Xəbər lenti

“Biz ərazi bütövlüyü prinsiplərinin əhəmiyyətini itirməsi ilə razılaşa bilmərik”.

"Report"un Kişineuya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Moldova Prezidenti Maya Sandu “Avropa siyasi birliyi”nin 2-ci Zirvə toplantısının açılışında deyib.

Onun sözlərinə görə, bu tədbirin keçirilməsi dünya gündəmindəki aktual problemlərin müzakirəsi və onların aradan qaldırılması yollarının tapılması baxımından mühüm platforma yaradır.

"2-ci Zirvə toplantısı bizim gücümüzün, həmrəyliyimizin və birliyimizin, ümumi problemləri həll etmək üçün bir ailə kimi fəaliyyət göstərdiyimizin bariz nümayişidir. Yaxın bir neçə saat ərzində Rusiyanın Ukraynaya təcavüzü, enerji və iqlim böhranı, həmçinin digər məsələlər ilə bağlı strateji müzakirələr aparmağı planlaşdırırıq”, - Maya Sandu deyib.

Onun sözlərinə görə, bu məsələlərin həlli birinci dərəcəli əhəmiyyətə malikdir.

"Biz enerji keçidini sürətləndirməli, təchizat mənbələrini şaxələndirməliyik, çünki hərəkətə keçməsək, Avropa böyük risklərlə üz-üzə qalacaq. Biz xalqımıza deyə bilmərik ki, enerji təchizatı baxımından sabah nə baş verəcəyini bilmirik", - Sandu vurğulayıb.

Onun sözlərinə görə, indiki şəraitdə Avropada həmrəylik həmişəkindən daha vacibdir: "Biz ərazi bütövlüyü prinsiplərinin əhəmiyyətini itirməsi ilə razılaşa bilmərik. Biz daha güclü Avropa qurmaq üçün birlikdə çalışmalıyıq. Birlikdə daha çox şeyə nail ola bilərik", - o fikrini tamamlayıb.




Ana səhifəyə qayıt        Baxış: 2 952          Tarix: 1-06-2023, 17:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma