Fransanın paytaxtı Parisdə fəaliyyət göstərən “Ulduz” Mədəniyyət Assosiasiyasının direktoru Aytən Muradova və qurumun üzvü Günel Səfərova tərəfindən “Change.org” saytında “Ermənistan silahlı qüvvələrinin girov götürdüyü azərbaycanlı mülki şəxslərə azadlıq” petisiyasına start verilib.
Publika.az xəbər verir ki, petisiya Fransa prezidenti Emmanuel Makrona, Avropa İnsan Hüquqları Məhkəməsinin sədri Gido Reymondiyə, Avropa Şurasının baş katibi Torbyorn Yaqlanda və Milli Assambleyanın prezidenti Fransua dö Rügiyə ünvanlanıb.
Petisiyada 2014-cü il iyulun 12-də Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda girov götürülən Dilqəm Əsgərovun və Şahbaz Quliyevin azadlığa buraxılması tələb olunur.
Bildirilir ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində girov götürülüb. Azərbaycanlı girovların dözülməz şəraitdə saxlanıldıqları, qeyri-insani rəftara, fiziki və psixoloji işgəncəyə məruz qaldıqları bildirilir.
Ermənistanın müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair 1949-cu il Cenevrə Konvensiyasını imzalamasına baxmayaraq, riayət etmədiyi vurğulanır. Azərbaycanlı mülki şəxslərin girov götürülməsinin Ermənistanın beynəlxalq öhdəliklərini pozmasının bariz nümunəsi olduğu qeyd edilir.
Petisiyanı buradan imzalaya bilərsiniz:
Paylaş: