ABŞ İsrailə Terminal Yüksək Hündürlük Ərazi Müdafiə Sistemi THAAD hava hücumundan müdafiə sistemləri göndərib. ABŞ Müdafiə Nazirliyi çərşənbə axşamı verdiyi açıqlamada bir qrup Amerika əsgərinin sistemin bəzi komponentləri ilə İsrailə çatdığını bildirib.
Pentaqonun sözçüsü general-mayor Pat Rayder verdiyi açıqlamada THAAD sisteminin bəzi komponentlərinin bazar günü İsrailə göndərildiyini və bir çoxunun isə yolda olduğunu söylədi. "Əlavə ABŞ hərbi personalı və THAAD batareya komponentləri yaxın günlərdə İsrailə gəlməyə davam edəcək", - Rayder bildirib.
ABŞ İsrailə niyə THAAD hava hücumundan müdafiə sistemi göndərib? Bu ondan xəbər verirmi ki, İsrail yaxın günlərdə İrana hücum edəcək?
Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında bildirib ki, ABŞ-ın və İsrailin məqsədi həqiqətən də İrana hücumdan sonra cavab zərbələrindən yayınmaq ola bilər: “Amma THAAD müdafiə sistemlərinin İsraili İranın əks-hücumundan tamamilə qoruya biləcəyi mübahisəyə açıqdır. Əvvəla, ona görə ki, THAAD sistemlərinin təyinatı yüksək hündürlükdən gələn ballistik raketləri zərərsizləşdirməkdir. Onun yaxın məsafədən atılan və alçaq hündürlükdən uçan raket və dronlara qarşı istifadəsi effektiv deyil. Çünki olduqca bahalıdır və İran hücum edəndə yüzlərlə raket atır. İsrailə isə cəmi bir batareya THAAD sistemi göndərib. Hər batareyada 6 müdafiə sistemi qurğusu, hər qurğuda isə 8 mərmi olduğunu nəzərə alsaq, bu cəmi 48 raketi zərərsizləşdirmək imkanı deməkdir. Sözsüz ki, İsrailə göndərilən bu sistemlər hava hücumundan tam müdafiəni təmin etməyə bilər.
İkincisi, İranın əlində İsrailin sərhədlərinə yerləşdirdiyi Hizbullah, Suriyadakı şiə fədailəri kimi “proksi” qüvvələri var. Son zamanlar İsrailə bu qüvvələr tərəfindən raketlər atılır və onlar hədəfə daha dəqiq çatırlar. Həmin qısa mənzilli raket və dronlar aşağıdan uçduğu üçün İsrailin “Dəmir Günbəz”ini yara bilirlər. THAAD-lar isə adından da (Terminal Yüksək Hündürlük Ərazi Müdafiə Sistemi) göründüyü kimi, yüksəkdən uçan raketləri zərərsizləşdirmək üçün nəzərdə tutulub. İsrail istəsə belə, o silahlardan alçaq hündürlükdəki hədəfləri vurmaq üçün istifadə edə bilməz”.
Bununla belə, Heydər Oğuz THAAD sisteminin İsrailə verilməsini yaxınlarda İrana qarşı əməliyyatların başlanacağının mühüm bir əlaməti olaraq görür: “Bilirsiniz ki, İsrailin hava hücumundan müdafiə sistemləri 4 qatlı qoruma prinsipinə söykənir:
1-ci qat: “Dəmir Günbəz” - Aşağı hündürlükdən uçan raketlər üçün nəzərdə tutulub. Vuruş məsafəsi 4 km. - 70 km. arasında dəyişir.
2-ci qat: “Davudun sapandı” – 40 km. - 300 km. mənzilə sahibdir.
3-cü qat: Arrow – 2. Mənzili 500 km.
4-cü qat: Arrow 3. Mənzili 1000 km.
THAAD-ların mənzili isə 3000 km-dir. Əsasən, 200 km-dən hədəfi müəyyənləşdirib 150 km. məsafədə onu zərərsizləşdirir. Başqa sözlə, surəti 9 səs sürətinə bərabər olan THAAD-lar bu xüsusiyyətləri etibarilə Arrow 3-lərə bənzəyir. Belə anlaşılır ki, o, İsrailə gözlənilən hava zərbələri zamanı uzaqmənzilli raketləri vurmaq üçün istifadə ediləcək”.
Siyasi şərhçinin iddiasına görə, ABŞ-ın İsrailə THAAD hava hücumundan müdafiə sistemi göndərməsi onu göstərir ki, Pentaqon İsraili uzaqmənzilli raketlərə qarşı qorunma gücünü artırmaq istəyir: “Bu isə o deməkdir ki, hücumu da uzaq məsafələrdən gözləyir. İsrailin uzaqda yerləşən iki düşməni var: İran SEPAH-ı və Yəmən husiləri. Deməli, hədəf də bu iki ölkə olacaq. İsrail bu ölkələrə hücum edəcəyi təqdirdə onlardan gələcək cavab zərbələrini zərərsizləşdirməyi gözdən keçirməlidir. Fikrimcə, THAAD-lar da məhz bu məqsədlə İsrailə göndərilib”.
Heydər Oğuzun fikrincə, İsrailin İrana planlaşdırdığı hücum yalnız o zaman başlaya bilər ki, Təl-əviv yaxın ərazilərdə yerləşdirilmiş İrana məxsus proksi qüvvələrini tam təsirsiz hala gətirsin: “Əks halda, İrana hücum zamanı Livan Hizbullahı da onu alçaq hündürlüklü dron və raket yağmuruna tutar. Təl-əviv isə bu təhülkəsizliyini tam təmin etməyib. Odur ki, yaxın günlərdə Livana daha ağır hücumların olacağını gözləyirəm. Livanı tam ram etdikdən sonra, yəqin ki, İsrail-İran savaşı baş verəcək”.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
Paylaş: