27 sentyabr 2020-ci ildə səhər saatlarında başlayan, 44 gün sürən Vətən Müharibəsində (II Qarabağ müharibəsi) müstəqilliyimizi və gələcəyimizi qorumaq, yaşatmaq, Azərbaycan xalqının 30 illik “mənəvi ölümünü” öldürmək üçün sinəsini tanklara, toplara sipər edərək qəhrəmanlıq dastanı yazan, Qarabağın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizi Azərbaycan Silahlı Qüvvələrinin kiçik leytenantı, Vətən müharibəsi şəhidi Vüsal Cəsarət oğlu Muradovun timsalında bir daha rəhmət və minnətdarlıqla anırıq.
Biz azərbaycanlılar milli dəyərlərinə, adət-ənənələrinə, xüsusilə inanclarına bağlı xalqıq və bu baxımdan Şəhidliyin ana və ataların, doğulmamış körpələrin, yetimlərin üzündə cənnətdən gələn müjdə olduğuna inanırıq. Bu müjdə 21 yaşlı, subay Şəhid Vüsal Muradov kimi toysuz-paysız, dünya evinə girməyə, ailə xoşbəxtliyini dadmağa vaxtı olmayan, şəhadətə yetib, sevgi dolu qəlblə Rəbbi ilə görüşən bütün subay Şəhid oğulların toylarını axirətədək təxirə salmalarına olan inancımızdır. İnanclarımıza görə Allah insanların Ona çatması üçün çoxlu yollar yaratmışdır, sevdiklərinə və layiq bildiklərinə isə asan və qısa yolu açır.
Hərbçi idi Vüsal Muradov, kəşfiyyatçı idi. Təhlükələrdə, güllə yağışı altında yerimək, düşmənin hərəkətlərini izləmək və hadisələri, olacaqları təxmin edib xəbər vermək, önləmək, bir sözlə vətənə bu yolla xidmət etmək onun öz istəyi idi. Ata yurdu Ağdamı görmək isə arzusuydu. O, bu arzusuna çatmasa da vətən uğrunda müharibə həqiqəti ilə üz-üzə gəlmək fürsəti tapdı. Qəhrəmanlıq, Şəhadət üçün doğulanlar kimi, o da Vətənində insanların azad, demokratik şəkildə, ləyaqətlə və alnı açıq yaşaması uğrunda döyüşdü, xunta və vəhşiliklə Azərbaycanın ürəyi olan Qarabağı xarabaya çevirənlərə “dur!” deməyə yollandı.
Vüsal Muradov Zəngilanda, Qubadlıda, Cəbrayılda qanlı döyüşlərdən keçib, 29 oktyabr 2020-ci ildə Xocavənddə, Hadrut istiqamətində gedən döyüşlərdə Şəhid oldu, millətinə müqəddəs bir vida etdi, Qarabağın, çox görmək istədiyi ruhlar şəhəri Ağdamın səmalarına bir göyərçin buraxdı. İndi o göyərçün Şəhid ruhu kimi Azərbaycanın dörd bir tərəfinə uçmaqdadır. Ruhu şad, məqamı uca olsun.
SƏN ŞƏHİD
Azərbaycan Silahlı Qüvvələrinin kiçik leytenantı, Vətən müharibəsinin şəhidi Vüsal Cəsarət oğlu Muradovun xatirəsinə
Adın ilə dalğalanır bayrağım,
Qan tökdün ki, Vətən olsun torpağım,
Cənnətdəndi, behiştdəndi sorağın,
Mübariz, həm Polad şəhid, sən şəhid.
Gözümüzdə ən uca zirvə, dağsan,
Azərbaycan var olduqca sən sağsan,
Qarabağa otuz il öndən baxsan…
Allahverdi, Ala Yaqub… sən şəhid.
Düşdüyünüz yerlər bizim könlümüz,
Qəlbimizdə açan bir ağ gülsünüz,
Sizsiz necə gülər çəmən-çölümüz,
Müşfiq, Novruz, Vüqar, Elçin, sən şəhid.
Hansı nakam əri çəkim de, misal,
Kimdir o gedən ki qalıbdır? -sual,
Şəhadətin İlahidən pay, Vüsal,
Toğrul şəhid, Samir şəhid, sən şəhid,
Ulduz oldun zülmətdə mayak üçün,
Torpaq oldun bayrağa dayaq üçün.
Zəfər çaldın ədalətlə Haqq üçün,
Əli, Həsən, Hüseyn şəhid, sən şəhid.
Adilə Nəzərova
Filologiya üzrə fəlsəfə doktoru, AYB-nin üzvü
Paylaş: