Xəbər lenti
17-07-2025, 21:00


Giriş 

 

İran İslam Respublikasının prezidenti Məsud Pezeşkian aprelin 28-də Azərbaycana rəsmi səfərə gəlir. Səfərdə İran prezidentini böyük bir heyət, o cümlədən İranın əsasən azərbaycanlılar yaşayan dörd şimal əyalətinin rəhbərləri müşayiət edəcək. Bakıda aparılacaq danışıqlar zamanı xüsusən iqtisadiyyat və nəqliyyat sahələrində önəmli razılaşmaların əldə oluncağı gözlənilir. Bu, iki qonşu dövlət arasında çoxşaxəli əməkdaşlığın yeni səviyyəyə yüksəlişinə təkan verəcək. Məsud Pezeşkianın prezidentliyi dönəmində münasibətlərin normallaşması istiqamətində atılan addımlar, qarşılıqlı səfərlər və ayrı-ayrı məsələlər üzrə alınan qərarlar bunu söyləməyə əsas verir. 

 

Siyasi-diplomatik təmaslar 

 

Məsud Pezeşkian prezident kimi Azərbaycana ilk səfərini gerçəkləşdirsə də, diqqətə layiqdir ki, o, prezident seçildikdən dərhal sonra Azərbaycan prezidenti tərəfindən ölkəmizə səfərə dəvət olunub və bu dəvət sonralar da bir neçə dəfə təkrarlanıb. Belə ki, ötən il iyulun 6-da, yəni Pezeşkianın seçkilərdə qələbə qazandığı məlum olduqdan az sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Məsud Pezeşkiana göndərdiyi təbrik məktubunda ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparmaq məqsədilə İran prezidentini Azərbaycana səfərə dəvət edib. Həmin məktubda Azərbaycanın dövlət başçısı Azərbaycan ilə İran arasında ortaq dini-mədəni köklər kimi möhkəm təməl üzərində qurulmuş münasibətlərə böyük əhəmiyyət verdiyini də vurğulayıb: 

 

“Bu gün qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran əlaqələrinin gələcək inkişaf istiqamətlərinə dair əldə edilmiş razılaşmalar, icra olunan birgə layihələr ölkələrimizin rifahına, bütövlükdə regionun davamlı inkişafına və təhlükəsizliyinə xidmət edir. Əminəm ki, birgə səylərimizlə xalqlarımızın və ölkələrimizin mənafeləri naminə Azərbaycan ilə İran arasında ənənəvi dostluq münasibətlərinin daha da möhkəmlənməsinə, qarşılıqlı maraq doğuran əməkdaşlığın genişlənməsinə nail olacağıq”. 

 

2024-cü il iyulun 9-da isə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev İran İslam Respublikasının prezidenti Məsud Pezeşkiana zəng edib. Dövlətimizin başçısı Məsud Pezeşkianı İran İslam Respublikasının prezidenti seçilməsi münasibətilə bir daha təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Məsud Pezeşkian göstərilən diqqətə və təbrikə, həmçinin prezident seçilməsi münasibətilə dövlətimizin başçısının daha əvvəl göndərdiyi məktuba görə prezident İlham Əliyevə minnətdarlığını bildirib. İran prezidenti ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini deyib. 

 

Həmin il iyulun 30-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov İran İslam Respublikası prezidentinin andiçmə mərasimində iştirak etmək üçün Tehrana səfər edib. Səfər çərçivəsində o, İran İslam Respublikasının prezidenti Məsud Pezeşkian ilə görüşüb. Əli Əsədov Azərbaycan prezidenti İlham Əliyevin salamlarını və prezident səlahiyyətlərinin icrasına başlaması münasibətilə təbriklərini Məsud Pezeşkiana çatdırıb. Baş nazir həmçinin ötən ilin noyabrında Azərbaycanda keçirilən COP29-da iştirakla bağlı prezident İlham Əliyevin dəvət məktubunu prezident Məsud Pezeşkiana təqdim edib. 

 

Prezidentlər arasında məktub mübadiləsi və telefon danışıqları sonrakı dövrdə də müntəzəm şəkildə davam edib. Əlaqələrin daha da genişləndirilməsi əzminin ifadəsi baxımından Məsud Pezeşkianın bu il martın 21-də Novruz bayramı münasibətilə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubu xüsusən əlamətdardır. Belə ki, həmin məktubda baharın gəlişi münasibətilə Azərbaycan prezidenti və xalqını səmimi-qəlbdən təbrik edən İran prezidenti hicrişəmsi təqvimi ilə yeni 1404-cü ilin “ölkələrimizin dost münasibətlərinə müstəsna transformasiya gətirəcəyinə və xalqlarımızın rifah və firavanlığına xidmət edəcəyinə” ümidvar olduğunu bildirib. 

 

Yüksək səviyyəli təmaslar digər rəsmi şəxslərin simasında da davam edib. Belə ki, bu il fevralın 17-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov İran İslam Respublikasına işgüzar səfər edib. Səfər çərçivəsində Ə.Əsədov 3-cü Xəzər İqtisadi Forumunda iştirak edib, eyni zamanda İran İslam Respublikasının birinci vitseprezidenti Məhəmməd Reza Ariflə görüşüb. Görüşdə Azərbaycan-İran münasibətlərinin mövcud vəziyyəti, həmçinin iqtisadiyyat, ticarət, investisiya, nəqliyyat-tranzit, neft-qaz, energetika və humanitar sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub. Səfərin ikinci günü – fevralın 18-də Ə.Əsədov İran prezidenti Məsud Pezeşkianla görüşüb. Görüş zamanı Azərbaycan ilə İran arasında nəqliyyat, energetika və neft-qaz sahələrində həyata keçirilən layihələrin icrası ilə bağlı məsələlər nəzərdən keçirilib. 

 

İki ölkənin Xarici İşlər nazirləri arasında da müntəzəm telefon danışıqları və görüşlər baş tutub. Pezeşkianın başçılıq etdiyi hökumətin formalaşmasından az sonra – ötən il avqustun 25-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının yeni Xarici İşlər naziri Abbas Əraqçi arasında telefon danışığı olub. Nazir Ceyhun Bayramov ilk növbədə həmkarını İran İslam Respublikasının Xarici İşlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzu edib, həmçinin onu ölkəmizə səfərə dəvət edib. Telefon danışığı zamanı Azərbaycan və İran arasında ikitərəfli əməkdaşlığın gündəliyi, habelə regional məsələlər müzakirə olunub.

 

 2024-cü il sentyabrın 24-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində İran İslam Respublikasının Xarici İşlər naziri Abbas Əraqçi ilə görüşüb. Görüşdə Azərbaycan ilə İranın mədəni və dini ortaqlıqlarının ölkələrimiz arasında əlaqələrin inkişafı üçün əsas amillərdən biri olduğu vurğulanıb, münasibətlərin davamlılığı baxımından iki ölkənin müvafiq qurumları, eləcə də rəsmi şəxsləri arasında müntəzəm təmasların əhəmiyyəti qeyd olunub. Azərbaycan-İran əlaqələrinin inkişafı naminə hər iki tərəfdən güclü siyasi iradənin mövcudluğu əsasında Azərbaycanın mehriban qonşuluq, bərabərhüquqluluq, qarşılıqlı hörmət və faydaya əsaslanan əməkdaşlığa tam şəkildə sadiqliyi diqqətə çatdırılıb. 

 

Ötən il dekabrın 3-də isə Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 28-ci iclasında iştirak etmək məqsədilə İran İslam Respublikasının Məşhəd şəhərinə yola düşüb. Səfər çərçivəsində nazir Ceyhun Bayramov Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib və tədbir çərçivəsində İranın Xarici İşlər naziri Abbas Əraqçi ilə görüşüb. Görüşdə Azərbaycan və İran arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya sahələri üzrə birgə layihələr, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub. 

 

Cari ilin mart ayının 12-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının Xarici İşlər naziri Abbas Əraqçi arasında növbəti telefon danışığı baş tutub. Telefon danışığı zamanı ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunub. Ceyhun Bayramov Azərbaycan-İran əlaqələrinin inkişafında siyasi dialoqun əhəmiyyətini vurğulayıb. Azərbaycan ilə İran arasında enerji, nəqliyyat və investisiya sahələrində həyata keçirilən birgə layihələrin strateji əhəmiyyət daşıdığı qeyd edilib. Tərəflər iki ölkə arasında ticari-iqtisadi əlaqələrin inkişafı məqsədilə hökumətlərarası iqtisadi komissiyanın rolunu qeyd ediblər. 

 

Qeyd edək ki, Məsud Pezeşkianın prezidentliyi dönəmində iki ölkənin diplomatik əlaqələri baxımından önəmli hadisələrdən biri ötən il iyulun 15-də Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında aparılmış danışıqlar nəticəsində təqribən il yarımlıq fasilədən sonra ölkəmizin İrandakı səfirliyinin yeni ünvanda fəaliyyətini bərpa etməsi olub. Həmin vaxt Azərbaycan Xarici İşlər Nazirliyinin bildirdiyinə görə, səfir və səfirliyin hazırkı heyəti İrana geri dönüb. İran tərəfi akkreditasiya ölkəsi kimi “Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyası” çərçivəsində təhlükəsizliyin təminatına dair öhdəliyinə uyğun olaraq səfirliyimizin yeni binasının qarşısında diplomatik mühafizənin təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirib. Ardınca İrandakı səfirliyin yeni binasında konsulluq xidmətinin təşkili üçün zəruri işlər görülüb. İyulun 23-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Əli Əlizadə İran XİN Avrasiya İdarəsinin rəisi Moctəba Dəmirçilu və Konsulluq İdarəsinin rəisi Əlirza Mahmudi ilə görüşlər keçirib, ikitərəfli və qarşılıqlı maraq doğuran məsələlərə dair müzakirələr aparıb. 

 

2024-cü il sentyabrın 24-də Bakıda Azərbaycan və İran Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri keçirilib. Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, İran nümayəndə heyətinə isə Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Əlirza Mahmudi başçılıq edib. Konsulluq məsləhətləşmələri çərçivəsində İran nümayəndə heyəti Azərbaycanın Xarici İşlər nazirinin müavini Samir Şərifov tərəfindən qəbul edilib və görüş zamanı iki ölkə arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Məsləhətləşmələrdə Azərbaycanın Ədliyyə və Daxili İşlər nazirlikləri, Baş Prokurorluğu, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidmətinin rəsmiləri iştirak ediblər. 

 

Növbəti bu cür məsləhətləşmələr cari ilin aprel ayının 15-də Tehranda keçirilib. Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, İran nümayəndə heyətinə isə İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin baş direktoru Moctəba Şəsti Kərimi rəhbərlik edib. Tədbirdə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinin və Təbriz şəhərindəki baş konsulluğunun əməkdaşları, Azərbaycan Respublikasının və İran İslam Respublikasının xarici siyasət qurumunun rəsmiləri, həmçinin iki ölkənin Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti və Dövlət Sərhəd Xidmətinin nümayəndələri də iştirak ediblər. Konsulluq məsləhətləşmələri zamanı iki ölkə arasında konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Məsləhətləşmələr çərçivəsində Azərbaycan nümayəndə heyəti İran İslam Respublikasının Xarici İşlər nazirinin müavini Vəhid Cəlalzadə tərəfindən qəbul edilib. 

 

İqtisadi-ticarət və nəqliyyat sahələrində əməkdaşlıq 

 

Məsud Pezeşkianın prezidentliyi dönəmində İran və Azərbaycan arasında məlum səbəblərdən müəyyən durğunluq yaşayan iqtisadi-ticarət və nəqliyyat sahələrində əməkdaşlığa yeni impuls verilib, mövcud layihələrin icrasını sürətləndirmək və yeni istiqamətlərdə birgə fəaliyyət barədə bir sıra önəmli tədbirlər həyata keçirilib. 

 

14-15 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev İran İslam Respublikasına işgüzar səfərdə olub. Baş nazirin müavini İran prezidenti tərəfindən qəbul edilib. Onun İranın xarici işlər, yol və şəhərsalma, energetika, neft, iqtisadiyyat və maliyyə nazirləri ilə görüşləri baş tutub. Görüşlərdə Azərbaycan-İran əlaqələrinin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, eləcə də gündəmdə olan müştərək layihələr, regional və ikitərəfli məsələlər nəzərdən keçirilib. Danışıqlarda Azərbaycan-İran əlaqələrinin daha da gücləndirilməsi və əməkdaşlığın artırılması zərurəti vurğulanıb, eləcə də iki ölkə arasında fəaliyyət göstərən Hökumətlərarası Birgə Komissiyanın növbəti iclasının yaxın aylarda Tehranda keçirilməsi qərara alınıb. 

 

Səfər çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov bu ölkənin dəmir yolu administrasiyasının rəhbəri Cabbar Əli Zakeri Sərdrudi ilə görüşüb. Görüş zamanı İran ərazisi vasitəsilə Azərbaycanın əsas ərazisini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək nəqliyyat marşrutu və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə əməkdaşlıq müzakirə edilib. İranın ərazisindən keçməklə, Şərqi Zəngəzur İqtisadi Rayonu və Naxçıvan Muxtar Respublikası arasında birbaşa quru əlaqəni təmin edəcək dəmir yolu xəttinə dair ötən il razılaşdırılmış konseptual layihə çərçivəsində ortaq maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə əməkdaşlığa dair danışıqlar zamanı isə dəhlizin inkişafı və yük dövriyyəsinin artırılması məsələsi müzakirə edilib. 

 

Həmin il oktyabrın 23-də Azərbaycanın Energetika naziri Pərviz Şahbazov “Bir kəmər, bir yol” enerji nazirlərinin 3-cü konfransı çərçivəsində Çindaoda İranın energetika naziri Abbas Aliabadi ilə görüş keçirib. Görüşdə ikitərəfli enerji əməkdaşlığının gündəliyində olan məsələlərə dair fikir mübadiləsi aparılıb. “Xudafərin” və “Qız Qalası”, həmçinin “Ordubad” su-elektrik stansiyalarının icra vəziyyəti nəzərdən keçirilib. Su-elektrik stansiyalarının tikintisinin sürətləndirilməsi qeyd olunub. Həmçinin Azərbaycan, İran və Rusiyanın elektrik şəbəkələrinin əlaqələndirilməsi üzrə müzakirələr aparılıb. 

 

2024-cü l noyabrın 11-də İran İslam Respublikasının vitse-prezidenti, ölkənin Ətraf Mühitin Mühafizəsi Təşkilatının sədri Şina Ənsari BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Azərbaycana səfərə gəlib. Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 13-də xanım Şina Ənsari ilə görüşüb. Görüş zamanı Araz çayı üzərində birgə layihələr, su-elektrik stansiyasının tikintisi və ətraf mühit sahəsində əməkdaşlığın əhəmiyyəti qeyd olunub, hökumətlərarası komissiyanın fəaliyyətinin önəmi vurğulanıb, ŞimalCənub nəqliyyat dəhlizinə toxunulub, bu xüsusda Azərbaycan, Rusiya və İran arasında birgə əməkdaşlıq qeyd edilib. Görüşdə Xəzər dənizinin ekoloji problemlərinin aradan qaldırılması və Xəzərdə hazırda suyun səviyyəsinin azalması probleminə toxunulub, bu baxımdan sərhədyanı ölkələr arasında əməkdaşlığın vacibliyi vurğulanıb. Prezident İlham Əliyev Ermənistanın dağ-mədən sənayesinin tullantılarının Araz çayına axıdılması və bunun çayın ekoloji durumuna mənfi təsir etməsindən narahatlığını ifadə edib. 

 

Az sonra İran İslam Respublikasının mədəni irs, turizm və sənətkarlıq naziri Səid Rza Salehi Əmirinin rəhbərlik etdiyi nümayəndə heyəti də COP29-da iştirak etmək üçün Bakıya gəlib. Noyabrın 20-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iranlı nazirlə görüşüb. Görüşdə COP29-un Bakıda yüksək səviyyədə təşkil olunduğu məmnunluqla vurğulanıb. Azərbaycanın COP sədrliyi dövründə müəyyən etdiyi prioritetlərdən birinin də turizm sahəsində iqlim fəaliyyəti olduğu diqqətə çatdırılıb. Söhbət zamanı Azərbaycan-İran əlaqələrinin hazırkı vəziyyəti, həmçinin qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub. 

 

Bu il yanvarın 22-də Tehran şəhərində Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Dövlətlərarası Komissiyasının 16-cı iclası keçirilib. İclasda iqtisadiyyat, ticarətinvestisiya, neft-qaz, energetika, nəqliyyat-tranzit və humanitar sahələrdə qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi və həyata keçirilən birgə layihələrin davam etdirilməsi üzrə müzakirələr aparılıb. İclasın yekunu olaraq Azərbaycan Respublikasının Baş nazirinin müavini, komissiyanın Azərbaycan tərəfindən sədri Şahin Mustafayevlə İran İslam Respublikasının yol və şəhərsalma naziri, komissiyanın İran tərəfindən sədri xanım Fərzanə Sadiq Anlaşma Memorandumu imzalayıblar. Səfər çərçivəsində Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev İran Ali Milli Təhlükəsizlik Şurasının katibi, İranın yol və şəhərsalma, neft, energetika nazirləri ilə görüşlər keçirib, ikitərəfli əlaqələr, regional və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda İran prezidenti Məsud Pezeşkian Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətini qəbul edib. 

 

Qeyd edək ki, 2024-cü ildə Azərbaycanla İran İslam Respublikası arasında ticarət əməliyyatlarının həcmi 647 milyon ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, 2023-cü ildəki göstərici ilə müqayisədə 159,7 milyon ABŞ dolları və ya 32,8% çoxdur. İl ərzində İran İslam Respublikası ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 1,3%-i həcmində olub. Ötən il Azərbaycan İrana 14 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib ki, bu da 2023- cü ildəki göstəriciyə nisbətən 299 min ABŞ dolları və ya 2,1% azdır. Dövr ərzində İran ilə ixrac əməliyyatları ölkənin ümumi ixracının 0,05%-ni təşkil edib. 2024-cü ildə Azərbaycan İrandan məhsul idxalını illik müqayisədə 160 milyon ABŞ dolları və ya 33,8% artıraraq, 633 milyon ABŞ dollarına çatdırıb. Dövr ərzində İran ilə idxal əməliyyatları ölkənin ümumi idxalının 3,01%-ni təşkil edib. Bu rəqəmlər iki ölkənin iqtisadi-ticarət əlaqələrində mövcud potensialdan tam istifadə olunmadığına, əməkdaşlığın inkişafı üçün böyük imkanların mövcudluğuna dəlalət edir

 

Parlamentlərarası əlaqələr 

 

Məsud Pezeşkianın prezident olduğu dövrdə Azərbaycan və İran parlamentləri arasında münasibətlərin dirçəlişi də müşahidə olunub. Belə ki, 2024-cü il oktyabrın 14-də Milli Məclisin sədri Sahibə Qafarova İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə işgüzar səfəri çərçivəsində İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf ilə görüşüb. İran parlamentinin sədri ölkəsinin Azərbaycanla münasibətlərin daha da gücləndirilməsində maraqlı olduğunu bildirib. Məhəmməd Baqer Qalibaf deyib ki, Azərbaycan İran üçün xüsusi əhəmiyyət kəsb edir və onlar ölkəmizlə münasibətlərə böyük önəm verirlər. O, İranın yeni seçilmiş rəhbərliyinin siyasətində qonşu ölkələrlə münasibətlərdə heç bir dəyişikliyin olmadığını, parlamentlər səviyyəsində də əlaqələrin daha da genişləndirilməsi istiqamətində mövqeyin davam edəcəyini söyləyib. Milli Məclisin sədri Sahibə Qafarova ölkələrimizin və xalqlarımızın ortaq tarixi, mədəni, dini dəyərləri bölüşdüklərini qeyd edərək, bu gün Azərbaycanla İran arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlıq əlaqələrinin inkişaf etdiyini diqqətə çatdırıb. O, ikitərəfli əlaqələrdə əldə edilmiş razılaşmaların, həyata keçirilən birgə layihələrin əməkdaşlığımızın daha da genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib. 

 

Həmin görüşdə parlamentlər arasında əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Qeyd edilib ki, 2024-cü ildə hər iki ölkədə parlament seçkiləri keçirilib. Azərbaycan və İran parlamentlərində parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yeni tərkibləri formalaşdırılıb. Qanunverici orqanlarımızın bir sıra beynəlxalq parlament təşkilatlarında, o cümlədən Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi, Parlamentlərarası İttifaq, Asiya Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı, İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası kimi beynəlxalq parlament təşkilatları çərçivəsində səmərəli əməkdaşlıq əlaqələrinin mövcud olduğu diqqətə çatdırılıb. 

 

Ötən il noyabrın 16-da Milli Məclis sədrinin müavini, Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ziyafət Əsgərov COP29-la əlaqədar ölkəmizdə səfərdə olan İran İslam Şurası Məclisinin deputatı Məhəmməd Cavad Əsgərinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Ziyafət Əsgərov COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə Parlament Görüşünün işə başladığını və İran parlament nümayəndə heyətinin bu mühüm tədbirdə iştirak etdiyini məmnunluqla qeyd edib. O, toplantıda ətraf mühitin mühafizəsi və iqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılması məsələlərinə xüsusi önəm verildiyini, bu istiqamətdə parlamentlərin verə biləcəyi töhfələrdən bəhs edib. İran İslam Şurası Məclisinin nümayəndə heyətinin rəhbəri Məhəmməd Cavad Əsgəri İranın Azərbaycanla bütün sahələrdə əməkdaşlıq etməkdə maraqlı olduğunu söyləyib, əlaqələrin daha da genişləndirilməsi üçün potensial imkanların mövcudluğunu qeyd edib, münasibətlərimizin möhkəmlənməsində parlamentlərin rolundan danışıb. 

 

Bu il fevralın 19-da Bakıda Asiya Parlament Assambleyasının (APA) “Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlament diplomatiyasının rolu” mövzusuna həsr edilmiş 15-ci plenar sessiyası öz işinə başlayıb. Ümumilikdə 280 nəfərə yaxın qonağın qatıldığı tədbirdə İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibafın rəhbərliyi ilə İran nümayəndə heyəti də iştirak edib. Fevralın 20-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf ilə görüşüb. Görüşdə tədbirin Bakının ev sahibliyi ilə yüksək səviyyədə təşkil olunduğu vurğulanaraq, bu cür tədbirlərin həm bir sıra ciddi qlobal məsələlərin müzakirəsi baxımından mühüm platforma olduğu, eyni zamanda, təşkilata üzv ölkələr arasında münasibətlərin də müzakirəsi üçün yaxşı imkan yaratdığı qeyd edilib. Həmçinin dövlətlərarası münasibətlərin mühüm bir istiqaməti kimi parlamentlər arasında əlaqələrin genişləndirilməsi, beynəlxalq parlament təşkilatlarında əməkdaşlıq məsələləri nəzərdən keçirilib. 

 

Fevralın 20-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibafın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Son dövrlərdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında müxtəlif səviyyələrdə ikitərəfli səfərlərin intensiv xarakter daşımasını məmnunluqla qeyd edən prezident İlham Əliyev bunu əlaqələrimizin dinamik surətdə inkişafının təzahürü kimi qiymətləndirib. Dövlət başçısı parlamentlərarası əlaqələrin genişləndiyini qeyd edib və İran İslam Şurası Məclisinin sədrinin Azərbaycana səfərinin bu əlaqələrin daha da inkişafına təkan verəcəyinə ümidvar olduğunu bildirib. Məhəmməd Baqer Qalibaf İran İslam Respublikasının prezidenti Məsud Pezeşkianın salamlarını və xoş arzularını Azərbaycan prezidentinə çatdırıb. Qonaq Azərbaycan ilə İran arasında iqtisadiyyat, ticarət, elm, texnologiya, səhiyyə sahələrində əməkdaşlığın inkişafı üçün çox yaxşı imkanların olduğunu vurğulayıb, iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyini və yaxından əməkdaşlıq etdiklərini, həmçinin 3+3 formatının əhəmiyyətini qeyd edib. 

 

Aprelin 9-da Milli Məclisin sədr müavini, Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan İran İslam Şurası Məclisinin İran-Azərbaycan dostluq qrupunun rəhbəri Sodeyf Bədrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Sədr müavini Azərbaycanla İran arasında iqtisadi və mədəni sahələrdə əlaqələrin dinamik şəkildə inkişaf etdiyini vurğulayıb. O, ticarət və logistika sahəsində əməkdaşlığın genişləndirilməsinin də dövlətlərimizin maraqlarına uyğun olduğunu qeyd edib. Öz növbəsində Sodeyf Bədri qarşılıqlı səfərlərin yalnız diplomatik deyil, həm də parlamentlərarası əlaqələrin möhkəmlənməsinə müsbət təsir göstərəcəyinə əmin olduğunu bildirib və İran-Azərbaycan münasibətlərinin dostluq və qarşılıqlı hörmət prinsipləri əsasında gələcəkdə daha da inkişaf edəcəyinə inandığını vurğulayıb. 

 

Qeyd edək ki, İranda mövcud olan siyasi struktur baxımından ölkə parlamentinin Azərbaycanla əlaqələrin inkişafına dəstəyi çox vacibdir və göründüyü kimi, bu sahədə aydın müsbət dinamika müşahidə olunmaqdadır. 

 

Hərbi və təhlükəsizlik sahələrində əməkdaşlıq 

 

Nəzərdən keçirilən dövrdə iki ölkə arasında hərbi və hərbi-texniki əməkdaşlıq sahəsində əvvəllər görünməmiş addımlar atılmış, mühüm görüşlər və birgə hərbi təlimlər keçirilmişdir. Belə ki, ötən il noyabrın 19-da Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyəti “Azərbaycan Respublikası Müdafiə Nazirliyi və İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında Hərbi və Hərbi-texniki Əməkdaşlığa dair Birgə Komissiya”nın iclasında iştirak etmək üçün Tehrana səfər edib. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri, Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Fərid Əliyev İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini general-mayor Məhəmmədrza Aştiyani ilə görüşüb. Görüşdə iki ölkə arasında hərbi əməkdaşlığın cari vəziyyəti və perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. Görüşün yekununda razılıq əldə edilmiş əməkdaşlıq istiqamətləri üzrə maddələri özündə əks etdirən protokol imzalanıb.

 

 Ötən il həmçinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında imzalanmış hərbi və hərbitexniki əməkdaşlığa dair birgə komissiyanın iclasının protokoluna əsasən, Azərbaycan və İran İslam Respublikası Ordusunun Hərbi Dəniz Qüvvələrinin bir qrup şəxsi heyəti və gəmisinin iştirakı ilə “AZIREX-2024” birgə taktiki təlimi keçirilib. Noyabrın 2-də təlimdə iştirak etmək məqsədilə qonşu ölkəyə səfər etmiş Azərbaycan Ordusunun şəxsi heyət və döyüş gəmiləri Ənzəli dəniz limanına gəliblər. Xəzər dənizinin İran İslam Respublikasına mənsub hissəsində keçirilən "Dənizdə axtarış-xilasetmə" təliminə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin 2 vahid gəmisi və 100-dən çox şəxsi heyəti qatılıb. Azərbaycan-İran hərbi əməkdaşlığını möhkəmləndirmək məqsədilə keçirilən təlimdə gəmi qəzaları zamanı xilasetmə və tibbi yardım tədbirlərinin həyata keçirilməsi, axtarış-xilasetmə əməliyyatları və gəmi təhlükəsizliyinin təmin olunması üzrə fəaliyyətlər icra edilib. 

 

Daha sonra, 2024-cü il noyabrın 25-də İran İslam Respublikasının Ərdəbil əyalətinin Aslandüz yaşayış məntəqəsi yaxınlığında Azərbaycan Ordusu Quru Qoşunlarının və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) Quru Qoşunlarının xüsusi təyinatlılarının iştirakı ilə keçirilən “Araz-2024” birgə taktiki təlimi başlayıb. Təlimdən əvvəl iki ölkənin nümayəndə heyətlərinin yüksək səviyyəli üzvlərinin iştirak etdiyi komanda-qərargah iclasında təlimin mərhələləri və epizodlarının icra olunması üzrə ardıcıllıq müəyyənləşdirilib, təhlükəsizlik qaydaları çatdırılıb. Dörd gün davam edən təlimin hazırlıq mərhələsində şəxsi heyət təlim poliqonunda ərazi ilə tanış olub. Təlimin əsas mərhələsində qeyri-qanuni silahlı qruplaşmaların yerlərinin, hərəkət istiqamətlərinin və hazırlıq vəziyyətlərinin müəyyənləşdirilməsi məqsədilə bölgə üzərində pilotsuz uçuş aparatları (PUA) tətbiq edilib, radio-elektron mübarizə və radio-elektron kəşfiyyat üzrə fəaliyyətlər icra olunub. Şərti düşmənin müəyyən edilmiş mövqeləri sərrast artilleriya atəşi və PUA tətbiq olunması ilə məhv edilib. Həmçinin, düşmənin canlı qüvvəsinin məhv edilməsi üzrə tapşırıqlar hərbi qulluqçular tərəfindən yüksək dəqiqliklə yerinə yetirilib. Təlimin yekununda fərqlənən bir qrup hərbi qulluqçu təltif edilib. 

 

Bu il fevralın 10-da Pakistan İslam Respublikasının Kəraçi şəhərində keçirilən “AMAN25” çoxmillətli dəniz təlimi və “AMAN” Dialoqu çərçivəsində Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanının birinci müavini – qərargah rəisi birinci dərəcəli kapitan Teymur Mürşüdov İran İslam Respublikası HDQ komandanı kontr-admiral Şəhram İrani ilə görüşüb. Görüşdə Xəzər dənizinin təhlükəsizliyinin təmin edilməsi üçün Azərbaycan-İran hərbi dənizçiləri arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. 

 

Məsud Pezeşkianın prezidentliyi dönəmində iki ölkənin təhlükəsizlik sahəsində əməkdaşlığının genişlənməsi diqqəti çəkir. Bu baxımdan cari ilin yanvarın 8-də İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianın Azərbaycana səfəri xüsusi qeyd olunmalıdır. Həmin gün Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Ramil Usubovun Əli Əkbər Əhmədian ilə görüşü baş tutub. Görüşdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Əli Əlizadə və İran İslam Respublikasının Azərbaycan Respublikasında müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan da iştirak edib. Görüşdə milli təhlükəsizliyin təmin olunması sahəsində həyata keçirilən tədbirlərlə bağlı fikir mübadiləsi aparılıb, terrorçuluğa, narkotiklərin qanunsuz dövriyyəsinə, qeyri-qanuni miqrasiyaya, transmilli mütəşəkkil cinayətkarlığın digər növlərinə qarşı mübarizə məsələləri müzakirə olunub. 

 

İran İslam Respublikasının nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib. 

 

Ardınca Azərbaycan Respublikasının prezidenti İlham Əliyev İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianı qəbul edib. Əli Əkbər Əhmədian İran İslam Respublikasının ali rəhbəri Ayətullah Əli Xameneyinin və prezident Məsud Pezeşkianın salamlarını dövlətimizin başçısına çatdırıb. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını İranın ali rəhbərinə və prezidentinə çatdırmağı xahiş edib. Prezident İlham Əliyev xalqlarımızın çox sıx tellərlə bir-birinə bağlı olduğunu deyərək, iki dövlət arasında dostluq münasibətlərinin inkişafının vacibliyini vurğulayıb və İranda yeni prezident seçkilərindən sonra Azərbaycanın bir neçə yüksək səviyyəli nümayəndə heyətinin bu ölkəyə səfər etdiyini məmnunluqla xatırladıb. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan regional məsələlərin region dövlətləri tərəfindən həll edilməsinin tərəfdarıdır və bu xüsusda regional əməkdaşlıq xarakteri daşıyan 3+3 formatının təşəbbüskarı da məhz Azərbaycan Respublikası olub.  Regiondankənar xarici qüvvələrin regiona cəlb edilməsinin qəbuledilməz olduğu bir daha qeyd edilib. Görüşdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında siyasi, iqtisadi, nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib. Söhbət zamanı ölkələr arasında münasibətlərin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyi qeyd olunub. 

 

Münasibətlərə kölgə salan məsələ 

 

İran hakimiyyəti tərəfindən 2023-cü ilin yanvarında Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş terror aktı ilə bağlı zəruri addımların atılmaması, o cümlədən rəsmi şəkildə verilmiş vədə baxmayaraq, terroru törədən şəxs barəsində edam hökmünün icra edilməməsi münasibətlərdə əsas sual işarəsi olaraq qalmaqdadır. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının prezidenti cari ildə iki dəfə – yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibədə və aprelin 9-da "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumdakı çıxışında bu məsələyə toxunmuş və “bu, bizim münasibətlərə kölgə salır” söyləmişdir. 

 

Qeyd edək ki, bu il yanvarın 22-də İran Məhkəmə-Ədliyyə Hakimiyyətinin sözçüsü Əsğər Cahangir keçirdiyi mətbuat konfransında 2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu etmiş Yasin Hüseynzadə barəsində çıxarılan qisas hökmünün İran Ali Məhkəməsi tərəfindən təsdiqləndiyini söyləyib. “Azərbaycan səfirliyinə hücum edən fərdin işi hökm çıxarıldıqdan sonra Ali Məhkəməyə göndərilib və sözügedən şəxs qisas cəzasına məhkum edilib. Bu iş hökmün icrası üçün Tehran Cinayət Hökmlərinin İcrası İdarəsinə göndərilib. Bu cür hökmlərin icrası prosesində qayda belədir ki, mərhumun qohumları dəvət olunur, qohumlar qisas tələb edərsə, onlardan qisas tələbi alındıqdan sonra cinayət işinin icrasına icazə almaq üçün iş müvafiq orqana göndərilir. Hazırda iş üzrə icraat aparılır və mərhumun yaxınları müraciət edib qisas tələb edən kimi təqsirləndirilən şəxslə bağlı icazə alınması üçün sonrakı mərhələlər həyata keçiriləcək” – deyə, İran rəsmisi bildirib. Lakin indiyə qədər cinayət işinin sonrakı taleyi ilə bağlı İran hakimiyyət orqanları tərəfindən hansısa məlumat verilməyib. 

 

Azərbaycan prezidenti qeyd olunan çıxışında bu terror aktının Pezeşkianın prezident seçilməsindən öncə baş verdiyini xüsusi vurğulamış və demişdir: “Biz ümid edirik ki, İranın yeni hökuməti əvvəlki hökumətin vədlərini yerinə yetirəcək. Təkcə bu terror hadisəsini törədən şəxs deyil, onun arxasında dayananlar, onu Azərbaycan səfirliyinə göndərənlər də məsuliyyətə cəlb olunacaq. Bununla yanaşı, yeni administrasiya ilə bizim işgüzar əlaqələrimiz var, onlardan gözləntimiz bu məsələni həll etməkdir. Biz orada siyasi sistemin mürəkkəbliyini, icra hakimiyyətinin məhdud imkanlarını anlayırıq. Biz bunları bilirik, ancaq iki ölkə arasında əlaqələrin tam normallaşdırılması üçün bu terror hadisəsini törədən, onu təşkil edən və bu hadisənin arxasında dayanan hər kəs mühakimə edilməli və cəzalandırılmalıdır”. 

 

Əlaqələrdə sürətli dinamika 

 

Son bir neçə ayda, daha dəqiq desək, cari ilin fevral ayından başlayaraq Azərbaycan-İran münasibətlərində daha sürətli dinamika müşahidə olunmuş, yüksək səviyyəli təmaslar daha da intensiv xarakter almışdır. Fevralın ilk günündə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İran İslam Respublikasına səfər edib. İki günlük səfər çərçivəsində o, İran prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayi, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian, Xarici İşlər naziri Abbas Əraqçi, Xarici Əlaqələr üzrə Strateji Şuranın sədri Kamal Xərrazi ilə görüşüb, ikitərəfli əlaqələr və regional əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıb. Eyni zamanda H.Hacıyev İran prezidenti Məsud Pezeşkian ilə görüşüb, Azərbaycan prezidenti İlham Əliyevin səmimi salamlarını və ölkəmizə səfərə dəvətini İran prezidentinə çatdırıb. İran prezidenti salamlara və dəvətə görə təşəkkürünü bildirib, onun da səmimi salamlarının prezident İlham Əliyevə çatdırılmasını xahiş edib. Bununla yanaşı, H.Hacıyev Azərbaycanın İrandakı səfirliyini ziyarət edib və səfirliyin yeni inzibati binası ilə tanış olub. 

 

Martın 31-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə İran İslam Respublikasının prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub. Telefon danışığı gedişində ölkələrimiz arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin dinamikasından məmnunluq ifadə olunub, hökumətlərarası komissiyanın fəaliyyətinə toxunulub, iqtisadi, ticarət, nəqliyyat, enerji və digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. 

 

Aprelin 1-də İran prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayi Azərbaycana səfərə gəlib. Səfər çərçivəsində o, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Xarici İşlər naziri Ceyhun Bayramovla görüşüb, həmçinin Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən qəbul edilib. Görüş zamanı Mehdi Sənayi İranın qonşu dövlətlərlə, xüsusilə tarixi, dini, mədəni bağlılığı olan Azərbaycan ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiyini vurğulayıb, hazırda ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə inkişafından məmnunluğunu bildirib. 

 

Aprelin 7-də İranın yol və şəhərsalma naziri və Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının İran tərəfindən sədri Fərzanə Sadiqin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana üç günlük səfərə gəlib. Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan tərəfindən sədri Şahin Mustafayevin İran nümayəndə heyəti ilə görüşündə ikitərəfli iqtisadi-ticarət və nəqliyyat gündəminin bütün spektri müzakirə olunub, bir çox istiqamətlərdə, xüsusilə də ticarət, investisiya, nəqliyyat, neft-qaz, energetika, kənd təsərrüfatı, humanitar və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük perspektivlərin olduğu bildirilib. Qeyd olunub ki, 2024-cü ildə Azərbaycan ilə İran arasında ikitərəfli yükdaşımaların həcmi 20 faiz, tranzit daşımaları isə 23 faizdən çox artıb. 

 

Görüş zamanı nəqliyyat sahəsində prezidentlər səviyyəsində əldə olunmuş razılaşmaların hər iki hökumət üçün yol xəritəsi olduğu bildirilərək, bu kontekstdə bir sıra qarşılıqlı faydalı layihələrin icra olunmasından, digər əhəmiyyətli layihələr üzrə isə səmərəli işbirliyinin davam etməsindən məmnunluq ifadə olunub. Vurğulanıb ki, bu layihələr hər iki ölkənin nəqliyyat əlaqələrinin genişlənməsi ilə yanaşı, regionun nəqliyyat və logistika imkanlarının artmasına hesablanıb. Bunların sırasında Şimal-Cənub nəqliyyat dəhlizinin təşviqi, o cümlədən Astara yük terminalının tikintisi üzrə 14 davam edən işlər və Astaraçay üzərində inşa olunmuş yeni avtomobil və piyada körpüsü xüsusi qeyd edilib. Həmçinin Şərq-Qərb dəhlizinin inkişafının, o cümlədən İran ərazisindən keçməklə Naxçıvanla ən qısa əlaqəni təmin edəcək Ağbənd-Kəlalə avtomobil və dəmir yolu bağlantısının yaradılmasını, Siyahrud-Ordubad avtomobil körpülərinin inşasını nəzərdə tutan Şərqi Zəngəzur–Naxçıvan nəqliyyat infrastrukturunun əhəmiyyəti vurğulanıb, habelə müvafiq sərhəd-gömrük infrastrukturunun tikintisinin önəmi diqqətə çatdırılıb. Səfər çərçivəsində İran nümayəndə heyəti Bakı Beynəlxalq Dəniz Ticarət Limanında olub, daha sonra Şahin Mustafayev və Fərzanə Sadiq həyata keçirilən birgə infrastruktur layihələrinə, o cümlədən Ağbənd körpüsünə, Horadiz-Ağbənd dəmir yolu tikintisinə birgə baxış keçiriblər. Səfər zamanı Ağbənd körpüsünün 2026-cı ilin əvvəllərində istifadəyə verilməsi və onun istismarının asanlaşdırılması istiqamətində planlar nəzərdən keçirilib. 

 

Aprelin 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fərzanə Sadiqi qəbul edib. Dövlət başçısı səfər çərçivəsində Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının iclasının keçirilməsini müsbət qiymətləndirib və Komissiyanın gündəliyində iqtisadi-ticari, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlığımızın inkişaf etdirilməsi üçün vacib layihələrin olduğunu vurğulayıb. 

 

Şübhə yoxdur ki, bütün bu səfər və görüşlər iki ölkə arasında etimadın bərpası baxımından mühüm nəticələrə yol açıb və Məsud Pezeşkianın Azərbaycana çoxdan gözlənilən səfərinə zəmin hazırlayıb. 

 

Səfər öncəsi bəyanatlar 

 

Diqqəti çəkən məqamlardan biri də budur ki, Məsud Pezeşkianın Azərbaycana səfəri ərəfəsində hər iki prezident tərəfindən münasibətlərin inkişafına dair müsbət mesajlar verilib və önəmli bəyanatlar səsləndirilib. Belə ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev aprelin 9-da "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda İran prezidentinin qarşıdakı səfərindən danışaraq deyib: “Biz Prezident Pezeşkianın bu ay ölkəmizə səfər edəcəyini gözləyirik. Bu, ikitərəfli əlaqələrimizin inkişafı və regional proseslər baxımından çox vacib səfər olacaqdır. Son aylar ərzində yüksək səviyyəli nümayəndələrin qarşılıqlı səfərləri baş tutub. İrandakı seçki prosesi bizi ruhlandırdı. Biz seçilmiş Prezident tərəfindən verilmiş mesajları alqışladıq. Biz bütün qonşularla yaxşı münasibətlərə malik olmaq istəyirik, o cümlədən İranla”

 

Aprelin 23-də isə İran prezidenti Azərbaycana səfəri ilə bağlı hökumət üzvləri ilə xüsusi müşavirə keçirib. Müşavirədə o, iki ölkənin xalqları arasında mədəni, tarixi və dini ortaqlıqlara toxunaraq deyib: “Azərbaycan Respublikası və İran bir bədənin hissələridir və sərhədin hər iki tərəfindəki xalqların minillikləri əhatə edən dərin maraq və dostluqlara əsaslanan geniş qarşılıqlı maraqları var”. 

 

Pezeşkian iki ölkə arasında mövcud anlaşılmazlıqların və problemlərin həllinin vacibliyini vurğulayaraq 15 bəyan edib: “İki dövlət və iki xalq arasında əməkdaşlıq sahələri və imkanları çox geniş, dərin və rəngarəngdir və ikitərəfli münasibətlərin bərpası prosesinin davam etməsi ilə biz qısa zamanda bu əlaqələrin sürətlə və ciddi şəkildə yaxşılaşmasının şahidi olacağıq”. Məhz bu inamla İran prezidenti Azərbaycana rəsmi səfərini gerçəkləşdirir.

 

 Nəticə 

 

Məsud Pezeşkianın prezident olduğu dönəmdə, yəni ötən ilin iyul ayından bəri İran-Azərbaycan münasibətlərinin xronikasının nəzərdən keçirilməsi siyasi-diplomatik, iqtisadi-ticarət, nəqliyyat, energetika, parlamentlərarası əlaqələr, hərbi və hərbitexniki əməkdaşlıq baxımından iki ölkənin münasibətlərində müsbət dinamikanın olduğunu açıq şəkildə göstərməkdədir. 


Çoxsaylı qarşılıqlı səfərlər və intensiv müzakirələr sayəsində iki ölkənin rəsmiləri Pezeşkianın prezident seçilməsindən öncəki dövrdə ikitərəfli münasibətlərdə mövcud olan gərginliyi addım-addım aradan qaldırmağa çalışmış, Azərbaycan və İran arasında qarşılıqlı etimadın bərpası istiqamətində böyük səylər göstərmişlər. 


Bu iş, əlbəttə, iki mühüm zəmin üzərində həyata keçirilmişdir: iki ölkə xalqlarının mədəni-tarixi ortaqlıqları və prezidentlər İlham Əliyev və Məsud Pezeşkianın münasibətləri normallaşdırmaq və inkişaf etdirməyə dair aydın iradəsi. Odur ki, İran prezidentinin Azərbaycana rəsmi səfərinin ikitərəfli əlaqələri daha da yaxşılaşdıraraq keyfiyyətcə yeni mərhələyə daşıyacağı şübhə doğurmur. 

 

Müəllif: Məsiağa Məhəmmədi, 

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi




Ana səhifəyə qayıt        Baxış: 4 461          Tarix: 1-05-2025, 20:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma