Xəbər lenti


Heydər Oğuz Donbasın Rusiyaya verilə biləcəyi haqda: “Tramp kiməsə torpaq hədiyyə edə bilməz”

Dünyanın diqqəti yanvarın 23-də Əbu-Dabidə başlayan Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında danışıqlara yönəlib.  

Görüşdə əsas müzakirə mövzusu müharibənin bitməsi və sülhün parametrlərinin müəyyənləşdirilməsidir. Danışıqların ərazı məsələləri, xüsusilə Donbas regionunun statusu sülh əldə etmək baxımından “ən kritik məsələ” kimi təqdim olunur. İlk günün yekununda bəzi rəsmi şəxslər danışıqların “produktiv” olduğunu qeyd ediblər. Görüşlər bu gün də davam etdiriləcək.



Bəs bu görüş real sülh niyyətinin göstəricisidir, yoxsa taktiki pauza?Danışıqların məhz Əbu-Dabidə keçirilməsi hansı siyasi mesajları verir? BƏƏ-nin vasitəçi rolu nə dərəcədə effektiv ola bilər? Rusiya–ABŞ anlaşmasının Moskva görüşündən sonra əldə olunması Vaşinqtonun mövqeyində yumşalma kimi dəyərləndirilə bilərmi?Donbasın statusu ilə bağlı kompromis ehtimalı nə dərəcədə realdır?

Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında bildirib ki, Rusiya prezidenti Vladimir Putinin şəxsən iştirak ermədiyi heç bir sülh danışıqları istənilən nəticəni verə bilməz: 


“Söhbət Putinin dahi siyasətçi olmasından getmir. Söhbət ondan gedir ki, Rusiyada siyasi qərarları verəcək yeganə şəxs Vladimir Putindir. Putinin təmsilçiləri onun əvəzinə danışıqlar apara, hətta hansısa qərarlara gələ bilərlər, amma son sözü Putinin özü deyər. Maraqlıdır ki, danışıqların getdiyi bir zamanda Ukrayna prezidentinin kommunikasiya üzrə müşaviri Dmitri Litvin jurnalistlərə açıqlama verərək bildirib ki, Əbu-Dabi siyasi qərarlar veriləcək görüş kimi qiymətləndirilə bilməz. Litvinin bu açıqlaması sübut edir ki, Əbu-Dabi görüşündən ciddi nəticələr gözləməyə dəyməz.


 Məsələ burasındadır ki, Rusiya tərəfinin görüş barədə ilkin açıqlamaları da ümidverici deyildi. Görüşdən əvvəl Kremlin köməkçisi Yuri Uşakov bildirmişdi ki, ərazi məsələləri həll olunmadan davamlı sülh üçün hər hansı bir razılaşma əldə etmək mümkün deyil. Ərazi məsələsi deyərkən isə Donbasın hətta işğal olunmamış torpaqlarının belə Rusiyaya hədiyyə edilməsi nəzərdə tutulur. Uşakov onu da əlavə etmişdi ki, Donbasın qalan ərazilərini ələ keçirməyənə qədər Rusiya Ukraynaya hücumlarını dayandırmayacaq. Rusiya rəsmisinin ən maraqlı açıqlaması isə ötən il Trampla Putin arasında Alyaskada keçirilən sammitlə bağlı idi.  O bildirirdi ki, ərazi məsələsi Ankoricdə razılaşdırılmış formulaya uyğun olaraq həll edilməlidir, əks halda “uzunmüddətli razılaşmaya nail olmaq ümidi yoxdur”.

Uşakovun bu etiraf kimi açıqlamasından belə anlaşılır ki, ötən yay aylarında Alyaskada keçirilən görüşdə ABŞ prezidenti Donald Tramp Donbasın qalan ərazilərinin də Rusiyanın nəzarəti altına keçməsinə razılıq verib. Halbuki bu ərazilər Ukrayanındır və məntiqlə, Tramp rəsmi Kiyevin əvəzinə kiməsə torpaq hədiyyə edə bilməz. Hətta Ukrayna qanunvericiliyinə görə, ölkə başçısı Zelenskinin belə bir hüququ yoxdur”.

Politoloq dedi ki, “Reuters” Əbu-Dabidə keçirilən görüşdə Donbasın qalan ərazilərinin Rusiyaya təhvil verilməsinin müzakirə olunduğunu iddia edir. Mənbənin sözlərinə görə, bu formul Rusiyanın bütün Donbas üzərində nəzarətini və mövcud cəbhə xəttinin bütün digər ərazilərdə isə status-kvonun dondurulmasını nəzərdə tutur.

Sözsüz ki, Ukraynanın bu tezislərlə razışlaşması mümkün deyil. Bəs, razılaşmayacaqları təqdirdə nələr olacaq? Dərd burasındadır ki, Ukrayna bu razılaşmadan imtina edərsə, ABŞ onunla bütün hərbi razılaşmalara son qoya, hətta Kiyevə lazım olan silahları pulla da satmaya bilər. Bu vəziyyətdə Ukraynanın Avropa dövlətlərinin yardımına bel bağlamaqdan başqa çarəsi qalmayacaq. Amma Avropanın onu nə qədər müdafiə edəcəyi də bəlli deyil”. 

Heydər Oğuzun fikrincə, Trampın son zamanlar atdığı bütün addımlar sanki Avropanı tamamilə çökdürməyə hesablanıb: “Bəzi müşahidəçilərin fikrincə, Qrenlandiya problemi də Avropa ilə münasibətləri tamamilə kəsməyə, hətta NATO-nu buraxaraq alyansın digər müttəfiqlərini çarəsiz vəziyyətə sürükləməyə xidmət edir. Avropa ilə ABŞ arasındakı münasibətlərin "son bir həftədə böyük zərbə aldığını" vurğulayan Kallasın fikrincə, avropalılar ABŞ-la "80 illik yaxşı münasibətlərdən vaz keçməyə hazır deyillər”. Amma görünən budur ki, Şərqdən Rusiyanın, Qərbdən ABŞ-ın arasında sıxışıb qalan Avropa İttifaqı istəsə də, istəməsə də böyük imtahanla üzləşməli və özünü buna hazırlamalıdır”.

Xalidə Gəray,
Musavat.com

 




Ana səhifəyə qayıt        Baxış: 3 946          Tarix: 24-01-2026, 11:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma