Noyabrın 25-də Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi Düsen Kaseinovun 70 illik yubileyi münasibətilə geniş konsert keçirilib.
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi ilə TÜRKSOY tərəfindən birgə təşkil olunmuş “Dostlarım zənginliyimdir” devizi altında keçirilən konsertin tamaşaçıları arasında rəsmi şəxslər, diplomatlar, türkdilli ölkələrdən gələn qonaqlar, yubilyarın dostları və yaxınları da olublar.
Konsertdə Qazaxıstanın Karaqanda Simfonik Orkestrinin, Azərbaycan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Türkmənistan, Rusiya Federasiyasının Başqırdıstan və Tatarıstan respublikalarından və Sankt-Peterburq şəhərindən gəlmiş musiqiçilərin maraqlı ifaları təqdim olunub. Türk dünyasının dahi bəstəkarları Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Seydalı Medetovun, Latif Hamidinin və digərlərinin əsərləri konsertin repertuarını daha da zənginləşdirib.
Türkmən bəstəkar Rövşən Nepesovun “Düsen Kaseinov ərməğanı” əsəri hərarətli alqışlarla qarşılanıb.
Konsertin özünəməxsus cəhətlərindən biri də yubilyarın dostlarının yad edilməsi oldu. Belə ki, konsert D.Kaseinovun müəllimi, görkəmli qazax bəstəkar, mərhum Erkegali Rahmadiyevun “Dayrabay” əsərinin ifası ilə başlayıb. Bundan başqa, yubilyarın yaxın dostu olmuş azərbaycanlı mərhum bəstəkar Rauf Əliyevin orkestr üçün aranjeman etdiyi Azərbaycanın xalq mahnısı “Sarı gəlin” Mustafa Mehmandarovun dirijorluğu ilə ifa edilib.
Yubilyar bir neçə ifa ilə orkestri skripkada müşayiət edib.
Qeyd edək ki, D.Kaseinovun 70 illik yubileyi münasibətilə Türkiyənin Bolu və Bursa şəhərlərində də konsertlər keçirilib. Bundan başqa, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Azərbaycanda Atatürk Mərkəzi ilə birgə hazırladığı “Düsen Kaseinov-70” adlı kitab “Elm və təhsil” nəşriyyatı tərəfindən çap edilib və cari ilin aprelində kitabın təqdimatı olub.//AZƏRTAC
Paylaş: