Bu ilin sentyabr ayında Gürcüstana həyata keçirilmiş pul köçürmələrinin mənbəyinə görə Rusiya lider olub.
“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, ötən ay Rusiyadan Gürcüstana 40,7 mln. ABŞ dolları məbləğində pul göndərilib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 mln. dollar çoxdur. Bununla belə, Rusiyanın Gürcüstana pul köçürmələrindəki payı 34,9%-dən 32,8%-ə düşüb.
Ümumilikdə isə sentyabrda Gürcüstana xaricdən 124,4 mln. dollar pul gəlib. Bu illik müqayisədə 24,4% çoxdur. Pul köçürmələrinin 38,8 mln. dolları Avropa İttifaqı ölkələrinin payına düşüb. O cümlədən İtaliya və Yunanıstandan 13 mln. dollar, Almaniya və İspaniyadan 3,1 mln. dollar, Böyük Britaniyadan 1,6 mln. dollar, Fransadan isə 1,2 mln. dollar vəsait daxil olub.
Ay ərzində Gürcüstana göndərilən pulun məbləğində ABŞ-ın payı isə ötən ilin sentyabrına nisbətən 500 min dollar artaraq 12,1 mln. dollara, İsrailin payı düz 2 dəfə və yaxud 5,8 mln. dollar artaraq 11,6 mln. dollara, Türkiyənin payı isə 2,1 mln. dollar artaraq 9,5 mln. dollara çatıb.
Sentyabrda Gürcüstandan xaricə isə 19 mln. dollar məbləğində pul köçürülüb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 mln. dollar çoxdur. Bunun 7,8 mln. dolları Rusiyaya, 2 mln. dollardan çoxu Ukraynaya, 1,6 mln. dollardan çoxu Türkiyəyə, 1,1 mln. dollardan çoxu isə Azərbaycana göndərilib. Ötən ilin sentyabrında bu rəqəmlər Rusiya üzrə 6,6 mln. dollar, Ukrayna üzrə isə 1,8 mln. dollar olub.
Paylaş: