Ukraynanın elektrik təchizatı sistemində genişmiqyaslı qapanma baş verib.
Paytaxt Kiyev, Xarkov, Jitomir, Vinnitsa, Poltava, Odessa və Ukraynanın bölgələrinin əhəmiyyətli bir hissəsi elektriksiz qalıb.
Elektrik kəsintiləri Moldovanın bəzi bölgələrini də əhatə edib.
Məlumata görə, Kiyev və Xarkovda metro fəaliyyətini dayandırıb. Nasos stansiyalarında elektrik kəsintiləri səbəbindən əksər şəhərlərdə su təminatı da dayanıb.
Rəsmi məlumata görə, kütləvi qapanmaya səbəb Rumıniya və Moldovanın enerji sistemləri arasındakı 400 kV-luq xətdə, həmçinin onun təsiri ilə Qərbi və Mərkəzi Ukrayna arasındakı 750 kV-luq xətdə enerji verilişinin dayanmasıdır. Bu, Ukrayna elektrik şəbəkəsində kaskad kəsintiyə və yarımstansiyalarda avtomatik mühafizə sistemlərinin işə düşməsinə səbəb olub. Atom elektrik stansiyası qurğuları söndürülüb.
Energetiklər bir neçə saat ərzində elektrik enerjisinin verilməsinin bərpa ediləcəyinə söz verirlər.
Lakin Ali Radanın Energetika və Mənzil-Kommunal Xidmətlər Komitəsinin üzvü Sergey Naqornyak bildirib ki, elektrik şəbəkəsini sabitləşdirmək və nüvə elektrik stansiyalarından tam istehsalı bərpa etmək 24-36 saat çəkəcək.
Hazırda Avropanın mühüm hissəsi, həmçinin Ukraynada kəskin şaxtalı hava hökm sürür. Qarşıdan gələn həftə temperaturun rekord səviyyədə aşağı düşməsi gözlənilir. Ukrayna meteoroloji xidmətinin məlumatına əsasən, bazar ertəsi səhəri temperatur normadan 25°C aşağı olacaq, bəzi ərazilərdə şaxtalar -30°C-yə çatacaq.
Belə bir hava şəraitində Ukraynanın enerjisiz qalmasının çox faciəli nəticələrə səbəb olacağı ehtimal edilir.
Paylaş:




























