Xəbər lenti

Ermənistanın baş naziri Nikol Paşinyan dünən "İrəvan Dialoqu" Forumunda çıxışı zamanı Azərbaycana sülh sazişi layihəsində razılaşdırılmış maddələri imzalamağı təklif etdiklərini bildirib.

Mövzunu Oxu.Az-a dəyərləndirən "Atlas" Araşdırmalar Mərkəzinin sədri, siyasi şərhçi Elxan Şahinoğlu Azərbaycanın sülh sazişini yalnız öz milli təhlükəsizlik maraqlarına cavab verəcəyi halda imzalayacağını vurğulayıb:

"Nikol Paşinyan bir tərəfdən sülh sazişini imzalamaqda maraqlı olduqlarını, qonşularla münasibətləri normallaşdırmaq istədiklərini deyir, amma digər tərəfdən prosesi bilərəkdən ləngidir. Paşinyan və nazirləri sülh sazişi layihəsində 16 maddədən 13-nün razılaşdırıldığını, Azərbaycan Prezidenti İlham Əliyev isə son İtaliya səfərində sənədin 80%-nin razılaşdırıldığını bildirdi.

Əsas məsələ isə Azərbaycanı narahat edən məqamın aradan qaldırılmamasıdır. Yəni Ermənistan Konstitusiyasında Azərbaycana ərazi iddiasını ehtiva edən bənd çıxarılmalıdır. Ötən əsrin 90-cı illərin əvvəllərində Ermənistan ölkəmizin ərazisini işğal edəndə "Dağlıq Qarabağ"ın oraya birləşdirilməsi ilə bağlı qanunsuz akt qəbul etdilər. Həmin akt Ermənistan Konstitusiyasının preambulasına bir bənd kimi salındı. Azərbaycan isə həmin bəndin çıxarılmasını istəyir. Əgər Ermənistan ölkəmizin ərazi bütövlüyünü tanıyırsa, bu tələb mütləq şəkildə yerinə yetirilməlidir. Sözügedən tələb yerinə yetirilmədən sülh sazişinin imzalanması çətin, hətta qeyri-mümkündür. Paşinyan hökuməti üçün isə bunu etmək o qədər də çətin, ağır iş deyil. Çünki həmin bənd Ermənistanın Konstitusiyasına referendum yolu ilə yox, parlamentdə səs çoxluğu ilə əlavə olunub. Hazırda isə parlamentdə çoxluq Paşinyanın partiyasının əlindədir.

O maddə çıxarılan kimi əsas əngəl aradan qaldırılacaq və sülh sazişi imzalanacaq. Ona görə də əsas bu məsələni həll etmək lazımdır. Paşinyanın verdiyi son təklif isə sülh sazişinin yekunlaşdırılması və imzalanması prosesini ləngidir".




Ana səhifəyə qayıt        Baxış: 3 320          Tarix: 11-09-2024, 13:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma