Xəbər lenti


Təbiət daim öz qanunları çərçivəsində inkişaf edən və dəyişən bütün canlı və cansız varlıqlara verilən addır. Təbiət mövzusu Azərbaycan türklərinin mədəniyyətində, ədəbiyyatında daim mühüm yer tutmuşdur. Təbiət və onun elementləri Xalq Şairi Bəxtiyar Bahabzadənin şeirlərində də sıx rastlanır. Şairin ilk şeirlərindən son şeirlərinədək bütün əsərlərində təbiətlə bağlı misralar vardır, xüsusilə 1960-cı illərdən sonrakı şeirlərində özünü göstərməyə başlayan obrazların təbiət ünsürləri ilə bütövlük qazandığını deyə bilərik. Şair, ümumiyyətlə, təbiəti canlı və hərəkətdə təsvir edir, insan və təbiət münasibətlərinə diqqət yetirir. Onun çox vaxt təbiət ünsürlərini - dəniz, günəş, bulud, yağış, külək, ağac, çiçək, quş, fəsil və s.-ni insanlarla eyniləşdirdiyi görünür. Təbiətin bu elementləri bəzən onları təcəssüm etdirərək, bəzən də bənzətmə yolu ilə təqdim olunur. Mənzərəni sözlərlə çəkən şairin təbiəti dərk etməsi təkcə təbiətin gözəlliyi ilə bağlı deyil, o, öz hisslərini, ümidlərini, ümidsizliyini və ya bədbinliyini ifadə edərkən təbiətə və onun elementlərinə istinad edir. B.Vahabzadə eynən müasiri və dostu M.Araz kimi vətəndaş şairdir. Onun nəzərində “Kölgədə yatanların / Öz kölgəsi yox olur...”
B.Vahabzadənin şeirlərini hər dəfə oxuyanda yeni təbii gözəlliklər tapmaq olur, eynən təbiətə hər baxanda əvvəl görmədiyimiz gözəllikləri gördüyümüz, Günəşin hər doğuşunda, hər batışında üfüqdə yaranan yeni rəng çalarları tapdığımız kimi.
Şairin təbiətindən doğan şeirlər təbiətin özü kimi mənalı və dərin, səmimi duyğular yaradır. Dünyanın qarışdığı bu günlərdə - maddi və mənəvi atmosferi daha güclü hiss etdiyimiz bir vaxtda müqəddəs kitabımız “Quran”ın ilk ayəsi “Rəbbinin adı ilə oxu!” mənasını verən “İkra bismi rabbikellezi”yə sanki B. Vahabzadənin dünyagörüşü ilə yanaşıram. Bu məqamda sanki “Oxu!” əmri sanki təkcə Allahın
kitabını oxuyun, - əmri deyil. Burada Allah, Onun əmri ilə bizi təbiətin, meşələrin, ağacların, çiçəklərin, həşəratların, bir sözlə, yaradılmış hər şeyin üzərində yazılmış “Qorunan lövhə”ni (Lövhi-məhfuz) oxuyub anlamağa çağırır. Arının çiçəkdən götürdüyünü “bala” çevirmək səyinə, uzun qış aylarında yarpaqlarından, meyvələrindən qopan ağacların yazda yenidən qönçələnməsinə baxmağa və orada yazılanları oxumağa dəvət edir.
Oxumaq və oxuyub anlamaq fərqlidir. Oxumaq hərəkəti sadəcə olaraq yazılanları gözümüzlə görmək və sözlə ifadə etməkdir. Anlamaq bizim oxuduqlarımızı, gördüklərimizi və hətta eşitdiklərimizi dərindən dərk etməyimiz və “qavramağımız” deməkdir. Sənətlərin ən çətini şeirdir. Şeiri oxumaq da yazmaq qədər çətindir. Elm və sənətlə məşğul olanlar “poeziya”ya “daşdan (su daşı) süzülmüş fəlsəfə” deyirlər. Fəlsəfə isə eynən təbiət kimi insan gözünün ilk baxışda görə bilmədiyi, insan ağlının ilk baxışda qavraya bilmədiyi daha dərin mənalar ehtiva edir. Bu səbəbdən poeziyanın fəlsəfəsi elə təbiətin fəlsəfəsidir ki, hər kəsin asanlıqla anlaya bilməyəcəyi qədər dərindir.
Təbiət Allahın şeiridir, bəs şair təbiətin kimidir?! Bu sualı  B.Vahabzadə belə cavablandırır:
Şair - fikirlərin çırpınan seli,
Şair - həqiqətin müğənnisidir.
Şair - təbiətin danışan dili,
Şair - cəmiyyətin üsyan səsidir. (Şairlər)
“Tanrı hər şeydən əvvəl torpağı yaratdı ki, /Yaratmaq istədiyi insan üçün yem olsun, / Təbiətdə bir ahəng, tarazlıq, nizam olsun.”
B.Vahabzadənin poetik təfəkkür mədəniyyəti aid olduğu torpağın təbiətinə oxşayır, yəni özdür, millidir. Milliliyə - türklüyə böyük yanğı ilə yanaşan, ürəyi ömür boyu bu sevgilə döyünən şairin ana dilinə olan sevgisi də məhz onun təfəkkür mədəniyyətindən irəli gəlir və o, bu sevgini yenə təbiətin dili ilə çatdırır:
Bizim uca dağların sonsuz əzəmətindən,
Yatağına sığmayan çayların hiddətindən,
Bu torpaqdan, bu yerdən,
Elin bağrından qopan yanıqlı nəğmələrdən,
Güllərin rənglərindən, çiçəklərin iyindən,
Mil düzünün, Muğanın sonsuz genişliyindən,
…Qopan səsdən yarandın.
Sən xalqıının aldığı ilk nəfəsdən yarandın. (Ana dili)
Şeirində təbiətdən doğan anlamları öz duyğuları oxunda işlədən şair müsahibələrinin birində “təbiət”in poeziyasındakı yerini “əlvan çiçəklər” silsiləsindən olan müxtəlif mövzulu əsərlərilə ifadə etdiyini deyir. Həmin əsərlərdən biri də “Bir dəstə çiçək” poemasıdır. Poema M.Füzulinin qürbətdə evinə vətəndən təşrif gətirən qonağı ilə görüşündən bəhs edir. Əsərdə qonağı danışdıqca “Füzuli”nin gözlərində canlanan Vətənin füsunkar mənzərələri oxucunun da
nəzərində göz oxşayır.
Qonağın üzündə ana torpağı,
Qaynar gözlərində Göygölü gördü.
Kaman inləyirdi onun səsində,
...Elə bil yel əsir Muğan düzündə.
Çinar xışıldayır, səslənir qovaq,
Ulduzlar sayrışır göyün üzündə.
…Xəzərin sinəsi qalxıb - enirdi.
Qonaq cani-dildən danışdığı an
Araz hayqırırdı, Kür səslənirdi.
…Gəlir qulağına bayaqdan bəri
Ceyranın, cüyürün ayaq səsləri.
Samux, meşəsində alaçıq qurur,
Sərin “Qırxbulaqdan” o, cam doldurur.
Çoban dəyəsində qonaq da qalır,
Bu qəlbi dağlardan əzəmət alır.
B.Vahabzadənin əsərlərində təkrar-təkrar üzərinə qayıtdığı problem insanın təbiətə yadlaşması problemidir. Bu nümunədən də göründüyü kimi, insanlar bəzən vətəndə olanda vətənin təbiətini dəyərləndirə bilmirlər, lakin uzaq olanda çox xiffət çəkirlər, başa düşürlər ki, insanın təbiətlə münasibəti, insanın təbiətdən,
cəmiyyətdən – özündən uzaqlaşması və bu yadlıqdan xilas olmaq üçün üzərinə götürdüyü məsuliyyət onun getməli olduğu yoldır.
Bu poemanı oxuyanda Xalq Şairi M.Yaqubun İ.Nəsiminin vətən həsrətini tərənnüm etdiyi “Şirvan alverçisi və Nəsimi” poemasını xatırlayırıq. Hər iki poemada oxşar mövzu ilə vətənin təbiəti və təbiətə canatmalar tərənnüm olunur.
B.Vahabzadənin şeir ənənəsində təbii ünsürlər və təbii bəzək üçün vazkeçilməz olan aşiqlərin sevgiləri ən təfərrüatlı təbiət təsvirlərilə ifadə edilir. Şair sevgiliyə müraciətini sanki təbiətə də ünvanlayır. Çünki təbiət də, sevilən də gerçəkdir.
Hara baxıramsa görürəm səni,
Quş səsi, çay səsi sənin səsindir.
Çəkəndə köksümə gülün ətrini,
Sanıram bu sənin öz nəfəsindir.
Qara gözlərində batıram sənin
Bu gözlər dəryadan, göydən dərindir.
Buluda deyirəm saçındır yəqin,
Güllər mənə baxan nəzərlərindir.
Yarpaqlar - əllərin, çeşmələr - gözün,
Yağış damcıları - göz yaşlarındır.
Dünya yaranmısan mənimçün özün,
Baxışım da sənin baxışlarındır.
…Hüsnünün əsrarı, füsunkarlığı
Ana təbiəti andırır mənə. (İki hədiyyə)
Gözəli təbiətin simasında təsvir edən şair həm təbiəti, həm də aşiqi sevdiyinə inandırır, çünki sevgisini təbiətin saflığı içərisində saf dildə deyir – yarpaqları sevgilinin əllərinə, çeşmələri gözlərinə, yağış damcılarını göz yaşına bənzədir, yəni sevgili ona təbiəti xatırladır. Bu isə insanla təbiətin vəhdətinin təsviridir.
B.Vahabzadə təbiətin aşiqlərindəndir. O, təbiət və insan birliyinin ahənginin fərqindədir. Bəzən o ahəngin sehrində gecəyə, bulağa, bənövşəyə, kəpənəyə, durna qatarına, “bir ağacın iki qolu”na vurulur, onları vəsf edir. Onun belə vəsflərinin çoxu nəğməyə çevrilib, dillərdə dolaşır. Şairin təbiətlə güzgülənən, musiqidə nəğmələnən şeirlərindən bəzi nümunələrə nəzər salaq:
 Gecələr, ay gecələr
(Müsiqisi Şahid Əbdülkərimovundur.)
Tellərini dolayır boynuma ay, gecələr,
Mənim sirdaşımsınız, gecələr, ay gecələr!
…Quştək uçur xəyalım hardan hara gecələr.
Mən həsəd aparıram yatanlara gecələr!


 Biri sənsən, biri mən
(Müsiqisi Əhsən Dadaşovundur.)
Bir bulağın iki gözü, -
Biri sənsən, biri mən.
Bir almanın iki üzü, -
Biri sənsən, biri mən.
Açıq səma, göy qurşağı, -
Biri sənsən, biri mən.
Dan ulduzu, səhər çağı, -
Biri sənsən, biri mən.
Durna qatarı
(Müsiqisi Emin Sabitoğlunundur)
Əsir payız küləyi,
Gecə uzun, gün gödək.
Ağacdan yarpaq düşür,
Bir ömrün gülləri tək.
Susur çaylar, çeşmələr,
Susur çəmən, dağ, dərə.
Köçür durna qatarı
Uzaq-uzaq ellərə.
Kölgəm qədər yaxınsan
(Müsiqisi Niyaməddin Musayevindir.)
…Ayrılığın eylədi,
Könlümü dağ-dağ, gülüm.
Qış kimi düşüncəli,
Yaz kimi oynaq gülüm.
…Gecə kimi fİkirli,
Gündüz kimi şən, gülüm
İki hissin əlində
Gəl, oynama sən, gülüm.


Qəlbi dolu gecələr
(Müsiqisi Şəmsi Kərimovundur.)
Göydə yanır aypara
İşıq düşür yollara.
Bənzəyir nağıllara
Bizim ulu gecələr,
Qəlbi dolu gecələr.
Dan ulduzu - pəncərə,
İşıq saçır hər yerə.
Kəsə bilmir səhərə
Gedən yolu gecələr,
Əsrar dolu gecələr.
Yuxarıda vətəndən, vətənin təbiətindən ayrı düşənlər üçün yazılan poemadan bəhs etmişdik. Dünya ədəbiyyatında M.Füzuli və İ.Nəsimi kimi çox şair və yazıçılar olmuşdur və bu həsrət onların yaradıcılıqlarına öz təsirini göstərmişdir. Onlardan biri də alman şairi və jurnalisti Henrix Heynedir. O, yazırdı ki, “Mənim gözəl ana vətənim vardı, Orada hündür palıd ağacları bitərdi. Məni alman dilində öpər və elə o dildə deyərdilər: “Mən səni sevirəm!”
Henrix Heynenin belə bir kəlamı da var: “Ölüm həyatın, musiqi incəsənətin sonudur”. Yəni insan yaradıcılıqda demək istəyib deyə bilmədiyini sonda musiqinin dili ilə deyir. Poeziya ta qədimdən musiqi ilə doğmalaşıb, ayrılmaz ikili olublar.
Yəqin ki, elə dünyada ilk şeir də ahənglə yazılıb, ahənglə oxunub.
B.Vahabzadənin nümunə gətirdiyimiz bu əsərləri də insanın hiss və duyğularını təbiət elementlərinin və təbiətin rəngarəng səslərinin dili ilə ifadə edir. Bu əsərlərdə gecənin, kölgənin sükutu qədər b ulağın səsi, yazın oynaqlığı əks olunur. Şeir təbiətin sükut dili, musiqi isə səsli dilidir. Şair “Muğam” poemasında bu fikri belə doğruldur: “Bir arifin hikmət dolu söz-söhbəti, eşqi, / Heyrətdən ağıl mülkünə bir pəncərədir “Şur”.”
Bəli, B. Vahabzadənin əsərlərinin çoxu melodiyası özündə olan nəğmə mətnləridir, bu da onun özünün də, yaradıcılığının da təbiətlə harmoniyasından irəli gəlir. Şairə görə nəinki insanlar, bütün canlılar və onların məhəbbəti təbiətin ahəngindən yaranmışdır: “Eşqdir yaşadan təbiəti də, / Çiçəklər torpağın min bir rəngidir. / Böcəklə çiçəyin məhəbbəti də / Ana təbiətin öz ahəngidir.” İnsan və təbiət arasındakı dogmalıq münasibətlərin qatlarında getdikcə dərinləşir və bu, insanın idrakının da yüksəlməsinə imkan yaradır.
Azərbaycan- Türkiyə
(Müsiqisi Cavanşir Quliyevindir)
Bir ananın iki oğlu
Bir ağacın iki qolu
O da ulu, bu da ulu
Azərbaycan-Türkiyə.
Həm Azərbaycanda, həm də qardaş Türkiyədə son illərin sevilən marşına çevrilən bu əsər türklərin bir ağacın kökü üzərində qollanan-budaqlanan xalqlarını vəsf edir. Milliliyimizin müasir memarlarından olan B.Vahabzadə burada bir daha təbiətdən “faydalanmaqdadır.”
Kəpənək
(Müsiqisi Emin Sabitoğlunundur.)
Güllər üstə uçan, qaçan
Bir qayğısız kəpənəkdin,
Çiçəklərin ürəyində
Sən ən şirin bir diləkdin.
Sorağını gül-çiçəkdən
Alınca mən, gördüm yoxsan,
Qaçdım sənin dalınca mən,
gördüm yoxsan.
..Hansı gülü oxşadınsa,
Ləçəyində izin qaldı.
Səni tutdum, uçub getdin,
Əllərimdə tozun qaldı.
Bizə tərk edilmişliyi, çiçək dənizində təəssüflə dolu sevgi gəmisini xatırladan çəmənlərin bəzəkli kəpənəyi bir sevginin həsrətidir, vüsala  gec qalınmışlıqdır. Şair burada təkcə təbiət ünsürlərini deyil, tənhalıq, kədər, tərk edilmə, xoşbəxtliyə gecikmə kimi mücərrəd məfhumları da təcəssüm etdirir və kəpənəyi obraza çevirir, bir-birindən estetik, gözəl metaforalarla ayrılıq mövzusunu konkretləşdirir. Bu, oxucuya təbiətin qanunundakı yaz və qış kimi sevginin də vüsalı və hicranı olduğu həqiqətini xatırladır. Yenə də insan həyatının təbiətlə əlaqəsini ortaya qoyur. Bu məqamda şairin sağlığında özünün də çox bəyəndiyini dediyi şair Yusif Nəğməkarın təbiət qanunlarından bəhs edən “Qanun” şeirini xatırlamaq yerinə düşər.
Qızılgülün budağında tikan bitib,
Qaratikan kolunda yaşıl, sığallı yarpaq –
Zərifliyi qoruyan sərtliyə,
Sərtliyi gizlədən zərifliyə bax! (Y. Nəğməkar)
Göründüyü kimi, “Qanun” şeirində müəllif təbiət qanunları ilə cəmiyyət qanunlarının paralelliyinə diqqət çəkərək, eynilə B.Vahabzadə şeirlərində olduğu kimi, obrazlı dillə təzadlar fonunda mövzunu mahiyyətcə ictimai-siyasi müstəviyə çıxarıb, poetik-fəlsəfi, dolğun, canlı, bədii lövhə yaratmışdır.
B.Vahabzadə yaradıcılığında təbiət - insan - dünya münasibətləri xüsusi yer tutur. Bu qisim əsərlərinin toplamını “təbiət lirikası” adı ilə bir kitab şəklində toplamaq olar. Şair təbiəti insan üçün qida mənbəyi kimi görmür, insanın özü kimi görür. İnsan təbiəti və təbiət insanı – bu iki məhfum onun üçün oxşar mənalar daşıyır. Təbiətdən ayrılan insan cəmiyyətdən də ayrılır, təklənir və sınır. Bütün həyatını və yaradıcılığını Azərbaycan xalqının, ümumiyyətlə türklərin birliyi yolunda sərf edən B.Vahabzadə bu fikirlərini “Təklik” şeirində belə ifadə edir:
Kolların dibində tək bitdiyindən,
Boynu bükük olur bənövşənin də.
Od vurmasa, qabda su daşa bilməz,
Quş da tək qanadla dağ aşa bilməz.
Kösöyün ikisi çöldə də yanar,
Biri ocaqda da alışa bilməz. (Təklik)
Çox sevilən şeirlərindən biri “Dağda şəlalə kimi” şeirində də eyni fikri – birliyi, bərabərliyi “güllərin çələngi”nə bənzədir.
Bir rəngi yox, göylərin min rəngini sevirəm,
Bir gülü yox, güllərin çələngini sevirəm.
Mən çıxmağa təpə yox, uca dağ istəyirəm,
Həyatı həyat kimi yaşamaq istəyirəm. (Dağda şəlalə kimi)
Təbii ki, burada təbiət daha çox görünür, ilk iki misrada sanki müəllifin əlində qələm yox, palitra görürük. Göylərin göy rəngi yerlərin rəngarəngliyinə yenə də güzgü tutur və bu güzgüdə oxucu poeziyanın bayramını seyr edir. Təbii ki, şeirin güclü metaforası var, şairin “Təklik” şeirindəki kimi ideya və düşüncələri burada da misraların alt qatında gizlənib.
“Həyatı həyat kimi yaşamaq” arzusu özü ilə çox arzular gətirir şairin taleyinə, çünki:
Təbiətin könül açan
Min rəngi, min səsi var.
Hər könülün min arzusu,
Min səsli nəğməsi var. (Özümdən narazıyam)
B.Vahabzadə şeirləri təbiətin özü kimi şəfa verir, quruyur, insanın qəlbindəki çirki, pası yuyur, təmizləyir, hər türlü sıxıntıdan xilas edir, xatirələrini yeniləyir:
A məktəb yolları, məktəb yolları,
Sizdə qar da gördüm, duman da, çən də.
Könlüm yarpaq kimi titrəyib əsir,
Yenə bu yollardan ötüb keçəndə... (Məktəb yolları)
B.Vahabzadə qələmi ilə çəkilmiş bu “şəkil”dən ana təbiət tez-tez dəyişən kadrlarla gözlərimiz önündə canlanır. Bu kadrlarda şairin dediyi kimi, duman da, çən də var, amma yolların kənarındakı ot-ələf, söyüd, şam ağacları, bəzən meyvə ağacları da görünür, çay kənarındakı yarpız, nanə ətri də duyulur və günəş ətrafa səpələnmiş parlaq rənglərilə üzümüzə də gülümsəyir. Şairin poeziyası təbiətdən götürülmüş sözlərlə doludur.
...Azalır günəşin odu günbəgün
Soyudur torpağı, daşı təbiət.
Şaxtanı, soyuğu hiss eləməkçün
Çılpaq qarşılayır qışı təbiət. (Payız lövhələri)
İnsanı düşündürən belə misralar təbiətin kainatda baş verən təbii proseslərin və qanunauyğunluqların nəticəsində öz-özünü tənzimləyən obyektiv varlıq olduğunu bir daha təsdiq edir. İnsan isə kainatın ayrılmaz tərkib hissəsi olmaqla təbiət amilləri ilə qarşılıqlı təsirdə yaşayır və inkişaf edir.
Qış və payız mövzuları B.Vahabzadə yaradıcılığında çox işlənir. Şair bizə ənənəvi bir payız təqdim edir, amma bu alışılmışın özündə belə bir fərqlilik var:
Ömrün payız fəsli sıxdı əlimi,
Yoxsa qocalıram mən yavaş-yavaş.
Payızda yarpağa xal düşən kimi
Düşür saçlarıma dən yavaş-yavaş.
Soyuyur havalar, soyuyur bütün,
Qısalır, qısalır günlər günbəgün.
Axı, yaxınlaşır qürubu ömrün,
Əyilir dağlardan gün yavaş-yavaş. (Ömrün payızı)
B.Vahabzadənin “payızı” üşüdür, biz bu üşümənin səbəbini bilirik, amma qarşısında acızik və nicat tapa bilməyəcəyimizin fərqindəyik. Şair bunu bizə öncədən – mövzuya ilk girişində deyir:
Dövran tez dolanır, illər tez gəlir.
Biz də dəyişirik hey ildən-ilə.
Ömrün pillələri necə düz gəlir
Ana təbiətin fəsillərilə! (Ömrün payızı)
Təbiətin sərt qışı payızdan özünü göstərdiyi kimi, amansız qocalıq da ömrün payızında üşüdür adamı. Və təbiətə yaxınlaşdıqca həyatın acı gerçəkliyi ilə üz-üzə dayandığını dərk edirsən.
Ana təbiətlə yaxınlaşdıqca
Hisslə, həyəcanla yaşayırıq biz.
Göylərin dibinə yollar aşdıqca
Artır idrakımız, artır əqlimiz.
B.Vahabzadə təbiətin ahəngindən təsirlənərək Azərbaycan türk mədəniyyət ekologiyasında təbiətlə empatiya qurmağa və onunla inteqrasiyaya cəhd edən az şairlərdəndir. Bu həssaslıq ancaq şairin özündən və bir neçə müasirlərdən sonra poeziyamızda bir ekoloji ideologiyaya çevrilmişdir.
Şübhəsiz ki, onun poeziyasında təbiət insanlara verdiyi maddi ölçüyə görə də dəyərləndirilir, amma əsasən insanları təbiətdən öyrənməyə, onun mənəvi ölçüdə xeyir-duasını almağa dəvət edir. B.Vahabzadəyə görə təbiətin bəxş etdiyi hər şey nemətdir və bu nemətin mənşəyində mifik dövrlərin və animist inancların izlərini də
görmək mümkündür. Məsələn: Yunus Əmrənin təbiətdən aldığı güclə sevginin çətinliklərini dəf etdiyi kimi: “Gani Cebbar aşk (ışk) erine, bin Hamza'ca kuvvet verir, /Dağları yerinden ırar, yol eyler dosta gitmeye”. “Âb-ı Hayât'un çeşmesi' âşıklarun visâlidür/ Kadehi dolu yüridür susamışları yakmaga.” 
B.Vahabzadə fikrini belə bildirir:
Sən dağın sirrini gülündən soruş,
Dərədə hönkürən selindən soruş,
Qayanın sirrini çırtma daşından,
Ocağın sirrini külündən soruş. (Kölgələr, səslər)
Elə bu fikirlərin davamı kimi təbiətin gizli sirlərini şair digər şeirlərində də aşkara çıxarmağa çalışır.
Qışda bahar, baharda qış,
Seldə, suda od gizlidir.
Ağ buludda yamyaşıl ot,
Yaşıl otda süd gizlidir.
…Vardan-yoxa bu dövrədə,
Küllü gördüm bir zərrədə.
Bir damcıda, bir qətrədə
Bu boyda vücud gizlidir. (Gizlidir)
Təbiəti fon və ya funksiya kimi istifadə edən şair poeziyadan başqa, öz hiss və düşüncələrini daha asan və təsirli şəkildə ifadə etmək üçün təbii situasiyalardan istifadə edir. Müasir ədəbiyyatşünaslıqda buna ekopoeziya da deyilir. Ekopoeziya günümüzün ekoloji qayğılarını ideoloji mübarizəyə çevirməyi hədəfləyən poeziyadır. Ekopoeziya bəzən insanların (və digər canlıların) bir-biri ilə və ətraf
mühitlə münasibətlərində təbii və sosial sistemlər arasındakı əlaqəni araşdırmaq üçün feminizmlə də əməkdaşlıq edir.
Zaman bizdən kam alıbdır,
Daha ürək qocalıbdır.
Bizdən ancaq ad qalıbdır,
Nə sən gülsən, nə mən bülbül. (Nə sən gülsən, nə mən bülbül)
 Və ya:
Qop, ey tufan, əs, ey yel! Xəzəl olum, tökülüm
Düz beş il ürəyimdə
Bəslədiyim məhəbbət, bir salama dəymədi. (Bir salama dəymədi)
Bu şeirlər həm təəssüfü, həsrəti, həm də xüsusilə qadınların sevgi mədəniyyətinin süni və qeyri-insani olaraq dəyişdiyini göstərir və ədəbiyyatın əsas mövzusu kimi vəfanın, etibarın daha əvvəlki qadınlarda olduğu nostaljisini ifadə edir. Şair həyatın getdikcə çətinləşdiyini, təbiətən ritmin, qanunauyğunluğun bu cür pozulmasını ilə əlaqələndirir və o təbii münasibətləri arzulayır.
Günəş ilə ay, gülüm,
Səniz ilə çay, gülüm.
Açıb üfüqlərini göy də yerlə birləşir,
Ən çılğın nəğmələr də quzu kimi mələşir.
Həyat da, lap ölüm də səninlə nəğmələşir. (Gecə serenadası)
Bahar ürəyimi sənsiz qış aldı,
 Mən yaza vurğunam, qışı neylərəm. (Sən getdin)
Və bütün bu narahatlıqlarının səbəbini şair gah insanda, gah da təbiətdə görür, onlarla şeir dilində danışır:
Neçin düşdün budağından,
Neçin düşdün, sarı yarpaq?
Sürünürsən ayaqlarda
Yarı xəzəl, yarı yarpaq?
Külək əsdi, səni kəsdi,
Yox etməkmi səni qəsdi?
Öz hökmündə o tələsdi,
Ağacların barı yarpaq.
Quşlar köçür dəstə-dəstə,
Könlüm özgə bir həvəsdə:
Kaş yerdə yox, ağac üstə
Salamlaya qarı yarpaq. (Yarı xəzəl, yarı yarpaq)
Burada yarpaq insandır, ömrün payızında da xəzəl olmamağı (burada: xəstələnməməyi), ömrün qışını - qarı (ölümü) ağac (ayaq) üstə qarşılamağı arzulayır. Şair küləkin əsməsi ilə budağından ayrılan, xəzələ dönən yarpağın halına acıyır və taleyin hökmünə üzüldüyü mənzərəni təqdim edir. Deyə bilərik ki, o, bu təsviri baxışı bizə təqdim edərkən təzahür və sorğu-sual sənətindən istifadə edərək təxəyyülə əl atır.
Ana təbiətin mühüm elementi olan heyvanların, o cümlədən quşların ədəbiyyatda da xüsusi yeri vardır. B.Vahabzadənin şeirlərində rastlaşdığımız digər təbiət elementləri kimi quşlar həm hərfi, həm də məcazi mənada işlənir. Ümumilikdə quşlardan bəhs edərkən xüsusilə sərçə, qağayı, qaranquş, qaratoyuq, sığırçın, kəklik, qırqovul kimi yerli quş növlərini təsvir və tərənnüm edir. “Bəlkə” şeirində quşların səsindəki sirri çözməyə çalışır, bunun üçün neyin oyuqlarını, muğamın pərdələrini quş səsləri ilə müqayisə edir. Yəni, təbiətdə heç nəyin itmədiyi, şəkil dəyişdirdiyi gerçəyi bir daha bu şeirdə öz təsdiqini tapır.
Bir quş ötür budağında
Bu nəğmənin laylasına
Çəmən, çayır mürgüləyir.
Naləsilə yazıq bizə
Nəsə deyir, nəsə deyir...
"Cik-cik", "cik-cik"...
O səsdəki
Qırıq-qırıq hıçqınqlar nə nalədir?
Qırqovulun döşündəki rənglər nədir?
O rənglərdə muğamdakı
Əlvan-əlvan pərdələri,
Pırıl-pırıl səsləri gör.
...Ney üstündə yeddi səsin,
Oyuq-oyuq yuvaları, nədir belə?
Bəlkə elə balaları perik düşən
Qaratoyuq yuvaları?
Səslər, qırıq bir arzunun can səsimi?
Yuvaları dağıdılmış
Çolpaların naləsimi?
…Sığırçının belindəki
Arşına bax, dünyanı gör.
…Qılınc səsi, qalxan səsi,
Bənövşənin üşüməsi…
Biri hünər, o birisi göz yaşıdır. (Bəlkə)
Bu şeir- poemanın bütövlükdə təbiət ünsürlərindən istifadə edilərək yazıldığını söyləmək olar. Şair quşların səslərinin, rənglərinin və hətta uçma şəkillərinin bir anlam daşıdığını, özünün də bu sirlərdən agah olduğunu bildirməyə çalışır.
“Qoruq” şeirində isə bu sirləri, təbiəyin gözəlliyi olan quşlara qarşı daha həssaslıq nümayiş etdirir:
Tap-tarap!
Daş dələn güllə səsindən
Kişnəyir qayalar, qızarır kollar.
Bir anlıq ləzzətin təntənəsindən
Çöllərdə nə ceyran, nə qırqovul var.
Neçəsi tərk olur bircə saatda
Bilmirəm, İnsanda bu, nə həvəsdi?
Bir anlıq sevincin ayağı altda İnsan,
gözəlliyi qurban da kəsdi.
Göydə qanad çalan turacı birdən,
Göydən endirməyi o, hünər bilir.
Bəs niyə bilmir ki, bü əyləncədən,
Axı gözəlliyin nəsli kəsilir. (Qoruq)
Şair ovçuluğu bir əyləncə, ləzzət meyarı görənlərə qarşıdır və təbiət gözəllikləri quşları ovlamağın əleyhinədir. Bu şeirdə şairin təbiəti olduğu kimi – canlı şəkildə təsviri oxucunu bu mənzərəni bir təəssüf hissilə seyr etməyə “dəvət edir”. Sonra bunun davamı kimi “Qırqovullara güllə atanlara” şeirilə dostluq, şəfqət yaxınlığı ilə oxucunun nəzərini təbiət gözəli qırqovul quşuna yönəldir. Şeir qarğışla başlayır:
Qolların qurusun, ovçu, bir dayan,
Qanla yazı yazma çılpaq kollara.
De, necə qıyırsan, güllə atırsan,
Çöllərin bəzəyi qırqovullara? (Qırqovullara güllə atanlara)
Sonra qınaqla “” davam edir:
Ətindən həzz aldın? Bir vəhşisən sən.
Ürəkdən üstünmüş səninçün qarın.
Həzz ala bilmədin gözəlliyindən,
Gözəllik naminə yaranmışların.
Və sonda şeir nəsihətlə bitir: “Təbiət düşməndir tökülən qana. / Qanın olsun! Qandan alma nəşə sən. / Onu yaradıb ki, baxasan ona, / S ən də onun kimi gözəlləşəsən!”
B.Vahabzadə meşəyə, çölə, çəmənə, dənizə, çiçəklərə, quşlara, quş səslərinə və s. ümid əlaməti kimi baxır. O, ceyrana, cüyürə, marala, dağ keçilərinə, qoyunquzuya qayğıkeş yanaşır və onların vasitəsilə şeirlərində müəyyən eyniləşdirmələr aparır. Şairin nəzərində təbiətin səsi elə bu gözəl canlıların səsidir ki, bu səslərlə həyat qırılma, yenidən doğulma, sevinc və kədər kimi harmoniyanın əlaməti hesab
olunur. “Elm – Əxlaq”, Qağayı kimi”, “Alma ağacları çiçəkləyəndə”, “Ağ tük”, “Əlvida” və digər şeirlərində mövsümlərdən bəhs edir, dünyanın, insanların, təbiətin normal axarını təsvir edir. Təbiətdəki nizamı, onun tarazlığını və fəsillərin, ayların, günlərin təbiətin qaydalarını qoruduğunu və bu zaman hiss olunan həzzi təsvir edir.
Şair bütövlükdə yaradıcılığında təbiətdən sitatlarla gözəl duyğuları, əsasən də məhəbbəti birləşdirir.
Susdu çəmən, susdu çöl, başını əydi güllər;
Təbiət lal kəsilər danışanda könüllər.
Bülbül də nəğməsini sanki deyir bizimçün.
Güllər açar qışda da, həsrətlər qovuşan gün.
Mənə elə gəlir ki, Günəş də doğdu gecə.
Heç kəs yaşamır, gülüm, bizdən özgə bu gecə. (Bu gecə)
Həssas qəlbinin ardında möhkəm və ötkəm vətən sevgisi dayanan şair yenə təbiətdən güc alaraq, “Anam torpaq, Atam od” deyə həqiqi kimliyini təqdim edir:
Azərbaycan oğluyam,
Odu Allah sanmışam.
Anam torpaq, Atam od,
Mən oddan yaranmışam:
Od kimi istiqanlı,
Seltək dəliqanlıyam.
Həyat qədər qədiməm,
Torpaq qədər şanlıyam. (Azərbaycan oğluyam)
Təbiət canlı və cansız varlıqları ehtiva edən, daim özünü yeniləyən, hərəkətdə olan dinamik bir kainatdır. Təbiət, şübhəsiz ki, əsrlər boyu yaradıcı insanlar üçün ilham mənbəyi olmuşdur. B.Vahabzadə də bu ilham qaynağından bəhrələnmiş, duyğu və düşüncələrini şeirlərində ifadə edərkən təbiətdən, təbiət elementlərindən istifadə etmişdir.
B.Vahabzadənin gənclik şeirlərinin çoxu sevgi məzmunlu olsa da, şairin sənət anlayışı illər keçdikcə dəyişsə də, şeirlərində təbiətdən qopmadığı, onu sevməkdən, ondan bəhrələnməkdən uzaq düşmədiyi görünür. Yaradıcılığı boyu insan həyatı üçün əvəzolunmaz ünsür olan təbiəti obrazlarla birləşdirərək mənzərə cızdığı göz qabağındadır.


Adilə Nəzərova 

Azərbaycan Respublikasının Təhsil İnstitutunun 

 aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru 





Ana səhifəyə qayıt        Baxış: 1 803          Tarix: Dünən, 16:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma