Xəbər lenti

 Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi (MHA) Almaniyanın Hannover şəhərindəki “Junge Oper Hannover” ‎teatrı tərəfindən Nizami Gəncəvi və onun “Leyli və Məcnun” əsəri ilə bağlı yol verilmiş yanlışlıqlarla əlaqədar məmulat yayıb.

MHA-dan AZƏRTAC-a bildiriblər ki, son günlər kütləvi informasiya vasitələrində Almaniyanın Hannover şəhərindəki “Junge Oper Hannover” ‎teatrı tərəfindən “Leyli və Məcnun” poeması əsasında hazırlanan operanın afişalarında Nizami Gəncəvinin fars şairi kimi təqdim edilməsi barədə müxtəlif yazılar gedir.

Bununla əlaqədar MHA əvvəl verdiyi açıqlamaya əlavə olaraq bildirir ki, Azərbaycan Respublikasının Almaniyadakı səfirliyi məsələ ilə bağlı məlumatlandırılıb. Eyni zamanda, Nizami Gəncəvi haqqında MHA tərəfindən tarixi mənbələr əsasında hazırlanan geniş arayış həmin teatra təqdim olunmaq üçün ölkəmizin Almaniyadakı səfirliyinə göndərilib.

Səfirlikdən agentliyə daxil olan məktubda bildirilir ki, səfirlik Nizami Gəncəvi və onun “Leyli və Məcnun” əsəri ilə bağlı yol verilən yanlışlıqların aradan qaldırılması ilə əlaqədar teatrın rəhbərliyinə məktub göndərib. Eyni zamanda, MHA-nın hazırladığı arayış onların diqqətinə çatdırılıb və qeyd olunan səhvlərin aradan qaldırılması xahiş edilib.

Teatrın səfirliyə cavab məktubunda onlara təqdim olunan məlumatlara görə təşəkkür bildirilib və müvafiq düzəlişlərin edildiyi göstərilib.

Bununla belə, əlavə araşdırma göstərir ki, həqiqətən teatrın internet və “Facebook“ səhifələrində “Leyli və Məcnun” poemasının fars nağılı, Nizami Gəncəvinin isə guya fars şairi olması barədə məlumatlar çıxarılıb. Lakn düzəlişlərdən sonra Nizami Gəncəvi “orta əsrlər şairi” kimi göstərilib, onun Azərbaycan şairi olması qeyd edilməyib. Bununla bağlı səfirliyin narazılığı bir daha teatrın rəhbərliyinə çatdırılıb.

Bu məsələ MHA-nın diqqət mərkəzində saxlanılır.




Ana səhifəyə qayıt        Baxış: 1 133          Tarix: 12-05-2017, 12:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma