
YUXULAR, APARIN MƏNI
Yuxular, qara buludlar üzərində aparın məni yaxın gələcəyə. O gələcəkdə başqa bir dünya olacaq, başqa bir dünya. O gələcəkdə silahlar susacaq, insanlar dinc bir həyat yaşayacaqlar.
O gələcəkdə yalnız məhəbbət hissi ürəklərə hakim olacaq.
O gələcəkdə göy üzündə bəmbəyaz buludlar olacaq. Durnalar sevgi nəğməsi oxuyacaq. Çiçəklər, güllər min rəngə çalacaq.
O gələcəkdə…
Yuxular, aparın, aparın məni o gələcəyə.
16.01.2025.
BİTMƏYƏN DUYĞULAR
Pəncərə önündə yenə dikilib qalmışam; güclü şimal-qərb küləyinin hirs-hikkəsini həyəcanla izləyirəm. Külək qızılgül, qarağat kollarını amansızcasına döyəcləyir, az qalır köklğündən çıxartsın.
Döyəclənən qarağat kollarının altında iki qaratoyuq dimdik-dimdiyə dayanıb bir-birinə nəsə deyir. Küləyin hirs-hikkəsi veclərinə deyil.
Evkalipt ağacı yay kimi əyilib qalxır; deyirsən bəlkə indicə tən ortasından bölünəcək.
Nərgiz gülləri soyuqdan, küləyin zərbəsindən tir-tir əsir.
Mənsə səni düşünürəm. Mənə elə gəlir ki, sən də üşüyürsən.
Elə bu an, məhz elə bu an isti, çox isti bir küləyə dönüb qızılgülləri, qarağat kollarını, tir-tir əsən nərgizləri, bir də səni sinəmə sıxıb isitmək, istəyirəm…
Yaman kövrəlmişəm, yaman.
08.02.2025.
TELEFON SUSUR
Telefonla soruşur: -Necəsən? Deyirəm: -Ağrıyıram. Deyir:
-Haran ağrıyır? Deyirəm: -Başım, ciyərim, ürəyim… Mənə
gərək olan ilacları sadalayır. -Daha sonra ?--deyə soruşur.
Onda mən yanıqlı bir ah çəkirəm, Nəsiminin qəzəlindən bu beyti ona deyirəm:
-İstərəm surəti-vəslin ta qılam dərdə dəva,
Mən sənin bimarınam, özgə dəvanı neylərəm?
Susur; telefonu söndürür.
10.02.2025.
DƏNİZ SƏSİ
Dəniz səsi. Bu səsi dinləməkdən doymuram. Mənə elə gəlir ki, o səs ürəyimin çırpıntısıdır. Səsə çevrilib; deyə bilmədiklərimi deyir.
Səsin dənizin səsinə oxşayır.
Səsinə qulaq asmaq istəyirəm.
18.02.2025.
Paylaş: