Xəbər lenti


  QOCA ALİM İŞ AXTARIRDI
            ( Hekayə)
     Hər şey ondan başladı; yəni o şeydən başladı ki, qoca alimi
 pensiyaya çıxartdılar. Və dedilər ki, qanuna, həm də yuxarıdan verilən
 göstərişə əsasən, pensiyaya getməlisən. O da üzüsulu çıxdı pensiyaya...
 Və işdən çıxan gündən qapı-qapı gəzib özünə iş axtardı. Hara getdisə,
 ona eyni cavabı verdilər:-Səni işə götürməyə ixtiyarımız yoxdur, qanun
 buna yol vermir... -Mübahisə etmədi, bildi ki, heç bir xeyri yoxdur. Öz-
 özünə deyinməkdən də qalmadı:- A kişilər, nə yapışmısınız bu
 qanundan? Bu qanunları kim yazır? Kim yazacaq; insanlar. Bu gün biri
 yazır, sabah o biri. Hər kəs də özünə sərf edəni yazır... İnsan isə bir dəfə
 dünyaya gəlir, ömür eləyir, sonra da köçür o dünyaya... Daha ikinci
 dəfə dünyaya gəlmir... Odur ki, insana qayğı ilə yanaşılmalıdır. Onun
 nəyi bacarıb-bacarmadığı yoxlanılmalı, imtahan edilməlidir. Gənclərin
 yaşlıları əvəz etməsinin əleyhinə deyiləm; amma bir şeyi nəzərə almaq
 lazımdır ki, gənclərin enerjisi varsa, yaşlı insanların təctübəsi var. Ona
 görə o təcrübədən faydalanmaq lazımdır. Bax elə götürək məni...
 Təcrübəli jurnalistəm, yazıçıyam, müəlliməm; qırx ilə yaxın televiziyada
 işləmişəm, gənclər və uşaqlar üçün on kitab yazmışam, neçə il ali
 məktəbdə dərs demişəm. Jurnalistliyim, yazıçılığım, müəllimliyim
barədə həmişə hörmətlə danışılıb, qiymətləndirib. Demək istəyirəm ki,
 bu gün də fayda verə bilərəm. Axı, mən evdə qalıb məhv oluram,
 işləməyə həvəsim, enerjim vardır...
 ...Qoca alim qapıları döyməkdən, iş axtarmaqdan bezdi, gücünü
 torpağa yönəltdi; həyətində ağac əkdi, tərəvəz, göy-göyərti becərdi, gül
 kolları saldı. Amma işləmək həvəsi sönmədi. Və qəribə bir əhvalat baş
 verdi. Yuxuda iş axtarmağa başladı.Yuxuda da bir bəhanə ilə onu işə
 götürmədilər; hər gün bu təkrarlandı...
 ...Bu gecə bəxtinə gün doğdu. Onu işə götürdülər; televiziyada
 işləyirdi, bədii veriliş hazırlayırdı. Hansısa bir yazıçını tamaşaçılara
 təqdim edəcəkdi.
 Səhər günəşinin şüaları qocanın gülümsəyən üzünü işıqlandırdı.
 Arvadı nə qər elədisə, onu oyada bilmədi; qorxuya düşdü, uşaqlarına
 zəng edib vəziyyəti onlara çatdırdı. ...Uşaqları, nəvə-nəticə qocanın
 çarpayısını dövrəyə aldılar; həkim çağırdılar. Həkim onun nəbzini
 yoxladı; normal idi- amma nə nitqi vardı, nə də hərəkəti. Son fikri belə
 oldu:-Tərpətməyin, bir neçə saata, bir, ya da iki günə kimi ayılacaq;
 tibbdə belə hallar olur...
 Onun dediyi doğru çıxdı. Qoca özünə gəldi. Heç bir şey olmamış
 kimi uşaqlarını, nəvə-nəticələrini şirin-şirin danışdırdı.-Xanımzər,
süfrəni düzəlt, mən də indicə samovarı salıram.-dedi.-Həyətə çıxdı.
 Məəttəl qaldılar qocanın bu işinə, amma üzə vurmadılar.
 Bir azdan həyət-bacanı səs-küy başına götürdü. Sanki heç bir
 hadisə olmamışdı; hər şey əvvəlki axarı ilə gedirdi. Nəvə-nəticə
 oynayırdı, deyib-gülürdü, oğul-uşaqları onlara baxıb fərəhlənirdi,
 Xanımzər arvadsa gah onlara, gah da qocasına baxıb dualar edidi:-
 Kərəminə şükür, xudaya, sən bizi xata-bəladan hifz elə.
 Aliminsə fikri yuxusunun yanında idi; onu işə götürmüşdülər;
 sabahdan işə gedəcəkdi...

.
             SU ÇƏRŞƏNBƏSİ
                    (Hekayə)
 İlin ilk çərşənbəsi- su çərşənbəsi idi: oğul-uşaq, nəvə-nəticə ata
 ocağına yığışmışdı. Və söz vermişdilər ki, bu gün əvvəlki günlərdən
 fərqli olaraq, siyasətdən danışmasınlar; su çərşənbəsinin gətirdiyi xoş
 ovqatla yaşasınlar. Bu ovqat vacib idi-bu ovqatla novruz bayramını
 qarşılayacaqdılar; bu ovqatla ilboyu həyatlarını davam etdirəcəkdilər...
 Afiyət nənəyə də elə bu lazım idi; əlinə girəvə düşdü: -Onda, yəni siz
dünyada olmayanda, mən ata-anamın bir dənəsi -şıltaq bir qız idim. -
 Gülür.-hə, şıltaq bir qızı ... Adamlar çərşənbələri çox təmtəraqla
 keçirərdi; su çərçənbəsini isə xüsusi qeyd edərdi: qoca-cavan, uşaqlar,
 sübh tezdən durub çay, bulaq, çeşmə, kəhriz ətrafına-kimə hara
 yaxındırsa, ora gedərdi... Bizim məhəllənin adamları isə “Qoçüstü”
 deyilən yerə gedərdi, daş qoçları ziyarət edib dərədəki bulağın suyunda
 əl-üzünü yuyar, su içərdi, özü ilə götürdüyü qablarda evlərinə su
 gətirərdi. O syun dadı, tamı bir başqa cür idi... O günün gəlməsini cavan
 qızlar çox səbirsizliklə gözləyərdilər? Bilirsiniz niyə ?-Suala özü də
 cavab verdi.- Onlar- yəni cavan qızlar əl-üzlərini o suda yuya-yuya
 ürəklərindəki sirri axar suya açardılar. Qızların inamına görə, axar su
 onların sirrini sevdikləri oğlana çatdırmalı idi. -Nənə, sən də sirrini axar
 suya dedinmi?- Oğlan nəvəsi idi sualı verən. Hamı şaqqanaq çəkib
 güldü.-Hə, dedim.-Bəs nə oldu nəticəsi?-Nə olacaq?-deyə Afiyət nənə
 gülümsədi.-Axar su mənim də sirrimi babana çatdırdı... -Oğul-uşaq,
 nəvə -nəticə ürəkdən güldülər.
 Televizorda su çərçənbəsi ilə bağlı veriliş getməyə başladı. Su
 çərçənbəsini hər bölgədə bir cür qeyd edirdilər. Rəngarənglik idi. Afiyət
 nənənin dediyi kimi deyildi.-Ay nənə, sənin danışdıqlarından burda heç
nə demədilər axı. -Bu sualı qız nəvəsi verdi. Afiyət nənə onun başını
 sığallayıb dedi:
 -Quzum, bu inam, bizim tərəflərərin adamlarına- Naxçıvan
 bölgəsinə məxsusdur. Orada yaşayıb ömür sürənlər bunu yaddaşlarında
 indi də yaşadırlar...


             QOCA YAĞIŞ HƏSRƏTİNDƏYDİ
                        ( Hekayə)
 İmdad kişinin dincliyi əlindən alınmışdı; evdə-eşikdə rahat dura
 bilmirdi. Fikri-zikri ağacların yanında idi: axı qış uzunu nə qar
 yağmışdı, nə də yağış. Yer-yurd qupquru idi; bəzi yerlərdə çatlar
 görünürdü, yəqin ki, yağış yağmasa, çatlar çoxalacaqdı: ağacların
 quruma ehtimalı artacaqdı. İmdad kişini də bu ehtimal narahat edirdi.-
 Kərəminə qurban olum, rəhm elə bu yer-yurda. Nə olar, bir yağış yağdır.
 Axı, sən adilsən, sən qadirsən,-dedi. İmdad kişinin dqqətini badam ağacı
 cəlb elədi.-Bax e, heç fikir verməmişəm, çiçək açıb. -Kefi açıldı. Alça
 ağacına yaxınlaşdı.-Tumurcuqları qızarıb, on günə kimi o da çiçəkləyər.-
 Başqa ağacları da nəzərdən keçirdi. Hamısında oyanma hiss olunurdu-
 yazın gəlişini duymuşdular.
   - A kişi, nə vermisən bu ağaclara ala bilmirsən; gəl çay-çörəyini
 ye.-Arvadı idi-Nabat xala.-Gəldim, a qadan alım,-dedi,-İmdad kişi.
 Ərinin xoş ovqatı arvadının diqqətindən yayınmadı.-Xeyir ola, a kişi?
 Neçə gün idi ki, qaş-qabağın yerlə gedirdi, bu gün “qadan alım”
 deyirsən.-Badam ağacı çiçəkləyib, bu gün- sabah da o biri ağaclar da
 çiçəkləyəcək.- Elə bu?- Arvadı özünü gülməkdən güclə saxladı. Mən
 deyirəm, görən nə olub; pensiyanı artırıblar... -İnşallah o da olacaq,
 olmasa da neyləmək olar? Ruzini verən Allahdır... İndisə badam
 çiçəkləyib...
 Arvadı daha dinmədi; İmdad kişi də evə getdi. Çay-çörəyini yedi,
 televizorda verilən xəbərlərə baxdı. Ölkədə, dünyada baş verən
 hadisələrə reaksiya vermədi. Axı, badam çıçəkləmişdi; onun çiçəkləməsi
 kefini əməlli-başlı açmışdı. O əhval-ruhiyyə ilə də paltarlarını soyunub
 yatdı. Səhərə kimi yuxuda yağış gördü; elə yağış yağırdı-yer-yurd,
 həyər-baca, ağaclar su içində idilər. Yağış yağır, durmadan yağırdı,
 kəsmək bilmirdi; gözlərini açdı.Yağış küləklə pəncərənin şüşəsinə
 çırpılır, üzü aşağı axırdı.Yerindən qalxıb pəncərənin tayını açdı,
 ağacların dibində əmələ gələn gölməçələri görəndə salavat çevirdi,-
 Şükür, xudaya,-dedi,-səni tanımayana lənət. Torpağa can verdin;
 ağacları ölümdən qurtardın...
Yağış yağırdı; külək ağacların budaqlarını nənni kimi
yırğalayırdı...




Ana səhifəyə qayıt        Baxış: 1 276          Tarix: 5-10-2024, 11:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma