Xəbər lenti

 

“Uğur” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Gənclər arasında İslam həmrəyliyi ilə bağlı maarifləndirmə işlərinin aparılmasına dəstək” layihəsi çərçivəsində Bakı Slavyan Universitetində ilk tədbirini keçirib. 

Ovqat.com-un məlumatına görə, tədbiri giriş sözü ilə açan İctimai Birliyin sədri Əlövsət Allahverdiyev bildirib ki, 2017-ci il Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə “İslam həmrəyliyi ili” elan olunub. Bu sərəncam ölkəmizdə ictimai birliklərin də üzərinə müəyyən vəzifələr və məsuliyyət qoyur. “Biz İslam həmrəyliyinin məzmun və mahiyyətinin gənclərə çatdırılması üçün ciddi iş aparmalıyıq” – Ə.Allahverdiyev deyib. O daha sonra qeyd edib ki, bu il 4-cü İslam Həmrəylik Oyunları da Azərbaycanda keçirilib. Bu da ölkəmizdə İslam həmrəyliyi ideyasına bir dəstək vermiş olur və bu ideyanın bitkin formada, mahiyyətində gizlətdiyi bütün dəyərləri olduğu kimi aşkarlanıb təbliğinə ehtiyac yaradır. 
Daha sonra tədbirdə ekspert fəlsəfə doktoru Mütəllim Rəhimov çıxış edib. O bildirib ki, İslam həmrəyliyi yalnız İslam aləmi daxilində olan həmrəyliyi nəzərdə tutmur, bu, həmçinin İslam aləmi ilə digər konfessiyalar arasında həmrəyliyin də harmoniyası deməkdir. Dövlət başçısının Azərbaycanı bu il bu ideyaların, idealların mərkəzində duran, onları həyata keçirən bir ölkə kimi təsəvvür etməsi və o hədəflərə doğru cəmiyyəti, qurumları, sadə azərbaycanlıları dəvət etməsi ölkə daxilində də, beynəlxalq aləmdə də son dərəcə əhəmiyyətli, dünyamız üçün son dərəcə vacib siyasi, ideoloji, mənəvi addımdır.
Gənclər qarşısında çıxış edən Bakı Slavyan Universitetinin prorektoru Xanım Sultanova isə İslamda tolerantlıq məsələlərinə toxundu. O, dedi ki, Azərbaycan müxtəlif multikultural dəyərləri özündə ehtiva edən tolerant ölkədir. Bunun qorunub saxlanılması və inkişafı üçün həm cəmiyyətimizə, həm də bütün dünyaya çatdırılmasına ehtiyac var. Beləliklə, Azərbaycanın nümunəsində həm cəmiyyətimizə, həm də bütün dünyaya İslam həmrəyliyinin öz arxasında gizlətdiyi böyük dəyərlərin çatdırılması işlərinin ictimai qurumlar sferasında da görülməsi zərurəti var.
Sonda müzakirələr aparıldı və iştirakçıların suallarına cavablar verildi. 

Mövzuya dair fotolar:

 




Ana səhifəyə qayıt        Baxış: 1 299          Tarix: 24-10-2017, 12:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma