Azərbaycan Dövlət Musiqili Teatrı növbəti layihəyə start verib.
Teatrdan verilən məlumata görə, “3 gün sizinlə” adlanan layihədə teatrın tanınmış simaları üç gün ard-arda tamaşaçıların görüşünə gələcəklər. Bu dəfə xalq artisti, “Şöhrət” ordenli İlham Namiq Kamal üç gün ardıcıl olaraq tamaşaçıların qarşısına çıxacaq. O, 16 iyun saat 19.00-da E. Sabitoğlu, C. Məmmədovun “www.ferzeli-kef.com” tamaşasında Fərzəli, 17 iyun saat 19.00-da Ü. Hacıbəylinin “Ər və arvad” komediyasında Mərcan bəy və R. Mirişli, M. Haqverdiyevin “Amerikalı kürəkən” əsərində isə Orxan obrazını canlandıracaq.
Bu səhnə əsərlərində onun tərəf müqabilləri xalq artisti Fatma Mahmudova, əməkdar artistlər Novruz Qartal, Nahidə Orucova, Ələkbər Əliyev, Almaz Ələsgərova, Əkbər Əlizadə və başqaları olacaq.
“3 gün sizinlə” layihəsinin növbəti iştirakçısı isə tamaşaçıların sevimlisi, əməkdar artist Almaz Ələsgərova olacaq.
Azərbaycan Dövlət Musiqili Teatrı hamını bu bir-birindən maraqlı tamaşalara baxmağa dəvət edir. Teatrsevərlər 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə edə bilərlər. /Ailem.az/
Paylaş: