Xəbər lenti

ABŞ-ın yeni prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həlli məsələsində Rusiya lideri Vladimir Putinə güzəştə getməyə hazırlaşmır. Bu barədə Tramp administrasiyasının Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Fox News-a müsahibəsində bildirib.

Kelloq Trampın məqsədinin Ukraynanın suverenliyini qorumaq olduğunu vurğulayıb. O qeyd edib ki, ABŞ prezidenti münaqişənin ədalətli və dürüst həllini prioritet hesab etməklə yanaşı, nə Putinə, nə də Rusiyaya hər hansı güzəştə getmək niyyətində deyil.

Pentaqon rəhbəri Lloyd Ostin isə Bloomberg-ə müsahibəsində bildirib ki, Ukraynaya qarşı müharibədə rusların üstünlüyü olsa da, Kreml artan çətinliklərlə üzləşir ki, bu da əldə etdiyini möhkəmləndirməyi çətinləşdirir. “Belə fikir var ki, Rusiyanın üstünlükləri və kozırları var. Onun bəzi üstünlükləri var. Lakin o, tam dominantlıq deyil. İstədiyini əldə edə bilsə belə, bu, gələcəkdə çox baha başa gələcək”, - Ostin deyib.

Onun sözlərinə görə, Trampın yeni administrasiyasının həyata keçirə biləcəyi istənilən atəşkəs razılaşmasında bunun nəzərə alınması lazımdır. Ostin vurğulayıb ki, Ukrayna torpaqlarının işğalı hətta atəşkəsdən sonra da xeyli vəsait tələb edəcək. “Rusiya onları saxlamaq üçün çox səy göstərməli olacaq”.

O, əlavə edib ki, ABŞ-ın Ukraynaya yardımında strateji uğuru olmasaydı, Putin Suriyanı itirməzdi: “Putin Ukraynaya bu qədər səy göstərdiyi üçün müttəfiqi Bəşər Əsədə kömək edə bilməyib. Suriyadakı əsas dəniz bazasına çıxışı olmayan Putin Afrika ölkələrindəki mövcudluğunu da itirə bilər”.

Bəs Kelloqun bəyanatı o deməkdirmi ki, Tramp administrasiyası istədiyi nəticəni alanadək Ukraynaya hərbi və maliyyə köməyini davam etdirəcək? ABŞ-ın yeni prezidentinin Ukrayna ilə bağlı konkret hərəkət planının və ya “Yol xəritəsi”nin artıq dəqiqləşdiyini və ya andiçməyə kimi tam hazır olacağını söyləmək olarmı?

Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a deyib ki, Trampın Ukraynanın ərazi güzəşti hesabına Rusiya ilə dil tapacağı versiyasına əvvəldən inanmayıb:

“Mən bu barədə fikirlərimi dəfələrlə media orqanlarına verdiyim açıqlamalarda dilə gətirmişəm. Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqun Fox News-a müsahibəsi də bu fikri bir daha təsdiqləyir. Şəxsən mənim qənaətimcə, Trampın güzəştçi ritorikası Ukraynadan çox Qərbi Avropa ölkələrinə qarşı yönəlib. Məlumdur ki, Qərbi Avropa ölkələri Ukraynaya hərbi dəstəyə olduqca xəsis davranmağa çalışır. Soyuq savaş illərindən indiyədək öz təhlükəsizliyinin bütün məsuliyyətini ABŞ-ın çiyinlərinə yükləməyə çalışan Avropa ölkələri ÜDM-nın 2%-ni belə hərbi sahəyə ayırmaq istəmir. Nəticədə NATO-nun hərbi xərclərinin böyük hissəsi – hardasa üçdə ikisi ABŞ-ın üzərinə düşür. Tramp və ondan əvvəlki digər ABŞ prezidentləri isə bu yanaşmanı dost istismar kimi alqılayır və bunu açıq şəkildə dilə gətiriblər. ABŞ-ın seçilmiş prezidenti Donald Tramp çıxışlarından birində bildirmişdi ki, onun ölkəsi savaş təhdidi ilə qarşı-qarşıya deyil və uzun müddət də olmayacaq. Çünki ən güclü düşməni sayıla biləcək Çin və Rusiya ilə münasibətlərdə iki tərəfdən okeanla çevrələnib, Amerika qitəsində isə onun qabağına çıxacaq heç bir ölkə yoxdur. Buna baxmayaraq, hər il ÜDM-nin 4%-ni hərbi sahəyə ayırır. Hazırda qlobal hərbi xərclərin yarısına qədəri bu ölkənin payına düşür. Faktiki olaraq NATO müttəfiqlərinin müdafiəsi və təhlükəsizliyi onun üzərindədir. Di gəl ki, o, NATO-dakı müttəfiqlərinin müdafiəsinə bu qədər vəsait xərclədiyi halda, müttəfiqlər isə özləri barədə düşünmürlər. Əldə etdikləri pulları sosial siyasətlərə, əhalilərinin rifah halının yüksəldilməsinə xərcləyirlər. Loru dillə desək, ABŞ-ın hesabına kef çəkirlər. Odur ki, Avropa heç olmasa, əlini daşına altına qoymalı, müdafiə xərclərini artırmalı, ABŞ-ın təhlükəsizlik çətiri altına girmək üçün ona vəsait ödəməli, bir növü, öz müdafiələrini satın almalıdırlar”.

Heydər Oğuz hesab edir ki, ABŞ-ın Ukrayna məsələsinə “laqeyd” qalması Avropanı rus təhdidi ilə üz-üzə buraxıb onu qorxutmağa və bu yolla özündən asılı vəziyyətə salmağa xidmət edir: “Amma gerçək mənada Rusiyanın Ukrayna cəbhəsində qələbə əldə etməsini ən çox istəməyən tərəf də ABŞ və onun prezidenti Trampdır. Vaşinqton yaxşı anlayır ki, Ukrayna savaşı Rusiyanın qələbəsi ilə başa çatsa, Avropa ölkələrinin də yüyəni Moskvanın əlinə keçəcək. Nəticədə ABŞ superdövlət statusunu itirəcək, dünyanın idarə olunmasında yeni güc mərkəzləri ortaya çıxacaq. Heç bir supergüc bu perspektivlə razılaşmaz. ABŞ da həmçinin. Üstəlik, onu da unutmamalıyıq ki, Rusiyanın yenidən Avropanı öz enerji asılılığına salması əslində qoca qitənin də maraqlarına zidd deyil. Avropa öz ehtiyacı olan qazı kimdənsə almalıdır. Rusiyadan ala bilməsə, ABŞ-dan alacaq. ABŞ-ın enerji strategiyasında isə Avropanın enerjisi ehtiyacının 100%-ni qarşılamaq nəzərdə tutulur. Bu isə daha çox asılılıq deməkdir. 100%-ə yaxın asılılq öz növbəsində enerji bazarında inhisarçılıq yaradır və dominant tərəfi istədiyi qiymət siyasətini yürütməyə həvəsləndirə bilər. Başqa sözlə desək, Avropanın enerji bazarının tamamilə Rusiyanın təsir dairəsindən çıxıb ABŞ-ın təsir dairəsinə daxil olması “qoca qitə”də enerji qiymətlərinin maksimum səviyyədə artması anlamına gəlir. Bu isə nəticə etibarilə Avropanın sənaye şirkətlərinin qlobal rəqabətdə uduzması və tədricən iqtisadi güc mərkəzi kimi tarixdən silinib getməsinə yol aça bilər. Məhz bu həyati təhlükə Avropanın rus enerji resurslarına maraqlarını artıran amil kimi ortaya çıxır.

Ən əsası isə rus enerjisi bazasında öz iqtisadiyyatının qurulmasında ən çox qazanan tərəf də Avropadır. Avropa ölkələri Ukrayna savaşına qədər faktiki mövcud olan bu iqtisadi münasibətləri yenidən bərpa edə bilsələr, yeni dünya nizamında ən aparıcı güc mərkəzləri kimi ortaya çıxa bilərlər. Əks təqdirdə ABŞ-ın himayəsinə daha çox sığınıb onun müstəmləkəsinə çevrilərlər”.

Siyasi şərhçinin mülahizələrinə inansaq, Trampın son zamanlar Kanada və Qrenlandiyaya iddiası da ABŞ liderinin rus dostu olmadığını təsdiqləyib: “Maraqlıdır ki, Trampın Ukrayna “laqeydliyi”nin arxa planında nə qədər Avropaya qarşı siyasət dayanırsa, eynilə onun Kanada, Qrenlandiya və Panama kanalı ilə bağlı iddiaları da Çinin və Rusiyanın eleyhinə yönəlib. Daha aydın təbirlə desək, şəxsən mənim fikrimcə, Trampın Kanada və Qrenlandiya ilə bağlı iddialarının iki başlıca səbəbi var. Bunun biri Şimal qütbü üzərindən keçən beynəlxalq nəqliyyat dəhlizinə nəzarət etmək, digəri isə Arktikanın təbii sərvətlərinə yiyələnməkdir. Məlumdur ki, qlobal istiləşmə nəticəsində Arktikanın buzları əriyir və şimal qütb dairəsi gəmilər üçün keçid avantajı qazanır. Bu da dünyanın cənub-şərqi ilə şimal-qərbi arasında ən qısa marşrutun meydana gəlməsinə şərait yaradır. Hesablamalara görə, şimal qütb dairəsinin marşruta açılması hazırda fəaliyyətdə olan Süveyş kanalı ilə keçiddən 2 qat qısa və ucuz başa gələcək. Çin gəmilərinin Süveyş kanalı ilə Aralıq dənizə çıxış məsafəsi 13 min km-dirsə, Berinq boğazından keçərək Murmanska səfər 6600 km-dir. Ağır yük gəmiləri Hind-Sakit okeanından Süveyş kanalı üzərindən Aralıq dənizinə 50 günə gedirdilərsə, Şimal qütb dairəsi marşrutu ilə 30 günə gedəcəklər. Bu da həm məsafədə, həm zamanda, həm də yanacaq sərfiyyatında dəniz yolu ticarəti üçün böyük avantajlar meydana gətirəcək. Şimal qütb dairəsi marşrutu isə hələ ki, Rusiyanın əlindədir. Rusiyanın coğrafi mövqeyi bu üstünlüyü əlində saxlamağa imkan verir. Zira Rusiyanın Berinq boğazı ilə Murmansk limanı faktiki olaraq Şimal qütbünün 

yarısını əhatə edir. ABŞ-ın isə Şimal qütb dairəsində yerləşən bir torpaq parçası var – Alyaska. O isə Şimal qütb dairəsinin cəmi 5%-ni əhatə edir. Arktikanın 30%-ə yaxını Kanadanın, 10-12%-i isə Qrenladiyanın sahilindədir. ABŞ əgər bu əraziləri də özünə birləşdirsə, Arktika uğrunda rəqabətdə Rusiya ilə eyni vəziyyəti yaxalaya biləcək.

Digər tərəfdən, Şimal qütb dairəsi təbii sərvətləri ilə zəngin bölgədir. İlkin hesablamalara görə, dünyanın təbii qaz ehtiyatlarının 30%-dən çoxu bu dairədə yerləşir. Bundan əlavə, Arktikada 90 milyard varil neft ehtiyatı təsbit edilib. Aktika gələcəyin enerji qaynaqları və vasitələri kimi tanınan nadir torpaq nümunələri ilə bir çox dövlətlərin diqqətini cəlbder, onları amansız rəqabətə sürükləyir. Üstəlik, Arktikanın aparıcı şimal dövlətlərinə yaxınlığı da onun əhəmiyyətini artırır. Bu bölgədə çıxarılacaq neft və qaz məhsulları Qərbi Avropanın enerji tələbatını rahatlıqla qarşılaya bilər. Özü də kifayət qədər ucuz qiymətə.

Coğrafi yaxınlıq hərbi-strateji cəhətdən də ABŞ-ın işinə yarayır. Məsələn Qrinlandiyada yerləşdirilən orta mənzilli raketlər Rusiyanın şimalında istənilən nöqtəni asanlıqla vurmaq imkanına malikdir.

Trampın hələ hakimiyyət kreslosunu təhvil almamışdan əvvəl Qrinlandiya və Kanadaya iddia etməsi onun Rusiya ilə amansız rəqabətə hazırlaşdığını göstərir. Təbii ki, bu cür kritik vəziyyətdə Ukrayna savaşının Rusiyanın xeyrinə bitməsi Tramp Amerikasının əlini zəiflədib, onun əsas hədəfinə ikinci nəfəs qazandıra bilər. Məhz bu səbəbdən Trampın Ukraynada savaşı bitirməyə çalışması real görünmür”.

E.MƏMMƏDƏLİYEV,

Musavat.com




Ana səhifəyə qayıt        Baxış: 41          Tarix: Bu gün, 21:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma