Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynovun “Azərbaycan qəzetində parlament hesabatları və şərhlər” adlı kitabının III cildinin təqdimat mərasimi keçirilib.
Publika.az xəbər verir ki, tədbiri açıq elan edən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bildirib ki, Şirməmməd Hüseynovun Cümhuriyyət tarixi ilə bağlı araşdırdığı kitablar böyük bir institutun gördüyü işə bərabərdir: “Hər bir azərbaycanlı babalarının müsəlman dünyasında ilk müstəqil dövlət yaratması ilə fəxr edə bilər. Şirməmməd Hüseynovun Cümhuriyyət tarixi ilə bağlı hazırladığı kitablar həmin tarixlə bağlı bütün gerçəkliyi ortaya qoyur. Şirməmməd müəllim ömür boyu Cümhuriyyətə xidmət etmiş bir insandır. Onun gördüyü işlər böyük mərkəzin araşdıra biləcəyi məsələdir. Bu kitablarda yalnız hesablatlar deyil, parlamentin işi, orada çalışan ictimai-siyasi xadimlərin əsərləri də əks olunub”.
Millət vəkili Rəfael Hüseynov bildirib ki, Azərbaycan tarixində elə məqamlar var ki, onları yad etməyə məcburuq: “Şirməmməd Hüseynovun araşdırdığı, təqdim etdiyi bu kitablar məhz bu dövrlərdən birini əks etdirir. Şirməmməd müəllim tarixin şərəfli səlnaməsi olan əsərinin təqdimatını keçirir. Hesab edirəm ki, hər bir yaradıcı insan yaradıcılığı boyu bir şah əsərini yaradır. Ş.Hüseynov layiqli insan, müəllim ömrü yaşayıb, çoxlu məqalələr yazıb. Lakin onun ömrünün şah əsəri bu üç cildlik kitabdır. Azərbaycan qəzetində parlament hesabatları bir salnamədir. Azərbaycan tarixi səlnaməçilər içərisində iki şəxsiyyət var ki, daim yaşayacaq - onlar Qulam Məmmədli və Şirməmməd Hüseynovdur. Onun hazırladığı bu kitabda toplanan materiallar “Azərbaycan” qəzetində bir vaxtlar çap olunsa da, onların bir daha çap edilməsinə ehtiyac var. Şirməmməd müəllim bu kitabı qısa zamanda hazırlasa da, bu prosesə 50 ildən çox hazırlıq görülüb. Bu kitablar silsiləsinin ortaya qoyduğu dərs babalarımıza hörmət hissimizin olmasıdır. Onlar bu dövləti qurmasaydılar, biz yenidən müstəqillik bəyannaməsini elan etməyəcəkdik. Buna görə də o qurucu insanlara minnətdar olmalıyıq. Hesab edirəm ki, bu kitabın əsasında Şirməmməd Hüseynovun həmin şəxsiyyətlərə, müstəqilliyə olan böyük bir eşqi, məhəbbəti durur. Azərbaycan Cümhuriyyətinin yüz illiyində Parlament stenoqramları əsasında akademik nəşrin ortaya qoyulmasını arzu edirəm. Təkcə stenoqramlar yox, həm də Şirməmməd müəllimin qeydləri də əks olunsun”.
“Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov deyib ki, Şirməmməd Hüseynovun bu gün təqdimatına toplaşdığımız kitabı Cümhuriyyətin yüz illiyi ərəfəsində verilən yüksək qiymətin göstəricsidir: “Cümhuriyyət qurucuları mübarizələrini təkcə dövlətin mövcud olduğu dövrdə deyil, sonrakı illərdə mühacirətdə də davam etdirdilər. Biz bu şəxsiyyətlərin həyatını öyrənməliyik. Tarix İnstitutunda Cümhuriyyət dövrünün araşdırılması üçün qrup yaradılıb. Hesab edirəm ki, Şirməmməd Hüseynov məhz bir institut qədər araşdırma aparıb. Bu kitablar illərlə xalqa xidmət edən Cümhuriyyət qurucuları üzərinə atılmış böhtanların aradan qaldırılması üçün güclü dəlillərdir”.
Cümhuriyyət dövrünün bir çox tədqiqatçılar tərəfindən araşdırıldığını deyən millət vəkili Nizami Cəfərov ən çox istinadın məhz Şirməmməd Hüseynovun əsərlərinə olduğunu deyib: “Bunun da səbəbi kitablardakı mətnşünaslıqdır. Bu kitabları dəyərli edən həm də anlaşılmayan hər bir sözün mənasının izah edilməsidir. Kitabda təkcə stenoqramlar verilmir, həm də dövrün vəziyyəti təsvir edilir. Bu kitabları oxuyanda dahilər, böyük qəhrəmanlarla yanaşı, indiyədək adını eşitmədiyimiz bir çox şəxsiyyətlərlə tanış oluruq. Həmin şəxsiyyətlərin tariximiz üçün nə qədər dəyərli işlər gördüyünü öyrənirik. Bu kitablarda onlarla belə şəxsiyyətlər kəşf etmək olur. Həmin dövrün idarəçiliyi, parlamentdə Məmməd Əmin Rəsulzadənin hansı məqamlarda çıxış etməsi detallarını görmək mümkündür. Bu təqdimatlar oxucunun gözü qarşısında həmin dövrün mənzərəsini canlandırır. Kitablar həm də bu gün üçün bir dərslik hesab edilə bilər. Hesab edirəm ki, Şirməmməd Hüseynov heç kimin görmədiyi işləri görüb”.
Şərqşünas alim Solmaz Tohidi Rüstəmova qeyd edib ki, Şirməmməd müəllim sözün əsl mənasında nümunə götürüləsi şəxsiyyətdir: “Araşdırdığı tarixi şəxsiyyətlərin həyat tələblərini, ideyalarını Şirməmməd müəllimin həyatında müşahidə etmək olar. Şirməmməd müəllimin şəxsiyyəti də bizim üçün bir örnəkdir. Onun üçcildliyi bu gün üçün çox aktualdır. Azərbaycan cəmiyyətində parlament tarixindən başlamış, onun əhəmiyyəti, cəmiyyətin bu işə qarışmağı və bir çox məqamlarla bu kitabda tanış olmaq mümkündür. Kitablar bugünkü parlamentin fəaliyyəti üçün də bir örnəkdir. Azərbaycan Cümhuriyyəti tarixini yalnız Şirməmməd müəllimin kitablarından öyrənmək olar”.
Millət vəkili Fazil Mustafa vurğulayıb ki, Cümhuriyyət dövrünü araşdırmaq həm də bir namus məsələsidir: “Bu tarixin araşdırılması ilə çox alimlər məşğul olub. Lakin belə dəyərli işlər ortaya qoymaq üçün işə ürəklə yanaşmaq lazımdır. Hesab edirəm ki, cəmiyyətin düşünən insanları Şirməmməd Hüseynovun gördüyü işlərin dəyərini unutmayacaq”.
Daha sonra kitabın müəllifi Şirməmməd Hüseynov çəxəş edib. O, hər kəsə göstərdiyi diqqətə görə öz minnətdarlığını ifadə edib.
Gülxar,
Foto: Nurlan Gülməmmədov
Paylaş: