Xəbər lenti

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Kitab Evi” İctimai Birliyi “Mütaliə mədəniyyətinin inkişafı üçün çoxtərəfli əməkdaşlığın qurulması üzrə təşəbbüslər və fəaliyyətlər” adlı layihənin fəaliyyətini davam etdirir. Layihə çərçivəsində 23 may 2024-cü il tarixində Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, 18 nömrəli Laçın məktəbində tədbir keçirilib. 

Ovqat.com xəbər verir ki, tədbirdə layihə rəhbəri Adilə Nəzərova mövzu ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib və qeyd edib ki, mütaliyə mədəniyyəti dərslərdə qərar vermə, əsaslandırma və yaradıcı düşünmə kimi zehni fəaliyyətləri inkişaf etdirir, bunlar isə özlüyündə koqnitiv bacarıqlar hesab edilir. Koqnitiv inkişaf ilə dil və düşüncə inkişafı arasında güclü əlaqə yaranır. İnsan hər hansı bir sahədə düşünmək və danışmaq istəyəndə çətinlik çəkmir. Əksinə, bu prosesdə özünü, ətrafını və dünyanı dərk etməsinə imkan verən zehni bacarıqların dəyişməsi və təkmilləşməsinə müsbət təsir göstərir.


Layihə üzrə təlimçi Həcər Paşayeva bildirib ki, müasir oxucu oxu mədəniyyətini yüksəltmək üçün informasiya texnologiyalarından da lazımi şəkildə faydalana bilməlidir. Aydındır ki, bu bacarıqlara yiyələnən fərdlərin artması mütaliə mədəniyyətinin sosial həyatda strukturlaşmasına əhəmiyyətli töhfələr verəcəkdir. Bu məqsədlə uşaq, yeniyetmə və gənclərin təhsil prosesindəki oxu vərdişinə vahid bir anlayışla yanaşılmalıdır. Bu prosesdə müəllimlər şagirdlərə, tələbələrə mütaliə mədəniyyətinin öyrədilməsindəki problemlərini müəyyən etməli və onların həlli yollarını bildirməyi təklif etməlidirlər.

Sonra tədbir iştirakçılarının mövzu ilə bağlı fikirləri dinlənilib və müzakirə edilib.

Təlim iştirakçılarına layihə çərçivəsində bədii ədəbiyyat nümunələri, dəftərxana ləvazimatları və üzərində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və “Kitab Evi” İctimai Birliyinin loqoları əks olunmuş köynəklər paylanıb.  

Mənbə: QHT.az saytı





Ana səhifəyə qayıt        Baxış: 2 386          Tarix: 24-05-2024, 16:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma