Pekin ABŞ-ın Çin mallarına rüsumları qaldırmaq qərarına qarşı cavab tədbirləri görmək məcburiyyətindədir.
Çin Xalq Respublikası (ÇXR) Kommersiya Nazirliyinin bəyanatında belə deyilir.
Nazirlik, həmçinin ABŞ-ın 200 milyard dollar həcmində Çin ixracatına rüsumları 10 faizdən 25 faizə qaldırmaq qərarı ilə bağlı təəssüfünü ifadə edib, tərəflərin hazırda Vaşinqtonda keçirilən ticarət məsləhətləşmələrinin gedişində fikir ayrılıqlarının nizamlanmasına ümid bəslədiyini vurğulayıb.
AzərTAc xatırladır ki, ötən bazar günü ABŞ Prezidenti Donald Tramp mayın 10-dan bəzi Çin məhsullarına rüsumları 10 faizdən 25 faizə qaldıracağını deyib və digər ticarət mövqelərinə qarşı önləyici sədd qoyacağını istisna etməyib.
Bu ərəfədə ABŞ lideri Pekinin ticarət üzrə danışıqlarda “sövdələşməni pozduğunu” bildirib.
ABŞ-la ticarət üzrə danışıqlarda Çin nümayəndə heyətinin rəhbəri Lü He Amerika liderinin elan etdiyi rüsumlarla problemin həllinin mümkün olmayacağını deyib. Onun sözlərinə görə, bu nə Birləşmiş Ştatlara, nə Çinə, nə də digər dövlətlərə sərf etmir.
Paylaş: