Ukrayna prezidenti, ABŞ prezidenti Donald Trampın vəkilinə ötən il 400 min dollar rüşvət verildiyinə dair BBC-nin yaydığı məlumatı “ağ yalan” adlandırıb. Xəbərdə bu pulun vəkilə iki liderin görüşünü təşkil etmək məqsədiylə verildiyi iddia olunur.
Strateq.az Azadlıq Radiosuna istinadla xəbər verir ki, Petro Poroşenkonun ofisi təkzib bəyanatını mayın 23-də – BBC-nin materialı dərc olunduqdan bir neçə saat sonra verib.
BBC-nin materialında iddia edilir ki, ödəniş araçıların vasitəsilə Maykl Koenə edilib. Guya, Koen bu ödənişin müqabilində Poroşenko və Tramp arasında məxfi kommunikasiya kanalı açmalıymış.
BBC-nin reportajında Kiyevdə adı çəkilməyən mənbəyə istinad edilir.
Poroşenkonun mətbuat xidmətinin bəyanatında deyilir: “Ağ yalan, iftira və saxta məlumatdır. Biz bu dezinformasiyanı belə qiymətləndiririk”.
Bəyanatda daha sonra deyilir ki, “bu dezinformasiyanı” yayanlar Ukrayna-ABŞ münasibətlərinə ziyan vurmaq istəyirlər: “Bu, həm də Ukrayna və ABŞ prezidentlərinə qarşı şəxsi hücumdur”.
Bəyanatda BBC-dən materialı silmək tələb edilir və bildirilir ki, məsələ ilə bağlı hüquqi müstəvidə tədbir görülə bilər.
Koen bu barədə “Reuters”in sualına SMS-lə cavab verib: “Bu məlumat tamamilə saxtadır”.
BBC-nin bu məlumatı Koeninin üzərinə təzyiqlərin artdığı bir vaxta təsadüf edir. O, uzun müddətdir ki, Trampın şəxsi vəkilidir və onun imperiyası üçün müxtəlif sövdələşmələrin əldə olunmasında əsas rollardan birini oynayıb.
Koen habelə 2016-cı ildə porno aktrisasının Trampla keçmiş münasibətləri barədə susması üçün qadına ödəniş edilməsini təşkil edib. Tramp bu qadınla hər hansı intim münasibətlərini inkar etsə də, ona 100 min dollar ödəndiyini təsdiqləyib.
Ötən ay federal xəfiyyələr Koenin evinə və ofisinə reyd keçiriblər.
Məhkəmə sənədlərindən məlum olur ki, qaynatası Ukrayna mühaciri olan Koen bank fırıldaqçılığında, seçki qanunlarını pozmaqda və başqa qanunsuz əməllərdə şübhəli bilinir.
Hüquq ekspertləri deyirlər ki, aktrisa Stefaniya Klifforda ödəniş qanunsuz kampaniya ödənişi kimi təfsir edilə bilər.
Ukraynadakı mənbə BBC-yə bildirib ki, Poroşenko ABŞ seçkisində Hillari Klintonun qələbəsinə inanırmış və 2016-cı ilin avqustunda “The New York Times” qəzetində dərc olunmuş sənədin sızmasına məhz o, xeyir-dua verib.
Həmin sənəddən görünürdü ki, Trampın ovaxtkı kampaniya rəhbəri Pol Manafort Ukraynadakı rusiyayönlü partiyadan milyonlarla dollar alıb.Bu məqalənin dərcindən bir neçə gün sonra Manafort istefa vermişdi.
Ötən il xüsusi prokuror Robert Müeller Manaforta qarşı iki rəsmi ittiham irəli sürüb.
azadliq.org
Paylaş: