ƏDƏBİYYATIMIZIN BİR İLKİ BARƏDƏ SÖHBƏTİMİZDƏN
Həmsöhbətim pedaqoq-publisist, bir sıra bədii əsərlərin müəllifi Nazim Əkbərovdur. Nazim müəllimin ədəbiyyatımızda bir ilk olan “Pərvanə ömrü” adlı tarixi roman-trilogiyasının birinci kitabı artıq nəşr olunmuş, digər iki kitab üzərində işi başa çatmışdır. Biz də fürsətdən istifadə edərək Nazim müəllimlə elə bu kitab barədə söhbət etdik. Söhbətin sizin üçün də maraqlı olacağına əmin olduğumuzdan onu yayınlamağı qərara aldıq. Buyurun, siz də söhbətdə iştirak edin.
- Nazim müəllim, xoş gördük. Həqiqətən, yeni ildə sizinlə görüşmək çox xoşdur. Əslində, sizinlə görüşüb söhbət etməyi çox arzu edirdim, çoxdandır görüşmürdük.
- Xoş gününüz, xoş illəriniz olsun, Heydər bəy. İnanın, mən də sizin üçün darıxmışdım. Xüsusən, sizin də fəal iştirak etdiyiniz sərhəd hərəkatının növbəti ildönümü, bu hadisənin sonra Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə çevrilməsi, bir zamanlar SSRİ hakim dairələrinin nifrətlə baxdığı hadisələrin sonradan, müstəqilliyimizi qazandıqdan sonra xalqımızın qürur səhifələrinə çevrilməsinin gətirdiyi əhval-ruhiyyə adamda təkcə yaşamaq istəyi deyil, yaşamaqla xalqımız üçün nəsə bir şey etmək istəyi oyandırır.
- “İstək” demişkən, mən də elə sizin istəyinizin məhsulu olan, ədəbiyyatımıza verdiyiniz bir yenilikdən – “Pərvanə ömrü” tarixi roman-trilogiya barədə söhbət etmək istəyirəm. Eşitdiyimə görə artıq trilogiyanın birinci kitabı çapdan çıxmışdır.
- Diqqətiniz üçün təşəkkür edirəm, Heydər bəy. Elədir, 2024-cü ilin son dövrü mənim üçün əlamətdar oldu. Ömrümün son on dörd ilini sərf etdiyim roman-trilogiyanın iki cilddən ibarət “Dünya qəvi, tale zəbun” adlı birinci kitabı çapdan çıxdı. Bundan sonra trilogiyanın ikinci və üçüncü kitablarını çap etdirmək, onların sevincini yaşamaq istərdim.
- Nazim bəy, rus və Avropa ədəbiyyatı üçün roman-trilogiya yeni bir şey deyildir, amma Azərbaycan ədəbiyyatında, səhv etmirəmsə, trilogiyaya ilk dəfə rast gəlirik.
- Elədir. Yaddaşım məni aldatmırsa, keçən əsrin 60-cı illərində görkəmli yazıçımız Oqtay Salamzədənin bu sahədə ilk addımı olmuşdu. Lakin həm həcm etibarı ilə, həm də əhatə dairəsinə görə “Pərvanə ömrü” daha fərqlidir.
- O zaman söhbəti belə davam etdirək: ilk sualım bir az ənənəvi olacaq. Roman janrı ədəbiyyatda ən zəhmət tələb edən, çox ağır iş tələb edən bir janrdır. Nəsrdə roman, nəzmdə poema həmişə ədəbiyyatın zirvəsi hesab olunur. Sizi bu qədər böyük və ağır işə cəlb edən səbəb nədir?
- Mənim bu kitabı yazmağımın səbəbi belə oldu. Bir nəşriyyatdan Hacı Zeynalabdin Tağıyev haqqında kitab yazmaq sifarişi aldım. “Nazim müəllim, istəyirik ki, kitab Tağıyevin anadan olmasının ildönümünə hazır olsun, təqribən 100 səhifə olsa, kifayətdir,”-dedilər.
Mən bir az tərəddüd etdim, ancaq qəbul etdim. Tərəddüdümün səbəbi də bu idi ki, Tağıyev haqqında çox az məlumatım var idi. Tağıyevin neft çıxarıb milyonçu olduğu, bir də xeyriyyəçi olduğu, Bakıdakı Azərbaycan Tarix Muzeyinin yerləşdiyi binanın bir zamanlar Tağıyevin evi olduğu barədə məlumatım var idi. Bir də onun qızını – Sara xanımı tanıyırdım. Mən 1967-ci ildə M.F. Axundof adına Pedaqoji Dillər İnstitutunun ingilis dili fakültəsinə daxil olmuşdum. İnstitutun ikinci mərtəbəsində oxu zalı var idi və burada qoca bir arvad oturardı. Kimsə o arvadın Hacı Zeynalabdin Tağıyevin qızı olduğunu demişdi. Biz sovet gəncləri o illərdə Hacı Zeynalabdin Tağıyevi və onun kimiləri bizə təbliğ edildiyi qədər - onların istismarçı kapitalist olmaları, xalqı istismar edib var-dövlət sahibi olduqlarını bilirdik, vəssalam. Ona görə də “Tağıyevin qızı” deyə təqdim edilən o qadınla maraqlanmadım.
İllər keçdi, yaşa dolduqca ara-sıra mətbuatdan, radio-televiziya verilişlərindən Tağıyev və onun qızı haqqında bir az geniş məlumat almaq mümkün oldu. Naxçıvanda Təhsil naziri vəzifəsinə təyin olunanda bir söhbət əsnasında Tağıyevin adı bir daha çəkildi. SSRİ dağılmışdı, yeni təhsil sisteminə keçidin zəruriliyindən danışırdıq. Söhbət Tağıyevin qız məktəbindən düşdü, belə bir məktəbə ehtiyac olduğu səsləndirildi. Bu fikir məni tutdu, ürəyimcə oldu, çünki qız məktəbi məsələsi mənə yad deyildi, cinsə görə məktəblərin ayrılığına son qoyulması mənim anadan olduğum tarixdən təqribən on il sonra baş vermişdi və hələ də yaşlı adamlar Naxçıvan şəhərindəki 2 nömrəli məktəbə “Qız məktəbi” deyərdilər. O illərdə Hüseyn Cavid əfəndinin “Qız məktəbində” şeirini də çox xatırlayar və əzbər oxuyardım.
Nə isə, bu, başqa bir söhbətin mövzusudur. Bütün bunlara görə Hacı Zeynalabdin Tağıyev haqqında kitab yazmaq təklifi mənə cazibədar gəldi və təklifi qəbul edib işə girişdim. Girişdim, amma... elə faktlarla qarşılaşırdım, elə hadisələr burulğanına düşdüm ki! İnanırsınız, indiyədək həyatımızın bu sahifələrinə az bələd olduğuma görə də özümü danlayırdım.
Tağıyev haqqında yazmaq güman etdiyimin əksinə, çox çətin oldu. Gördüm ki, Hacı Zeynalabdin Tağıyev haqqında məlumat çox azdır. Mövcud olan məqalələrin, araşdırmaların çoxu bir-birinin təkrarıdır.
- Nazim bəy, maraqlıdır. Deyirsiniz ki, Hacı Zeynalabdin Tağıyev haqqında məlumat çox azdır, bəs bu qədər geniş kitab silsiləsi haradan çıxdı? Elə birinci kitab iki cild birlikdə 1000 səhifədir. Yəqin ki, ikinci və üçüncü kitablar da, təqribən, bu həcmdədir. İstinadgah bu qədər zəifdirsə, o zaman bu kitablar nəyin əsasında yazılıb?
- Çox gözəl sual verdiniz, Heydər bəy. Ürəyimcə oldu. Məsələ burasındadır ki, Tağıyev barədə materiallar axtararkən qarşıma çoxlu məlum və naməlum olan tarixi və siyasi sənədlər çıxdı. Azərbaycanın işğala məruz qalması, Persiya və Rusiya arasında bölüşdürülməsi, bunun nəticəsində coğrafiyanın milli tərkibinin dəyişdirilməsi, iki xanlığın ləğv edilib yerində “Ermənistan Vilayəti” adında bir dövlətçik qurulması, ermənilərin Bakıya və bütün Azərbaycana doldurulması, dini, milli dəyərlərinin yox edilməsi, əhalinin inkişafının qarşısının sərt şəkildə kəsilməsi, ənənəvi təhsil sisteminin qadağan edilməsi, əvəzində rusdilli məktəblərin açılması, hətta tənəffüslərdə belə şagirdlərin ana dilində danışmalarına sərt qadağaların qoyulması, xalqın mətbuatdan məhrum edilməsi, erməni və rus dillərində qəzet və jurnalların sayı 70-dən çox olsa da, “Əkinçi” qəzetinə yalnız iki ilə yaxın həyat haqqı verilməsi, bundan sonra mətbu həyatımızda otuz ilə yaxın boşluğun davam etməsi, hər yerdə bütün yazışma və şifahi müraciətlərin rusca aparılması, müsəlman əhalinin hərbi xidmətdən təcrid edilməsi, bununla yanaşı, rus ordusunda bizdən çox sayda general və yüksək rütbəli zabitlərin olması kimi ziddiyyətli faktlar, xalqın inancına edilən müdaxilələr, təhsildən məhrum edilməsi, sonra bu hərəkətin “Oktyabr inqilabından əvvəl Azərbaycan başdan-başa savadsız idi” böhtan tezisi altına salınması, bir sözlə, xalqımızın başına gətirilən müsibətlər mənə öz təsirini göstərdi.
- Nazim müəllim, bu izahınızda bir məqam diqqətimi cəlb etdi – məktəblərin yalnız rusca olması. Bu gün də rus məktəblərinə rəğbət böyükdür, idarə, müəssisə və təşkilatlarda rusca bilənlər daha çox imtiyaz sahibi olurlar. Dövlətimizin başçısı da dəfələrlə rusdilli məktəblərin sayının çoxluğunu müsbət hadisə kimi qeyd edib və edir. Buna münasibətiniz necədir?
- Heydər bəy, bu məsələnin bir neçə səbəbi vardır. Unutmayaq ki, bu günkü Azərbaycan Respublikası 100 il çar Rusiyasının, 70 il bolşevik Rusiyasının tabeliyində olmuşdur. Bu özlüyündə üç nəslin işğal altında doğulub böyüməsi, ölməsi deməkdir. Bütün bu 170 il ərzində bütün yazışmalar rusca aparılır, ünsiyyət əsasən rus dilində qurulurdu. Hətta ölülərimiz (məşhur adamlarımız) belə müsəlman dininə görə deyil, xristian dininə görə dəfn edilirdi – kəfənsiz, üzüaçıq, taxta tabutlarda, qiblə nəzərə alınmadan və s. Romanda belə bir səhnə vardır: Müəllimlərin birinci qurultayı çağırılır və günlərlə yalnız bir məsələ müzakirə edilir – məktəblərdə tənəffüs vaxtı şagirdlərin ana dilində danışmasına icazə verilməsi. Burada da bolşevik radikallığı işə mane olur, Hacı Zeynalabdin Tağıyevi də müzakirəyə dəvət etmələrinə baxmayaraq müvafiq qərar qəbul etmək mümkün olmur. Bizim xarakterimizdə bəzən belə hallar da özünü büruzə verir, çılğınlığımız işin içinə girdimi, vurub dağıdırıq.
Digər tərəfdən, Azərbaycan Respublikası çoxmillətli dövlətdir, burada təkcə türklər yaşamır, bizimlə bərabər çox sayda milli azlıqlar da bərabər hüquqlardan istifadə edərək qardaşca yaşayırlar. Bəlkə rus məktəblərinə meylin artması bununla da əlaqədardır. Bir də iqtisadiyyat kimi çox mühüm faktor vardır. Biz bütün dövlətlər kimi iqtisadi cəhətdən başqa respublikalarla, ən çox da Rusiya ilə də əlaqə saxlayırıq. Keçmiş SSRİ coğrafiyasında ümumi dil rus dili idi, biz bu gün də o respublikalarla rus dili vasitəsi ilə əlaqə saxlayırıq. Bu gün Rusiyada bir neçə milyon azərbaycanlının varlığından bəhs edirlər. Amma bütün bunlar müvəqqəti haldır. İllər keçəcək, iqtisadi-siyasi-ictimai münasibətlər dəyişəcək, onlarla bərabər dilə münasibət də tədricən və hiss olunmadan yenidən formalaşacaqdır. Bəlkə türkdilli xalqlarla münasibətlərimiz yenidən qurulduqdan sonra böyük bir coğrafiyada türk dili hakim olacaqdır, kim bilir? Bir də indi rus dili tək hakim dil deyildir, onunla mübarizə aparan ingilis dili var, alman dili, ərəb dili, çin dili və başqa dillər vardır. Rus dilinin bizim ruhumuza hakim olması məsələsinə gəldikdə, bu bir az da bizim milli mentalitetimizə bağlıdır. Bizdə üstün görünmək xəstəliyi güclüdür. Şərq psixologiyasında buna hübbu-cah deyirlər. Biz başqalarından fərqli, üstün görünməyi çox sevirik, qonşudan aşağı görünməmək üçün övladımızı vasitəyə çevirir, onun üzərindən nəfsimizin istəklərini yerinə yetiririk. Fərdi xəstəlik müalicə olunmayanda başqalarına da yoluxur, fərdilikdən çıxıb ictimailəşir. Məsələn, naxçıvanlı naxçıvanlı olduğunu, gəncəli gəncəli olduğunu, bakılı bakılı olduğunu üstün məziyyət sayır. Hətta bu məsələdə o qədər “ağ eləyirik” ki, bakılı öz bakılılığını avtomaşınının arxa şüşəsinə azərbaycanca deyil, rusca “Бакинец” yazdırmaqla nümayiş etdirir. Soruşursan ki, niyə “Bakılı” yox, “Бакинец” yazdırmısan? Gözünü döyür, cavab verməyə söz tapa bilmir. Belə adamlar üçün milli-mənəvi dəyərlər heç bir qiymət kəsb etmir. Sovet hökumətinin, necə deyərlər, “qılıncının dalının da, qabağının da kəsdiyi” zaman gürcünü, ermənini, latışı, estonu heç kəs ana dilini unudub rusca danışmağa məcbur etmədi. Yadımdadır, sovet dövründə, xalqları rus dilinin içərisində əritmək siyasəti aparılanda gürcülər, ermənilər öz dillərində filmlər çəkir, rusca mətni titrlərdə verirdilər. Bizimkillər isə filmləri rusca çəkir, sonra onu Azərbaycan dilinə tərcümə edirdilər. Yəni deməyim odur ki, bu məsələdə qınanacaq biri varsa, o da bizim özümüzük. Bizdə çatışmayan cəhət məhz budur.
- Nazim müəllim, görürəm, yaralı yerinizə toxundum, sizi əsas mövzudan ayırdım, məsələdən uzaqlaşdıq. Harada qalmışdıq?
- XIX-XX əsrlərdə başımıza açılan müsibətlərdən danışırdıq. Bizi yurdumuzdan silib-süpürüb yerində Böyük Ermənistan qurulması üçün daşnaklarla bolşeviklərin əl-ələ verib qətliamlar, müharibələr, qırğınlar törətmələri və bütün bu hadisələr qarşısında, əsasən, Hacı Zeynalabdin Tağıyevin yetişdirdiyi bir ovuc milli ziyalı kadrlarımızın həyatları bahasına özlərini fəda etmələri... Bunlarla tanış olanda nə qədər həyəcanlandığımı, bu adamların fədakarlığına nə qədər heyran olduğumu bir-iki sözlə ifadə etmək mümkün deyildir. Bunlar elə acı, elə ağır, elə faciəvi hadisələr idi ki, get-gedə Hacı Zeynalabdin Tağıyevin həyatı romana çevrilib Azərbaycanın bir əsrlik tarixi ilə paralelləşməyə başladı.
- Deməli, romandakı Hacı Zeynalabdin Tağıyev bir növ tariximizin aparıcı surətidir, elədirmi?
- Elədir. Hacı Zeynalabdin Tağıyevi aparıcı obraz kimi götürüb onun bir əsrə yaxın ömrünü, Azərbaycanın rus imperiyası tərəfindən işğalı və kommunist siyasi rejimi ilə başa çatan bir əsrlik dövrünü əhatə etməyə çalışmışam. Hacı Zeynalabdin Tağıyevin ömrü, həyatı davam etdikcə Azərbaycanda baş verən hadisələr, ən əsas da bu torpaqların ermənilərlə alver məhsulu kimi istifadə edilməsindən, bolşevizmlə daşnakların, əslində, eyni amalın təmsilçiləri olması və bu məqsədin həyata keçirilməsi üçün xalqımızın başına gətirilən müsibətlərdən – xalqımızın faciəsindən bəhs etməyə çalışmışam. Kitab üzərində işləyərkən bu gün Ermənistan adlanan əzəli yurdumuzda bu gün bir nəfər belə olsun azərbaycanlının qalmamasının, Qafqazın azərbaycanlılardan “təmizlənməsi”nin, Dağlıq və Aşağı Qarabağdan bir milyona yaxın vətəndaşımızın qovulmasının, qaçqına çevrilməsinin səbəbləri aydın olmağa başladı. Nə qədər çalışsam da, dərdin çoxluğu kitabın həcmini azaltmağa imkan vermədi.
İnanın, məni kitabın çox geniş əhatəli olmasına görə danlayanlar da var idi, “İndi kitab oxuyan yoxdur, kimdir bunu oxuyan?”-deyə sual verib mənim əl-qolumu işdən soyutmağa çalışanlar da olurdu. Amma mən fikrimdə qəti idim, vaz keçməməyə çalışırdım. Dərdli danışqan olar, deyiblər. Düz deyiblər. Dərd, həm də vətən, xalq dərdi elə bir şeydir ki, onun haqqında nə qədər danışsan, yenə də az gəlir. İmkanım olsaydı, kitab ən az on-on beş cild olardı.
- O zaman bu suala cavab vermənizi istərdim: Birinci kitabın adı Məhəmməd Füzulinin məşhur qəzəlindən əxz etdiyiniz bir ifadədən ibarətdir: “Dövran qəvi, tale zəbun” Onu da qeyd edim ki, kitaba verdiyiniz bu ad o dövrün mənzərəsini çox düzgün əks etdirir; zalım, ağır və məşəqqətli dövran qarşısında xalqımızın çarəsiz, zəif halı və bu fonda Zeynalabdin Tağıyevin yeniyetməlikdən gəncliyə keçən illəri, daşyonanlıqdan ayrılıb sənayeçiliyə qədəm basması, çox da asan olmayan, qalmaqallı hadisələr nəticəsində qurulan ailə həyatı ilə bitir. Bəs sonrakı kitablar hansı illəri, hansı hadisələri əhatə edir?
- Heydər bəy, XIX əsr bizim tariximizin ən ziddiyyətli, ən qaranlıq və ən acınacaqlı dövrüdür. Bir zamanlar dünyaya parlaq zəkalar hədiyyə edən bir xalq elə günə salınmışdı ki, öz varlığını qoruya bilməmək kimi təhlükə ilə üz-üzə dayanmalı olmuş, yalnız Allahın lütfü sayəsində o burulğandan xilas ola bilmiş, müstəqil dövlət qura bilmişdir. Düzdür, sonrakı əsr də onun üçün çox da parlaq olmamışdır, amma yarımmüstəqil də olsa, öz varlığını davam etdirə bilmiş, əsrin sonunda da tam müstəqilliyə nail olmuşdur. Bunda, inanın, həm Hacı Zeynalabdin Tağıyevin, həm də onun müasirləri olan milyonçuların, onların yetişdirdiyi ziyalıların xidməti danılmazdır.
Bu qısa şərh özünü sonrakı iki kitabda geniş şəkildə əhatə edir. İkinci kitab şərti olaraq “Qayəyi-xəyal uğruna keçən ömür” adlanır. Ona görə “şərti” deyirəm ki, kitab nəşrə gedənə qədər adı dəyişdirilə bilər. İkinci kitab Hacı Zeynalabdin Tağıyevin həyatının 1860-1901-ci illərini - iş həyatına atılandan həyatının ali məqsədlərindən biri olan qızlar məktəbini açanadək olan dövrü əhatə edir. Bu kitabda onun qızlar üçün məktəb açmaq xəyalının gerçəkləşməsi üçün apardığı gərgin mübarizə ilə yanaşı, milyonçu-xeyriyyəçi kimi iş həyatı, mətbuata, teatra göstərdiyi qayğı, ictimai-siyasi fəaliyyətləri, o cümlədən ailə faciələri, erməni millətçiləri və yerli qaragüruhla mübarizəsi öz bədii əksini tapır.
Üçüncü kitab “Dərdsizsinizsə, dərd sizsiniz” adlanır, Hacı Zeynalabdin Tağıyevin həyatının son dövrünü - 1901-1924-cü illəri əhatə edir. Kitabda Azərbaycan ərazisinin müsəlmanlardan təmizlənməsi, yerində “Dənizdən dənizə Böyük Ermənistan” qurulması üçün rus imperiyasının, Avropa dövlətlərinin birgə fəaliyyətləri, 1905-ci il, 1918-1920-ci illərdə daşnak və bolşeviklərin müsəlmanlara qarşı törətdikləri soyqırım, hətta bunda Hacı Zeynalabdin Tağıyevi təqsirləndirmək cəhdləri, həmçinin Hacının ailə dramı bədii boyalarla təqdim edilir. Kitablar hazırdır, nəşr üçün kiçik işləri görmək qalır.
- Nazim bəy, o zaman bu kitabların da tezliklə işıq üzü görməsini diləyir və bir az əvvəl səsləndirdiyiniz fikrinizə qayıdıram. Zeynalabdin Tağıyev və onun müasirləri dediyiniz adamlar milyonçu olmağa nail olsalar da, onların əksəriyyəti savadsız, kimisi daşyonan, kimisi arabaçı, kimisi hambal olaraq yaşamış, sonradan pul qazanmışlar. Savad səviyyəsi bu qədər aşağı olan adamlar xalqın gələcəyini təmin edəcək fəaliyyətlərə necə girişmişdlər? Onların buna savadı, dünyagörüşü çatmırdı axı!
- Yüz faiz haqlısınız, Heydər bəy. Bu adamların çoxu XIX əsr azərbaycanın cahil deyə biləcəyimiz adamları olublar, iqtisadi vəziyyət onları məktəbdən, mədrəsədən uzaqlaşırıb. Amma bu da var ki, biz çox vaxt savad məsələsinə münasibətdə ifrata varırıq. Savad hər şeyi həll etmir axı! Savad insanın biliyini, məlumat əldə etmək və ondan istifadə etmək qabiliyyətini artırır, üfüqünü genişləndirir. Amma savad adamı vətənpərvər etmir, savad adamı əxlaqlı etmir, savad adamı fədakar etmir. Vətənpərvərlik, əxlaqlılıq, fədakarlıq mənəvi dəyərlərdir, xalqın gen yaddaşında yaşayır və nəsildən-nəslə ötürülür. Qaldı bu hisləri oyatmaq, onları lazımi yönə istiqamətləndirmək, onu da o dövrün ziyalıları, əsasən mədrəsələrdəki dindarlar yerinə yetirirdi. Mədrəsələr və bu mədrəsələrdə dərs deyən axundlar, mollalar xalqın mənəvi dünyasına təsir edərək onu həmişə ayıq-sayıq olmağa vadar etmişlər.
- Bu, bir az müasir elmi baxışlara zidd deyildirmi?
- Müasir baxılara zidd ola bilər, amma “müasir” dediyimiz baxış, anlayış da hər yerdə və hər zaman doğru olmaya bilir. Bəri başdan deyim ki, mən bu “müasir dövr,” “İndi XXI əsrdir” ifadələrini qalxan edib hər şeyi haqlı göstərmək cəhdlərinin əleyhinəyəm. Müasirlik, zəmanə elm və texnoloji inkişafdan, fəlsəfədən, siyasətdən söhbət gedəndə, haqlı olaraq işlədilə bilər, lakin bu anlayışlar mənəvi varlığa qətiyyən tətbiq edilməməlidir, çünki insan ilk yaradılışda hansı hiss və duyğularla təmin edilmişdirsə, bu gün də eyni hiss və duyğularla yaşayır. Fərq yalnız bu hiss və duyğulardan hansının qabardılıb, hansının arxa plana atılmasındadır. Məsələn, əxlaqi dəyərlərin zamana görə köhnəldiyinə dair iddialara haqq qazandırmaq olarmı? Deyək ki, böyüklərə hörmət, kiçiklərə şəfqət, vətəndaşlıq, ailə dəyərləri, təbiətə və cəmiyyətə qarşı məsuliyyətlərimiz və s. və i.a. bu kimi dəyərlərin zamanı varmı? “Sən ata-anana hörmətlə yanaşırsan, qohum-qonşu qarşısında vəsifələrini yerinə yetirməyə həssas davranırsan, bunları tərk et, çünki indi XXI əsrdir”, deyə bilərikmi? “Müasir” deyib hər cür əxlaqsızlığa haqq qazandırmaq da yalanın, riyanın bir növüdür. Baxın, türk dünyasını, hətta islam dünyasını bir tərəfə qoyaq, orta əsrlərdən ta XIX-XX əsrədək olan dövrdə Azərbaycan istər memarlıq, istər riyaziyyat, istər astronomiya, cografiya, ədəbiyyat, fəlsəfə, tarix sahəsində nə qədər irəlidə idi və necə nəhəng şəxsiyyətlər yetişdirmişdi.
- Doğrudur, haqlısınız. Zeynalabdin Şirvani, Nəsrəddin Tusi, Hindiquş Naxçıvani, Əbubəkr Əcəmi Naxçıvani, Füzuli, Nəsimi...
- Bunlardan başqa, bu elm və sənət sahələri üzrə məktəblər də olub, elə deyilmi? Bu nəhəng şəxsiyyətlər hansı məşhur universitetlərdə təhsil alıblar? Hansı Lomonosov adına Moskva Dövlət Universitetini, Oxfordu, Kembrici, Harvardl, Massaçutisini, Stanfordu bitirmişdi? Bu adamlar hamısı mədrəsələrdə yetişmiş adamlar idi. Bunlar dünyanın ən böyük sərkərdələrini yetişdirirdilər, dünyanın fatehlərini yetişdirirdilər. Lakin sonra nə oldu? Cavid əfəndinin Şeyx Sənanı kimi, əsas amalımızı, qayəmizi romantizmə, dünya nemətlərinə qurban verdik və bu dünyapərəstlik bizi uçurumun kənarına gətirib çıxartdı, nəfsimizə kölə olduqdan sonra inkişafdan geri qaldıq, bu dəfə hakim ikən məhkuma çevrildik.
Çox qəribədir, xristian dünyası özlərinin keşişlərini, din xadimlərini göylərə qaldırır, onlara abidələr ucaldır, biz hələ də XX əsrin bəzi mətbuat orqanlarının təsiri altında islam dininin təmsilçilərinin hamısına “mürtəce” damğası vurub bir kənara atır, onları özümüzdən hesab etmirik. Bu, ədalətsizlik deyildirmi? Erməniləri təşkilatlandıran kilsə olub, bu gün də kilsədir. Biz də həmişə dini müəssisələrdə yetişmiş, mütərəqqi fikirli din xadimlərinin ardınca getmişik.
Əsərdə Axund Əbu Turab obrazı var. Bu adam Hacı Zeynalabdin Tağıyevin, Murtuza Muxtarovun, yüzlərlə insanımızın həyatını istiqamətləndirməkdə mühüm rol oynayıb. Təsadüfi deyil ki, Hacı Zeynalabdin Tağıyev vəfat etdikdə Axund Əbu Turabın ayaqları altında dəfn olunmasını xahiş edib və bu vəsiyyəti yerinə yetirilib.
Romanda Xoca Həsən adlı bir başqa din xadiminin də adı çəkilir, əsərlərindən nümunələr göstərilir. Axund Mirzə Həsib Qüdsi ictimai hadisələrdə fəal iştirak edir. Molla Ruhulla ömrünü xalqının yolunda qurban verən bir ziyalıdır. Çox maraqlıdır, bəzi tədqiqatçılar indiyədək bu adamlarla maraqlanmayıblar və ya, haqsızlıq etməyək, çox az maraqlanıblar. Xocasən qəsəbəsi var, Pir Həsən ziyarətgahı var, Təzə Pir məscidi var, amma bunlar kimdir, nə iş görüblər, necə yaşayıblar, bu barədə o qədər az məlumatımız var ki! Hacı Zeynalabdının və onun müasirlərinin ruhunda, genlərində olan fədakarlıq, vətənpərvərlik, insanpərvərlik hislərini bunlar və bunlar kimi həqir görülən “dindarlar” dediyimiz alimlər, maarifçilər istiqamətləndirmiş, yetişdirmişlər. Xalqı işğal, müstəmləkə boyunduruğundan məhz bu cür adamlar xilas etməyə qalxmışlar. Məsələn, Şeyx Məhəmməd Xiyabanini dindar olduğu üçün onu inkarmı edəcəyik? Nizami Gəncəvi çox mənbədə Şeyx Nizami adlanır. Onun bu şeyx yönü ilə kim maraqlanacaq? Maraqlanmırıq, çünki din adı gələndə üzümüzü yana çevirib getməyə üstünlük veririk.
Mənim yaddaşımda qalan xatırələrdə bəzi məqamlar vardır. Radionun, televiziyanın, internetin olmadığı bir dövrdə insanlar axşamlarını, xüsusi günlərini, gündüzlərini məhəllə məscidində toplaşıb söhbətlərlə keçirirdilər. Məscidlər bir növ ictimai fəaliyyət meydanı idi, burada gündəlik həyat, məişət, əxlaq, ünsiyyət məsələləri ilə yanaşı, siyasət də müzakirə edilirdi. Vətənin, torpağın müdafiəsi lazım gələndə məscidlər qərargaha çevrilirdi. Buna dair yüzlərlə faktlar vardır. Amma baxırsan, bu barədə söz açanda bəziləri dodaq büzür. XIX-XX əsr Azərbaycanın ictimai-siyasi həyatında məscid və mədrəsələr həlledici rol oynayırdı, onların təmsilçilərinin sözü dinlənilirdi. Hacı Zeynalabdin Tağıyev və onun həmfikir milyonçu dostları də buralarda yetişirdilər.
- Nazim müəllim, bu dediklərinizdə həqiqət payı var, həm də çox var. Belə başa düşülür ki, bu dedikləriniz, bu fikirləriniz romanda da bədii boyalarla əks edilib. Bizə düşən onları oxumaqdır, elə deyilmi?
- Romanda ermənilərin, başda keşişləri olmaqla hələ XVI əsrdən başlayaraq torpaqlarımıza göz dikmələri, bunun üçün Avropa və Rusiyanın hakim dairələri ilə sövdələşmələri, əsrlər keçdikcə erməni kartının imperialistlərin əlində necə istifadə edildiyi və bunun ən ağır zərbəsinin də bizə dəydiyi müxtəlif çalarlarla göstərilir. Romandakı obrazların əksəriyyəti, istər müsbət, istər mənfi obraz olsun, tarixi şəxsiyyətlərdir. Baş verən hadisələrin hamısı tarixi sənədlərdə əks olunan hadisələrdir. Kitab üzərində işləyərkən yüzlərlə, bəlkə, minlərlə tarixi sənədlərdən, məqalələrdən, araşdırma materiallarından istifadə etmişəm. Romanda təsvir olunan elə hadisələr də vardır ki, indiyədək onların üzərindən sükutla keçilib, elə obrazlar vardır ki, indiyədək onlar haqqında həqiqət deyilməyib. Bu baxımdan roman-trilogiya vətənimizin və xalqımızın yaxın keçmişini öyrənmək və bu gün belə, başımıza açılan və açılmaq istənilən oyunların, məsələn, Ermənistandan xalqımızın deportasiyasının, Qarabağ hadisələrinin kökünün haradan gəldiyi və hədəflərinin nə olduğu baxımından faydalı olduğu qənaətindəyəm.
- Bir sualım da var, uzun illər Hacı Zeynalabdin Tağıyevin həyatı və dövrü ilə maraqlanıb araşdırdığınıza sizin münasibətinizi öyrənmək istəyirəm. Bu yaxınlarda Arzu xanım Əliyevanın prodyuseri olduğu “Tağıyev” çoxseriyalı bədii filminin birinci filmi – “Neft” böyük ekrana çıxdı və xeyli də tamaşaçı topladı. Siz necə, baxdınızmı? Baxdınızsa, film haqqında nə deyə bilərsiniz, xoşunuza gəldimi?
- Bəli, baxdım. Çox da bəyəndim. Çoxdandı Azərbaycan kinosu bu keyfiyyətdə film istehsal etməmişdi. Çox böyük işlər görülüb, tarixi hadisələrin ən mühümləri filmdə öz əksini tapıb. Mürəkkəb dekorasiyalar, geyimlər, hadisələrə obyektiv yanaşma və s. Buna görə yaradıcı heyəti ürəkdən təbrik edirəm. O ki qaldı müqayisəyə, məncə buna gərək yoxdur. Hər bir müəllif romanına, şeirinə, filminə, operasına, baletinə, çəkdiyi tabloya, düzəltdiyi heykələ öz qəlbinin odunu, alovunu qoyur, onlar vasitəsi ilə öz düşüncə dünyasını əks etdirir. Bu baxımdan film də diqqətəlayiqdir, hər kəsə filmə baxmağı tövsiyə edirəm.
- Nazim müəllim, söhbətimiz maraqlı davam edir, lakin hər şeyin bir həddi olduğu kimi, bizim imkanlarımızın da bir həddi vardır. Ona görə də söhbətimizi istəməyərək yekunlaşdırmağa məcburuq. Söhbətə yekun vurarkən də üzərində xeyli zəhmət, əmək sərf etdiyiniz bu qiymətli kitabların tezliklə oxuculara çatdırılmasını diləyir, sizə uzun ömür, cansağlığı, yeni-yeni əsərlər diləyirəm.
- Mən təşəkkür edirəm, səhifənizdə qonaq etdiyiniz, bu imkanları verdiyiniz üçün və xoş arzularınız üçün.
Söhbətləşdi: Heydər Oğuz,
Ovqat.com
Paylaş: