Giriş
Son bir neçə ay ərzində Ermənistanda, eləcə də ondan kənarda revanşist qüvvələrin fəaliyyətlərində ciddi fəallıq müşahidə olunur. Bu qüvvələrin əsas səyləri isə hazırkı Ermənistan hakimiyyətini dəyişmək və Qarabağı qaytarmaq istiqamətinə yönəlib. Qeyd etmək lazımdır ki, erməni ictimaiyyəti arasında revanşist meyillərin yaradılması istiqamətində həyata keçirilən bütün fəaliyyətlərin başında Daşnaksütyun aparıcı qüvvədir. Bu istiqamətdə görülən tədbirlər nəticəsində:
- ləğv edilmiş qondarma rejimin “dövlət” institutlarının saxlanılmasına aktiv olaraq dəstək göstərilməyə başlanıb; - revanşist meyillərdən irəli gələrək beynəlxaq ictimaiyyət arasında Qarabağ məsələsinin gündəmdə qalması fəaliyyətlərinə dəstək artıb;
- erməni ictimaiyyəti arasında revanşist əhval-ruhiyyənin yaradılması yönündə çağırışlar edilib.
Daşnaksütyunun fəaliyyətləri
ABŞ-da yerləşən Qarabağ ermənilərini birləşdirmək məqsədilə 2024-cü ilin dekabr ayında “Artsaxın Müdafiə Cəbhəsi” adlı ictimai təşkilat yaradılıb. Dekabr ayının 31- də həmin təşkilatın Los-Ancelesdə təsis yığıncağı keçirilib. İclas zamanı təsisçilər qeyd ediblər ki, ABŞ-da Qarabağ ermənilərini təmsil etmək, onların maraqlarını qorumaq, eyni zamanda yerli və federal səviyyədə səslərini gücləndirəcək güclü ictimai təşkilatı yaratmaq vacib idi. Təşkilatın Qarabağ “məsələsi”ni ABŞ-da federal siyasətin gündəliyinə çıxarmaq və müzakirələrə daxil etmək üçün hüquqi dəstək göstərməyə yönəlmiş tədbirlər görmək niyyətində olduğu qeyd olunur. Bununla yanaşı, müəyyən edilib ki, yeni yaradılmış təşkilatın fəaliyyətləri arasında Qarabağ ermənilərinin kimliyini qorumaq, onlara yardım göstərmək və onların problemlərini həll etmək kimi fəaliyyətlər də mövcuddur.
2024-cü ilin dekabr ayının 30-da “Artsax”ın Daşnaksütyun Mərkəzi Komitəsinin sədri Ara Puluzyan verdiyi müsahibə zamanı qeyd edib ki, ləğv edilmiş qondarma rejimin prezident və parlament təsisatlarının fəaliyyətinin təmin edilməsi məsələləri prioritetdir. Lakin Ermənistan hakimiyyəti bunun qarşısını almaq istiqamətində fəaliyyət göstərir və ləğv edilmiş qondarma rejimə hücum edərək Qarabağ erməniləri arasında nifaq salmağa çalışır. A.Puluzyan, əlavə edib ki, bu gün “Artsax”ın siyasi gündəliyinə Qarabağ ermənilərinin hüquqlarının təmin edilməsi və kollektiv qayıdış hüququnun həyata keçirilməsi məsələsi daxildir və 2024-cü ildə bu istiqamətdə bir sıra uğurlar əldə olunub. Bu uğurların qeydə alınmasını isə o, Amerikanın Erməni Milli Komitəsinin (ANCA) və ofislərlərinin işi ilə əlaqələndirib. Müsahibə zamanı Puluzyan erməni diasporunun fəaliyyətinə də toxunub. O, qeyd edib: “Qarabağ ermənilərinin hüquqlarına təkcə Qarabağ erməniləri deyil, həm də bütün erməni xalqının hüquqları kimi baxmaq lazımdır. Ermənistan “Artsax”, “Cavax” və “Qərbi Ermənistan” ilə birlikdə erməni xalqının vətənidir. Vətənin azadlığı uğrunda mübarizə isə hər kəsin mülkiyyətinə çevrilməlidir. Daşnaksütyun son 130 ildə olduğu kimi, azadlıq mübarizəsinin ön cəbhəsindədir. Gizlətməyəcəyəm ki, bu, Qarabağ erməniləri tərəfindən yüksək qiymətləndirilir və bu məsələdə Daşnaksütyunun rolunu heç kim inkar edə bilməz.”
Puluzyan 2023-cü ilin oktyabr-noyabr aylarında “Artsax”ın Daşnaksütyun Mərkəzi Komitəsinin strukturunun yenidən təşkil edildiyi barədə məlumat da verib. O, qeyd edib ki, Ermənistanın müxtəlif bölgələrində və İrəvanda olan bütün partiya dostları təşkilatın işinə cəlb edilib, partiya işi İrəvanda cəmləşib və şəhərdə kifayət qədər qruplar var. Ara Puluzyan onu da əlavə edib ki, onlar yerli Daşnaksütyun orqanları ilə fəal əməkdaşlıq edirlər. Davamında o, qeyd edib: “Əminəm ki, mübarizəmiz davam edəcək. Geri çəkilməyə yerimiz yoxdur. Təbii ki, psixoloji depressiya var, lakin tədricən düşüncələrimiz və hərəkətlərimiz birləşir. Məğlubiyyət damğasını həmişəlik alnımızda saxlaya bilmərik, onu ancaq döyüşməklə silə bilərik. Ümid edirəm ki, 2025-ci ildə bizdə bu baxımdan müsbət dəyişiklik olacaq. 2025-i evdə qarşılaya bilmədik, arzulayıram ki, 2026-cı ili Stepanakertin Dirçəliş meydanında qarşılayaq.”
2024-cü ilin dekabr ayının 18-də Tehran şəhərində Daşnaksütyunun 134-cü ildönümünə həsr edilmiş tədbir baş tutub. Tədbirdə Daşnaksütyun Bürosunun üzvü Vigen Baqumyan, İran parlamentinin nümayəndələri Ara Şahverdyan (Tehran və Şimali İran erməniləri üzrə məsul) və Qeğard Mansuryan (İsfahan və Cənubi İran ermənilərinə məsul), “Artsax”ın Daşnaksütyun Mərkəzi Komitəsinin sədri Ara Puluzyan, “ALİK” İnstitutunun nümayəndəsi Sevan Danielyan, Tehran Yeparxiyasının Rəyasət Heyətinin Deputatlar Məclisinin sədri Surik Abnusyan, Kilikiya Böyük Evi Katolikosluğu Milli Mərkəzi Şurasının Siyasi Məclisinin üzvü Yovsep Avedian, İran Erməni Yevangelist Kilsəsinin keşişi Mişel Ağamalyan, milli qurumların və təşkilatların nümayəndələri, Tehrana Ermənistandan qonaq kimi gəlmiş jurnalistlər, eləcə də Daşnaksütyun Bürosunun keçmiş nümayəndəsi, “Könüllülər Hərəkatı” ictimai təşkilatının sədri Hrant Marqaryan iştirak edib. A.Puluzyan öz çıxışı zamanı “Artsax”ın Daşnaksütyun Mərkəzi Komitəsinin sədri kimi ilk öncə qarşıda duran vəzifələr və görülən işlər barədə məlumatlar verib. O, qeyd edib ki, əsas vəzifələrdən biri ləğv edilmiş separatçı rejimin hazırkı hakimiyyətini qoruyub saxlamaq və onların fəaliyyətinin maneəsiz davam etdirilməsini təmin etməkdir. Belə ki, bu, “hakimiyyət” seçkilər yolu ilə formalaşmış və beynəlxalq platformalarda Qarabağ ermənilərinin maraqlarını təmsil edə biləcək yeganə “hüquqi” orqan ola bilər. Növbəti vəzifəni isə o, insanların fundamental hüquqlarının, xüsusən də geri qayıtma, öz müqəddəratını təyinetmə və digər hüquqların beynəlxalq arenada qaldırılması və müzakirə edilməsi kimi açıqlayıb. Bununla yanaşı, əsir düşmüş və həbs edilmiş ermənilərin azad edilməsi məsələsini də qarşıda duran vəzifələrin sırasına daxil edib. Puluzyan, çıxışı zamanı tədbir iştirakçılarına çağırışlar da edib və bildirib: “Əminəm hamımız inanırıq ki, erməniləri ancaq silahla xilas etmək olar, lakin qanunvericilik bazası da vacibdir və bu daimi səy və zəhmət tələb edir. Daşnaksütyun bütün əlaqəli strukturları, ANCA-nın filialları, əlaqəli ofisləri və dəstəkləyici dairələri ilə birgə Qarabağ və onun əhalisinin hüquqları uğrunda Ermənistan-Artsax-Diaspor birliyi çərçivəsində mübarizəyə sadiqdir. Mübarizənin uzun sürəcəyinə əminik. Bu mübarizədə məğlubiyyətlər, məyusluqlar olacaq, yıxılacağıq və bunların hamısı mübarizənin tərkib hissələridir. Lakin əsas odur ki, yenidən ayağa qalxmaq, gücümüzü cəmləşdirmək və dayanmaq lazımdır.”
Tədbirdə çıxış edən Hrant Marqaryan isə qeyd edib: “Əminəm ki, bir gün elə bir qığılcım yaranacaq ki, o yanğına səbəb olacaq və ya kortəbii xalq hərəkatı dalğası gələcək və fırtınaya çevrilərək bu hakimiyyəti qovacaq. Lakin problem ondadır ki, düşmənin əlaltısına çevrilən bu komanda ölkəni yeni məğlubiyyətlərə aparır. Bu prosesi dayandırmaq lazımdır. Ölkəni xilas etmək, “Artsax”ı azad etmək lazımdır. Əsas olan vətənin xilasıdır. Düşmən qalib gəldiyini düşünsə də, Ermənistanın indiki hakimiyyətini gələcəkdə mütləq əvəzləyəcək erməni revanşizmindən qorxur”.
Daha sonra o davam edir: “Bizim əsas vəzifəmiz, gündəlik və uzunmüddətli işimiz insanlarla dialoq aparmaq, onlara təsir etmək, öz nöqteyi-nəzərimizi izah etmək, dəyərlər sistemimizi yaymaqdır, əks halda bir-birinə düşmən olan bu insanlar gələcəkdə Ermənistanın probleminə çevriləcək. İlk növbədə düşüncələrə təsir etmək lazımdır. Vaxtımız yoxdur, daha doğrusu, gecikmişik. Biz hərbi sənayeni təşkil etmək və inkişaf etdirmək üçün erməni xalqının insan, elm və maddi imkanlarını birləşdirməliyik. Söhbət müasir hərbi sənayedən gedir. Hərbi sənaye iqtisadiyyatımızın əsas istiqamətinə çevrilməlidir. Ordunu gücləndirməklə paralel, onu təşkilatlandırmak, təlim keçmək və mənəvi-psixoloji ab-havasını yaxşılaşdırmaq lazımdır. Ümumerməni qüvvələrin vahid qərargahını təşkil erədək, əsir düşmüş və həbs edilmiş ermənilərin azad edilməsi üçün bütün dünyada ümumerməni mübarizəsinə start vermək lazımdır. Biz “Artsax” xalqını Ermənistanda göz bəbəyimiz kimi saxlamalıyıq, onların Ermənistanı tərk edərək “Artsax”a qayıtmaq üçün bir yeri var. Bu gün “Artsax” xalqı mübarizə, həyat verən mübarizə istəyir ki, “Artsax”a qayıtmaq və azad edilmiş “Artsax”ı görmək ümidi görünən olsun.”
Ləğv edilmiş qondarma rejimin fəaliyyətləri
2024-cü ilin dekabr ayının 10-da ləğv edilmiş qondarma rejimin İrəvan şəhərində hələ də fəaliyyət göstərən nümayəndəliyində qondarma keçmiş parlamentin qapalı iclası keçirilib. İclasın ləğv edilmiş qondarma rejimin “müstəqilliyi” haqqında referendumuna həsr olunduğu bildirilib. Qeyd edək ki, iclasda Ermənistan parlamentinin deputatları Seyran Ohanyan, Tiqran Abrahamyan, Hayk Mamicanyan, eləcə də “Müqəddəs mübarizə” hərəkatının rəhbəri keşiş Baqrat Qalstanyan, ləğv edilmiş qondarma rejimin parlamentinin Yevlaxa gələn keçmiş xarici əlaqələr üzrə daimi komitəsinin üzvü David Melkumyan və digər partiya rəhbərləri də iştirak edib. Tədbirin yekununda Qalstanyanın verdiyi müsahibə zamanı çəkilən videoçarxın monitorinqi zamanı arxa fondakı insanların nümayəndəlik binasına girib-çıxdığı açıq şəkildə müşahidə olunur ki, bu da onun hələ də fəaliyyət göstərdiyinə dəlalət edir. Qeyd edək ki, nümayəndəliyin həyətində “Arstaxın hərbi-siyasi rəhbərliyinə azadlıq” sözləri yazan və üzərində separatçı rejimin həbs edilmiş şəxslərinin fotoşəkilləri olan lövhə də quraşdırılıb.
Tədbirdə iştirak edən Ermənistan parlamentinin Daşnaksütyun partiyasının üzvü Qarnik Daniyelyan mətbuata verdiyi müsahibəsində bildirib ki, iclasda mühüm qətnamələr qəbul edilib və bu qətnamələr beynəlxalq ictimaiyyətə, Minsk qrupunun həmsədr ölkələrinə çatdırılıb. Q.Daniyelyan onu da əlavə edib ki, Qarabağ məsələsi bağlanmayıb. Hər şey edilməlidir ki, Qarabağ ermənilərinin geri qayıtmaq hüququ gündəmin bir hissəsinə çevrilsin. Bu istiqamətdə hələ çox iş görülməlidir.
Ləğv edilmiş qondarma parlamentin nümayəndəsi Metakse Hakobyan da iclas barədə mətbuata bəzi açıqlamalar verib. O, qeyd edib: “Dekabrın 10-da biz kvorumu təmin edə bildik və bu istiqamətdə işlər davam edir ki, “parlament” normal iş rejiminə qayıtsın. Hazırda bu mərhələdəyik və əminəm ki, bunun öhdəsindən gələcəyik. Nəticə etibarilə insan faktoru rol oynamamalıdır, məqsəd var və bu məqsəd Qarabağ ermənilərinin Qarabağa qayıtmaq hüququdur. Əlbəttə bu daha vacibdir və qazanc dalınca gedənlər qalib gəlməməlidir.” M.Hakobyan eyni zamanda bəzi “millət vəkillərinin” Ermənistan hakimiyyətinin maraqlarını qorumaqda günahlandırıb. O, qeyd edib ki, bir neçə dəfə ləğv edilmiş qondarma parlamenti gündəlikdəki ən mühüm məsələlər üzrə sessiyasını çağırmağa cəhd ediblər, lakin fraksiyalardan biri bunları boykot edib. Bunun hansı fraksiya olduğuna dair suala isə cavab olaraq bildirib ki, bu, Samvel Babayanın rəhbərlik etdiyi “Vahid Vətən” partiyasıdır.
Qeyd etmək lazımdır ki, ləğv edilmiş qondarma rejimin “dövlət” institutlarının saxlanılması barədə ölkənin mətbuat orqanlarında da məlumatlar yayılıb. Belə ki, “Hraparak” nəşri ləğv edilmiş qondarma rejim nümayəndələrinin nəyin bahasına olursa olsun parlament, hökumət və prezident institutlarını saxlamaq istədiklərini qeyd edir. Bunun üçün hətta bir neçə aydır ki, ekspert qrupunun yaradıldığını və onların hüquqi həll yollarını müzakirə etdiklərini iddia edir. Bildirilir ki, ləğv edilmiş separatçı rejimin parlamentinin fəaliyyət müddəti qanunda mövcud olan “parlamentin səlahiyyətlərinə parlamentin növbəti çağırışının ilk iclası zamanı xitam verilir” tənzimləməsinə əsasən davam edəcək. Bu qanun tənzimləməsinin “prezident” üçün də tətbiq edilə biləcəyi iddia olunub. Bütün qurumların ictimai əsaslarla, büdcəsiz və ödənişsiz fəaliyyət göstərəcəyi qeyd edilib.
Nəticə
Hadisələrin təhlili onu deməyə əsas verir ki, son zamanlar daşnaklar və ləğv edilmiş qondarma rejimin keçmiş nümayəndələri arasında müəyyən fikir formalaşıb. Bu, 1980-ci illərdə olduğu kimi əhali arasında gizli təbliğat və təşkilatlanma apararaq, təkrar hansısa nəticələrə nail olmaqdan ibarətdir. İsitisna edilmir ki, hazırda Daşnaksütyun tərəfindən aparılan təbliğatın əsasını məhz bu ideya təşkil edir.
Həmçinin, istisna edilmir ki, Daşnaksütyun və ləğv edilmiş qondarma rejimin keçmiş nümayəndələri gizli fəaliyyətlərinə birgə davam edəcəklər. Bu qüvvələrin Qarabağ məsələsini gündəmdə saxlamaq, Ermənistan hakimiyyətini dəyişmək (istənilən yolla) və əhali arasında revanşizm toxumlarını yaymaq yönündə aparılan təbliğat işini yaxın gələcəkdə artıracaqları ehtimalı yüksək qiymətlədirilir. Görülən bəzi işlərin təşkili üçün isə ləğv edilmiş qondarma rejimin nümayəndəliyi istifadə oluna bilər.
Beynəlxalq ictimaiyyət arasında görülən işlərə gəlincə isə qeyd etmək olar ki, burada əsas məqsəd Qarabağ uğrunda başlaması ehtimal edilən yeni mübarizə üçün hüquqi müstəvidə bəzi dayaq nöqtələri yaratmaqdır. Əsas səylər ona hesablanıb ki, Ermənistanda yaxın gələcəkdə hakimiyyət dəyişəcək və bunun nəticəsində hakimiyyətə gələn yeni iqtidar Qarabağ uğrunda təkrar mübarizəyə başlayacaq.
Müəllif: Fuad Abdullayev,
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin məsləhətçisi
Paylaş: