Xəbər lenti

Avropa Komissiyasının prezidenti Jan Klod Yunker Avropa İttifaqı (Aİ) üzvü olan ölkələri çağırır ki, xarici siyasətlə bağlı bəzi məsələlər üzrə qərar verəndə yekdillik tələbindən əl çəksinlər, dünya səhnəsində daha böyük rol oynasınlar. Xarici siyasətə insan haqları məsələləri də daxildir.

Yunker sentyabrın 12-də Strasburqda Avropa Parlamentində Aİ-nin durumu barədə çıxış edib. O deyib ki, Aİ üzvləri büdcə, immiqrasiya və digər məsələlərdə fikir ayrılıqlarını cilovlamalıdırlar.

“Xarici siyasətdə bir səslə danışmaq bacarığımızı təkmilləşdirməliyik. Avropa bir səslə danışa bilərsə, mövqeyini başqalarına da qəbul elətdirə bilər”, – vəzifədə sonuncu ilinə başlayan Yunker parlamentarilərə deyib.

O, Aİ-nin BMT-nin İnsan Haqları Şurasında Çində insan haqları pozuntularını pisləyə bilməməsini misal çəkib. Yunanıstan iyunda Brüsselin Pekində jurnalistlərə və dissidentlərə təzyiqlərlə bağlı narahatlıq bildirməsini önləmişdi.

Aİ-nin xarici siyasət məsələləri üzrə qərarlar yekdilliklə verilir. Ancaq Komissiya xüsusi səs çoxluğuyla qərarların qəbul edilməli olduğu 3 sahəni göstərir: insan haqlarına hücumlara kollektiv reaksiya verəndə; effektiv sanksiyalar tətbiq edəndə və mülki təhlükəsizlik və müdafiə missiyaları başladanda.

Xüsusi səs çoxluğu Şurada bir çox digər siyasət sahələrində istifadə olunur. Bu o deməkdir ki, üzv dövlətlərin 55 faizi, yəni Aİ əhalisinin azı 65 faizini təmsil edən hissəsi razılaşırsa, qərar verilmiş sayılır.

Komissiya ümid edir ki, gələn il mayın 9-da Rumıniyanın Sibiu şəhərində keçiriləcək Aİ sammitində blok liderləri bu dəyişikliyə razılaşacaqlar. Həmin sammit Britaniyanın Aİ-dən çıxmasından iki ay sonra, Avropa Parlamentinə seçkilərdən iki həftə əvvələ təsadüf edəcək.

(Azadlıq radiosu)

 




Ana səhifəyə qayıt        Baxış: 396          Tarix: 13-09-2018, 11:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma