"BMT Təhlükəsizlik Şurasının Qəzza zolağına xarici qüvvələrin göndərilməsini nəzərdə tutan qətnamə layihəsinin müzakirəsi davam edir və hazırda sənədi əlaqədar tərəflər sükut proseduru çərçivəsində öyrənirlər".
Oxu.Az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-yə səfərinin nəticələrini Türkiyə mediasına şərh edərkən bildirib.
"Bu işin müxtəlif iştirakçılarının fərqli baxışları və prioritetləri var. Onları vahid mətndə əks etdirmək asan olmaya bilər. Üstəlik, hamını tam məmnun etmək mümkün deyil. Bu, diplomatiyanın və kompromisin ayrılmaz hissəsidir. Lakin sənədin mətni gələcəkdə sülh prosesinin həyata keçirilməsinə maneə olmamalıdır. Onun pozulmasına yol vermək olmaz. Qətnamə mətni üzərində iş davam edir. Hazırda mətn sükut proseduru çərçivəsində baxılması üçün təqdim edilib. Biz qiymətləndirməmizi davam etdirir, həmkarlarımız və tərəfdaşlarımızla işləyirik", - deyə Fidan qeyd edib.
Sükut proseduru BMT üzvlərinə qərar layihəsini əsaslı təhlil etmək, öz etirazını bildirmək və ya öz mövqeyini aydınlaşdırmaq imkanı verir.
Türkiyənin xarici işlər naziri bildirib ki, BMT Təhlükəsizlik Şurasında qətnamənin hazırlanması birinci dərəcəli əhəmiyyət daşıyır.
"Ətraflı sülh sazişinin növbəti mərhələlərinin həyata keçirilməsi üçün belə qətnamənin vacib olduğunu düşünən bir qrup ölkə var. Türkiyə üçün bu baxımdan aydın prioritetlər mövcuddur. Bunlar soyqırımının dayandırılması və humanitar yardımın göstərilməsidir. Metodologiya fərqli ola bilər və bu məsələlərə yanaşma layihələri müxtəlifdir", - deyə Fidan bildirib.
O xatırladıb ki, Türkiyənin BMT Təhlükəsizlik Şurasının üzvü deyil və hazırda TŞ-nin qeyri-daimi üzvü də deyil. Bununla belə, o, qətnamənin hazırlanması prosesinə fəal cəlb olunmağa çalışır.
"Bu məsələni bizə yaxın olan ölkələrlə müzakirə etdik, habelə Qəzza üzrə əlaqə qrupu və ortaq baxışlarımızı bölüşdüyümüz və birlikdə hərəkət etdiyimiz səkkiz region ölkəsinin nümayəndələri ilə görüşdük. Biz hansı mövqeni formalaşdırmalı olduğumuzu, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul ediləcək beynəlxalq qərarın əsas parametrlərinin nə olduğunu da müzakirə etdik", - deyə nazir bildirib.
Paylaş:




























