gəl belə edək, qoy bir az başım ayılsın, görüm özüm nə edəcəyəm, yaxşı tanışlarım var, yəqin ki, belə getməz. Onda sənə olan borcumuzu da ödəyərəm, bəlkə yenə də birlikdə olduq. – Hə, nə deyirsən? Məndən ki, narazılığın olmayıb.

Qadın məzlum baxışlarını bir müddət ev sahibəsinin üzərindən çəkmədi. Bu baxışlarla o vəziyyətinin həddən artıq ağır olduğunu ona bildirmək istəyirdi. Amma deməyə söz də tapa bilmirdi. Çünki evin sahibi onun aylıq zəhmət haqqını yubadanda, yaxud da verməyəndə, yenə bu qadın ona əl tutardı. Çarəsi nə idi, onunla razılaşmalı idi.

O paltarları bir kisəyə yığıb qoltuğuna vurdu. Qapıdan çıxarkən dönüb xanıma baxdı və astaca:

- Rica edirəm, xanım, nə olar, mənə olan borcunuzu bu paltarlarla ödədiyinizi düşünməyin. Onsuz da, ərim yataq xəstəsi olduğu üçün bu paltarların heç birini geyinən deyil. Mənə onları saxlamaq, dava-dərmanlarını almaq üşün pul lazımdır. Allah xatirinə, məni yaddan çıxarmayın. Yəqin ki, mənim kirayə qaldığım mənzilin yerini də bilirsiniz.

Qadın bu sözləri deyərkən göz yaşlarını saxlaya bilmədi.

Ev sahibəsi onun bu halına acıdı:

-Sənin vəziyyətini başa düşürəm, anlayıram səni. İnan, əlimə pul düşən kimi gəlib borcunu qaytaracağam. Amma başa düş ki, mənim vəziyyətim də bu dəqiqə yaxşı deyil. Bir-iki günə evi boşaltmalıyam.

Qulluqçu qadın darvazanı açıb bayıra çıxdı. Acizliyinə görə özünü qınayırdı. Bu qədər axmaqlıq etmək olmaz, düşünürdü. Tanıdığı adamlar vardı ki, onlar da onun kimi varlı admların ev-eşiyində, bağ-bağatında işləyirdilər. Hamısı da gözəl dolanırdılar. Onlar danışırdılar ki, bir az haqları yubanan kimi, yaxud da ev sahibi haqlarını kəsən kimi əllərinə keçən şeyi çırpışdırıb, aparar, dəyər-dəyməzinə satıb dolanardılar. Elə ev sahibləri də vardı ki, ad-sanlarına görə xidmətçilərə elə baxrdılar ki, elə bil yaxınlarına əl tuturlar. Alyanın baxtına çıxan isə tamam başqa adam idi. Beləsi bəlkə də yüz ildə bir dəfə dünyaya gələ, ya gəlməyəydi.

Hirsliydi. Qoltuğundakı bağlamanı elə qapının ağzındaca qoyulmuş zibil qutusuna atıb getmək istədi. Amma tezcə də fikrindən daşındı. Düşündü ki, bu yaxşı iş olmaz, xanım görər, onda nə fikirləşər? Fikrindən daşındı, kisəni qoltuğuna vurub yoluna davam etdi. Düşündü ki, evə aparsın, sonra kasıb qohum-əqrabasının birinə verər. Kim nə bilir ölü paltarıdır?

O, bu fikirlər içərisində evinə döndü. Yaman pərişan idi. Bir müddət lal-dinməz oturub qaldı.  Nə etsin, hara getsin, yenə kimin qapısını döysün?- deyə öz-özünə düşündü. Cavabsız suallar üzüb onu əldən salırdı. İki carəsiz xəstəni, on üç yaşlı qızını necə saxlasın? Hardan, kimdən kömək istəsin. Dizlərini qucaqlayıb hönkür-hönkür ağladı. Qızı gözləri dolmuş halda anasına sığındı. Həyatda təsəlli tapdığı, yeganə ümid yeri olan qızıydı. Onunla nəfəs alırdı. O olmasaydı, ağlından neçə dəfələrlə keçirmişdi, iflic ərini də, ömrünün axırına kimi şikəst olan oğlunu da özü qarışıq odlayıb yandırsın və bir dəfəlik bu dərddən qurtulsun.

Xəstə əri baş verənlərdən xəbərdar idi. Bilirdi ki, həyat yoldaşı işlədiyi evin sahibindən borcunu ala bilməyib və hələ üstəlik bundan sonra işə də getməyəcək. O, gözlərini tavana dikərək yataqda xəfifcə zarıdı. Göz yaşları tük basmış üzündən süzülərək yastığın islatdı.

Arvadı ərinin bu halına dözməyib ona yaxınlaşdı və əlinin arxasıyla onun göz yaşlarını silib dedi:

-Narahat olma, işdən çox iş var. Sabah, birisi gün ondan da yaxşı iş tapacağam, onsuz da onlarda havayı işləyirdim

Arvadının hərəkəti kişini bir az da kövrəltdi, onun çiyinləri titrədi.

Otağı bir müddət sükut bürüdü. Hamı bir-birinin üzünə baxırdı. Kişi gözlərini dolandırıb küncə qoyulmuş kisənin üzərində saxladı. Baxışlarıyla arvadından o kisədəkilərin nə olduğunu soruşmaq istətədi.

Arvadı ərinin fikirlərini göydəcə tutduğundan:

-Onun paltarlarıdır, o əclafı deyirəm, mənim pulumu verməyən ev sahibinin. Xanımı zorla verdi. Zibilliyə atırdım, sonra fikirləşdim ki, ehtiyacı olan qohumlardan birinə verərəm, həyət-bacada geyinər.

Kişi xırıltılı səslə nə isə pıçıldadı. Onun sözləri aydın eşidilməsə də, məlum idi ki, ev sahibini söyürdü.

Bir müddət də gəlib keçdi, nə qadından, nə də borcdan bir xəbər vardı. Ailənin vəziyyəti dözülməz dərəcədə ağırlaşmışdı. Evin dolanışığını düşünən tək ana hər gün iş axtarmaq üçün sübh tezdən evdən çıxsa da, axşamlar əli ətəyindən uzun evə dönərdi. Onun əlacı tamam kəsilmişdi, daha dözə bilmirdi. Arxalandığı və ümid bəslədi hər şey sona yetmişdi. Artıq qəti qərara gəlmişdi ki, qızını kəndə bacısının yanına gındərsin, etibar etdiyi təkcə o idi. Bacısına çətin olsa da birtəhər uşağı böyüdüb yerbəyer edə bilər, küçələrdə qalmaqdan pis olmayacaqdı ki, - düşündü. Qaldı evdəki iki xəstəyə isə, onların taleyi onsuz da qara gəlmişdi, o nə edə bilərdi. Nə etmək lazımdırsa o etmişdi, bundan artığına gücü yetmirdi. Allah tutacağı işə görə onu cəzalandıracaqdısa, onsuz da o öz cəzasını verirdi, heç Allaha əziyyət də vermək istəmirdi.

Bu düçüncələr içində o, evə dönürdü. Gəldiyi son qərar, elə bil ona bir rahatlıq gətirmişdi, çox sakit görünürdü. Artıq bundan sonra heç nəyin fikrini çəkməyəcəkdir, bütün yüklər çiyinlərindən götürüləcəkdir.

Yolunun üstündəki ərzaq dükanın yanından keçəndə ayaq saxladı, bir anlıq axşam nə yeyəcəklərini düşündü. Onsuz da, yeməyə evdə quruca çörək belə yox idi, nəinki başqa bir ərzaq ola. Cantasının küncündəki pul qabını eşələdi, bir manar on qəpik pulu vardı. İki ədəd çörək götürmək istədi, birini axşama, o birini isə səhər yeməyinə. Səhərə niyə?- xəfifcə başını bulayıb doluxsundu. Biri bəsdir. Sonra nə fikirləşdisə sürətlə dükandan bayıra çıxdı və yolun sağ tərəfindəki yanacaqdoldurma məntəqəsinə tərəf getməyə başladı. Ora çatıb, əynində qırmızı konbizon geyinmiş cavan oğlana yaxınlaşdı və ona nə isə deyib bir manatı ona verdi. Oğlan yanacaq sayğacının yanındakı boş plastik qablardan birini götürüb yanacaqla doldurdu və qadına verdi. Qadın yanacağı alıb sürətlə oradan uzaqlaşdı.

Otağa daxil olanda qapının ağzındaca donub qaldı. Yataqda qara kostyumda, qırmızı qalstuklu bir kişi uzanmışdı. Çox cüssəli və yaraşıqlı görünürdü. İlahi, bu kimdir, - deyə qorxub geriyə dönmək istədi. Diqqətlə baxanda ərini tanıdı. – İlahi, bu nədi, bu nə qiyafətdi? - deyə təəccübündən gözləri bərəldi. Evdən gülüş səsləri qopdu. Əvvəlcə qızı, sonra da əri və oğlu gülməyə başladılar. Qadın hələ də evdə nələrin baş verdiyini anlamadan onun-bunun üzünə baxırdı. –Sizdən soruşuram, bu nə oyundu qurmusunuz, bu paltar haradandır?

Qızı anasına yaxınlaşıb onun əlindən tutdu və:

-Anacan, darıxdıq, başımızı qatmaq üçün kisədəki paltarları çıxartdım, gördüm ki, kostyumdur. Atamla razılaşdıq ki, paltarı ona geyindirək. Elə bil əyninə tikilibmiş, elə yaraşdı ki, ona, lap varlı adama oxşadı. Həm də bildim ki, indilərdə gələrsən, darıxırsan sənin də könlünü açmaq üçün gözlədik. Bax, qardaşım da sevinir, bayaqdan o qədər gülmüşük ki...

Qadın ərinə baxdı və onu da gülmək tutdu. Doğrudan da əri bi qiyafədə lap zəngin iş adamlarına oxşayırdı. – Bir bunun qırmızı qalstukuna, bax..- deyə qadın qəşş elədi. Nə oldusa, qadın birdən-birə kiridi, sifəti ciddiləşdi və geri dönüb qəfildən yanında dayanmış qızının sifətinə sərt bir şillə çəkdi.

Lənətə gələsiniz sizi, mən gör nə haldayam, neçə müddətdir özümə gələ bilmirəm, gecə-gündüz bunları düşünürəm, bu axmaqlar isə mənə tamaşa hazırlayıblar.- Sənə kim icazə verdi ki, bu meyit paltarını, bu andıra qalmış zir-zibili atanın əyninə keçirəsən. Kim, kim icazə verdi? – deyə qızının qollarından turtub bərk-bərk silkələdi. Uşaq qorxusundan bərkdən ağlamağa başladı.

İflic əri bir anlıq don vurmuş adamlar kimi keyiyib qaldı. Onun sifətindəki gülüş də donaraq qalmışdı. Şikəst oğlu isə adyalı başına çəkərək qorxusundan ağlayırdı.

Qadın irəli yeriyib ərinin əynindəki kostyumu acıqla soyundurmağa başladı.Əvvəlcə boynundakı qalstuku açıb yerə atdı, sonra pencəyi. Köynəyi, şalvarı dartıb ərinin əynindən çıxartdı. Ayağının altına alıb tapdamağa başladı. Ürəyi soyumadı. Köynəyi götürüb cırıqladı. Şalvarı iki yerə ayırdı.. Pencəyin bir qolunu ayağının altına qoyub dartdı. Parçaladı. Elə bu vaxt pencəyin astarının arasından bir paçka pul ayaqları altına düşdü.

Qadın gözlərinə inanmadı. Cəld pulu yerdən qaldırdı, bir paçka dollar idi. Əvvəlcə duruxub qaldı, sanki onu qara basırmış kimi öz-özünə nə isə pıçıldadı. Bu nədir, ilahi, yoxsa mən yuxu görürəm? Yox, bu yuxu deyil, həqiqən də puldur, özü də bir paçka.






Ana səhifəyə qayıt        Baxış: 1 658          Tarix: 15-09-2017, 10:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma