Monteneqronun xarici işlər naziri Sercan Darmanoviç Rusiyanı aktiv şəkildə ölkəsinin daxili işlərinə qarışmaqda ittiham edib.
APA-nın RTCG-ə istinadən verdiyi məlumata görə, nazir Rusiyanın Monteneqronun NATO-ya qoşulmasına mane olmağa çalışdığını bildirib.
S. Darmanoviç bildirib ki, rəsmi Podqoritsa Moskvanın bu addımını mənfi qarşılayır.
"Bizim Şimali Atlantika Alyansına üzvlüyümüz heç kimə, o cümlədən Rusiyaya qarşı yönəlməyib. Biz hansısa üçüncü tərəfin bizim harada olacağımıza qərar verməsi ilə də razılaşa bilmərik", - deyə o qeyd edib.
XİN başçısı bildirib ki, Monteneqronun Rusiya ilə iqtisadi münasibətləri var, lakin onların əsas ticarət tərəfdaşı deyil.
"Bizə Rusiyadan çox turist gəlir, lakin bizim iqtisadiyyatımıza qoyulan Rusiya investisiyası effektiv olmadığını göstərib", - deyə nazir vurğulayıb,
Qeyd edək ki, Monteneqro NATO-ya iyunun 5-də rəsmi üzv olacaq. Bununla, NATO üzvü ölkələrin saytı 29-a çatacaq.
Rəsmi Moskva isə bəyan edib ki, Podqoritsanın bloka qoşulması ilə əlaqədar olaraq milli təhlükəsizliyini müdafiə etmək baxımından müəyyən qərarlar qəbul etmək hüququnu özündə saxlayır.
Paylaş: