ABŞ Konqresinin Senatı Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsini tamamlayıb.
Publika.az xəbər verir ki, bu haqda “Röyters” agentliyi məlumat yayıb.
Daha əvvəl Respublikaçılar Partiyasının nümayəndələri bildirirdilər ki, qanun layihəsindəki səhvlər onun tamamlanmasını tələb edir. Bildirilirdi ki, layihə ABŞ konstitusiyasını pozur.
Demokratlar isə respublikaçıları ittiham ediblər ki, onlar prezident Donald Trampı razı salmaq üçün qanun layihəsini “öldürmək” istəyirlər. Respublikaçıların sözlərinə görə, onların qeydləri yalnız prosessual xarakter daşıyır.
Qanun layihəsi tamamlanmadan sonra Konqresin Nümayəndələr Palatasının müzakirəsinə göndəriləcək.
Xatırladaq ki, ABŞ Senatı Rusiyaya qarşı sanksiyaların genişləndirilməsini nəzərdə tutan qanun layihəsini iyunun ortalarında bəyənib. Qanun layihəsinə senatorların böyük əksəriyyəti - 100 senatordan 98-i səs verib. Sənəd Nümayəndələr Palatasında qəbul edildikdən sonra ABŞ prezidenti tərəfindən imzalanmalı idi. Lakin Rusiyaya qarşı yeni sanksiyalarla bağlı qanun layihəsinin müəllifləri ABŞ Konqresinin Nümayəndələr Palatasında problemlərlə qarşılaşıblar.
Respublikaçılardan ibarət əksəriyyət Senat tərəfindən artıq bəyənilmiş sənədi beynəlxalq işlər üzrə komitəyə göndərib.
Rusiyaya qarşı təklif edilmiş sanksiyalar Rusiya banklarının maliyyələşdirilməsinin maksimal müddətinin 14, neft-qaz sektorunda fəaliyyət göstərən şirkətlərin maliyyələşdirilməsinin maksimal müddətinin isə 30 günə qədər ixtisarını nəzərdə tutur. Sənədin ayrı bəndində həmçinin “Şimal axını-2” qaz kəməri layihəsinin tikintisinə mane olmaq niyyəti ifadə olunub.
Bundan başqa, düzəlişlərin tətbiqindən sonra 180 gün ərzində ABŞ Maliyyə Nazirliyinin başçısı sanksiyaların mümkün nəticələrini təsvir edən məruzəni Konqresə təqdim etməlidir.
Paylaş: