Tanınmış yazıçı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar ARB efirində qonaq olub.
O, məktəb illəri haqqındakı xatirələrini tamaşaçılarla bölüşüb:
“Mən Konservatoriyanın nəzdində fəaliyyət göstərən xüsusi məktəbdə, Azərbaycan bölməsində təhsil almışam. Sinfimizdə 5 nəfər şagird var idi. Sinif yoldaşlarımla bu gün də yaxşı münasibətimiz var. Həyat yoldaşım Zemfira xanım sinif yoldaşımdır. Onunla 11 il bir yerdə oxumuşuq, sonra nişanlanıb evləndik və 56 ildir bərabərik”.
Xalq yazıçısı Azərbaycan dilində mütaliə etməyin əhəmiyyətindən də danışıb:
“Böyük bədbəxçilikdir ki, bizim cəmiyyətin böyük bir hissəsi Azərbaycan dilində kitab oxumur, Azərbaycan ədəbiyyatı ilə tanış deyil. Necə ola bilər ki, müstəqil ölkənin ziyalısı öz ədəbiyyatını bilməsin, doğma dilində danışmağı bacarmasın, bu çox böyük bəladır”.
Anar 14 yaşından etibarən yazmağa başlayıb. Ədəbiyyata marağının yaranmasında əlbəttə ki, atasının və anasının xüsusi təsiri olub:
“Mən uşaq olanda anam mənə “Koroğlu” dastanı və Nazim Hikmətin şeirlərini oxuyardı. Onu həvəslə dinləyirdim. Atam isə məsləhət verirdi ki, böyüyəndə geoloq və ya mühəndis olum. Atam deyirdi ki, yaradıcılıqla hər zaman məşğul ola bilrsən. İndi düşünürəm ki, nahaq yerə onun məsləhətinə qulaq asmadım. Başqa sahələrə yönəlsəydim, təcrübəm daha da çox olardı”.
Teleqraf.com
Paylaş: