Xəbər lenti

ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqı ölkələrindən və bir sıra dövlətlərdən, o cümlədən Kanada və Meksikadan polad və alüminium idxalına rüsum tətbiqini iyunun 1-dək təxirə salıb.

Azərtac TASS İnformasiya Agentliyinə istinadla xəbər verir ki, “The Wall Street Journal” nəşrinin məlumatına görə, Aİ ölkələri, Kanada və Meksika 30 günlük möhlət alıb. Əks halda, məhdudiyyət çərşənbə axşamından qüvvəyə minməli idi.

“The New York Times” qəzeti və “Reuters” agentliyi qeyd edir ki, Vaşinqton müvafiq məsələ ilə bağlı Avstraliya, Argentina və Braziliya ilə ilkin razılığa gəlib, yəni onlara hələlik rüsum tətbiq edilməyəcək. Yekun razılaşma barədə 30 gün ərzində məlumat veriləcək.

“The Wall Street Journal”ın yaydığı məlumata görə, Ağ Evdə yaxın vaxtlarda Cənubi Koreyanın ticarət məhdudiyyətlərindən tamamilə azad edilməsi prosedurunun başa çatacağını elan etmək niyyətindədirlər. Rüsumlar digər ölkələr, o cümlədən Rusiya, Çin və Yaponiya üçün davam edəcək.

Xatırladaq ki, ABŞ bu ilin mart ayında polad və alüminim idxalına yeni rüsum – polad üçün 25 faiz, alüminium üçün 10 faiz rüsum tətbiq edib. Bu rüsum ABŞ-a müvafiq məmulatı göndərən ölkələrin hamısı üçün qüvvədədir. Lakin bundan əvvəl Avstraliya, Argentina, Braziliya, Kanada, Meksika, Koreya Respublikası, habelə Aİ ölkələri möhlət almışdı.

Ötən həftənin cümə günündə AFR kansleri Angela Merkel Vaşinqtonda Donald Tramp ilə birgə mətbuat konfransında ABŞ-ın Aİ ölkələrindən idxal etdiyi polad və alüminium məmulatlarına rüsum tətbiqi məsələlərini bu ölkənin prezidenti ilə müzakirə etdiyini açıqlayıb. Şənbə günü isə Angela Merkel Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Tereza Mey ilə telefonda danışıb. Söhbət vaxtı üç ölkənin liderləri ABŞ-ın Avropa məhsuluna rüsum tətbiq edəcəyi halda Aİ-nin öz ticarət maraqlarını qorumağa hazır olduğunu vurğulayıblar.

 




Ana səhifəyə qayıt        Baxış: 666          Tarix: 1-05-2018, 16:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma