Xəbər lenti

Koronavirusun (COVİD-19) qlobal şəkildə yayılması prosesi davam etməkdədir. Virusun yayılmasının qarşısını almaq məqsədilə ölkələr müxtəlif sahələrdə qadağalar tətbiq etmək məcburiyyətində qalır. Bu isə qlobal şəkildə iqtisadi aktivliyi zəiflədərək ümumi iqtisadi artım göstəricilərinin pisləşməsinə və geosiyasi vəziyyətin gərginləşməsinə yol açmış olur. Virusla əlaqədar olaraq uçuşların dayandırılması, məhsulların ixracının minimal həddə endirilməsi, ölkələrin sərhədlərinin bağlanması turizm, emal sənayesi və digər iqtisadi sahələrdə durğunluğun yaranmasına və dəyər zəncirinin davamlılığının pozulmasına gətirib çıxarır. İqtisadi durğunluq virusun yayılmağa başladığı Çin də daxil olmaqla, ABŞ, Avrozona kimi iqtisadi mərkəzlərin tənəzzülə doğru hərəkət etməsinə səbəb olur. Qlobal iqtisadi aktivliyin zəifləməsi eyni zamanda müxtəlif xammalara olan tələbatı azaltmaqla həmin xammalların ixracından asılı olan ölkələrin iqtisadiyyatlarına mənfi təsir etmiş olur. Bu baxımdan COVİD-19-un yayılması enerji məhsullarına olan tələbatın kəskin azalmasına və enerji ixracatçıları arasında fikir ayrılığının yaranmasına səbəb olmuşdur. Bunun nəticəsidir ki, beynəlxalq bazarlarda neftin qiyməti kəskin sürətdə azalmışdır. Neftin qiymətinin ucuzlaşması isə Azərbaycan iqtisadiyyatına birbaşa təsir etdiyindən koronavirusun yayılmasının iqtisadi təsirlərinin təhlil edilməsi böyük əhəmiyyət daşıyır. Buna görə də koronavirusun dünyanın ən güclü iqtisadiyyatlarına, ümumilikdə dünya iqtisadiyyatına və Azərbaycan iqtisadiyyatına necə təsir etdiyini nəzərdən keçirək.
 
Qlobal iqtisadiyyata təsiri
 


Koronavirusun təsiri ilə dünya iqtisadiyyatında baş verən geriləmələr qlobal iqtisadi artım proqnozlarının əsaslı sürətdə azaldılmasına səbəb olmuşdur. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) hesablamalarına əsasən ilinin sonuna qlobal iqtisadi artım 2.4% təşkil edəcəkdir. Bu da əvvəlki proqnozdan 0.5% azdır. Cari ilin ilk rübü üçün isə qlobal iqtisadiyyatın artımının 0%-dən də aşağı olacağı gözlənilir. Mudis (Moody’s) reytinq agentliyi isə ilin sonuna qlobal artım proqnozunu 2.4%-dən 2.1%-ə endirmişdir. Digər maliyyə təşkilatları və mütəxəssislər isə daha bədbin proqnozlar verirlər. Məsələn, Beynəlxalq Maliyyə Təşkilatı 2020-ci ildə qlobal artımın 1%-ə qədər azalacağını, Morqan Stenlinin (Morgan Stanley) iqtisadçıları isə illik iqtisadi artımın ən yaxşı halda 0.9%, ən pis halda isə 0.6% səviyyəsində olacağını proqnozlaşdırırlar. BMT-nin Ticarət və İnkişaf Agentliyi (TİA) isə virusla bağlı iqtisadi geriləməyə görə dünya iqtisadiyyatına ən azı 1 trilyon ABŞ dolları (bundan sonra dollar) zərər dəyəcəyini proqnozlaşdırır. Müxtəlif rəqəmlərin səsləndirilməsi virusun yayılma prosesinin davam etməsi, onun yayılmasının və iqtisadi təsirinin miqyasının proqnozlaşdırılmasının çətin olması ilə bağlıdır. Ona görə də bu proqnozları ilkin proqnoz kimi qəbul etmək olar.



COVİD-19-un yayılmasının qlobal səviyyədə iqtisadi inkişafa əsaslı sürətdə təsir etməsinin əsas səbəblərindən biri onun episentrinin dünyanın ikinci iqtisadiyyatı olan Çinin olması və daha sonra virusun dünyanın iqtisadi güc mərkəzləri olan Avrozona və ABŞ-da sürətlə yayılmasıdır. Avrozona, Çin və ABŞ birlikdə dünya ÜDM-nin təxminən 45-50%-ni təşkil edir ki, nəticədə onların iqtisadiyyatında baş verən geriləmə qlobal iqtisadiyyata əhəmiyyətli formada təsir etmiş olur. Təkcə Çinin son illərdə dünya iqtisadiyyatının müxtəlif sahələrində sürətlə artan payı virusun dünya iqtisadiyyatına nə dərəcədə təsir edəcəyini təsəvvür etməyə imkan verir. Belə ki, 2002-2019-cu illərdə Çinin qlobal sənaye istehsalında payı 8%-dən 21%-ə, qlobal Ümumi Daxili Məhsulda (ÜDM) 6%-dən 17%-ə, qlobal ticarətdə 4%-dən 11%-ə qədər artmışdır. Bundan başqa Çin dünyada ən çox məhsul ixrac edən ölkədir. Çinin dünya iqtisadiyyatında payının artması və digər güclü iqtisadiyyata malik olan ölkələr ilə iqtisadi əlaqələrinin inkişaf etməsi onun qlobal iqtisadi proseslərə təsir etmək imkanlarını artırmışdır. Çində virusun yayılmasının aradan qalxmasına baxmayaraq virusun ABŞ və Avropada sürətlə yayılmasının davam etməsi və bununla bağlı yaranan iqtisadi problemlər hələ uzun müddət bu ölkələrin iqtisadiyyatına mənfi təsir etməklə qlobal iqtisadiyyatın artımına da təsir edəcəkdir.



Virusun yayılmasının qlobal səviyyədə iqtisadi problemlər yaratmasının digər vacib səbəbi isə müxtəlif ölkələrdə istehsalın qlobal təchizat zəncirindən asılılığının və bu zəncirin ölkələr baxımından təmərküzləşməsinin yüksək olmasıdır. Bildiyimiz kimi Çin bu təchizat zəncirinin ən vacib oyunçularından biridir və onun iqtisadiyyatında yaranan problemlər qlobal təchizat zəncirinin davamlılığının pozulmasına səbəb olur. Bu da nəticə etibarı ilə digər ölkələrin də istehsal prosesinə mənfi təsir etmiş olur. Çində virusun yayılmasının qarşısının alınması ilə təchizat zəncirinin bərpa edilməsinə baxmayaraq zəncirə daxil olan məhsulların alıcılarının böyük hissəsinin ABŞ və Avropa ölkələri olması və onların da iqtisadiyyatlarında durğunluğun yaşanması bu məhsullara olan tələbatın kəskin azalması ilə nəticələnəcəkdir. Bu da öz növbəsində təchizat zəncirinin tam bərpa edilməsinin uzun zaman çəkməsinə səbəb olacaqdır.



TİA-nın hesablamalarına əsasən, emal sənayesində müşahidə edilən geriləmə qlobal səviyyədə beynəlxalq dəyər zənciri çərçivəsində Çindən ixracın 50 milyard dollar həcmində azalmasına yol açacaqdır. Qlobal təchizat zəncirində yaranan problemlər daha çox texnologiya o cümlədən dəqiq alətlər, maşın, avtomobil və rabitə avadanlıqlarının istehsalı ilə məşğul olan sahələrə təsir edir. Təchizat zəncirində yaranan problemlər Avropa İttifaqının 15.6 milyard dollar, ABŞ-ın 5.8 milyard dollar, Yaponiyanın 5.2 milyard dollar, Koreyanın 3.8 milyard dolar, Tayvanın 2.6 milyard dollar, Vyetnamın isə 2.3 milyard dollar zərər ilə qarşılaşmasına səbəb olacaqdır. Lakin, bu zərərin həcmi virusun yayılmasının qarşısının alınmasından və ölkələrin təchizat üçün alternativ mənbələrdən istifadə etmək imkanlarından asılı olaraq dəyişə bilər.
Koronavirusun yayılmasının qlobal səviyyədə emal sənayesindən sonra ən çox təsir etdiyi sahə turizm sahəsidir. Ona görə ki, qlobal ÜDM-in 10%-i turizm sektorunun payına düşür və virusun təsiri ilə dünya üzrə turizm sektorunda 50 milyona qədər iş yerinin bağlanacağı gözlənilir. Buna görə də turizm sektorunun yenidən bərpa edilməsi üçün azı 10 ay vaxta ehtiyac olacağı proqnozlaşdırılır. Beynəlxalq Mülki Aviasiya Təşkilatının proqnozlarına əsasən qlobal hava yolları şirkətlərinin ümumi gəlirləri 2020-ci ilin ilk rübündə 4-5 milyard dollar həcmində azalacaqdır. Turizm sektorunda gedən bütün mənfi proseslər virusla əlaqədar olaraq dünya üzrə 100-dən artıq ölkədə səyahət üçün qadağaların qoyulması ilə əlaqədardır.
 
Çin iqtisadiyyatına təsiri


 
COVİD-19-un yaratdığı iqtisadi problemlər nəticəsində bu il Çində son 40 ildə ən aşağı artım göstəricisinin qeydə alınacağı gözlənilir. İƏİT proqnozlarına əsasən ilin sonuna Çin iqtisadiyyatı 4.9% artacaqdır, halbuki ilkin proqnoz 5.7% səviyyəsində idi. Cari ilin ilk iki ayında koronavirusun yayılması ilə əlaqədar olaraq Çin iqtisadiyyatında əsaslı geriləmələr müşahidə edilmişdir. Çinin Milli Statistika Bürosunun (MSB) məlumatlarına əsasən bu müddət ərzində sənaye istehsalı 13.5%, xidmət sahəsində istehsal 13%, ötən ilin eyni dövrü ilə müqayisədə isə pərakəndə satış 20.5%, əsas vəsaitə investisiya qoyuluşları isə 24.5% azalmışdır. Bütün bu geriləmələr əsasında aparılan hesablamalar isə onu göstərir ki, ilin ilk iki ayında Çində ÜDM 13% azalmışdır. 
Virusun yayılmasının Çin iqtisadiyyatı üçün yaratdığı əsas problemlərdən biri də işsizliyin artmasıdır. İqtisadi aktivliyin zəifləməsi müxtəlif müəssisə və təşkilatlarda işçi qüvvəsinə olan tələbi azaltmışdır. Bundan başqa, virusun yayılması Çində daxili miqrasiya ilə bağlı problemlər yaratdığından əsas sənaye şəhərlərində işsizlik səviyyəsi yüksəlməyə başlamışdır. MSB-nin məlumatlarına əsasən fevral ayında şəhərlərdə işsizlik səviyyəsi 6.2%-ə qədər artmışdır. Virusun təzə yayılmağa başladığı dövrdə Çinin milli bayramı ilə bağlı miqrasiya etmiş işçilər işlədikləri şəhərlərə geri qayıda bilmədiklərindən işsiz qalmışdır. Çində virusun yayılması ilə bağlı vəziyyətin düzəlməsinə baxmayaraq iqtisadi aktivliyin kəskin azalması işsizlik problemlərinin qısa müddətli dövrdə aradan qalxmayacağını deməyə əsas verir.

 

Çin iqtisadiyyatı üçün yaxın dövrdə virusla bağlı yaranacaq iqtisadi problemlər eyni zamanda xarici ölkələrdə iqtisadi aktivliyin azalması ilə bağlı olacaqdır. Virusun Avropada və ABŞ-da sürətlə yayılması və bununla əlaqədar olaraq həyata keçirilən qadağa tədbirləri iqtisadi aktivliyi azaltmaqla Çin məhsullarına olan tələbin də azalmasına səbəb olacaqdır. Çin iqtisadiyyatı təchizat zəncirinin pozulmasından əhəmiyyətli sürətdə zərər görmüşdür. Növbəti zərbəni isə məhz qlobal səviyyədə müxtəlif emal sənayesi məhsullarına olan tələbatın kəskin azalması ilə alacaqdır. İlkin mərhələdə virusun Çində yayılması təklif ilə bağlı problemlərin yaranmasına səbəb oldu. Virusun digər ölkələrdə sürətlə yayılması isə tələblə bağlı problemlər yaratmaqdadır. Ona görə də Çində virusun yayılmasının qarşısının alınmasına baxmayaraq iqtisadi aktivliyin qısa zamanda bərpa edilməsi mümkün olmayacaqdır. Bu daha çox digər ölkələrin virusun yayılmasının öz iqtisadiyyatlarına verə biləcəyi ziyanı nə dərəcədə azalda bilmələrindən asılı olacaqdır.



COVİD-19-un yayılması ilə bağlı yaranan iqtisadi problemlərin qarşısını almaq məqsədilə Çin hökuməti mart ayının ortalarından etibarən tədbirlər görməyə başlamışdır. Belə ki, ilk addım kimi virusun yayılması ilə əlaqədar olaraq zərər görən şirkətlərin maliyyələşdirilməsi imkanlarının genişləndirilməsi məqsədilə banklar üçün rezerv vəsaitlərə müəyyən edilmiş faiz dərəcəsi aşağı salındı. Bu isə 79 milyard dollar həcmində vəsaitin sərbəstləşməsinə və banklar vasitəsilə zərər görən sahibkarlara yönəldilməsinə imkan yaradacaqdır.
Bundan başqa rəsmi şəkildə elan edilməsə də Çin hökuməti nəzərdə tutulan infrastruktur layihələrinin həyata keçirilməsinin davamlılığını təmin etmək üçün 394 milyard dollar həcmində iqtisadiyyatın maliyyələşməsinə əlavə dəstək verəcəkdir. İqtisadiyyatın dəstəklənməsi üçün bu vəsaitin əsasən yerli dövlət qiymətli kağızları vasitəsilə iqtisadi subyektlərə ötürüləcəyi gözlənilir. Bu addım dövlət büdcəsinin kəsrinin arzuolunmaz formada artmasına səbəb olacaqdır. Lakin iqtisadiyyata hazırkı durumda maliyyə dəstəyinin verilməməsi uzun müddətli perspektivdə daha çox zərərin baş verməsinə səbəb ola bilər.
 
ABŞ iqtisadiyyatına təsiri


 
Koronavirusun sürətlə yayılması dünyanın ən güclü və Çin ilə sıx əlaqəli olan iqtisadiyyatının da çətinliklər ilə üzləşməsinə səbəb olmuşdur. İstər təchizat zəncirinin pozulması nəticəsində istehsalçıların təchizatının kəskin şəkildə azalması, istərsə də qlobal səviyyədə emal sənayesi məhsullarına olan tələbatın azalması ABŞ iqtisadiyyatına əsaslı şəkildə təsir edir. COVİD-19-un yayılması ilə bağlı iqtisadiyyatda formalaşan durğunluğun 2008-ci il maliyyə böhranından daha zərərli olduğu qeyd edilir. ABŞ iqtisadiyyatında xidmət sektorunun payının böyük olması virusun yayılmasının iqtisadi təsir imkanlarını artırır. ABŞ-da əhalinin səyahət, turizm və ictimai iaşə sahələrində xərcləmələri ÜDM-in 7%-ni təşkil edir. Ona görə də hesablamalar göstərir ki, qeyd edilən sahələrdə 3 ay ərzində xərcləmələr 10% azalarsa bu ÜDM-in 0.7% azalmasına səbəb olacaqdır. Lakin virusun davam etməsi halında xərcləmələrin daha çox azalması gözlənilir.
COVİD-19-un yayılmasının iqtisadiyyata bir çox istiqamətlər üzrə təsir etməsi ABŞ-da ÜDM üzrə proqnozların kəskin azalmasına səbəb olmuşdur. Kredit Suise (Credit Suisse) maliyyə şirkəti ikinci rüb üçün ABŞ-ın artım proqnozunu 2.8%-dən -0.9%-ə qədər azaltmışdır. Goldman Saks (Goldman Sachs) şirkəti isə virusun yayılmasının davam etməsi halında ABŞ-da ÜDM-in aprel-iyun aylarında 24%-ə qədər azala biləcəyini proqnozlaşdırır.
Koronavirusun yayılmasının ABŞ iqtisadiyyatına təsiri eyni zamanda əmək bazarında yaranan problemlər ilə bağlıdır. Əmək bazarı iştirakçılarının böyük hissəsi xəstəliklə əlaqədar olaraq işdən qaldıqda dövlətdən kompensasiya almaq hüququna və müalicənin dövlət tərəfindən qarşılanması imkanlarına malik deyildir. Bu da həmin işçilərin məcburən işə çıxmasına səbəb olur. Nəticədə, virusun yayılması sürətlənir və sosial-iqtisadi narazılıq artır. Bir çox sahələrdə işlərin bağlanması isə vətəndaşların bir hissəsinin işsiz qalmasına və pulsuz tibbi yardım ala bilməməsinə gətirib çıxarır.



Goldman Saks-ın (Goldman Sachs) proqnozlarına əsasən mart ayının sonu üçün işsizlik müraciətləri 2.25 milyona çatacaqdır. Bu əvvəlki hesabatla müqayisədə müraciətlərin 8 dəfə artması deməkdir. Digər proqnozlara əsasən bu göstəricinin 3 milyon, ən yaxşı halda isə 1 milyon olacağı gözlənilir. Ümumiyyətlə, işsizliklə bağlı problemlər ilə ən çox xidmət sektorunun işçiləri qarşılaşmış olacaqdır.
COVİD-19-un yayılması ilə əlaqədar olaraq yaranmış iqtisadi problemlərin və mümkün iqtisadi tənəzzülün qarşısını almaq məqsədilə ABŞ hökuməti 2 trilyon dollar həcmində olan stimullaşdırıcı paketin icrasına hazırlaşır. Paket iqtisadiyyatın bir çox sahələrini əhatə edir. Paketə əsasən illik ümumi gəliri 75 min dollardan az olan vətəndaşlar 1200 dollar, illik gəliri ümumi gəlirləri 150 min dollardan az olan cütlüklər 2400 dollar, ailələr hər uşağa görə 500 dollar həcmində birdəfəlik yardım alacaqdır. Paket çərçivəsində müəyyən edilmiş qaydalara əsasən illik ümumi gəliri 99 min dollardan çox olan vətəndaşlar və illik ümumi gəliri 198 min dollardan çox olan cütlüklər isə yardım almaq hüququna malik olmayacaqdır. Bundan başqa bu paketdə işsizlikdən sığortanın genişləndirilməsi nəzərdə tutulmuşdur. Belə ki, federal hökumət növbəti dörd ay ərzində işini itirən vətəndaşlara hər həftə üçün əlavə 600 dollar yardım göstərəcəkdir. Stimullaşdırıcı paketə eyni zamanda bizneslərin dəstəklənməsi məqsədilə 500 milyard dolların ayrılması da daxildir. Bu vəsait kreditlər, kredit qarantiyaları və investisiyalar şəklində sahibkarlıq subyektlərinə yönəldiləcəkdir. Bu vəsaitin 25 milyard dolları sərnişin daşıyan aviaşirkətlər üçün, 4 milyard dolları kargo avia şirkətləri üçün, 17 milyard dolları isə milli təhlükəsizlik sahəsində fəaliyyət göstərən şirkətlər üçün ayrılacaqdır. Qalan vəsait isə müxtəlif biznes subyektləri, ştatlar və bələdiyyələr üçün nəzərdə tutulmuşdur. Bunlarla yanaşı xəstəxanalara virusla mübarizə imkanlarını artırmaq məqsədilə 117 milyard dollar həcmində vəsait ayrılacaqdır.

 

Hökumətin stimullaşdırıcı paketi ilə yanaşı ABŞ-ın Federal Rezerv Sistemi (FRS) də iqtisadiyyatın dəstəklənməsi məqsədilə tədbirlər həyata keçirməyə başlamışdır. İlk olaraq FRS faiz dərəcələrini 0-0.5% səviyyəsində endirmişdir. Bundan başqa FRS tarixdə özünün ən böyük stimullaşdırma proqramını həyata keçirməyə başlamışdır. Əvvəl proqram üçün 700 milyard dollar limit müəyyən edilsə sonradan bu limit aradan götürülmüşdür. Hökumət və FRS tərəfindən müxtəlif dəstək tədbirlərinin həyata keçirilməsinə baxmayaraq bir çox iqtisadçılar iqtisadi artımın azalmasının qarşısının alınmasının mümkün olmayacağı fikrindədirlər.
 
Avropa Ittifaqı ölkələrinin iqtisadiyyatlarına təsiri


 
COVİD-19 Çindən sonra Avropada sürətlə yayılmaqdadır. Avropanın ən böyük iqtisadiyyatları virusun yayılmasının qarşısını almaq məqsədilə sərt tədbirlər həyata keçirmək məcburiyyətində qalmışdır. Bu da Avropa İttifaqı (Aİ) ölkələrində iqtisadi problemlərin artmasına gətirib çıxarmışdır. İƏİT-in proqnozlarına əsasən 2020-ci ilin sonuna Avrozonada ÜDM-in illik artımı ən yaxşı halda 0.8% səviyyəsində olacaqdır. Lakin, İƏİT-in proqnozlarında o da qeyd edilir ki, əgər virusla bağlı böhran daha uzun müddət davam edərsə o zaman Avrozona iqtisadiyyatı tənəzzüllə qarşılaşacaqdır. Avropa Mərkəzi Bankının proqnozlarına əsasən isə ilin sonuna Avropa İttifaqında ÜDM-in 5%-ə qədər azalacaqdır. İkinci rübdə isə azalmanın 22% olacağı gözlənilir. Avrozona üçün ümumi proqnozların verilməsinə baxmayaraq virusun zonaya daxil olan ölkələr üzrə yayılma səviyyəsinin və bu ölkələrin iqtisadi vəziyyətlərinin fərqli olması COVİD-19-un iqtisadi təsir imkanlarının fərqli olması ilə nəticələnir. Buna görə də ayrı-ayrı ölkələr üzrə koronavirusun yayılmasının iqtisadi effektlərini nəzərdən keçirək.



Virusun Avropada ən çox yayıldığı Italiyada son illərdə bir neçə iqtisadi böhrandan keçdiyindən onsuzda əsaslı iqtisadi problemlər mövcud idi. Virusun yayılması isə iqtisadi vəziyyətin daha da pisləşməsinə gətirib çıxarmışdır. Ona görə də virusun yayılması İtaliyaya iqtisadi baxımdan uzun müddətli dövrdə daha çox zərər verəcəkdir. Hazırda isə İtaliyada dövlət maliyyələşməsi ilə bağlı problemlər davam etməkdədir. Buna görə də mütəxəssislər virusun yayılmasının təsiri ilə İtaliya ÜDM-nin ən yaxşı halda 3.1%, ən pis halda isə 6.5%-ə qədər azalacağını proqnozlaşdırırlar. Belə olan vəziyyətdə İtaliya hökuməti virusun iqtisadi zərərlərinin aradan qaldırılması və iqtisadiyyatın stimullaşdırılması üçün 25 milyard avro vəsait ayırmışdır.
COVİD-19-un ən çox yayıldığı Avropa ölkələrindən olan Fransada da iqtisadi vəziyyətin əsaslı şəkildə pisləşəcəyi gözlənilir. 2019-cu ildə ölkədə keçirilən davamlı və kütləvi etiraz aksiyaları onsuzda Fransanın iqtisadi inkişafına mənfi təsir etmişdi. 2020-ci ilin əvvəlində iqtisadi göstəricilərin yaxşılaşmağa başladığı bir dövrdə virusun yayılması isə müsbət iqtisadi meyllərin qarşısını aldı. Virusun yayılmasının təsiri nəticəsində Fransa Mərkəzi Bankı 2020-ci ilin sonuna ÜDM-in artım göstəricisinin 0.1%-ə qədər azalacağını proqnozlaşdırmışdır. Mərkəzi Bankın mütəxəssisləri iqtisadi geriləmənin sərt olmasına baxmayaraq müvəqqəti olacağını düşünür. İqtisadiyyata dəyəcək zərərin aradan qaldırılması məqsədilə Fransa hökuməti 45 milyard avro həcmində olan stimullaşdırma paketini tətbiq edəcəkdir. Əsas məqsəd virusun yayılması ilə bağlı müxtəlif iqtisadi sahələrdə zərər görən bizneslərin maliyyələşdirilməsinin təmin edilməsidir. Bundan başqa hökumət banklar tərəfindən 300 milyard avro həcmində kreditləşmənin təşkilini də dəstəkləyəcəkdir.



Virusun yayılması Aİ-nin ən güclü iqtisadiyyatı olan Almaniyaya da əhəmiyyətli sürətdə təsir edir. Almaniya iqtisadiyyatının ixrac meylli olması isə virusun iqtisadiyyata təsir imkanlarını artırır. Virusun yayıldığı ilk dövrlərdə Çin iqtisadiyyatının zəifləməsi artıq Almaniyaya mənfi təsir etməyə başlamışdı. Bunun nəticəsidir ki, Alman məhsullarına olan tələbatın azalması 56%-ə qədər Alman şirkətlərinə mənfi təsir etmişdir. Bundan başqa, Alman məhsullarına olan tələbat qlobal səviyyədə 44%-ə qədər azalmışdır. Lakin, Almaniyanın turizm sektorundan asılılığının yüksək olmaması virus aradan qalxdıqdan sonra onun iqtisadiyyatının qısa zamanda özünü bərpa etməsinə imkan yaradacaqdır. Ona görə ki, emal sənayesi məhsullarına olan tələb sürətlə artacaqdır. Virusun yaratdığı problemlər nəticəsində mütəxəssislər Almaniya ÜDM-nin ən yaxşı halda 2.8%, ən pis halda isə 5.4% azalacağını proqnozlaşdırırlar. Almaniyada virusun iqtisadi zərərlərinin aradan qaldırılması məqsədilə hökumət 810 milyard dollar həcmində stimullaşdırma paketi hazırlamışdır. Paketin icrası nəticəsində Almaniya hökuməti 2013-cü ildən sonra ilk dəfə borclanacaqdır.



Avropada COVİD-19-un ən çox yayıldığı ikinci ölkə İspaniyadır. Bu da İspaniya iqtisadiyyatının kəskin problemlər ilə qarşılaşacağını deməyə imkan verir. İspaniya iqtisadiyyatında özünüməşğulluğun və kiçik bizneslərin payının böyük olması virusun yayılmasının sosial-iqtisadi nəticələrinin sərt olmasına imkan yaradacaqdır. Bundan başqa İspaniyada turizm sektoru ÜDM-in 15%-ni təşkil edir. Turizm mövsümünün başladığı bir dövrdə virusun yayılması bu sahədə böyük itkilərin yaranması ilə nəticələnəcəkdir. Buna görə də mütəxəssislər tərəfindən verilən proqnozlar göstərir ki, illik ÜDM İspaniyada azalacaqdır. Ən yaxşı halda 0.8%, ən pis halda isə 3%- qədər azalma proqnozlaşdırılır. Gözlənilən iqtisadi problemlərin qarşısını almaq məqsədilə İspaniya hökuməti tarixində ən böyük yardım paketini elan etmişdir. İlk olaraq 14 milyard avro həcmində vəsait ayrılsa da sonradan virusun yayılmasının sürətlənməsi nəticəsində hökumət əlavə olaraq 200 milyard avro vəsait ayırmaq məcburiyyətində qaldı. Bu da İspaniyanın illik ÜDM-nin 20%-ni təşkil edir. İspaniyada özünüməşğulluğun yüksək olması hökuməti əhalinin bu qrupu üçün də elan edilən dəstək paketi çərçivəsində yardım etmək məcburiyyətində qoymuşdur. Onlara dəyən ziyanın aradan qaldırılması məqsədilə hökumət onları da işsizlər kateqoriyasına aid edərək yardım edəcəkdir. Halbuki, indiyə qədər çox az sayda özünüməşğul əhali bu hüquqa malik idi.



Ayrı-ayrı ölkələrin müxtəlif iqtisadi yardım proqramlarını həyata keçirməsinə baxmayaraq Avropa İttifaqında müxtəlif maliyyə institutları və təşkilatları da iqtisadiyyata yardım tədbirlərini həyata keçirməyə başlamışdır. Avropa Mərkəzi Bankı özünün Pandemiya Təcili Satınalma Proqramını həyata keçirməyə başlamışdır. Proqram çərçivəsində 820 milyard dollar həcmində dövlət və özəl sektorun aktivlərinin alınması nəzərdə tutulur. Bundan başqa digər stimullaşdırma proqramları üzərində də müzakirələr aparılır. Avrozona ölkələrinin maliyyə nazirləri Avropa Sabitlik Mexanizmi (European Stability Mechanism) vasitəsilə ölkələrə ÜDM-in 2%-i həcmində borc vəsaitlərinin verilməsi ilə bağlı ilkin razılığa gəlmişdir. Bu mexanizm vasitəsilə vəsaitlər 2008-ci il böhranından sonra yaradılmış Yardım Fondundan (Bailout Fund) ayrılacaqdır. Eyni zamanda Avropa İnvestisiya Bankının vəsaitləri hesabına yardımların edilməsi və koronabondların dövriyyəyə buraxılması təklifləri də müzakirə edilir. Koronobondlar buraxıldığı halda bu instrument vasitəsilə yaranacaq öhdəliklərin Avrozona ölkələri arasında bölüşdürülməsi nəzərdə tutulur. Bundan başqa Avropa Komissiyası 37 milyard avro həcmində Korona İnvestisiya Fondu yaratmışdır. Bu fondun vəsaitlərindən müxtəlif sahələrdə, xüsusilə də səhiyyə sahəsində fəaliyyət göstərən bizneslər yararlana biləcəkdir. Aİ-nin İnvestisiya Fondu isə kiçik və orta biznes subyektlərinə 8 milyard avro həcmində borc vəsaitlərinin verilməsini təmin edəcəkdir.
 
Qlobal enerji sektoruna təsiri

 

Koronavirusun yayılmasının əsaslı sürətdə təsir etdiyi sahələrdən biri də enerji sektorudur. Virusun yayılması ilə əlaqədar olaraq Çin iqtisadiyyatının zəifləməsi, zavod və fabriklərin bağlanması enerjiyə olan tələbatı azaltmış və enerji bazarlarında artan tədarükün Çin tərəfindən istifadə edilməməsi nəticəsində enerji bazarlarında volatillik yaranmışdır. Rəsmi Pekin dünyada ən iri enerji istifadəçisidir və bu ölkədə enerjiyə olan tələbatın azalması qlobal enerji bazarlarına bilavasitə təsir göstərir. Dəmək olar ki, COVİD-19 enerji sektorunun neft, təbii qaz, bərpa olunan enerji mənbələri, kömür, neft məhsulları kimi bütün sahələrinə təsir göstərmişdir.
COVİD-19 pandemiyasının yayılması fonunda mart ayının əvvəlində dünyanın ən iri neft istehlakçıları olan Səudiyyə Ərəbistanı və Rusiya arasında yaranmış fikir ayrılığı nəticəsində dünya neft qiymətləri son 20 il ərzində ən aşağı səviyyəyə enmişdir. Beynəlxalq Enerji Agentliyinin proqnozuna əsasən cari ildə COVİD-19 virusunun dünya iqtisadiyyatına vurduğu zərər nəticəsində neftə olan tələbatın azalması müşayiət olunacaqdır. Ölkələrin tətbiq etdikləri karantin vəziyyəti bu prosesə təsir edən əsas amillərdəndir. Yuxarıda qeyd olunduğu kimi, enerji sektorunun bütün sahələri, əsasən də neft sektoru əhəmiyyətli şəkildə zəifləmişdir. Ölkələr arasında yük və sərnişin daşımalarının dayandırılması neft bazarına əsas mənfi təsir göstərən amillərdəndirlər. Artıq 100 ölkə səyahət qadağası tətbiq etmişdir ki, bu da aviasiya yanacağına olan tələbatın kəskin şəkildə aşağı düşməsinə gətirib çıxarmışdır.



Neft bazarında artan tədarükün tam istifadə olunmaması təchizat nöqteyi-nəzərdən əsas problemdir. Neft qiymətlərinin 30 dollardan aşağı düşməsi ilə əsas diqqət mümkün olan OPEC+ yeni razılaşmaya yönəlmişdir. Demək olar ki, hazırkı vəziyyətdə bütün ölkələr gözləmə mövqeyindədirlər. OPEC+ çərçivəsində əldə edilmiş razılaşmanın uzadılması ilə əlaqədar olaraq Səudiyyə Ərəbistan və Rusiya arasında yaranmış fikir ayrılığı bunun bariz nümunəsidir. Qiymətlərin aşağı düşməsi davam edərsə neft gəlirlərindən asılı olan iqtisadiyyatlar ağır zərbə alacaqdır. Əsas qeyri-müəyyənlik neft bazarında mövcud vəziyyətin nə vaxta kimi davam etməsi ilə əlaqədardır. Qeyd olunanlardan başqa COVİD-19 virusunun yayılması da qlobal neft istehsalına və tədarükünə mənfi təsir göstərir ki, bu da qeyri-müəyyənliyin davam etməsi üçün stimul yaradır.
Yuxarıda qeyd olunanları nəzər alaraq, deyə bilərik ki, neft bazarında qısa müddət ərzində olacaq dəyişikliklər əsasən dövlətlərin COVİD-19 virusu ilə necə mübarizə aparması və dövlətlərin yük daşımaları və insanların səyahətlərini bərpa etməsi ilə bağlı olacaqdır. Artıq Çində COVİD-19 virusunun yayılmasının dayandırılması ilə bağlı müsbət nəticələr əldə edilmişdir və görünən odur ki, rəsmi Pekin qısa müddət ərzində istehsal müəssisələrinin fəaliyyətini bərpa edəcəkdir. Bu proses isə öz növbəsində Çində enerji tələbatının qalxmasına stimul yaradacaqdır.


Hazırda dünyada neftə olan tələbat xeyli aşağı düşmüşdür. Neft tələbatı ilə bağlı müxtəlif proqnozlar verilir. Lakin, Beynəlxalq Enerji Təşkilatı bu istiqamətdə əsas iki ssenari təqdim edir. Birincisi, COVİD-19 virusuna qarşı mübarizə daha zəif inkişaf edir və qlobal neft tələbatı daha da aşağı düşür. İkinci isə COVİD-19 qarşı atılan addımlar qısa müddət ərzində müsbət nəticələr verir və qlobal neft tələbatı artır. Görünən odur ki, qısa müddət ərzində neft qiymətlərində dəyişmə COVİD-19-la birbaşa bağlı olacaqdır.
Ümumiyyətlə, COVİD-19-un enerji bazarına təsiri bütün enerji subyektlərinə təsir etmişdir. Enerji istehsalçıları və tədarükçüləri gələcəkdə daha optimal enerji əlaqələrinin qurulmasının vacibliyini bir daha başa düşdülər. Bu neqativ təsirlər təkcə neftlə bağlı olmamışdır. Yuxarıda qeyd olunduğu kimi, bura digər enerji sahələri də aiddir. Bu sahələr əsasən aşağıdakılardır:
 
Alternativ və bərpa olunan enerji mənbələri
 


Alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı artıq bir çox ölkələr tərəfindən aktual məsələyə çevrilmişdir. Bu sahədə enerji istehsalının əsas komponetləri Asiya ölkələrində istehsal olunur və Çin bu sahədə əhəmiyyətli nailiyyətlər əldə etmişdir. Rəsmi Pekin günəş panellərini və külək türbinlərini istehsal edir və dünyada bunların əsas ixracçılarından biridir. Məsələn, günəş panellərinin satışında Çin şirkətlərinin payı təqribən 50% bərabərdir. Bu istiqamətdə yaranmış durğunluq qlobal tədarükdə də hiss olunacaqdır. Bazar araşdırmaları da göstərir ki, Asiya bazarlarında durğunluq bu sahəyə əhəmiyyətli dərəcədə təsir göstərmiş, tələbatın və qiymətlərin aşağı düşməsinə gətirib çıxarmışdır. Şirkətlər əsasən qlobal təchizat zəncirinin bərpasını gözləyirlər;
 
Təbii qaz


Neft sektorunda müşahidə olunan azalma təbii ki, bu sektordan da yan keçməmişdir. Ona görə  enerjiyə olan tələbatın azalması təbii qaza olan tələbatın azalması ilə müşahidə olunur. Əsasən Çində təbii qaza olan tələbatın azalması təbii qaz bazarında qeyri-müəyyənlik yaratmış və qısa müddət ərzində daha çox təbii qaz tədarükünə şərait yaratmışdır. Qaz sektorunda, həmçinin də LNG-in (təbii maye qaz) Asiya bazarlarına tədarükünün azalması çox aktualdır. Belə ki, Çinə ixrac olunan LNG mənbələrində azalma müşahidə olunacaq və bazarda əlavə LNG payının olması qiymətlərin də aşağı düşməsi ilə müşahidə olunacaqdır. Çinin LNG payının yenidən artması ilə (iyun-iyul aylarından başlayaraq) LNG bazarı da stabilləşəcəkdir;


 
Neft məhsulları

 Neft və təbii qaz sektorunda müşahidə olunan mənfi proseslər neft məhsullarının istehsalına bir-başa təsir göstərmişdir. Qeyd olunduğu kimi, COVİD-19-un yayılması həm insanların səyahətlərinin, həm də yük daşımalarının dayanmasına gətirib çıxarmışdır. Bu da neft məhsullarına tələbatın aşağı düşməsi ilə müşahidə olunur. Təyyarə yanacağı, dizel və benzin yanacaqları ən çox təsir görmüş yanacaq növləridir. Bunu nəzərə alaraq, bir sıra neft-kimya zavodları artıq istehsalı azaltmışdır ki, qiymətlərin daha da aşağı düşməsinin qarşısı alınsınlar. Iri neft-kimya zavodları və enerji şirkətləri “gözləmə mövqeyindədirlər”. Onlar əsasən 2020-ci ilin ikinci yarısında bazarın tənzimlənməsinə ümid edir və neft məhsullarına olan tələbatın stabilləşməsini gözləyirlər.

 

Azərbaycan da enerji resursları ixrac edən ölkə olaraq qlobal enerji bazarlarında baş verən tendesiyalardan asılıdır. Neft və təbii qazın ixrac gəlirlərindən asılılıq ölkə iqtisadiyyatının ən zəif tərəfidir. Son dövrdə neft qiymətlərinin aşağı düşməsi və COVİD-19 virusunun ölkədə aşkarlanması ölkə iqtisadiyyatı üçün çox ciddi sınaq olacaqdır. Neftin qiymətinin aşağı səviyyədə qalması və ya daha da aşağı düşməsi yeni çağırışları da ortaya çıxaracaqdır. Bu istiqamətdə üç əsas ssenari baş verə bilər. Birincisi, pessimist variant kimi, OPEC+ ölkələri neftlə bağlı razılaşma əldə etməsələr və COVİD-19 həm dünyada, həm də ölkədə kəskin şəkildə yayılsa, bunun nəticəsində iqtisadi əlaqələr daha uzun müddətə təxirə salınacaqdır və nəticədə neftin qiymətləri daha da ucuzlaşa bilər. Əgər belə olarsa neft hasilatından gələn gəlirlər azalacaqdır və dövlət əlavə tədbirlər görmək məcburiyyətində qalacaqdır. İkincisi, OPEC+ ölkələri razılıq əldə edərsə, lakin COVİD-19-un fəsadları qısa zamanda aradan qalxmazsa neftin qiymətlərində az artım müşahidə ediləcəkdir. Koronavirusun yayılmasının yaratdığı iqtisadi problemlər hələ uzun müddət (ən yaxşı halda ilin sonuna qədər) dünya iqtisadiyyatının artımına mənfi təsir edəcəkdir. Qlobal iqtisadi artım ilə bağlı verilən proqnozlar da bunu göstərir. Ona görə dünyada neftə olan tələbat hələ uzun müddət aşağı səviyyədə olacaqdır. Ona görə də ikinci ssenarinin baş vermə ehtimalı böyükdür. Üçüncüsü, optimist ssenari üzrə OPEC+ ölkələri razılıq əldə etmiş olar, COVİD-19-un fəsadları qısa müddət ərzində aradan qalxmış olar və dünyada istehsal müəssisələrinin fəaliyyəti və daşımalar bərpa olunar. Belə olduqda enerjiyə olan tələbat artacaq və enerji resursları ixrac edən ölkələr bazarı stabil saxlaya biləcəkdir. Bu proses həm qiymət, həm də tələbat baxımından qeyri-müəyyənliyi aradan qaldıracaqdır. O da qeyd edilməlidir ki, qeyd olunan ssenarilər COVİD-19 virusunun yaratdığı fəsadlar əsasında formalaşacaq çağırışlarla bağlıdır. Hazırda Çinin enerji bazarında böyük paya sahib olması enerji bazarını həssas edir və vəziyyətin gərgin olmasını stimullaşdırır.



Bütün enerji bazarları və investisiyalar COVİD-19 pandemiyasının fəsadlarının zəifləməsini gözləyir. Bu isə ilk növbədə qlobal iqtisadi vəziyyətin sabitləşməsi və qlobal təchizat zəncirinin yenidən bərpası ilə bağlıdır.

Nəticə
 
Koronavirusun dünyanın ikinci ən böyük iqtisadiyyatına malik olan Çində yayılmağa başlaması və daha sonra dünyanın digər aparıcı iqtisadiyyatlarına malik olan ABŞ və Avropa ölkələrində yayılması qlobal iqtisadi inkişafa əsaslı formada təsir etməkdədir. Ümumiyyətlə, dünya tarixində eyni zamanda müxtəlif ölkələrdə əksər iqtisadi sahələrdə belə durğunluq müşahidə edilməmişdir. Koronavirusla bağlı yaranan iqtisadi problemlər qloballaşma əsasında formalaşmış beynəlxalq iqtisadi münasibətlər sisteminin çatışmazlıqlarını üzə çıxardı. Hazırkı beynəlxalq iqtisadi münasibətlər sistemi qlobal xarakterə malik olsa da bir neçə ölkənin iqtisadiyyatından əsaslı formada asılıdır. Belə təmərküzləşmənin olması böhranlar dövründə bu sistemin həssaslığını ortaya çıxarır. Bunun nəticəsidir ki, Çində virusun yayılması ilə əlaqədar olaraq yaranan iqtisadi durğunluq Çindən gələn xammal və hissələrdən asılı olan ölkələrdə istehsal prosesinin ləngiməsi, məhsullarının böyük hissəsini Çin bazarına ixrac edən ölkələrdə məhsullara olan tələbin kəskin şəkildə azalması, ABŞ və Avropada yaranan iqtisadi problemlər nəticəsində isə Çin iqtisadiyyatının aparıcı qüvvəsi olan emal sənayesinin məhsullarına olan tələbatın kəskin azalması müşahidə edilir. Bu prosesin baş verməsində təchizat zəncirində mövcud olan təmərküzləşmə böyük rola malikdir.

 

Eyni zamanda virusun yayılması ilə bağlı yaranmış durğunluq ixracdan asılılığın iqtisadi baxımdan təhlükəli olduğunu bir daha ortaya çıxardı. Özünün iqtisadi sisteminin inkişafını digər ölkələrə məhsul ixrac etmək üzərində quran ölkələr böhran dövrlərində kəskin iqtisadi problemlər ilə qarşılaşmış olurlar. Bu mənada xidmət və turizm sektorundan asılılıq da iqtisadi problemlərin daha kəskin olmasına şərait yaradır
Koronavirusun yayılmasının turizm mövsümünün başlanğıcına təsadüf etməsi iqtisadiyyatları turizmdən asılı olan ölkələrin gəlirlərinin kəskin azalması ilə müşahidə edilir və qarşıdan gələn aylarda bu itkilərin iqtisadi təsirləri özünü daha əhəmiyyətli formada göstərməyə başlayacaqdır. Turizm və xidmət sektoruna virusun yayılmasının təsiri emal sənayesi ilə müqayisədə daha uzun müddətli xarakterə malik olacaqdır. Ona görə ki, virusun yayılmasının qarşısı alınan kimi virusu özündə daşıma ehtimalı az olan emal sənayesi məhsullarına olan tələbat sürətlə artacaqdır ki, bu da bu sahənin daha tez özünü bərpa etməsinə imkan yaradacaqdır. Lakin, turizm sektoru daha çox insanların qarşılıqlı əlaqəsinə əsaslandığından və daha çox istirahət və əyləncə xarakterinə malik olan xidmətlər təklif etdiyindən insanların bu sahəyə ilkin dövrlərdə az maraq göstərməsi ilə nəticələnəcəkdir ki, bu da bu sektorun özünü bərpa etməsi üçün daha uzun vaxta ehtiyac yaradacaqdır.
Ona görə də emal sənayesinin üstünlük təşkil etdiyi ölkələr daha tez, xidmət və turizm sektorunun üstünlük təşkil etdiyi ölkələr isə daha gec iqtisadi inkişafını bərpa edə biləcəkdir.




COVİD-19-un yayılmasının beynəlxalq iqtisadi münasibətlər sistemi ilə bağlı ortaya çıxardığı çatışmazlıqlar növbəti on illiklərdə bu sistemin dəyişməsinə şərait yaradacaqdır. Onsuzda son illərdə, xüsusilə 2008-ci ildə baş vermiş maliyyə böhranından sonra populizmin geniş yayılması nəticəsində qlobalizasiyaya qarşı meyllərin artması və proteksionist iqtisadi siyasətdən istifadənin genişlənməsi müşahidə edilirdi. Belə bir şəraitda hazırkı böhranın yaratdığı iqtisadi problemlər bu prosesin daha da sürətlənməsinə imkan yaradacaqdır. Bu isə 80-ci illərdən etibarən beynəlxalq münasibətlər sistemində aparıcı rola malik olan və 2008-ci il böhranından sonra öz etibarlılığını itirməyə başlayan neoliberal sistemə olan münasibətin daha da pisləşməsinə gətirib çıxaracaqdır. Bu xüsusilə ABŞ-da özünü göstərəcəkdir ki, bu da onun sahib olduğu iqtisadi sistemin davamlılığı ilə bağlı müzakirələrin daha da kəskinləşməsinə səbəb olacaqdır.



Ehtimal etmək olar ki, bundan sonra ölkələr beynəlxalq təchizat zəncirində mövcud olan təmərküzləşmənin azaldılmasına çalışacaqdır ki, iqtisadiyyatlarının həssaslığını azaltmış olsunlar. Onsuzda son illərdə bir sıra siyasi və iqtisadi faktorların, o cümlədən ticarət müharibəsinin təsiri ilə təchizat zəncirinin şaxalənməsi prosesi başlamışdı. Virusun yaratdığı iqtisadi böhran isə bu prosesin daha da sürətlənməsinə səbəb olacaqdır. Bu da Çinin dünya iqtisadiyyatında rolunun azalmasına və onun genişlənmə siyasətinin zəifləməsinə səbəb ola bilər. Bu isə nəticə etibarı ilə ticarət müharibəsi şəraitində ABŞ-ın Çin qarşısında üstünlük əldə etməsinə imkan yaradacaqdır.



Eyni zamanda virusun yayılmasında Çinin qarşı ittihamlar onu deməyə əsas verir ki, virusun yayılmasının qarşısı alındıqdan sonra dünyanın müxtəlif ölkələri xüsusilə də ABŞ tərəfindən Çinə qarşı sərt münasibət nümayiş etdirməklə yanaşı ona qarşı cəza tədbirlərinin həyata keçirilməsinə və təzminat istənilməsinə çalışacaqdır. Bunun nə dərəcədə alınacağını demək çətin olsa da o aydındır ki, virusun yayılması ilə bağlı yaranan iqtisadi problemlər Çinin beynəlxalq iqtisadi münasibətlər sistemində roluna əhəmiyyətli sürətdə təsir edəcəkdir və Çinin iqtisadi baxımdan böyüməsinə qarşı olan ölkələr üçün bu yaranmış imkandan maksimal səviyyədə istifadə etməyə çalışacaqdır. Ümumilikdə, dünya iqtisadiyyatının da qarşıdan gələn aylarda sürətlə bərpa olunacağını gözləmək olmaz. Ona görə ki, dünyanın bütün aparıcı ölkələri böyük iqtisadi zərərlər ilə qarşılaşmaqdadır. Qlobal istehsalın və tələbin tədricən bərpa edilməsi dünya iqtisadiyyatının illik artımına əhəmiyyətli sürətdə təsir edəcəkdir.



Virusun yaratdığı iqtisadi problemlər eyni zamanda Avropa İttifaqının səmərəliliyi ilə bağlı son illərdə artan müzakirələrin daha da genişlənməsinə səbəb olacaqdır. Brekzitin baş verməsi ilə Avropa İttifaqına olan etibarın azalması prosesinin bundan sonra daha da sürətlənəcəyini gözləmək olar. Artıq avroskeptiklər Avropa İttifaqının virusun yayılmasının qarşısını ala bilməməsi və ittifaqa daxil olan ölkələrin iqtisadi baxımdan bir-birlərinə zəruri formada kömək edə bilməməsi fikirlərini səsləndirməyə başlamışdır. Son illərdə avroskeptizmin daha çox inkişaf etdiyi İtaliyanın virusdan daha çox zərər görməsi isə İtaliyada Avropa İttifaqından çıxmaq meyllərinin artmasına şərait yarada bilər. Lakin Aİ-dan İtaliya və digər üzvlərin tərk edilməsi ehtimalı azdır.



Virusun yayılmasının yaratdığı qlobal iqtisadi problemlər Azərbaycan iqtisadiyyatına əsasən neft bazarında formalaşmış volatilliklər vasitəsilə təsir edir. Neftin qiymətinin sürətli azalması birbaşa virusun yayılması ilə bağlı olmasa da virusun yayılmasının neft qiymətləri üzərində formalaşdırdığı azaldıcı təsir OPEC+ ölkələrinin razılığı uzatmamasına təsir etmişdir. Neft bazarında formalaşmış hazırkı vəziyyət siyasi mübarizənin nəticəsidir ki, bu da uzun müddət davam edə bilməz. Ona görə ki, qiymətlərin hazırkı səviyyəsi mübarizə aparan tərəflərin heç biri üçün səmərəli deyildir. Ona görə də qısa müddətli dövrdə bu ölkələrin razılıq əldə edəcəyini gözləmək olar. Buna baxmayaraq razılıq əldə edildiyi halda belə neftin qiyməti əvvəlki səviyyəsinə qalxmayacaqdır. Koronavirusun yaratdığı iqtisadi problemlər hələ uzun müddət qlobal tələbatı aşağı səviyyədə saxlamaqla neftin qiymətinin aşağı səviyyədə qalmasına səbəb olacaqdır. Ona görə də qısa müddətli dövrdə Azərbaycanın neft gəlirlərinin aşağı səviyyədə olacağını deyə bilərik. Orta müddətli dövrdə isə ehtimal etmək olar ki, neftin qiymətləri artsa da 35-40 dolları ötməyəcəkdir.



Koronavirusla mübarizə isə Azərbaycanda büdcə xərclərinin artmasına səbəb olmuşdur. Belə ki, koronavirusun yayılması ilə əlaqədar olaraq karantin rejiminin tətbiqi nəticəsində bir çox iqtisadi subyektlər öz fəaliyyətlərini dayandırmaq məcburiyyətində qalmışdır. Bu da müxtəlif iqtisadi subyektlərin xüsusilə də sahibkarların zərərlə qarşılaşmasına yol açmışdır. Belə olan halda iqtisadiyyata dəyən zərərin aradan qaldırılması məqsədilə dövlət büdcəsindən 1 milyard manat vəsait ayrılmışdır. Bu isə 2020-ci il üçün büdcə kəsrinin artmasına səbəb olacaqdır. Bu hökumətin xərclərini artırdığından müsbət hadisə olmasa da, Azərbaycanın sahib olduğu strateji valyuta ehtiyatları formalaşacaq yükün qarşılanmasına imkan verir.
 
Orxan Bağırov və Şahmar Hacıyev
BMTM-də aparıcı mütəxəssisləri 


Ana səhifəyə qayıt        Baxış: 8 647          Tarix: 6-04-2020, 20:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma