ABŞ dövlət katibi Mayk Pompeo İran üzrə yeni xüsusi nümayəndənin təyin olunduğunu bəyan edib. Onun sözlərinə görə xüsusi nümayəndə ABŞ-ın İrana münasibətdə siyasətini koordinasiya edəcək. ABŞ 2015-ci ilin nüvə sazişindən çıxdıqdan sonra Vaşinqton Tehran üzərinə təzyiqlərini artırıb.
Avqustun 16-da keçirdiyi brifinqdə Pompeo deyib ki, hazırda Dövlət Departamentinin siyasət planlaşdırması idarəsinin direktoru vəzifəsini tutan Brian Hook yeni yaradılan İran Hərəkət Qrupuna (Iran Action Group – IAG) rəhbərlik edəcək.
Pompeo deyib ki, Vaşinqtonun məqsədi İran rejiminin davranışını dəyişməkdir və IAG Dövlət Departamenti ilə nazirliklər arasında İran siyasətini koordinasiya edəcək.
O əlavə edib ki, habelə yeni qurum İran təhlükəsi məsələsində ABŞ-ın narahatlığını bölüşən ölkələrlə əlaqədə işləyəcək.
İndiyədək Dövlət Departamentində bir sıra vəzifələrdə işləmiş Hook ABŞ prezidenti Donald Trampın İran prezidenti Həsən Ruhani ilə görüşə biləcəyinə dair iyulun 30-da verdiyi bəyanata aydınlıq gətirib.
O deyib ki, ölkənin davranışını dəyişmək “yükü” İran rejiminin üzərinə düşür və dialoq yalnız bundan sonra mümkün ola bilər.
Hook xatırladıb ki, ABŞ rəsmiləri İran qarşısına nüvə proqramı və terrorizmə dəstək də daxil 12 tələb qoyublar. Hook bunu da vurğulayıb ki, İranda prezident Ruhaninin islahatyönlüləri ilə ayətüllah Əli Xamaneyi mühafizəkarları arasındakı fikir ixtilaflarının çözülməsi də rejimin daxili işidir.
ABŞ administrasiyası İranın üzərinə təzyiqləri artırsa da, bildirir ki, onun məqsədi rejim dəyişikliyi yox, davranışın dəyişməsidir.
(Azadlıq radiosu)
Paylaş: