Xəbər lenti
 
Şuşa məscidi ətrafında Ermənistan tərəfindən qazıntı işlərinin aparılması Ermənistanın qəsdən Azərbaycanın işğal olunmuş ərazilərində maddi-mədəniyyət və dini abidələrin dağıdılması, talan edilməsi, mənimsənilməsi, mənşəyi və təyinatının dəyişdirilməsi kimi sistematik vandalizm siyasətinin tərkib hissəsidir".
Ovqat.com xəbər verir ki, bunu virtualaz.org saytına açıqlamasında Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
XİN rəsmisi xatırladıb ki, Şuşa şəhərində Yuxarı və Aşağı Gövhərağa məscidləri ilə bərabər, Saatlı məscidi, Vaqifin Mavzoleyi, Natavanın evi, karvansaray kimi abidələr dağıdılıb, yandırılıb, talan edilib. Ağdam məscidi vandalizm objektinə çevrilib. Bununla bərabər, işğal olunmuş Azərbaycan ərazilərində Qafqaz Albaniyasına məxsus xristian kilsələlərinin qəsdən Ermənistan tərəfindən tarixi-arxitektur üslubunun dəyişdirilməsi və erməniləşdirilməsi kimi siyasət yürüdülür.
"Ermənistan ərazisində olan Azərbaycana məxsus tarixi və mədəni irs də eyni aqibəti yaşayır. Yerevandakı Dəmirbulaq məscidi yer üzündən silinib, Göy məscid isə orijinal xüsusiyyətlərinin dəyişdiriməsi məqsədilə "yenidən təmir edilib" və onun Azərbaycan xalqına məxsus arxitektur üslubu qəsdən dəyişdirilib", - Hikmət Hacıyev deyib.
 
Onun sözlərinə görə, Ermənistanın bu kimi əməlləri 1954-cü il Haaqa və ya "Silahlı münaqişələr zamanı mədəni abidələrin qorunmasına dair Konvensiya" və həmin Konvensiyanın 1999-cu ildə qəbul edilmiş İkinci Protokolu üzrə üzərinə götürdüyü öhdəliklərinin kobud şəkildə pozulmasıdır.
Belə ki, II Protokolun 9-cu bəndi işğalçı tərəfin "işğal edilmiş ərazilərə münasibətdə" mədəni mülkiyyətin, istənilən arxeoloji qazıntı nümunəsinin qanunsuz ticarəti, bu ərazilərdən çıxarılması, abidələrin mədəni, tarixi və ya elmi sübut xüsusiyyətinin dəyişdirilməsi və ya dağıdılmasının qadağan etməsi və qarşısının alması kimi öhdəliyini təsbit edir.
"Silahlı münaqişələr zamanı mədəni mülkiyyət və mədəni irsə qarşı qanunazidd əməllər beynəlxalq cinayət hüququ ilə hərbi cinayət hesab olunur. Ona görə də Ermənistanın bu mədəni vandalizm əməllərinə görə birbaşa beynəlxalq hüquqi məsuliyyəti var", - XİN rəsmisi bildirib.
   
Xatırladaq ki, məscidin bərpası prosesi adı altında Ermənistan tərəfindən İranın "Part Saman Jahan Co" şirkəti işə cəlb edilib. Hikmət Hacıyev bildirib ki, məsələ ilə əlaqədar Azərbaycanın İrandakı səfirliyi İran Xarici İşlər Nazirliyində bir neçə dəfə görüş keçirib, Azərbaycanın narahatlığını çatdırıb və sözügedən şirkətin Azərbaycan-İran əlaqələrinin ruhuna zidd olan qanunsuz fəaliyyətinin qarşısını almaq üçün zəruri və təsirli addımların atılmasının vacibliyini qeyd edib.
"İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə də Xarici İşlər Nazirliyinə çağırılıb və sözgedən şirkətin qanunsuz fəaliyyətinin qarşının alınmasının zəruriliyi bildirilib", - Azərbaycan XİN-in rəsmisi bildirib.
"Ümid edirik ki, Ermənistan bu kimi təxribatçı və riyakar addımlarla Azərbaycan və İran arasındakı əlaqələrə xələl gətirmək kimi qərəzli məqsədlərinə nail olmayacaq və İran tərəfindən "Part Saman Jahan Co" şirkətinin qanunsuz fəaliyyətinin qarşısı tezliklə alınacaq. Nəzərə almaq lazımdır ki, Ermənistan bu kimi əməlləri ilə İslam ölkələri arasında fitnə-fəsad yaratmaq və İslam birliyini pozmaq kimi məkrli siyasət yürüdür", - Hikmət Hacıyev əlavə edib



Ana səhifəyə qayıt        Baxış: 964          Tarix: 12-04-2017, 16:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma