Xəbər lenti

Rusiya prezidenti Vladimir Putin hökumətə, xaricdən maliyyələşən mediaya “xarici agent” statusu qoymaq və onlara sanksiyalar tətbiq etmək səlahiyyəti verən qanunvericilik aktını imzalayıb.

Yeni qanun noyabrın 25-də Rusiyanın rəsmi hüquqi informasiyaları portalında dərc olunub. Bu qanun noyabrın 22-də parlamentin yuxarı palatası – Federasiya Şurasından demək olar yekdilliklə 150-0 nisbəti ilə keçmişdi. Yalnız bir deputat bitərəf qalmışdı. Eyni qanun noyabrın 15-də aşağı palata olan Dövlət Dumasında üçüncü oxunuşda yekdilliklə qəbul olunmuşdu. Qanun qəbul olunandan bir neçə saat sonra Rusiya Ədliyyə Nazirliyi Azad Avropa/Azadlıq Radisounun bir neçə xəbər xidmətlərinə xəbərdarlıq göndərmişdi. Xəbərdarlıq məktublarında potensial məhdudiyyətlərin nədən ibarət olacağı açıqlanmır, lakin millət vəkilləri bildirirlər ki, “xarici agent” sayılan medialardan təfərrüatlı maliyyə hesabatları tələb edilə bilər. Bundan başqa belə medialardan dərc etdikləri materiallara onların “xarici agentdən” gəldiyini göstərən qrifin qoyulması tələb oluna bilər.

Rusiya rəsmiləri Azadlıq Radiosu da daxil bir neçə media qurumlarının xarici agent adlandırıla biləcəyi barədə xəbərdarlıq etmişdilər. Bunların arasında Amerikanın Səsi, CNN və Almaniya yayınçısı Deutsche Welle (Alman dalğası) stansiyalarının adları çəkilirdi.

Putinin bu qanunu imzalaması ilə əlaqədar Azadlıq Radiosunun prezidenti Tomas Kent deyib ki, “biz hazırda yeni qanunun effekti barədə mülahizə yürüdə bilmərik, belə ki, hələlik heç bir xəbər təşkilatı spesifik olaraq “xarici agent” adlandırılmayıb və belə “agentlər” üzərinə qoyulacaq məhdudiyyətlər elan edilməyib”.

Kent deyib: “Biz rusdilli auditoriyamızın dəqiq və obyektiv xəbərlərlə təmin edilməsi məqsədilə jurnalist işimizin davam etdirilməsinə sadiq qalırıq”.

Amnesty International təşkilatı bundan əvvəl bildirmişdi ki, bu qanun Rusiyadakı media azadlığına “ciddi zərbə” olacaq. Hərçənd Rusiya rəsmiləri qanunun yerli mediaya tətbiq edilməyəcəyini bildirirlər. Rusiya rəsmiləri qanunu, onların təbirincə deyilsə, ABŞ-dakı Rusiya mediası üzərinə təzyiqlərə “simmetrik cavab” adlandırırlar. Noyabrın 13-də Rusiyanın dövlət tərəfindən maliyyələşdirilən RT telekanalı Birləşmiş Ştatların onilliklərdən qalma Xarici Agentlərin Qeydiyyatı qanununa əsasən qeydiyyatdan keçib. ABŞ Ədliyyə Nazirliyi, ölkə kəşfiyyat orqanları ötən yanvar ayında RT və Sputnik qurumlarını Rusiya hökumətinin 2016-cı il ABŞ seçkilərini təsirləndirmək cəhdi çərçivəsində dezinformasiya yaymaqda ittiham etdikdən sonra bu medialardan qeydiyyatdan keçməyi tələb etmişdi.

Azadlıq Radiosu noyabrın 15-də verdiyi bəyanatda bildirirdi ki, “Rusiya mediasının ABŞ-da və ABŞ mediasının Rusiyadakı vəziyyətləri arasında böyük bərabərsizlik mövcuddur”.

Bəyanatda deyilirdi: "RT və Sputnik ABŞ-da azad şəkildə yayınlana bildikləri halda, Azadlıq Radiosu inzibati basqılara görə özünün Rusiyadakı bütün yayın filiallarını itirib və kabel televiziyasına çıxışdan məhrumdur”.

Bu da qeyd olunurdu ki, Azadlıq Radiosunun əməkdaşları Rusiyada hətta fiziki hücumlarla üzləşməli olublar.

Noyabrın 17-də Azadlıq Radiosu və Amerikanın Səsi radiosunun Moskva bürosuna baş çəkən ABŞ səfiri Con Hantsman demişdi ki, Rusiyada qəbul edilmiş bu qanunvericilik “böyük narahatlıq” doğurur. Səfir bildirmişdi ki, hər hansı azad cəmiyyətdə azad medianın prinsipləri son dərəcə mühümdür. (Amerikanın Səsi)




Ana səhifəyə qayıt        Baxış: 881          Tarix: 27-11-2017, 15:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma