ABŞ Senatı Rusiya, İran və Şimali Koreyaya qarşı “Sanksiyalar vasitəsilə ABŞ-ın düşmənlərinə qarşı mübarizə” haqqında qanunu qəbul edib.
Konqresin səsvermə hüququ olan 435 üzvündən 419-u, Senatda isə 98 senator sənədin lehinə, eləcə də 3 konqresmen və 2 senator qanunun əleyhinə səs verib.
Ümumilikdə 184 səhifəlik sənədin yarısı Rusiyaya həsr edilib. Orada Moskvanın Ukraynadakı fəaliyyəti, ABŞ və başqa dövlətlərdə kibertəhlükəsizliyə ziyan vurulması və seçkilərin nəticələrinə təsir etməyə cəhd, Suriyadakı Bəşşar Əsəd rejimini dəstəkləməsi, korrupsiya, insan haqlarını pozması və başqa bu sayaq məsələlərlə bağlı əməlləri öz əksini tapıb. Sanksiya Rusiyanın neft-qaz və maliyyə sahələrini əhatə edir.
Qəbul ediləcək yeni sanksiyalar 2014-cü ildən bu vaxtadək Rusiyaya qarşı tətbiq olunan qadağalardan daha miqyaslı və kompleksli ola bilər. Bundan əvvəl bu tip tədbirlər prezidentin fərmanı və ya Maliyyə Nazirliyinin müvafiq qərarları ilə tətbiq edilirdi.
Sənəd imzalanmaq üçün ABŞ Prezidenti Donald Trampa göndərilib. O, bu qanunu imzalaya və veto da qoya bilər.
Bu qanunda başlıca məsələ prezidentin Rusiyaya qarşı sanksiyaları ləğv etməzdən, yaxud yumşaltmazdan əvvəl qərarlarını əvvəlcədən konqresmenlərlə razılaşdırmasıdır. Bu barədə konqresə bir müddət əvvəl demokratlar tərəfindən təqdim olunan sənəd qəbul edilməmişdi.
Şimali Koreya nüvə raketi və insan haqlarını pozduğu üçün sanksiyalara məruz qalıb.
İran Əhatəli razılaşma paketinin şərtlərini pozduğu, terrorçuluğu dəstəklədiyi, insan haqlarını pozduğu üçün ona qarşı sanksiya tətbiq edilib.
Sənədin hər iki palatada səs çoxluğu ilə qəbul edilməsi onu göstərir ki, hakimiyyətdə olan Respublikaçılar Partiyası ilə müxalifətdəki Demokratlar Partiyası arasında üç ölkəyə münasibətdə elə də kəskin fikir ayrılığı yoxdur.
Başqa sözlə, hər iki siyasi partiya Rusiya, İran və Şimali Koreyanı ABŞ-a eyni məsafədə düşmən sayır.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bir neçə gün əvvəl İrana xəbərdarlıq edərək bildirmişdi ki, beynəlxalq ictimaiyyətlə razılaşdırlmış nüvə proqramına əməl etməzsə, Tehranın “böyük, çox böyük, ciddi problemi olacaq. Mən bununla bağlı sizə təminat verirəm.”
Ötən gün İran “Simurq” adlı raket daşıyıcısını sınaqdan çıxarıb. ABŞ Dövlət Departamentinin mətbuat katibi Hizer Noert bildirib ki, Tehran hakimiyyəti bununla BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini pozub: “Biz hesab edirik ki, İran ballistik raketin hazırlanmasını davam etdirir”.
Göründüyü kimi, ABŞ-da prezident həm siyasi mənsubiyyət, həm də sosial təbəqə baxımından dəyişsə də, ölkənin maraqları və hədəfləri dəyişməyib. Yeni sanksiyanı Donald Trampa etimad və onun sınaqdan çıxarılması kimi də qiymətləndirmək olar. Bunu daha çox Rusiyaya münasibətə şamil etmək olar.
Qeyd edək ki, Hamburqda “Böyük-20”liyin zirvə toplantısı çərçivəsində Tramp Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Bundan əvvəl isə ABŞ-ın dövlət katibi rusiyalı həmkarı Sergey Lavrovla tərəfləri maraqlandıran məsələləri müzakirə ediblər. Ehtimal etmək olar ki, həmin görüşlərdə Vaşinqton rəsmiləri Kremldən Suriya, İraq, Ukrayna məsələlərində tutduğu mövqedən çəkilməsini istəyib. Ancaq Moskva rəsmiləri tərəfindən uyğun addım atılmadığından bəhs etdiyimiz qanun qəbul edilib. Çünki Rusiyaya qarşı yeni əhatəli sanksiyanın qəbulu ilə bağlı müzakirələr bir müddətdir aparılırdı.
Xatırladaq ki, Vladimir Putin Rusiya hərbi hava bazasının daha 50 il Suriyada qalmasına dair qanunu imzalayıb. Bunu ABŞ-ın sanksiyasına cavab kimi də qiymətləndirmək olar. Başqa sözlə, Kreml bir daha Yaxın Şərqdə və keçmiş sovet respublikalarına münasibətdə (indiki halda Ukraynaya) mövqeyində dəyişiklik etməyəcəyini bir daha nümayiş etdirdi. Əslində, sanksiyanın tətbiqi də bunu təsdiqləməkdədir.
Donald Tramp prezident seçkisi qabağı kampaniya zamanı da İranın atom-nüvə probleminə dair beynəlxalq vasitəçilərlə əldə edilən razılığa qarşı çıxmışdı. Elə prezident olandan sonra da İrana qarşı sərt addımlar atacağını dəfələrlə bəyan edib.
Şimali Koreya isə 60 ildən çoxdur ABŞ-ın Koreya yarımadasındakı maraqlarının tam təmin edilməsinə mane olur. Bu ölkə həm də ABŞ-ın Rusiya və Çin kimi rəqiblərinin müttəfiqidir. Şimali Koreyanın sistemli olaraq raket sınağı keçirməsi isə Ağ evi və onun bölgədəki tərəfdarlarını - Yaponiya ilə Cənubi Koreyanı qane etməməklə yanaşı, narahat da edir.
Rusiya və İran Cənubi Qafqaza, eləcə də Azərbaycana qonşu olduğundan sanksiyalar dolayısı ilə bölgə dövlətlərinə də təsirsiz ötüşməyəcək.
Beləliklə, ABŞ Donald Trampla köhnə rəqib və düşmənlərinə qarşı yenidən hücuma keçib. Bunun nəticəsi isə az qala bütövlükdə Avrasiya materikini əhatə edə bilər. //report.az
Paylaş: