Xəbər lenti


8.Əvvəli “Ovqat.com” saytınıın 16-19- 26. 04.2021; 03. - 11.-17.-24. 05.2021 və 01. 06. – 07.06. 2021 tarixli saylarında"

 Zema xanım “Gülüstan” keyfindən sonra Səlim Axınlını görmədi, sanki bu boyda professor iynə olub itmişdi. İki gündən sonra Zema xanım bağa baş çəkmək qərarına gəldi. Ərinin bir an da olsa, şalvarının piston cibindən çıxarıb aşkara qoymadığı balaca açarın surətini çıxartmışdı. Bu balaca açar bağ evindəki gizli divar seyfinin açarıydı. Dəfələrlə gizlində o seyfi açıb baxsa da, içində fərli bir şey tapa bilməmişdi. Seyfin içində bir-iki lazımsız kağızlar vardı. Kağızların altında isə bir açar vardı ki, Zema xanım bu açarın nədən ötrü olduğunu bu vaxta qədər aydınlaşdıra bilməmişdi. Ərinin yoxa çıxdığını fürsət bilib oğlu Zahir ilə bağa gizli saxlanc yerini öyrənməyə getdi.
         Nora evdə tək qaldı. Gəlin evdə olan pul və zinət şeylərinin yerini əvvəlcədən tamamilə   öyrənmişdi. Zema xanım oğlu ilə evdən çıxan kimi Nora harasa zəng edib erməni dilində danışdı.
         Zema xanım oğlu Zahir ilə Bilgəhdəki bağa gedib qapını döydü. Bağın gözətçisi qapını açıb maşını içəri buraxdı və soruşdu:
         - Səlim müəllim hardadır?
         - Səlim komandirovkaya gedibdi. Biz də dedik bir bağa baş çəkək.
         - Nə olar, lap yaxşı, mənlik nə iş varsa buyurun.
         - Sağ ol. Olsa deyərik.
 Zahir maşından düşüb bağ evinin qapısına doğru getdi. Qoca gözətçi alaqapının yanındakı otağına çəkilib çarpayısına uzandı. Zema xanım birinci mərtəbədə Səlim müəllimin özü üçün ayırdığı kabinetə keçdi. Zema xanım çantasından balaca bir açar çıxartdı, Səlim müəllimin kreslosunun arxasında olan tablonu endirib, rəngli  kağız yapışdırılmış divardakı seyfi açdı. Seyfin içərisində daha bir balaca açar vardı. Bu açar ilə Səlim müəllim haranı açıb bağlayırdı özündən başqa heç kəs bilmirdi. Zema xanım dəfələrlə bu sirri öyrənməyə çalışsa da mümkün olmamışdı. İndi əlinə fürsət düşmüşdü, onu da tam yəqinliklə bilirdi ki, Səlim müəllim qiymətli vəsaitlərini bağda saxlayır. Zema xanım kabinetin bütün divarlarını, döşəməsini axtardı, lakin heç nə tapa bilmədi. Zahir dedi:
- Maa... (o, mama əvəzinə maa deyərdi) mən bir dəfə papanın padvala endiyini görmüşəm, bəlkə orada nəsə var?..
Zahirin bu qeyri-müəyyən sualı Zema xanımın marağına səbəb oldu. Zirzəmidə nə ola bilərdi? Zema xanım bircə dəfə, o da təzə vaxtlar bu zirzəmiyə enmişdi. Ana-bala zirzəmiyə enən pillələrin yanına gəldilər. Zahir elektrik işığını yandırdı, on beş pillə enib zirzəminin ortasına çatdılar. Burada çoxlu boş şüşə butulkalar və balonlar vardı. Bir vaxt Səlim müəllim cavan vaxtlarında öz əlinin səliqəsi ilə bağdan yığdığı üzümlərdən çaxır çəkib bu qablara doldurar, bu sərin yerdə saxlayardı. Vəzifəsi böyüyəndən sonra daha belə xırdaçılıqlara vaxt qalmadı. Çünki Səlim müəllim adlı-sanlı professor idi, iki il bundan öncə də nazir müavini təyin etmişdilər. İndi ona dünyanın hər yerində istehsal olunan bahalı çaxırlar, konyaklar, viskilər hədiyyə gətirirdilər. Əvvəllər də bir professor kimi çoxlu belə hədiyyələr almışdı. Səlim müəllim də bu içkilərin əksəriyyətini bağa gətirib bu zirzəmidə saxlayırdı. Burada on illərlə qalan içkilər varıydı. Zahir bunlara acgözlüklə baxır, bəzilərini seçib özüylə aparmaq üçün ayırırdı.
Zema xanım isə daha maraqlı şeylər axtarışındaydı. Əlində tutduğu açarın ünvanını axtarırdı.
Zema xanım simvolik olaraq düzəldilmiş böyük taxta çəlləyin önə çıxarılmış ətrafında xeyli əlləşdi, hər tərəfini yoxladı, lakin heç nə tapa bilmədi. Çəlləyin yanından ayrılıb getmək istəyərkən əlini çəlləyin simvolik düyməsinin altında  gəzdirdi. Barmağı sanki bir boşluğa keçdi, diqqət verib açarın yerini tapdı. Açarı boşluğa salıb burdu, nazik bir səs eşidildi. Zema xanım çəlləyi itələdi, çəllək içəriyə doğru qapı kimi açıldı. Zema xanımın gözlərində şeytan gülüşü oynadı. İçəriyə daha bir otaq açılırdı. Zahir gördüklərinə inanılmaz dərəcədə təəccüblə baxırdı:
-         Maa... papanın işlərinə bax ha...
-         Mama qurban sənə.
 Zema xanım divardakı elektrik işığının düyməsini burdu. Otaq işıqlandı.
Burada divar boyunca səliqəli şkaflar yığılmışdı. Şkaflardan birini açdılar. Şkafın içərisində xaricdə istehsal olunmuş par-par parıldayan silah vardı.Şkafın gözlərində patron qabları, bıçaq dəstləri düzülmüşdü. O biri şkafın içində aşağıdan balaca bir sandıq qoyulmuşdu. Sandıq bağlıydı, həm də çox ağır idi. Görünür Səlim müəllim qızıllarını buraya qoyurmuş. Sandığın açarını tapa bilmədilər. Qərara gəldilər ki, sandığı beləcə götürüb qaçsınlar. Nə bilmək olar, birdən görərsən ki, budu Səlim Axınlı bağa gəldi. Nə qədər ki, ondan xəbər yoxdu, buradan tez uzaqlaşmaq lazımdı.
         Zema xanım nə qədər çalışsa da sandığı yerindən qaldıra bilmədi. Zahirlə birlikdə sandığı sürüyüb bir təhər həyətə çıxartdılar. “Qaz-24”-ün yük yerinə qoymaq üçün qoca gözətçini də köməyə çağırdılar. Üç tərəfli köməkləşib sandığı maşına mindirdilər. Zahir qoca gözətçiyə səsləndi:
- Qoca, qapını aç.
 Qoca gözətçi qapını açdı, “Qaz-24” bağdan çıxıb şəhərə tərəf yola düşdü.
Qoca gözətçi qapını bağlayıb özünü bir təhər çarpayının üstünə atdı. Yorulmuşdu, ağır sandıq kişinin belini üzmüşdü. Görəsən sandığın içində nə vardı? Bunca zamandı bu bağda gözətçilik edirdi. Amma bu sandığı indiyə qədər bir dəfə də olsun görməmişdi.
Bağın alaqapısının yaxınlığında isə “zil” markalı özüboşaldan yük maşını dayanmışdı. İçindəki iki nəfər yerə düşmədən siqaret çəkir, diqqətlə alaqapını izləyirdilər. Maşının dövlət nömrə nişanları oxunmurdu, palçıqlı təkərlərindən yola xeyli palçıq qırıqları tökülmüşdü.
“Zil” özüboşaldan maşın bir an içində ona qarşı gələn “Qaz-24” Volqanın üzərinə çıxdı, sıxışdırıb divara çırpdı. Maşından yerə enən iki nəfər “Qaz-24” Volqanın yük yerində olan sandığı götürüb arxadan onlara yaxınlaşan digər qara rəngli “Qaz-24” Volqa maşınının yük yerinə yerləşdirib hadisə yerindən uzaqlaşdılar. Əzilmiş “Zil” özüboşaldan maşın və  Səlim müəllimin paramparça olmuş “Qaz-24” Volqası yolun ortasında qaldı. Zema xanım çığırır, sınmış, əzilmiş bədənini çəkib maşından çıxarda bilmirdi. Zahir sükan arxasında başından aldığı güclü zərbədən yerində keçinmişdi.
Qoca uzandığı  çarpayıdan böyük bir gurultu və qışqırıq səsinə dik atıldı:
- Bismillah, ya Allah, özün kömək ol,- dedi.
Qoca gözətçi qapıdan küçəyə çıxıb nə baş verdiyini öyrənməyə tələsdi. Təqribən, iki yüz metr kənarda maşınlar dayanır, adamlar toplanırdı. Maraq qocaya güc gəlirdi, ayağını sürüyə-sürüyə adamların toplaşdığı yerə yaxınlaşdı.  Qoca gözətçi bir az bundan öncə ayrıldığı Zema xanımı qanlar içində çabalayan, Zahiri keçinmiş  görüncə özünü saxlaya bilməyib yerə çökdü, ağladı.
Yoldan ötənlər dayanıb baş verən faciəvi hadisəyə baxır, təəssüf hissi keçirirdilər. Az keçmiş təcili yardım maşını, və avtomobil müfəttişləri özlərini hadisə yerinə çatdırdılar. Tibb işçiləri Zema xanımı maşının dal oturacağından dartıb çıxartdılar, ilkin tibbi yardım göstərdilər. Zahirin cəsədini sükan arxasından qaldırıb təcili yardım maşınında müayinə üçün xəstəxanaya apardılar.
Nora səhərdən xəbər gözləyirdi. Bir yerdə qərar tuta bilmir, tez-tez pencərədən baxır, hərdən telefonun dəstəyini qaldırıb işləyib-işləmədiyini yoxlayırdı. Telefon işləyirdi, lakin gözlənilən zəng gəlmirdi. Bir dəfə zəng gəldi, Səlim müəllimi soruşdular. Səlim müəllimin evdə olmadığını dedikdən sonra saata baxdı. Üç saatdan artıq bir vaxt keçirdi, amma ötən zaman ona il qədər uzun gəlirdi. Evdə lazımı vəsaitlərin hamısını toplamışdı, pullar, qızıl bəzək-düzək şeylərinin hamısını bir çantaya yığıb hazır vəziyyətdə gözləyirdi. Nəhayət telefonun zəngi eşidildi. Erməni dilində danışırdılar. Danışıq çox qısa oldu, Nora qapını çırpıb çıxdı, qapının kilidi bağlandı. Nora doqquzmərtəbəli binanın 7-ci mərtəbəsində lift gözləyirdi, evdə telefon aramsız zəng çalırdı. Aşağıda onu gözləyirdilər. Nora həmin gün Bakını tərk etdi.
  
***
            
Professor Səlim Axınlı səhərə yaxın bir yuxu gördü: Səlim Axınlı dədə-baba kəndində, atasının köhnə evində ölmüşdü. Kənd camaatı – məmə yeyəndən pəpə yeyənə kimi professor Səlim Axınlınun dəfninə yığışıb gəlmişdi. Ata evinin qapısından ta mərkəzi meydana qədər kişilər və cavan oğlanlar iki cərgə düzülüb cənazənin qaldırılacağı anı gözləyirdilər. Qadınlar evin içində yas tutur, ağlayır, sızlayırdılar. Hacı Xədicə xanım avazla ağı-bayatı deyirdi:
                              Əzizinəm qardaşlar,
                            Yağış yağar, qar başlar.
                            Ölsə, bacılar ölsün,
                            Heç ölməsin qardaşlar!
                           
Yağış üzümə döydü,
                            Əlim gözümə döydü.
                            Səlim qardaşı aldı,
                            Fələk dizimə döydü.
                             
                            Uzaqdan gələn ağlasın,
                            Qardaşı ölən ağlasın.
                            Göz yaşım dərya oldu,
                            Gözünü silən ağlasın, uy, uy...
         Hacı Xədicə xanım ağı-bayatı dedikcə nalə çəkir, ağlayır, bütün qadınları ağladırdı. Digər qadınlar da sinə vurur, nalə çəkirdilər. Vay-şivən göylərə bülənd olmuşdu.
 Uşaqlar həyətin müxtəlif yerlərində dəstə-dəstə topalaşmışdılar. Ağlayan qadınların səsinə səs verib ağlayanlar da vardı. Öz aralarında gənclik söhbəti edənlər də səslərini qısmışdılar, ətrafdakı yaşlı kişilərin onları eşitmələrini istəmirdilər. 
Həyətin bir tərəfində qonşular tut siltmək üçün hazırlanmış mərfəclərdən çadıra oxşar bir yer düzəltdilər. Çadırın ortasına dörd ədəd yastı çay daşı tapıb düzdülər. Haradansa bir köhnə qapı tayı tapıb gətirdilər. Qapı tayını daşların üstünə qoyub taxt kimi bir yerə oxşatdılar. Sonra da qapı tayının üzərinə bir ağ dəmir listi qoydular. Bu dəmir list həmişə məscidin həyətində tabutun üstündə olurdu. Tabut ilə bərabər onu da cənazəni götürmək məqsədilə gələndə ölən adamın həyətinə gətirirdilər. Tabutu çadırın bir kənarına qoymuşdular. Qədim kişi bir qazma və bel gətirib taxtın yanında cənazə yuyularkən suyunun axıdılması üçün bir quyu qazdı. Kargün Yaqub iki ocaq düzəltdi, cavanların yarıb hazırladığı odunlardan gətirib yandırdı. İki böyük qazanı su ilə doldurub ocağın üstünə qoydular. Ocaqlar yanır sular yavaş-yavaş isinirdi.
Molla Hüseyn dedi:
-         Cənazəni gətirin.
Yaxın-uzaq qohumlardan bir neçə nəfər orta yaşlı kişi evə keçdi, səhərdən qadınların evin ortasında əhatəyə alıb ağladıqları Səlim müəllimin cənazəsini xalçanın içində dörd tərəfdən yapışıb götürdülər. Qadınlar daha da bərkdən ağlaşdılar, hamıdan çox və ürəkdən ağlayan bacısı Şahsənəmdi. Şahsənəm –“sən ölüncə bacın Şahsənəm öləydi, ay qardaş!”- deyib nalə çəkirdi.
Nəhayət, qadınların arasından yol açıb cənazənin evin darısqal qapısından bayıra çıxardılar. 
         Səlim Axınlı bütün bu baş verənləri seyr edir, sövq-təbii duyur, istəyirdi  desin ki, ay camaat, nə edirsiniz? Bu nə məzhəkədir? Mən ölməmişəm. Amma nə qədər çalışırdısa səsi çıxmırdı ki, çıxmırdı.
         Səlim müəllimin cənazəsini çadırın içinə gətirdilər. Mürdəşir qollarını çırmalayıb Səlim müəllimin cəsədini soyundurmağa başladı. Elə ki Səlim müəllim lüt ana-bülbül oldu, mürdəşir bir neçə nəfərin köməkliyi ilə cəsədi ağ dəmir listin üstünə qoyub yuyulmağa hazır vəziyyətə gətirdi. Molla Hüseyn gəlib cəsədin başının üzərində durdu. Elə bu zaman İtoynadan Veyis mollaya yaxınlaşıb soruşdu:
-         Molla Hüseyn, Səlim müəllimin cəsədini yuyanda qüsl vermək lazımdımı?
Axı bu adam ömrü boyu, araq içib, rüşvət alıb, haram işlərə bulaşıbdı. Bu necə müsəlmandı?..
-         Övladım, Molla Hüseyn sözə belə başladı,- əvvala odur ki, hər bir
müsəlman qəbr evinə köçəndə gərək yuyula, qüsullana. Bu, vacibatlardan biri və birincisidir... 
            Molla Hüseyn moizəsini uzatmaq istəyirdi ki, sözünü yarımçıq kəsdilər.
-         Yox əşi, day bunu müsəlmana deyiblər də, molla əmi, şeytana yox ki... Bu
şeytandı, şeytan.
-         Əstəfürullah de, övladım, əstəfürullah...
-         Əşi, nə əstəfürullah e... bu ki lap cəhənnəmlikdi...
Mürdəşir işi belə görüb köməkçisinə çımxırdı:
        -   Mal oğlu, mal, nə gözünü döyürsən suyu tök yuyaq, bizə nə var, ölü cənnətə gedər, ya cəhənnəmə, mürdəşirinki yumaqdı.
         Mürdəşirin köməkçisi suyu isti-soyuq eləyib mülayimləşdirməyə başladı. Mürdəşir köməkçisinin ləng tərpəşməsindən qeyzlənərək hövsələdən çıxdı:
-         Mal oğlu, mal, əl-ayaq eləsənə, nə gözünü döyürsən, suyu töksənə.
-         Bu saat, bu saat tökürəm, dedim bir az su mülayim olsun, isti su bədənini
yandırar, yazıqdı, ölü olanda nə olar.
-         Ay səni öküz vursun, gədə, ölü nə bilir isti-soyuq nədir, gətir suyu tök.
 Köməkçi cəsədin baş tərəfindən suyu tökməyə başladı. Əlindəki uzun qulplu
abgərdən ilə qazandan suyu götürüb mürdəşirin əlinin istiqamətində suyu axıtdıqca mürdəşir də əlcəkli əli ilə cəsədi sabunlayırdı.
         Molla Hüseyn itoynadan Veyis və onun kimi digərlərinin sözlərinə əhəmiyyət verməyib  qüsl adətinin icrasına başladı:
- Qüsl verirəm bu hazır olan meyitə vacibən qürbətən-illah...
       Molla Hüseyn təzəcə başlamışdı ki, qüsl əməliyyatının icrasına Kargün Yaqub mollanın qulağına pıçıldadı ki, bəs sən demə qəbir qazmağa gedən yoxdur. Kargün Yaqubun pıçıltısını eşitməyən qalmadı. Molla Hüseyn işini yarımçıq saxlayıb üzünü camaata tutdu:
-         Ay camaat, elimizin adəti var, indiyə qədər bu kənddə belə şey olmayıb ki,
adam ölə qəbir qazan tapılmaya. İndi sizə nə olub? Niyə qəbir qazmağa gedən yoxdu?
-         A molla, bu adam indiyə qədər kimin yasında iştirak edib ki, onun da
qəbrini qazan olsun.
-         Möhtərəm camaat, etmiyin, eləməyin, günahdı. Qəbir qazmağın savabı var.
İndi bu cəsəd ortalıqda qalmayacaq ki...
Qərəz, Molla Hüseyn nə qədər qəbir qazmağın savabından danışdısa, heç
kəsi razı salıb qəbir qazmağa göndərə bilmədi.  Kargün Yaqub işi belə görüb dedi:
         - Molla əmi, vallah. Belimin qırıjası olmasaydı, özüm gedib qazardım, amma yox, bu kənddən qəbir qazmağa gedən olmayacaq. Haray bu başdan, adam göndərək qonşu kənddən qəbir qazanlar gətirsinlər.
         Molla Hüseyn Kargün Yaqubun təklifini təqdir edib taksi sürücüsü Şəmilə kəndin xeyriyyə işləri üçün yığılmış pulundan yüz əlli manat verib qonşu kənddən qəbir qazanları gətirmək üçün  yolladı. Şəmilə bərk-bərk tapşırdı ki, qazmaçıları bir başa qəbirstanlığa aparıb işi tez qaydasına qoysunlar. Bu minvalla qəbir işləmləri xeyli vaxt apardı. Camaat işin yubandığını görüb molladan dəfnin nə zaman keçiriləcəyini soruşdular. Dəfn mərasimi axşam saat 17 - ə təyin edildi. Camaat bir himə bənd imiş kimi dağılışdı. Molla Hüseynin ətrafında bir neçə əldən düşmüş qoca qaldı. Bu ərəfədə mürdəşir yumaq işini bitirib haqqını istədi, Molla Hüseyn yenə də kəndin xeyriyyə hesabından əlli manat mürdəşirə verib yola saldı. Molla öz aləmində qərib işə düşdüyünü fikirləşdi. Sən demə professor Səlim Axınlınun bu kənddə heç hörməti yoxuymuş. Çarəsiz qalan Molla oturub işin necə başa çatacağını gözləyirdi. 
Bu zaman kəndin Sovet sədri qarnıyoğun Mirzəli ilə kolxoz sədri keçəl
Tarıq həyətdə göründü. Yaxınlaşıb salam verdilər. Molla Hüseyn  kəndin başbilənlərini görüncə sevindi. “Əleyküm-salam”,- deyib oturduğu yerdən ayağa qalxdı. Sovet sədri qarnıyoğun Mirzəli üzünü Molla Hüseynə tutub soruşdu:
-         Molla Hüseyn, bu qırılmış camaat haradadır?
Molla bütün əhvalatı necə ki, siz bilirsiniz, sədrlərə anlatdı. Kolxoz
sədrindən xahiş etdi ki, mərhumun cənazəsini qəbirstanlığa aparmaq üçün bir yük maşını ayırsın.
         Kolxoz sədri işin-gücün bu vaxtında boş yük maşını tapmağın çətin olduğunu desə də, yenə də kolxozun qarovulu mal Nağını maşın tapmağa göndərdi.
         Hamı bilirdi ki, bu kənddə indiyə qədər heç kəsin cəsədini qəbirstanlığa maşınla aparmamışdılar. Belə zamanlarda kənd camaatı bir nəfər kimi mərhumun tabutunun altına girər, növbə ilə bir-birini əvəzləyərək son mənzilə çiyinlərdə aparardılar. Amma bu gün fərqliydi. Molla Hüseyn camaatın qırımından hiss edirdi ki, professor Səlim Axınlınun tabutunun altına girən tapılmayacaq, ona görə də işini bu başdan etibarlı tutmağı münasib görmüşdü.
         Bu ərəfədə taksi sürücüsü Şəmil gəlib qəbrin hazır olduğunu bildirdi. Molla Hüseyn dedi:
-         Şəmil, oğlum, zəhmət çək, get o qəbir qazanları buraya gətir. Mən ki, belə
görürəm, biz burada da onların köməyi olmadan keçinə bilməyəcəyik. Bir də bax, gör bu Mal Nağı harada qaldı. Tarıq müəllim onu maşın dalınca göndərmişdi. Sən Allah, bir az əl-ayaq elə, yoxsa, dəfn qaranlığa düşəcək.
-         Baş üstə, molla əmi,- deyib taksi sürücüsü Şəmil yenidən qəbir qazanların
ardınca getdi.
Sovet sədri dünyanın vəfasızlığından gileyləndi. İşə bax, - dedi, - professor
Səlim Axınlınun cənazəsi yerdə qalıbdı. Dağılasan, a dünya!
Kolxoz sədri cavanların saymazlığından gileyləndi. Sonra da dedi ki, bütün bunların günahı müəllimlərdədir. Məktəblər tamamilə pozulubdu. Belə də məktəb olar? Hanı bu kəndin müəllimləri? Hanı direktor? Yoxdur! Hələ bundan da pis olacaq. Bəs mərhumun uşaqları, arvadı gəliblərmi?
Ortalığa verilən suala da qeyri-müəyyən cavab gəldi: - Deyəsən, gələn yoxdu.
 Belə-belə işlər, - dedi Mirzəli müəllim.
Sonra söhbət Səlim müəllimin arvad uşağından düşdü.
Söhbət arvad-uşağın üstünə gələndə Səlim Axınlınu xəcalət təri basdı. Bu vaxta qədər Səlim müəllim bir təhər bu sözlərə dözürdü. Səlim Axınlı arvad-uşaq məsələsini hər kəsin evdaxili problemi sayırdı, istəmirdi ki, arvad-uşağının onu saya almadıqlarını başqaları bilsin. Necə deyərlər ad-sanı yerə-göyə sığmayan poressor Axınlının evdə heç adam yerinə qoyulmadığını bilsəydilər, o dəqiqə hörmətdən düşərdi. Ha istədi göz qapaqlarını qaldırıb desin ki, ay camaat, niyə belə danışırsız, mən ölməmişəm. Çıxın gedin işinizin dalınca, məni də rahat buraxın. Amma Səlim müəllim göz qapaqlarını qaldırıb yuxudan oyana bilmirdi.
 Nəhayət, taksi sürücüsü Şəmil qəbirqazanları gətirdi, dalınca da Mal Nağı yük maşını ilə gəldi. Molla Hüseyn mərhumun tabutunun qaldırılması üçün qəbirqazanları yaxına çağırdı:
- Balalarım, mərhumun tabutunu üç dəfə yerindən qaldırıb yenidən yerə qoyun, sonra maşına aparın. Ya Allah, bismillah... Qəbirqazanlardan biri qabaqdan biri də arxadan tabutu qaldırmaq istədilər. Lakin tabut çox ağır olduğundan taksi sürücüsü Şəmil, qarovulçu Mal Nağı da köməyə gəldi, hərəsi bir tərəfdən yapışıb cənazəni qaldırdılar, gətirib yük maşınına qoydular.
Qəbirqazanlar mollanın işarəsi ilə maşına qalxıb mərhum ilə qəbirstanlığa yola düşdülər. Qəbirstanlığa gedən maşın yolu kəndin aşağısından dolanıb gəlirdi. Yol daşlı-kəsəkli və bərbad gündəydi. Maşın tabutu atıb-tutur, ora-bura çırpırdı. Qəbirqazanlar əlacsız qalıb tabutun üzərində oturdular.
Səlim Axınlı düşdüyü vəziyyətdən çıxış yolu axtarır, tabutun qapağını qaldırıb oradan çıxıb qaçmaq istəyirdi. Lakin qəbirqazanlar tabutun üstündə oturmuşdular, professor nə qədər çalışsa da, qapağı qaldıra bilmirdi. Səsi də elə bil batmışdı. Nə qədər çığırırdısa eşidilmirdi.
Molla Hüseyn və ətrafındakı beş-altı kişi daha cənazənin ardınca gedə bilmədilər, bir başa kəsə yolla gedib mərhum üçün qazılmış qəbrin yanında cənazənin gəlməsini gözlədilər.
Yük maşını qəbrin yanında dayandı, cənazəni endirib üzü qibləyə tərəf qoydular. Molla Hüseyn dedi ki, cənazəni namazgaha aparmaq mümkün olmadığından, cənazə namazını burada da qılmaq müstəcəbdir. Molla özü qabaqda dayanıb namazı başladı:
-         Allahu-əkbər... 
Namaz qılınıb qurtardıqdan sonra dəfn mərasimi keçirildi. Adətə görə
mərhumun yaxın adamlarından biri boş qəbrə enməli, mərhumun cənazəsini alıb yerə uzatmalıydı. Lakin mərhumun arvad-uşağı dəfndə iştirak etməkdən boyun qaçırmışdılar. Odur ki, Mal Nağı qəbrə girməli oldu. Mal Nağı da ona görə bu əziyyətlərə qatlaşırdı ki, kolxoz sədri Tarıq müəllim axırda ona bir yağlı “sağ ol” desin. Yoxsa Mal Nağının nə vecinəydi, burda ölən Səlim Axınlıdı, yoxsa kimdi. Qəbirqazanlar cənazəni tabutdan çıxarıb qəbrə endirdilər. Qəbrin üstünə sal döşəyib palçıqla suvadılar. Molla Hüseyn Qurandan bir surə oxuyub mərhuma Allahdan rəhmət dilədi. Qəbrin üstünə su axıtdılar ki, mərhumun o dünyaya yolu aydınlıq olsun.
           Molla Hüseyn ayağa qalxıb getmək istəyirdi ki, kənd mədəniyyət evinin müdiri Kal Şaban yanında üç nəfər viola çalan Səftər, klarnet çalan dombagöz Tağı, skripkaçı Cır Cəfər özünü qəbir üstünə yetirdi. Kal Şaban xeyli aralıdan qışqırmağa başladı: - Dayanın! Dayanın!..
          Molla Hüseyn dikəlib durdu. Qəbirstanlıqdakı adamlar təəccüb içində gözlədilər. Kal Şaban özünü Səlim müəllimin qəbrinin üstünə yetirib danışmağa başladı:
         - Ay camaat, bu gün bizə böyük itki üz veribdi. Professor, nazir müavini Səlim Axınlı bizim kəndimizin fəxriydi. Onun təkcə quru adı bizim kəndimizə şərəf gətirirdi. Biz fəxr etməliyik ki, bizim kəndimizdən belə böyük adam, böyük rəhbər çıxıbdı. Rəhmətlik simfonik musiqini çox sevərdi. Mən bu xəbəri eşidən kimi fikrləşdim ki, biz Səlim müəllimi mütləq simfonik orkestrin müşaiyyəti ilə son mənzilə yola salmalıyıq. Lakin bildiyiniz kimi üzürlü səbəbdən biz bunu edə bilmirik, işçilər kolxoza iməciliyə gediblər, simfonik orkestr gətirə bilmədik. Yaxşı ki, bu üçlük də mədəniyyət evində avaralanırdı. Onları tutub bura gətirdim. İstədim ki, heç olmasa bu üçlüyün ifasında burada Səlim müəllimin ruhu qarşısında bir matəm musiqisi dinləyək, hörmətli professorun da ruhu şad olsun. Bu üçlük də bu gündən sonra tarixə düşəcəkdir, Səlim Axınlı kimi bir möhtərəm zatın dəfn mərasimində çalmaq hər adama qismət olan xoşbəxtlik deyil. Çalın!..
         Kal Şabanın uzun nitqindən sonra çalğıçılar alətlərini sazlayıb çalmağa başladılar. Kal Şaban gözlərini yumub drijorluq edirdi, musiqi sədaları onu sanki uyudur, daz başından aşağı tər axırdı, hərdən də ovcunun içi ilə alnından axan təri silib yerə çırpırdı.
         Molla Hüseyn və ətrafındakılar yola rəvan oldular, nə Molla Hüseynin, nə də qəbirqazanların arı dızıltısına oxşar bir musiqi dinləməyə meyli yoxuydu. Qəbirstanlıqda Kal Şabanın musiqi dəstgahının ifaçılarından başqa kimsə qalmamışdı. Onlar da bir qədər keçmiş dağılışıb getdilər.
Səlim Axınlı yenə də nə qədər qışqırdısa ki, məni burda qoyub getməyin, mən ölməmişəm, amma eşidən olmadı. Elə ki, camaat dağılışdı, qəbirstanlıqda səs-küy kəsildi, Səlim müəllim əl atıb kəfəni baş tərəfindən cırdı. Bura dar bir mənzilə bənzəyirdi, kəfəndən çıxan professor onun üçün biçilib geydirilmiş ağ köynəyin içində qaldı. Yavaş-yavaş uzandığı yerdən dirçəlib qəbrin üstünə səliqə ilə düzülmüş sal daşları qaldırmağa çalışdı, nə qədər güc versə də, heç nəyə nail ola bilməyib oturduğu yerdə başını aşağı sallayıb fikrə daldı. Həmişə çətinə düşəndə  bu vəziyyətdə xəyallara qapılr və nəticədə bir çarə axtarıb tapa bilirdi. İndi də görünür ağlı, zəkası onu darda qoymayacaqdı. Gözlərini geniş açıb ora-bura boylandı, gözünə bir işıq dəydi. İşıq gələn yeri qurdalamağa başladı. Bir xeyli əlləşəndən sonra geniş bir yol açıldı. Professor işıq gələn tərəfə getməyə başladı. Yolun yarısında qarşısına bir körpü çıxdı, bu körpü çox dar, uzun və əziyyətliydi. Körpünün altında qəribə səslər gəlirdi. Bir anlığa dayanıb aşağıya baxmaq istədi, lakin arxadan gələnlər onu itələdilər, burada dayanıb dincəlmək, baxmaq olmazdı. Professor anladı ki, o, burada tək deyil, ardınca başqa adamlar da gəlir, bundan sevinsə də, ancaq dayanıb dincəlmək olmadığından məyus oldu. Qıl körpüsünü adlayıb keçə bilsəydi, canı qurtarardı. Hərdənbir qıl körpüdən keçənlərdən bəziləri müvazinətini saxlaya bilməyib aşağıya yuvarlanırdı. Professor qıl körpüdən yıxılmamaq üçün ürəyində Allaha yalvarır, hər addımını diqqətlə izləyirdi. Qıl körpünün sonuna çatmışdı ki, İnkir-Minkir qabağını kəsib sənəd istədilər. Professorun yadına avtomobil müfəttişləri düşdü. Eynən avtomobil müfəttişləri də beləcə sürücülərin qarşısını kəsib sənəd istəyirdilər. Avtomobil müfətişləri ilə dil tapmaq asan olurdu, professor dünyagörmüş adamdı, beşdən-üçdən müfəttişin ovcuna basan kimi yollar açılırdı. Əslində professor avtomobil müfətişlərinə haqq da qazandırırdı, səhərdən axşama qədər işləyirdilər, amma aldıqları qəpik-quruşuydu. Müfəttiş yazıq da neyləsin, bir dünya pul verib işə düzəlirdi, sonra da rəisi hər gün haqq tələb edirdi. İnsafən gərək müfəttiş qazana ki, rəisin də payını verə biləydi. Bəli, o dünyada beləydi, amma bu dünya ilə Səlim Axınlı hələ tam tanış ola bilməmişdi, heç bir saat olmazdı ki, buraya gəlmişdi, ona görə də qayda-qanunu bilmirdi. Görək İnkir-Minkir nə deyəcəkdi. 
-         Bəndə, sənədlərinizi göstərin,- İnkir dilləndi.
Arxadan gələnlər sıxlaşdıqca basabas düşür, tıxac yaranırdı. Professor Səlim
Axınlı isə sənəd göstərə bilmirdi. Arxadan gələnlər tələsirdilər, elə bil dallarınca qırmızı alma göndərmişdilər, qışqırırdılar, - “yol verin, yolu açın!”
         Minkir arxadan gələnlərin sənədlərini nəzərdən keçirir, yola salırdı. Səlim  müəllim isə İnkirin qarşısında donub qalmışdı, heç bir sənəd tapıb göstərə bilmirdi. “Mən professoram, elm xadimiyəm, nazir müaviniyəm”, - desə də Səlim Axınlını anlamırdılar. Qıl körpünün bağlanmaq vaxtı çatırdı. İnkir Minkirdən soruşdu:
-         Bunu neynəyək?
-         İdarəyə aparaq, - Minkir dedi.
Səlim Axınlını İnkir-Minkir cütlüyü Ərafa - baş idarəyə gətirdilər. Səlim
müəllim burada yenə də avtomobil müfətişlərini yada salıb atalarına rəhmət oxudu. Bu İnkirdi, Minkirdi, nədi - başa salmaq olmurdu ki, olmurdu. Odabaşının iş vaxtı qurtardığından bəndə professor Səlim Axınlı gecəni Ərafın saxlama kamerasında keçirməli oldu. Dünəndən heç nə yeməmişdi, aclıq onu üzürdü, yemək istədi, cavab verdilər ki, bəs deməyəsən burada talon sistemidir, bəndə buraya iş vaxtından sonra düşdüyü üçün onun adı sabahdan siyahıya salınacaq və  talon veriləcəkdir. Ancaq yenə də İnkir bir şüşə su tapıb gətirdi və dedi:
         - Bu gecəlik bununla ötüş, sabah baxarıq.
         Səlim müəllim bu rəhmdilliyi qarşılığında İnkirə minnətdarlıq etdi, suyu son damlasına kimi birnəfəsə başına çəkdi. Uzun gecə professora əziyyət verirdi. Uzanmağa bir çarpayı da qoyulmamışdı. Daş döşəmənin bir tərəfində daş oturacaq vardı. Saxlama kamerası soyuq və rütubətliydi.
 Professorun yadına nazirlikdəki lüks kabineti, lüks kreslosu, istirahət otağı düşdü. Gör hardan hara gəlib çıxmışdı. Nazirlikdə hər əmrinə müntəzir dayanan köməkçi qız kaş burda yanında olaydı, pofessoru bir anın içində ağappaq döşlərinin arasına alıb isidər, özünü ona yorğan-döşək edər, “cənnətin qapılarını” üzünə açardı. Heyif ...  Burada isə başına daha nələrin gələcəyindən xəbərsiz halda səhərin açılmasını gözləyirdi.
         Binəva professor, son ayaqda arvadın, oğlun dəfninə də gəlmədi. Kasıb-kusubun boğazından kəsib zorla çıxartdığın var-dövlətin gör kimlərə qismət oldu. Erməni qızı, arvadının oynaşı yesin, kef eləsin. Sən də burda yeməyə bit tikə çörək də tapmayasan, belə də iş olar? Dağılasan, a dünya!
  Professor bütün hirsini-hikkəsini dünyanın üstünə tökməyə başladı. Sonra  uşaqlıqda atasından eşitdiyi bir əhvalatı xatırladı. Deyirlər ki, bir gün padşah təğyiri-libas olub məmləkəti gəzməyə çıxır. Az gedir, çox gedir, axşamın toranlığında gəlib bir kəndə çıxır. Kənddə gecələməyə karvansara olmadığından evlərdən birində qalmaq məcburiyyətində olur. Qarşısına çıxan böyük bir evin darvazasını döyür. Qapını açan xidmətçi qarşısında tanımadığı adamı görüncə çaşıb qalır. Padşah qərib bir yolçu olduğunu, Allah xatirinə onu bu gecəliyə saxlamalarını xahiş edir. Xidmətçi evin xanımına xəbər verib, bir Allah qonağının burada gecələmək istədiyini bildirir. Xanım qonağın içəriyə alınmasına göstəriş verir. Salam-kəlamdan sonra bir qədər dünyanın gərdişindən söhbət edirlər.
Şam yeməyinin vaxtıydı. Xanım şam yeməyinə qonağı da dəvət edir. Süfrə arxasında xanım, bir kişi və qonaq əyləşirlər Xidmətçilər süfrəyə hər cür ləziz yeməklər düzürlər. Kişi xanıma sual verir:
-         Döyək yeyək, yeyək döyək?!
-         Döyək yeyək!
Xidmətçi tez o biri otaqdan torbanın içində yumru bir şey və iki ədəd
çubuq gətirir. Xanım ilə kişi hərəsi bir çubuq götürüb torbadakı yumrunu döyəcləyirlər. Sonra çubuqları və torbadakını xidmətçi yığışdırdıqdan sonra yeməyə başlayırlar. Xanım bir neçə dəfə üzünü qonağa tutub deyir:
-         Qonaq qardaş, nuşi-canlıqla ye, çəkinmə.
 Amma padşahın boğazından bir tikə nədi, su da keçmirdi. Bu axşam burada
gördükləri onu çox heyrətə salmışdı. Yatmaq zamanı gəldiyində padişaha ayrıca otaq ayırdılar. Xanım ilə kişi qonşu otaqda yatdılar. Padşah nə qədər çalışsa da yata bilmirdi. Səhərə yaxın xidmətçini çağırıb ona bir ovuc qızıl verdi və bu evdəki sirri öyrənməyə çalışdı. Məlum oldu ki, bu evin keçmiş sahibi bu xanımın əriymiş, çox zəngin adamıymış. Kəndlilərə zülm edər, var-yoxlarını əlindən alıb, onları quru yerdə qoyarmış. Evdəki xidmətçilərə də doyunca yeməyə çörək verməzmiş. Qonağın gördüyü kişi də xanımın oynaşı imiş. Kişi ölən kimi xanım oynaşını evə gətirdi. İndi ölən kişinin var-dövlətini yeyib kef çəkirlər. 
Padşah  xanımın “döyək yeyək, yeyək döyək” sözlərinin nə məna kəsb etdiyini də öyrənmək istəyirdi. Xidmətçi dedi:
-         Elə ki, bu evin kişisi öldü, xanım oynaşını çağırıb kişinin başını kəsdirdi,
nizəyə taxıb günün altında qurutdu. İndi də hər şam yeməyində onu ortalığa gətirdib ya döyüb yeyirlər, ya da yeyib döyürlər.
 Padşah barmağını dişlədi. Eşitdiyi əcaib əhvalat onun qanını qaraltmışdı.
Padişah daha orada dayanmayıb sarayına üz tutdu. Az getdi, çox getdi gəlib sarayına çatdı, əmr verib məmləkətin hər yerindən əyanları, bəyləri, xanları baş meydana topladı. Qonaq olduğu evin xanımı ilə onun oynaşını da çağırtdırdı. Padşah gördüyü hadisəni əhaliyə bəyan eləyib xanımın və oynaşının dar ağacından asılmasına fərman verdi. Padşahın daha bir fərmanını carçılar məmləkətin hər yerində car etdilər. Fərmanda deyilirdi: Hər hansı bir əyan, bəy və ya xan əhaliyə zülm edə, var-dövlət toplamaq məqsədi ilə camaatı aldada, digər xoşagəlməz işlərlə məşğul ola, ən ağır cəzaya məruz qalacaq, dar ağacından asılacaqdır.
 Professor Səlim Axınlı padişahın nağılını xatırladıqca öz arvadı Zemanın fitnələrini yada salır, indiyə qədər onun bu iyrənc işlərinə necə dözdüyünə özü də məəttəl qalırdı. İndi yəqin ki, Zema xanım da aşnası ilə yeyib içir, ərinin kəlləsinə söyürdü. Amma yenə də Səlim müəllim fikirləşirdi ki, Zema xanım nazirin arvadı Raya xanımdan insaflıydı. Raya xanım bütün il boyu xarici ölkələrdə ayrı-ayrı aşnalarla gəzib dolanır, min bir hoqqadan çıxırdı. Nazirin heç səsi də çıxmırdı, Raya xanım istədiyi hərəkəti etməkdə tam müstəqildi, hətta nazirliyin işlərinə də qarışır, istədiyi adamları istədiyi vəzifələrə təyin etdirirdi.
         Səlim müəllim düşündü ki, nazir ölsə, görəsən onun arvadı necə hərəkət edəcəkdi? Yoxsa o da heç nazirin yasına da gəlməyəcək, necə ki, Səlim müəllimin sevimli xanımı Zema onun dəfninə gəlmədi. Bəs nazir bu əhvalatı eşitsə necə hərəkət edərdi? Amma nə hərəkət edəcək ki, Səlim müəllim nə edə bildi ki, nazir də nə etsin?! Olaydı keçmiş zamanlar, padişah bir əmrlə belə arvadları dar ağacından asdıraydı. Amma hardan tapasan belə padişahı?..  
 Professor bu xəyallarla saxlama kamerasında gecəni səhərə qədər yatmadı, dan yerini diri gözlü açdı, yəni yatıb gözünün dincini ala bilmədi. İş vaxtının başlamasını, buradan azad olacağı anı səbirsizliklə gözləyir, bir yerdə qərar tuta bilmir, daş döşəmənin üstündə o tərəf-bu tərəfə var-gəl edirdi. İnkir-Minkir saxlama kamerasına yaxınlaşıb qapını açdılar, professorun azad olduğunu bildirdilər. Professor iki gündən bəri heç nə yemədiyini, odabaşı ilə görüşmək istədiyini bildirdi. İnkir professorun adının siyahıda olmadığından rəisin onu qəbul etməyəcəyini bildirdi. Adı siyahıda olmadığından onu yemək siyahısına da əlavə edə bilmirdilər. Səlim müəllim isə iki gündü ac idi:
-         Bəs indi mən neyləyim?
-         Biz bilmirik, bizimki bura qədərdi,- Minkir dedi.
Səlim müəllim ac-susuz yola davam etdi. Qupquru səhra yolunda bir kimsə
gözə dəymirdi. Yol getdikcə uzanır, toz-duman, isti adamın nəfəsini kəsirdi. Nəhayət gəlib iki böyük darvazanın önünə çıxdı. Darvazalardan biri yaşıl, digəri qırmızı rəngdəydi. Hər iki darvaza eyni hündürlükdəydi, eyni cür, iki tağlıydı, sadəcə rəng fərqləri varıydı. Darvazaların önündə qolları çırmalı cüssəli mələklər dayanmışdı. Darvazaların üstündə ərəb əlifbası ilə reklam mətnləri yazılmışdı. Səlim müəllim bir zamanlar ərəb əlifbasını öyrəndiyinə görə çətinlik çəkmədən qapıların üstündəki yazıları oxuya bildi. Yaşıl qapı Cənnətə açılırdı. Əlbəttə, professor adlı-sanlı kişiyiydi, təbii ki, onun yeri cənnət olmalıydı. Səlim müəllim cənətin qapısına yaxınlaşdı. Qapı önündə dayanan iki mələkdən biri – Rizvan professorun qabağına gəlib adını, soyadını soruşdu. Əlindəki dəftərdə professorun adı tapılmadı:
-         Sizin isminiz dəftərdə yoxdur, - Rizvan dedi.
-         Amma mən professoram, nazir müaviniyəm, mən mütləq cənnətə
getməliyəm. Buradan görürəm mənim qonşularımdan biri də cənnətdə oturubdu, baxın odur, mənə baxır. Necə də bəxtəvərdi, yanındakı qızlardan biri onun saçlarını darayır, o biri qız da bığını tumarlayır. Hələ o oynayan qızlar... Mən dünyanın yarısından çoxunu gəzmişəm, heç yerdə belə gözəl qızlar görməmişəm.
         Bəli, Cənnət nə Cənnət... Səlim müəllim bir anın içində bu qənaətə gəldi ki, nəinki o, bəlkə heç kim fani dünyada belə gözəllik görməyibdi.
 Cənnətin qapıları heç vaxt  bağlanmırdı, ona görə də hər tərəf açıq şəkildə görünürdü. Yamyaşıl bağçalarda gül gülü çağırırdı, bülbül bülbülü. Sular şaqqıldayıb axır, nazənin qızlar güllərin qoynunda naz satırdı.
-         Bəndə, çəkil kənara, ora sənin yerin deyil, - mələklərdən Rizvan  dilləndi.
-         Yaxşı bəs mənim yerim haradır?
-         Mən nə bilim, get Cəhənnəmə.
-         Yox, yox siz nə danışırsınız, mənim qonşum Cənnətdə kefə baxsın, mən də
Cəhənnəmə gedim? Ola bilməz siz siyahıya bir də baxın, Kar Zülfünün oğlu hansı xidmətlərinə görə ora düşübdü? Bir ora baxın, necə də xoşallanır...
-         Bəndə, sizin adınız siyahıda yoxdur. Bizi zor tətbiq etməyə məcbur
buraxmayın, qapının önündən çəkilin!..
Professor məcburiyyət qarşısında Cənnətin darvazasının önündən aralanıb
Cəhənnəmin darvazasına tərəf getdi. Cəhənnəmin də darvazası açıq idi, içəridən tükürpədici səslər gəlir, qırmızı alov dilimləri göyə qalxırdı. Burada da onu Cəhənnəm mələyi Malik və köməkçisi qarşıladı. Adını, soyadını soruşub dəftərə baxdılar. Amma bu dəftərlərdə də Səlim müəllimin adı çıxmadı. Malik dedi:
-         Bəndə, burada sizə yer yoxdur.
-         Nə olar. İcazə verin, cəhənnəm də olsa, orada qalım, mən aliməm, nazir
müaviniyəm...
-         Bəndə, olmaz,  başa düşmürsünüz?!        
-         Mənim varım, dövlətim çoxdur, nə qədər istəsəniz verərəm...
-         Dedim ki, olmaz!
-         İndi nə deyirsiz, mən neyləyim?
-         Qayıt gəldiyin yerə.
-         Yox, məni öldürsəniz də Bakıya qayıtmaram. Lap qiyamət gününə qədər
burada qalaram, amma ...
      Professor Səlim Axınlının sözü ağzında qaldı. Yer silkələndi, dağlar lərzəyə gəldi, dənizlər coşdu, bir tufan, bir qasırğa başladı ki, təsvir etməkdə qələm acizlik çəkir. Malik dedi:
-         Ey dili-qafil, sən nə etdin?! Bilmirsənmi ki, bura Allah dərgahına ən yaxın
olan yerdir. Qiyamət günü Allahın yadından çıxmışdı, yadına saldın, indi qiyamət günü başlayır. Burada Qiyamət sözünü dilə gətirmək qadağan olunmuşdu. Sən bütün bəşəriyyəti bəlaya yuvarlatdın. Ax, sən necə bəni-insansan, bilmirəm, indi cəzanı çəkərsən...
 Tufan getdikcə güclənir, qarşısına çıxanları top kimi alıb ora-bura çırpır, dənizləri təlatümə gətirirdi. Vəhşi heyvanlar adamları tapdalaya-tapdalaya hara gəldi qaçır, böyürürdülər. İnsan çığırtısından, vəhşi heyvanların nəriltisindən, çıxartdıqları əcaib səslərdən qulaqlar tutulurdu.
Səlim müəllimin işlədiyi nazirliyin işçiləri cır-cındır içində, öndə nazir, arxadan digər müavinlər və işçilər gücləri çatdıqca qaçırdılar. Başlarının üstündə vıyıltı ilə uğuldayan qara dana dərisindən olan qamçılardan yayınmaq üçün qaçırdılar. Nazirin üzündən dəyən qamçı böyük bir şırım açdı. Nazir kəllə-mayallaq aşıb ayaqlar altında qaldı. Nazir Səlim müəllimə tərəf əl uzadır, onu düşdüyü bu əzablı bataqlıqdan çıxartmasını istəyirdi. Səlim müəllim əl atıb naziri düşdüyü bataqlıqdan çıxartmaq istəyirdi ki, kürəyindən dəyən qamçının zərbəsindən  bağırdı.
 Səlim müəllim öz bağırtısına yuxudan dik atıldı. Əli axşamdan stulun üstünə qoyduğu su qrafininə dəyib aşırdı. Qrafin guppultu ilə yerə düşüb çilikləndi, Səlim müəllimin üz-gözündən tər axırdı, gördüyünün yuxu olduğuna şükürlər etdi, dəsmal tapıb tərini sildi. Yuxuda öldüyünü görüb elə qorxmuşdu ki, bir daha ölüm sözünü dilinə gətirmədi. Ərsənin oyanmasını gözlədi, elə bu gün də  Bakıya qayıtmağa qərar verdi. Nazirlikdə işlər tökülüb qalıb, müxtəlif görüşlər təxirə salınmışdı. Təcili tədbirlər görmək lazımdı, həm də doğulduğu bu kənd üçün də nə isə bir iş görmək istəyirdi. Mütləq nəsə etməliydi, amma nə etmək haqqında gərək düşünəydi. Əvvəllər də kəndə gələndə nəsə etmək haqqında danışardı, kənddən gedəndən sonra isə unudardı. Özlüyündə söz verdi ki, bu dəfə mütləq nəsə edəcəkdir, amma nə?..
         Vaxt il qədər uzanırdı. Professor Səlim Axınlı Ərsənin yuxudan oyanmasını gözləməkdən vaz keçdi, qısaca bir məktub yazıb çarpayının üzərinə buraxdı, rayon mərkəzinə gedib qatara bilet aldı və Bakıya qayıtdı. Bacısı oğlu Ərsənin üzünə baxmağa üzü gəlmirdi. Güman ki, Ərsən də dayısının halını başa düşüb onu bağışlayacaqdı. Yol boyu arvadı Zema xanımın ilişgilərini öz aləmində müzakirə etdi. 
 
         ***
Telefon zəng vurdu. Ərsəni raykomun ikinci katibi Hüeynovun qəbuluna çağırdılar. Ərsəni raykomda o ki var danladılar:
– Sən Əhmədzadənin əleyhinəmi çıxırsan? O nə məqalədi yazmısan: “Qışa hazırsınızmı?”. Məgər sənin bu yaxınlarda aldığımız bayraqdan xəbərin yoxdur. Yoxsa özünü bilməməzliyə vurursan? Bizə nə olub ki? Qışa da hazırıq, qışlamaya da.
–                     Mənim yazdıqlarım hamısı faktdır. Lazım gəlsə...
   Ərsənin sözünü yarımçıq kəsdilər.
– Qulaq as, nə “faktdır, faktdır” salmısan. Sənin qədər görən yoxdur? Kifayət qədər yaşın, vəzifən, təcrübən var. Amma nəyi yazmaq lazımdır, nəyi yox, hələ bilmirsən. Qəzet haranın orqanıdır? Əlbəttə, raykomun, deməli, belə nəticəyə gəlmək olur ki, verilən hər hansı yazı raykom ilə razılaşdırılmalıdır. Amma siz əksinə raykomun əleyhinə hərəkət edirsiz. Belə yaramaz. Gəmidə oturub gəmiçiynən dava eləmək olmaz. Biz sizə axırıncı xəbərdarlıq edirik və sizə tapşırırıq bundan sonra heç bir material raykomun razılığı olmadan verilməməlidir, ələlxüsus bu səpgili yazılar.
Bu gün biz sizə tapşırıq veririk. Rayonda son vaxtlar bir qrup ot, meyvə oğrusu meydana çıxıb. Qəzet belə hallara qarşı barışmaz, mübarizə aparmalıdır, kənd müəllimi Əlisəftər Hacıyev haqqında felyeton vermək lazımdır. Əlisəftər müəllim sovxozun bağından bir dəfə ot biçib aparanda şəxsən yoldaş Əhmədzadə özü onu tutmuşdur. Siz Əlisəftər müəllimi qəzetdə biabır etməlisiniz. Belə müəllimlər müəllim adına ləkə gətirirlər. Bu şəxsən birinci katibin tapşırığıdır. Əlavə həkim Qrıq Vəlini yəqin ki, tanıyırsınız. O da həmçinin üzüm bağından 2 kilo üzüm yığıb, yolun kənarında durub yemək istəmişdir. Şəxsən yoldaş Əhmədzadə tərəfindən yaxalanmışdır. Həkim Qrıq Vəli haqqında da felyeton yazıb, tutduğu pis əməllərə görə onu da biabır eləmək lazımdır.
– Axı, bir dərz ota, iki kiloqram üzümə görə adamları qəzetdə rüsvay eləmək olmaz. Yardımçı təsərrüfatın inkişafı ilə əlaqədar olaraq hökumət qərar verib. Hamıya şərait yaratmaq lazımdır ki, mal-heyvan saxlasın, ərzaq bolluğu yaratsın. Əlisəftər müəllim də həmçinin, mərifətli, zəhmətkeş adamdır. Bu adam mal-heyvan saxlamaq üçün hardansa ot tapmalıdır. Biz gərək belə adamlar üçün tədbir görək, şərait yaradaq, otlaqlar ayıraq ki, mal-heyvanlarını otarsınlar. Əksinə siz bunun əleyhinə çıxırsınız. Biz bunu necə töhmətləndirə bilərik. Belə məsələlər haqqında felyeton yazmaq olmaz.
– Necə? Sən Əhmədzadənin  fikrinin əleyhinə çıxırsan? Sən raykomun tapşırığını saymırsan? Mən bu dəqiqə yoldaş Əhmədzadəyə məlumat verərəm.
Hüseynovun birinci katibin otağına girməyi ilə çıxmağı bir oldu. Ərsəni katibin otağına çağırdı.
Əhmədzadə yuxarı başda ayaq üstə dayanmışdı, stolun arxasında var-gəl edirdi. Ərsən Hüseynov ilə içəri girən kimi ayaq üstə ondan soruşdu:
– Nə üçün bizim göstərişi icra etmək istəmirsən?
– Yoldaş Əhmədzadə, qəzet ümumi, geniş, əhəmiyyətli məsələlər üçündür. Belə kiçik, balaca məsələr üçün felyeton yazmaq məncə yersizdir və qəzetin hörmətinə xələl gətirə bilər.
–                     Deməli, belə çıxır ki, biz böyük-kiçik məsələləri ayırd edə bilmirik.
Bəlkə bizə öyrədəsən. Sən mənim tapşırığımı icra eləmirsən?
Əhmədzadə əlini bərkdən stolun üstünə çırpdı.
   -  Sən Ərsən ol, mən də Əhmədzadə. Görək kim-kimə qalib gələcək. Vot tak!...
Bu, o demək idi ki, söhbət qurtardı, gedə bilərsiniz. Bu o demək idi ki, sənin də axırın çatdı, yoldaş redaktor.
 
 
 
***
Səda axır ki özündə güc tapıb masaya yaxınlaşdı, masanın alt gözündən bir vərəq ağ kağız çıxarıb qarşısına qoydu, fikirləşdi və sonra özündən asılı olmayaraq qələm ağ kağızın üzərində qara xətlər cızaraq hərəkət etməyə başladı:
“Bu məktubu yazana qədər qəlbimdən qara qanlar axıb. 7 illik ayrılıqdan sonra bəlkə min dəfələrlə qəlbimdən bu hisslər keçib, sənə məktub yazmaq istəmişəm. Lakin hər dəfə nəsə qabağımı kəsib, sənə yazmaq istədiyim sözləri, demək istədiklərimi deyə bilməmişəm, yaxud da yazdıqlarımı cırıb atmışam. Qəlbimdə həmişə sənin xəyalını yaşatmışam. Bir yerə gedəndə  də, gələndə də, harda olursam olum, səni öz yanımda hiss eləmişəm. Sənə qarşı mən amansız olduğuma görə, bəlkə də həyat da mənə qarşı amansız olmuşdur. Bilmirəm. Onu bilirəm ki, mən həmişə əzab çəkəcəyəm, həmişə üzüntülər içində yaşayacağam. Hardasa oxumuşdum ki, qızlar ilk sevgilərinə vəfasız çıxanda heç vaxt xoşbəxt ola bilmirlər.
Bu, mənim də başıma gəldi. Səndən ayrılandan sonra toyumuz oldu. Lakin mən o evə ağlaya-ağlaya getdim. Gözlərim səni, tək səni axtarırdı. Aramızda həmişə gözəgörünməyən böyük sərhəd var idi. Özü də bunu hiss edirdi. O, mənə yaxınlaşmaq istəsə də bacarmır, mən də ondan uzaqlaşırdım. Heç nədən korluğumuz yox idi. Hər şey bol-bol idi. Layka paltolar, dublyonkalar, dəri plaşlar, brilyant, qızıl sırğalar, üzüklər, maşın, hər şey, hər şey var idi. Bircə məhəbbət çatışmırdı.  Tez-tez ağlayırdı. Onun sirrini mən heç kəsə aça bilmirdim, söz vermişdim. Sözü tuturdum. Sonuncu gecə bir illik evliliyimiz müddətində birinci dəfəydi ki, gecədən xeyli keçmiş mənim yanımda yatağa uzandı. Sakit, səssiz-səmirsiz saatlar keçirdi. Mən gözlərimi yummuşdum, xəyalımda sən vardın. O, yatırdı, məni də yuxu aparırdı. Səhər gün pencərədən gözlərimə düşüb məni oyandıranda o, hələ də yataqda idi, onu çağırıb oyatmaq istədim. Amma...
Baş verən hadisəni anlayanda dəhşət məni bürüdü. Barat bir daha oyanmayacaqdı, o, əbədi olaraq gözlərini dünyaya yummuşdu. Əvvəl anama zəng vurdum, anam o saat özünü yetirib, saçlarını yoldu. Sonra Baratın ata-anası, qohumlar tökülüb gəldilər. Təcili yardım maşını siqnal verə-verə bütün qonşuları ayağa qaldırdı. Həkimlər  heç nə edə bilmədilər, Baratın bədəni soyumuşdu.  Qaynanam üz-gözünü didir, başına döyürdü. Qonşu qadınlar pıçıldaşır, “uğursuz gəlini” öz aləmlərində qınayırdılar. Dəfndən sonra anam məni evə apardı, bir il yas saxladım, qara geyindim, bir ildən sonra anama bakirə olduğumu açıb söylədim. 
Artıq Bakıda qalmaq, burada yaşamaq mənə əzab verirdi. Anam məni doğulduğu rayona aparıb məktəbdə işə düzəltdi. Orada qohumlarımızın evində qalırdım. Daha bir il keçdi. Qohumlarımızın məndən iki yaş balaca oğlu Həmzə hərbi xidmətdən qayıdanda məni evlərində gördü. Mənə ayrıca otaq verilmişdi. Həmzə hər gün bir bəhanə ilə mənim otağıma gəlir, ümumi söhbətlər salır, gördüyü, bildiyi əhvalatlardan söyləyib mənim qılığıma girməyə çalışırdı. İstəsəm də onu otaqdan qova bilmirdim, tədricən mən də ona isinişir, ona təmiz və saf bir oğlan uşağı kimi baxırdım.
Amma sən demə, Həmzə mənə vurulmuşdu. Yavaş- yavaş evdə mənə qarşı münasibətin dəyişildiyini hiss edirdim. Yenə analar işə başladı, bu dəfə də məni Həmzə ilə nişanladılar, yığcam, təmtaraqsız bir məclis oldu, evləndik. Əvvəllər - nə qədər ki, işsizdi, Həmzə məni gözündən kənara qoymur, hər addımımı izləyirdi. Sonra oteldə administrator olaraq işə düzəldi, gecələri çox vaxt oteldə qalırdı. Bəzən öz növbəsi olmayanda da evə gəlmirdi. Belə-belə aramızda soyuqluq yaranırdı.   
Ana olmağa hazırlaşırdım. O da bunu səbirsizliklə gözləyirdi. Qohumlar hamısı aramızda olan  soyuqluğu qaldırmaq üçün doğulacaq uşağa çox ümid bəsləyirdilər. Amma hər şey əksinə oldu.
Uşaq doğulandan sonra əzablarım daha da artdı. Qız uşağı idi. Deyirdilər guya özümə oxşayırdı. Dörd ay xəstəxanaları dolandım. Rayon xəstəxanasında məsləhət bildilər ki, təcili olaraq uşağı mərkəzi xəstəxanalardan birinə aparmaq lazımdı.  Uşaq sebsis doğulmuşdu. Həkimlər deyirdilər ki, qohum olduğumuza görə onunla qan qruplarımız eyni idi. Sağalmağına ümid yox idi.
Yazıq uşağın çığırtısı yadıma düşəndə indi də özümə gələ bilmirəm, tüklərim biz-biz olur. Necə də dəhşətli çığırırdı. Dabanlarından iynə vururdular. Bu vaxtlar mən uşağı saxlaya bilmirdim. Tibb bacıları olmasaydı mənim halım daha pis ola bilərdi. Necə də dəhşətli gecələr idi, bizə ayrıca otaq ayırmışdılar. Lakin səhərə qədər uşağın çığırtısından gözümü yuma bilmirdim.
Anam səhərdən axşama qədər uşağı qucaqlarında gəzdirir, yatırtmaq üçün min cildə düşür, gah layla deyir, gah əzizləyirdi. Uşaq isə aramsız çığırırdı. Ağlamaqdan gözlərimin yaşı qurumuşdu. Daha ağlaya bilmirdim. Anam da xəcalət çəkirdi. Təklikdə qalanda “mən elədim” deyib əllərini dizinə vurur, ağlayır, otağı dörd dolanırdı.
Gecələr daha çox üzüntülü keçirdi. Bütün palatalarda səs-küy kəsildiyi, hamının şirin yuxuya getdiyi vaxtlarda bizim palatada bir an da sakitlik olmurdu. Hər gecə bir il qədər ağır gəlirdi.
Son gecə axşamdan şirin yuxuya getdi, üzü işıqlanmışdı. Xurmayi telləri alnında qıvrılmışdı. Hamımız sevinirdik. Dörd ayın içində birinci dəfəydi ki, belə şirin-şirin yatırdı. Hamımızda belə bir qənaət yaranmışdı ki, deyəsən daha yaxşılaşırdı. Anam necə də sevinirdi. O axşam birinci dəfəydi ki, rahat yatdım. Səhərə yaxın körpənin çığırtısına oyandım. Bələyini dəyişdirəndə əllərimə elə bil ki, buz yapışdırdılar. Körpənin ayaqları soyumuşdu. Sonra əlləri də soyumağa başladı. Anam növbətçi həkimin dalınca qaçdı. Həkim gələn kimi iynə vurdu. Hər dəfə iynə vurulanda  necə də bərkdən çığırardı. Bu dəfə elə bir azca, astadan çığırdı. Sonra əllərini yanına saldı.
Gözlərini açıb baxdı. Kimə, nəyə baxırdı bu körpə, niyə baxırdı bilmədim. Baxa-baxa heykəlləşirdi. Əbədi olaraq hər şeyə baxmaq istəyirdi.
Bu binadan hamı, gülə-gülə çıxırdı, mən ağlaya-ağlaya çıxdım. Hara getdiyimi bilmirdim. Dördaylıq körpənin meyidi ana qucağından ayrılmaq istəmirdi, amma ayrılırdı. Yaş, qara torpaq, körpə, lap körpə bir qəbir. Bir illik əzabların sonu. Balaca, körpə bir qəbrin anası. Göz yaşı və bu göz yaşlarıyla yuyulan günahlar. Deyirlər ki, qanı qan ilə yumazlar, su ilə yuyarlar. Mən isə günahlarımı göz yaşlarım ilə yumaq istəyirdim.
Mən daha rayona qayıtmadım. Həmzə də Bakıya gəlib atamın köməkliyi ilə buradakı otellərdən birində işə düzəldi. O da özünü uşağın xəstəliyində günahkar hesab edir, üzümə baxa bilmir, sanki xəcalət çəkirdi. Mən də nədənsə bilmirəm, hər şeyə biganəlik göstərirdim. Həmzə bu arada mehriban olmağa çalışır, hər gün evə gələndə nəsə alır, bir növ evdarlıq edirdi. Amma mən alıb gətirdiyi şeylərə gözümün ucuyla da baxmırdım. Hər gecə həmdəmim göz yaşlarım, yoldaşım xatirələrdir.
Bəlkə də bu məktubu oxuyanda sənə qəribə gələcək. Amma həyat bizim istədiyimizdən asılı olmadığı kimi, biz həyatın istəyindən asılıyıq. İstədiyi kimi bizimlə hərəkət edir. Bəzən göz yaşı, bəzən sevinc verir. Mənə acı göz yaşları qismət elədi.
Amma bu məktubu sənə nəyə görə yazdığımı bilmirəm. Lap başımı itirmişəm. Axı, niyə, nədən ötrü?”..
Səda son nöqtəni qoyub bir az rahatladı, divanda uzanıb bir qədər dincini almaq istədi. Az keçmiş yenidən masa arxasına keçib yazdığı məktubu oxumaq istədi, lakin hövsələsi çatmadığından məktubu dörd yerə parçalayıb mətbəxdə zibil yeşiyinə atdı. Yox, Ərsənə nə üzlə məktub yazmalıydı ki... Özü öz cəzasını çəkməliydi. Evlilik oyun-oyuncaq deyil ki... Qarşıda nə olduğundan, taleyin töhvələrindən xəbərsizdi. Rayondan qayıdandan sonra atası onu musiqi məktəbinə işə düzəltmişdi. İşə də getmək lazımdı. Pişiyi də xəstələnmişdi. Anasına zəng edib evə çağırdı. Rəfiqə xanım nə baş verdiyini aydınlaşdırmadan tez-tələsik taksiyə oturub qızının evinə gəldi. Sədanın pişiyi heyvanxanaya aparıb baytara göstərmək istəyini bilincə hövsələsi qarışdı. Ancaq Sədanın qırımını görüb səsini çıxarda bilmədi, pişiyi çantaya yerləşdirib yola düzəldi. Rəfiqə xanım yaxşı bilirdi ki, qızının pişiyə məhəbbət salmasının günahı onunla bağlıydı. Qızını sevdiyi oğlandan ayırıb sevmədiyi bir adamla evləndirəndən sonra Sədada bir ruh düşgünlüyü yaranmışdı. Az müddətdə iki evlilik həyatı yaşayan, lakin heç birindən yarımayan bir ömür zindan əzabı qədər məşəqqətliydi, həyat onun üçün xeyli mənasızlaşmışdı. Heyvanlara qarşı yaranan məhəbbət insanlara qarşı az qala bir nifrətə çevrilmişdi. Rəfiqə xanımın da əvvəlki hökmü qalmamışdı, indi günahkar bir məhbus kimi qızının bütün qeyri-adi şıltaqlıqlarına dözmək məcburiyyətində idi.
Ərindən özünə qarşı daim xəyanət və biganəlik görən Sədanın yeganə təsəllisi pişiyiydi.   Hətta musiqi məktəbində həftədə iki gün dediyi dərs də maraqsızdı. Sadəcə vaxtını keçirmək məqsədi ilə məktəbə gedirdi. Bu gün də elə, anası ilə pişiyi baytara göndərəndən sonra çantasını götürüb, qapını bağlayıb bayıra çıxdı.
Rəfiqə xanım pişiyi baytara apardı, müayinə etdirdi, tədavisi ilə məşğul oldu. Evə qayıdarkən yolboyu düşündü. Qızının evində gördükləri ürəyini bulandırırdı. Belə getsə sevimli qızı xəstəlik tapa bilər, gənc ikən solub məhv ola bilərdi. Qızının həyatına müdaxilə etdiyi günə lənət oxudu, qardaşına qarğış tökdü. Kaş o zaman qardaşının sözünə inanıb qızını sevdiyi oğlandan ayırmayaydı. Kaş qardaşının Sədanı qayışın altına salıb döydüyü yerdə qolu quruyaydı. Axı niyə, nədən ötəri hamı onun əziz-xələf bircə qızını gözdən salmağa çalışırdı.
Rəfiqə xanım hərdən də özünə haqq qazandırırdı. Yox, axı qızı özbaşına buraxsan, ya naxırçıya gedər, ya da zurnnaçıya. Amma burda da bir az haqsızlıq edirdi. Ərsən nə zurnaçıydı, nə də naxırçı, dost-tanışlarının içində seçilib sayılan bir igidiydi. Amma qızı Səda da təkid etmədi axı, əgər sevirdisə, qoşulub qaçaydı, nə olsun ki, mən razı deyildim. Amma Səda atasını çox istəyirdi, atasının razılığı olmadan ölərdi, amma belə bir işə qol qoymazdı.
Rəfiqə xanımı qızının dərdi elə sıxmışdı ki, fikirləri dolaşır, harda başlayıb harda qurtaracağını unudurdu. Atası demişkən fikirləşdi ki, kişini bu işə qoşsa, bəlkə bir çarə tapa bilər. Qızının evindəki vəziyyəti bircə-bircə ərinə anlatdı, Əsəd kişini qızının evinə göndərdi. Əsəd kişi Sədanın evində birinci soyuducunu nəzərdən keçirdi. Soyuducu demək olar ki, boşuydu, bir-iki pişik yeməyi, balıq konservi, bir az pendir, bir az da kolbasa vardı. Soyuducuda ət, yağ, dənli bitkilər, meyvə-tərəvəz deyilən heç nə yoxuydu. Əsəd kişi qabyuyanın altında yığılıb qalmış çirkli qabları görəndə az qaldı ödü ağzına gəlsin. Sədada yaranmış bu tənbəllik, etinasızlıq onun qəlbini incitdi.
Əsəd kişi qollarını çırmalayıb işə girişdi. Qazanı su ilə doldurub qaz pilətəsinin üstünə qoydu. İsti su töküb qabyuyanın tutulmuş borusunu açdı,  qaynanmış su ilə nə vaxtdan yığılıb qalmış qabları yuyub təmizlədi. Mətbəxdə səliqə-sahman yaratdı, oturub Sədanın məktəbdən qayıtmasını gözlədi. Az keçmiş Səda məktəbdən qayıtdı, evdə atası Əsəd kişini görüncə işin nə yerdə olduğunu anladı. Atasının üzündən öpüb pişiyini yoxladı. Pişiyin kefi bir qədər durulmuşdu, Sədanı görüncə onun ayaqlarına sürtündü. Səda dedi:
- Xəstələnmişdi, şükür, indi yaxşıdı...
- Özün necəsən, mənim gözəl balam?..
- Yaxşıyam, sağ ol, ata... O, hanı?
Əsəd kişi bilirdi ki, Səda anasına daha ana demirdi, “o” və ya, “arvad” deyirdi. Əsəd kişi də qızının qəlbinə dəyməzdi, hətta ürəyində ona haqq da qazandırardı. Qızının bu duruma düşməsinin baiskarı öz anasıydı. Amma bununla belə Əsəd kişi qızına nəsihət verməyi də xoşlayardı, hərdən də əlini cibinə salıb olanından qızının ovcuna qısdırardı. Yenə də yüz manatından keçib qızını yanında oturtdu, sonra da nəsihətə başladı:
-         Bax, mənim gül balam, mən sənin yerində olsam, gedərəm bazara, alaram
bir kilo ət, gətirib evdə onu yaxşıca ayıraram, dolmalığın, bozbaşlığın, aşlığın ayrı-ayrı qablara yığıb soyuducuya yerləşdirərəm. Yavaş-yavaş işlədərəm, ayda bir dəfə bazara getsən, evində hər şeyin olar. Bişirib-düşürüb yeyərsən, ətə-qana gələrsən. Hə, bəs necə?
Səda atasının bu sadəlöv  fikirlərinə axır ki reaksiya verdi və hətta, bir az
da gülümsədi:
-  Ay ata, axı bir kilo ətin özü nədi ki, sözü də nə olsun?
-         Ay qızım, mən bir kilo deyirəm, sən iki kilo al, bunda nə var ki... Qabları
da gördün də necə yumuşam, istəsən sən də o qaydada yuya bilərsən.     
Əsəd kişi ət-yağdan danışır, amma qızının nələr çəkdiyini bilmirdi, o hiss edə bilmirdi ki, qızı ər dediyi adamdan sevgi görmür, kişilik görmür, ümumiyyətlə o adamın bu evdə yaşayıb-yaşamaması bilinmirdi. Bütün gününü otellərdə qumar oynamaqla keçirən, evə gələndə də gecədən xeyli keçmiş gələn, giriş otaqdakı divanda paltarlı uzanıb yatan bir kişi bu evə səadət gətirə bilməzdi.
Sədanın həyatı beləydi, qarşılıqlı sevgi görmədiyindən mehrini pişiyinə salmışdı, hərdən də pianinonun arxasına keçib qəmli mahnılar çalardı. Əsəd kişi də bunlardan xəbərsizdi. Rəfiqə xanım da açıb ağarda bilmirdi, öz əliylə qazdığı quyuda qızının boğulmasını sadəcə seyr etməklə kifayətlənirdi.
Əsəd kişinin nəsihətləri Sədanın qəlbini bir qədər rahatlatdı, o gecəni hüzur içində keçirsə də, sabah açılar-açılmaz sevimli pişiyinin öskürək səsinə ayağa qalxdı. Pişik öskürür, boğazında sümük qalmış kimi dartınırdı. Səda pişiyini qucağına alıb tumarlamaq, boğazını, boynunu qaşımaq istədi, lakin pişik döşəyin üstündən ayrılıb sevimli sahibəsinin qucağına gəlmədi, sual dolu gözləriylə maddım-maddım baxdı, sonra böyrü üstə uzanıb xırıldamağa başladı. Pişik can verirdi, Səda göz yaşlarını saxlaya bilmir, için-için ağlayırdı. Telefona yaxınlaşıb zəng vurdu. Rəfiqə xanımın səsini eşidən kimi dedi:
- Pişiyim ölür, gəl...
Rəfiqə xanım telefonda nəsə deməyə çalışdı, lakin Səda dinləməyib dəstəyi asdı. Səda yenidən pişiyinin yanına qayıtdı, onun ölümünü izləməyə başladı. Yazıq pişik can verirdi.
***
Daha bir neçə gün keçdi.  Səda düşüncələr içində çarpayıda uzanıb keçmişləri xatırlayır, dünyada hamıdan çox sevdiyi atasının bir az zarafatla, bir az da ciddi dediklərini düşünürdü. Həmzə ilə münasibətlərinə yenidən baxıb, onu evə bağlamağın yeganə yolunu güzəştə getməkdə görürdü. Keçmişi unutmaq,  taleyi ilə barışıb Allahın qismət elədiyi ömrü yaşamalıydı. Öz eşqinə naxələf çəxandan sonra başına gələnlərin təqsirkarı özüydü. Artıq qatar getmişdi. Bu, onun ikinci evliliyiydi, nəyin bahasına olursa olsun, evliliyini davam etdirmək, isti ailə münasibətlərinin yaranması üçün nə bacarırsa etməli, müəyyən çətinliklərə sinə gərməli, həyat yoldaşına sevgi bəxş etməliydi. Əvvəlcə Həmzəyə zəng edib dedi ki, axşam evə vaxtında gəlsin, sonra da binanın birinci qatındakı mağazaya enib xeyli ərzaq aldı. Ərzaq səbətinin içində Həmzənin sevdiyi “Bakı” konyakı da vardı. Axşama xüsusi bir hazırlıq görmək istəyirdi. Aldığı ərzaqları mətbəxə daşıyıb bir hissəsini soyuducuda yerləşdirdi. Qollarını çırmalayıb axşam yeməyi üçün hazırlıq görməyə başladı. Bu gecəni nağıllardakı kimi sehirli, sirli bir gecəyə çevirmək, bununla da həyatında dönüş yaratmaq istəyirdi. Bəlkə həyatında birinci dəfəydi ki, belə ciddi cəhdlə çalışır, hər şeyə diqqət yetirir, axşam süfrəsində çatışmayan bir şeyin olmasını istəmirdi. Axşam saat 18-ə qalanda demək olar ki, Sədanın hazırladığı şahanə bir süfrə iştah açan yeməkləri gözləyirdi. Süfrəyə iki cürə salat, göyərti, pendir, meyvə, çörək, nazik dilimlənmiş kolbasa, mineral suların əhatəsində “Bakı” konyakı və s. qoyulmuşdu. Üz-üzə qoyulmuş iki dəst çini nimçə və xrustal bakallar zəif, titrəyən şam işığında rəngdən rəngə düşürdü. Mətbəxdən yarpaq dolmasının, quzu əti qovurnasının dadlı iyi gəlirdi.
Səda kənardan süfrəyə baxıb gülümsədi, ürəyində bu günkü zəhmətinə “əla” qiymət yazıb axşam yeməyinin xarüqüladə bir ahəng yaradacağına əmin oldu. Vaxt azalırdı, bir azdan yəqin ki, Həmzə gələcəkdi. Mətbəx iyi verən paltarlar ilə ərini qarşılamaq istəmirdi, hamama keçib yuyundu, saçlarını fenlə quruladı, nazik ipək xalatını geyinib orta düymələrini bağladı. Ağappaq sinəsi döşlərinə qədər açıq idi, güzgü önündə saçlarına sığal çəkib nazlandı. Sonra da televizorun düyməsini burub veriliş axtardı, konsert gedirdi, respublikanın sevimli müğənnisi Zeynəb Xanlarova yenə də ekranı zəbt eləmişdi və həmişəki mahnısını oxuyurdu: “Dünyanın xoşbəxti mənəm dünyada”. Sədaya elə gəldi ki, bu gün o da Zeynəb qədər xoşbəxtdi. Divanın bir küncünə dirsəklənib ayaqlarını uzatdı, xalatının açıq ətəyi sürüşüb ağ baldırlarının üstünü açdı. Səda şam işığında bu romantik gecənin qəhrəmanını səbirsizliklə gözləyirdi. Vaxt keçir, yavaş-yavaş Sədanın göz qapaqları özündən asılı olmayaraq yumulurdu. Artıq çoxdan Zeynəb Xanlarova da ekranı tərk eləmişdi, bir-birinin ardınca qarmaqarışıq verilişlər gedirdi.
Səda yuxudan oyananda ilk diqqətini cəlb eliyən televizorun xırıltısı oldu. Gecədən açıq qalan televizorda bütün verilişlər bitmişdi. Səda divar saatına baxdı. Saat 5 – 30 göstərirdi. Əzgin-əzgin divandan qalxıb televizoru söndürdü, masadakı şam ömrünün son akordlarını səsləndirib sönmüşdü. Həmzə gəlməmişdi, Səda yataq otağına keçib axşamdan xüsusi hazırladığı yatağın üzərinə üzüqoylu düşüb hönkürdü. 
Aradan nə qədər keçdiyini bilmədi, mənzilin dəhlizində boğuq səslər eşidib yataqdan ayağa qalxdı. Həmzə yanında iki nəfər tanımadığı kişi ilə dəhlizdən hola keçirdi. Kişilərdən biri dilləndi:
-         Budurmu evin? Neçə otaqdı? Göstərgörəy...
-         Üç otaqdı...    
Həmzə qarşısında Sədanı görüncə bir anlığa çaşıb nə deyəcəyini bilmədi.
Yanında gələn kişilər də sanki yuxudan ayıldılar. Masanın üzərində axşamdan əl vurulmamış yeməklər elə də qalmışdı. “Bakı” konyakı sanki uzaqdan göz vurub müştəri çağırırdı.
-         Həmzə, olmaya evin şərəfinə banket düzəltmisən? Gəlsənə yüz - yüz vurub
qeyd eliyək...
Səda yuxu görür kimi maddım-maddım baxırdı. Bu adamlar kimdi, nə etmək istəyirdilər?.. Nədən Həmzə key kimi baxır, bir söz demirdi. Kişilərdən biri Sədanın açıq yaxasından gözünü çəkmədən soruşdu:
-         Bu gözəl kimdi?.. 
-         Yəqin arvadıdı, - o biri kişi dilləndi.
-         Ə lotu, nə gözəl arvadın var...
Səda sanki yuxudan ayıldı:
-         Siz kimsiniz?! Bunlar kimdi, Həmzə!.. Çıxın bayıra evimizdən!.. 
-         Gözəl xanım, səs-küy salıb özünüzü biabır etməyin, bu ev daha bizimdir.
Zəhmət olmasa, yığışıb evimizi tərk edin.
-    Siz nə danışırsınız? Siz kim olursuz ki, bizi evimizdən çıxardasınız... xahiş edirəm bizim evi tərk edəsiniz... Həmzə, nə lal kimi baxırsan?... danışsana...
- Ay xanım, o nə danışacaq ki... evi uduzub satıb bizə...
Səda Həmzəyə yaxınlaşıb qolundan yapışıb silkələdi:
-         Həmzəə... bunlar nə deyirlər, Həmzəəə.....
Nəhayət Həmzə Sədanın üzünə baxmadan dilləndi:
-         Yığış gedək...
-         Hara gedək? Sənin başın xarab olub? Bu nə biabırçılıqdır... mən heç yerə
getmirəm, bura mənim evimdir, heç kim məni evimdən çıxara bilməz...
-         Qurban olum, belə danışma, dur gedək, məni öldürərlər...
Qapı şaqqıltıyla açıldı. Rəfiqə xanım içəri girdi. Hadisəni öyrənib qışqıra-qışqıra ağlamağa başladı. Qonşu mənzillərin sakinləri də səs-küyə yığışdılar, hərə bir fikir yürütdü. Biri Həmzəni danladı, biri evin yeni sahiblərinə tənəli söz deməyə çalışdı. Rəfiqə xanım evin yeni sahiblərini milislə hədələdi, lakin xeyri olmadı. Adamlar işlərini etibarlı tutmuşdular, bütün sənədləşmə işlərini notariusda qanuniləşdirmişdilər. Rəfiqə xanım sənədləri görəndən sonra Həmzənin başına bir qapaz saldı:
-         Kül sənin kişi başına... 
Qonşulardan kimsə dilləndi:
-         Bu alçaq deyəsən evini qumara qoyub, burda bizlik bir şey yoxdur.
-         Bundan nə desən gözləmək olar, arvadını da qumara qoyar... gədanın
biridir...
-         Gedəy...
  Qonşular öz evlərinə çəkildilər. Təhqir dolu sözlərdən sonra Sədanın qulaqları uğuldadı, bədənini soyuq tər basdı, nə edib, nə edəcəyini kəsdirə bilmədi, dəli kimi qapıdan çıxıb qaçdı.  Rəfiqə xanım  Sədanın arxasınca çığırırdı:
-         Hara gedirsən?!. getmə... vay mənim başıma gələnlərə...  
                                                    ***
Səlim müəllim Bakıya düşər-düşməz iş yerinə gedib baş çəkmək istədi, lakin gördüklərinə inana bilmədi. Bakının küçələrində adam əlindən tərpəşmək olmurdu. Hər tərəfdə insanlar əllərində Azərbaycan cümhuriyyətinin üç rəngli bayrağı dəstə-dəstə toplaşıb şüarlar səsləndirirdilər: Kommunistlərə ölüm! Rədd olsun Sovet faşizmi! Kommunistlərə ar olsun! Azadlıq! Yaşasın Müstəqil Azərbaycan dövləti!
Küçələrdə yanmış maşınların eybəcər hala düşmüş skletləri, dağıdılmış mağazaların qırılıb yol boyunca səpələnmiş şüşə və vitrin qalıqları, zibilliklər, külək əsdikcə topa-topa götürüb insanların sifətinə çırpdığı salafan torbalar və kağız qırıntıları böyük bir xarabalığı xatırladırdı.
Nazir müavini, professor Səlim Axınlı nazirliyin binasına yaxınlaşarkən qapıları bağlı gördü. Xalq fəalları nazirliyin qapılarını mıxlayıb işçiləri də çölə tökmüşdülər. Nazirin də  əlinə bir şüar verib özləri ilə bərabər küçələri dolandırırdılar. Fəallar “kommunistlərə aramızda yer yoxdur!” deyirdilər. Səlim Axınlı istədi fəallara qoşulub desin ki, mən elə əvvəldən kommunistlərə nifrət edirdim, amma ona kim inanacaqdı. Hamı bilirdi ki, Səlim Axınlı kommunist olmasaydı, nazir müavini postuna yiyələnə bilməzdi. Səlim Axınlınun qəlbindəkiləri isə kimsə rentgendən keçirib baxası deyildi. Yaxşısı buydu ki, vaxt varkən buradan qaçıb uzaqlaşsın. Nazirliyin ətrafından keçən bir taksini saxlatdırdı, evinin ünvanını sürücüyə deyib oturacağa yayxandı. Bir qədər keçmiş taksi doqquz mərtəbəli binanın önündə dayandı. Səlim Axınlı taksi sürücüsünün pulunu ödəyib binanın keçidinə yaxınlaşdı. Liftin düyməsini basıb gözlədi, lakin lift açılmadı, liftə bir neçə yumruq ilişdirsə də, lift işləmədi. Məcbur qalıb pillələrlə ləhləyə-ləhləyə 7-ci mərtəbəyə qalxmağa başladı. Leyla xala hıqqana-hıqqana 5-ci mərtəbəyə bir vedrə su qaldırırdı. Səlim Axınlınu görcək deyinməyə başladı:
- Dünya dağılır, su yox, lift işləmir, işıq da gah gəlir, gah kəsilir. Ay oğul, yenə sən böyük adamsan, bir tədbir görün. Şəhərə çıxmaq olmur... Şəhəri cəhənnəmə döndəriblər, hökümət yox, qayda yox, qanun yox... Belə də iş olar, başı batsın bunların, necə ki batır, inşallah...
Leyla xala hələ də danışırdı. Səlim Axınlı qapının zəngini basıb gözlədi, qapının arxasında heç bir səs-səmir yoxuydu. Ciblərini eşələyib açarı tapıb qapını açdı və içəri girdi. Gördükləri qəlbini üşütdü, ev əşyaları dağıdılmış, şkaflar, stolların gözləri boşaldılmış, ev talan edilmişdi. Pul saxlanan mücrü açılmış, pullar aparılmışdı.
 Səlim müəllim nə edəcəyini bilmirdi. Zema xanım, oğlu, gəlini harada ola bilərdilər? Telefona yaxınlaşdı, bir neçə yerə zəng vurdu, amma Zema xanımdan, oğlundan və gəlini Noradan bir xəbər ala bilmədi. Dəli kimi vurnuxur, həyəcan keçirirdi.
Yeddi mərtəbəni necə endi, bilmədi, qaça-qaça küçəyə çıxıb taksi saxlatdı. Bilgəhdəki bağına baş çəkmək istədi, heç şübhəsiz ki, Zema xanım uşaqlarla bağa gedibdi. Evdə heç kəsin olmadığını bilən oğrular fürsətdən istifadə edib evə girmişlər.  Başqa cür ola bilməzdi. İşin tərsliyindən bağın telefonu da işləmirdi.
Qoca gözətçi Səlim Axınlını qapının ağzında görüncə özünü saxlaya bilməyib ağladı. Səlim müəllimin oğlu Zahirin bəd xəbərini atasına necə deyəcəyini bilmirdi, öz-özünə sərsəri kimi danışmağa başladı.
-         Maşın vurdu, öldü, hamısı öldü...
-         Kim öldü?
-         Öldü, Zahir öldü... üüüü...
Səlim Axınlı dəli kimi həyətə keçdi, evi dörd dolandı, qayıdıb bağ evinin eyvanında çöməlib yerə oturdu. Deyəsən, həqiqətən də qiyamət günü başlamışdı. İllərlə yığdığı sərvət əlindən getmiş, oğlu ölmüşdü. Zema xanım, gəlini daha onu heç maraqlandırmırdı. Oğlundan sonra həyat mənasızlaşmışdı. Yaşamaq nəyə dəyərdi, həyatın bir saman çöpü qədər dəyəri qalmamışdı.       
***
Pasan Əli həbsdə olanda da, sonra da sözü düz, əməli düz bir igid kimi tanınmışdı. Son zamanlarda tez-tez baş verən quldurluq, oğurluq halları onu müəyyən tədbirlər görməyə məcbur etmişdi. Hər ehtimala görə Makarov markalı tapança almışdı, həmişə yanında gəzdirirdi. Pasan Əli nahaqdan heç kimsəyə söz deməzdi, haqqını da kimsəyə yedirmək istəmirdi. 
Əbülfəz müəllimin dediklərini unutmasa da, intiqam almaq, bu günün işini sabaha qoymaq istəmirdi. Pasan Əli hər kəsin zamanında cəza almasını istəyirdi. Professor Həsənovun bütün hərəkətlərini izləyir, ona yaxşı bir dərs vermək üçün girəvə axtarırdı. İş elə gətirdi ki, bu arada professor Həsənov infarkt keçirdi, xəstəxanaya düşdü, bir tərəfli qaydada iflic oldu. Allahın qəzəbinə tuş olan professor Həsənov Pasan Əlinin qəzəbindən qurtuldu.
Ərsənin rayonda məsul işdə çalışması Pasan Əlinin ürəyincə olmuşdu. Ona görə də Pasan Əli tez-tez rayona gəlirdi. Professor Həsənov ilə olan münaqişə bitmişdisə də, amma rayonda da bir neçə hadisələr vardı ki, Pasan Əlini çox narahat edirdi. Onlardan biri də Şeyib ilə Əhmədzadə arasında olan məişət pozğunluqları haqqında yayılan söz-söhbət idi.
Şeyib deyilən alçaq məxluq Əhmədzadənin əlaltısına çevrilib, müxtəlif vasitələrlə Talıbın qızı ilə raykom katibinin arasında münasibət yaradır, eyni zamanda sahibsiz gözəl qızların ləkələnməsində iştirakçı olurdu.
Pasan Əli Əhmədzadənin gənc, istedadlı kadrları ləkələyib rayondan uzaqlaşdırılmasındakı bədnam hərəkətlərini də bu şeytanın yaramaz əməllərindən sayırdı. Ərsənin özünə qarşı katibin yaratdığı gərgin psixoloji mühit də Pasan Əliyə bəlli idi. Əhmədzadəyə bir neçə dəfə xəbərdarlıq göndərmişdisə də, nəticəsi olmamışdı. Bir dəfə Pasan Əli Ərsənlə Əhmədzadənin hərəkətlərini müzakirə mövzusuna çevirdi, ona yaxşı bir dərs verəcəyini söylədi. Ərsən Pasan Əlinin radikallığını qəbul eləmirdi, aralarındakı səmimi dostluğa, yoldaşlığa baxmayaraq dünyagörüşlərində bir haçalanma da vardı. Söhbətlərində elə məqamlar olurdu ki, Pasan Əli bəzən Əbülfəz müəllim də fikirlərinə qarşı çıxır, ayrı-ayrı məsul vəzifəli günahkarların yerindəcə cəzalanmasını istəyirdi.
Pasan Əli raykom katibi Əhmədzadənin yaramaz hərəkətlərinə son qoymaq,  onun haqqında tədbir görməyi planlaşdırdı. Belə bir məqam yetişdi. Pasan Əliyə çatan məlumata görə gecə saat 24-də Əhmədzadənin yaşadığı mənzilə Şeyib yeni bir “ov” gətirəcəkdi. Əhmədzadə ilə Şeyibin arasında olan “ov” söhbəti bakirə qızlara aid edilirdi. Pasan Əli bu biabırçılığa son qoymaq məqsədi ilə gecə saat 23-də Şeyibin həyətində qaranlıq bir küncdə “ovun” gəlişini gözləyirdi.
Şeyib şəhərin kənar məhəllələrindən birində həyət evində tək yaşayırdı. Ətrafda yaşayan insanların əksəriyyəti kasıb və ehtiyac içindəydi. Şeyibin bəd əməllərindən xəbərsiz olan sadə adamların övladları tez-tez onun tələsinə düşürdü. Şeyib bu sadə adamların arasında özünü “xeyirxah”, “əliaçıq” adam kimi tanıtmışdı. Kimin işi müşkülə düşürdüsə, Şeyib ona maddi köməklik göstərirdi, əvəzinə də “uşaqları göndərərsən həyətdə səliqə-sahman yaradarlar” – deyərdi. Bu minvalla da “uşaqlar”  “ova” çevrilirdi.
Şeyibin evinin qapısı astaca açıldı, Şeyib başını qapıdan bayıra çıxarıb ətrafı gözdən keçirdi. Sakitlikdi, daha bir neçə dəqiqə keçdi. “Ov” Şeyibin evinə yaxınlaşıb cır saxlanılmış qapını itələdi,  içəri girəndə Pasan Əli bir an içində onun arxasında peyda oldu. Şeyib Pasan Əlini görəndə özünü itirib kəkələdi:
-         eee....
-         Sənə xəbərdarlıq eləmişdim...
-         Bağışlaaa......
-         Bağışlamalı bir şey yoxdur.
Pasan Əli tapançanı Şeyibin sifətinə tərəf tutdu.
-         Qurban olum, vurma...
-         Sənin ölümün bu mahalın bayramı olacaq...
Atəş açıldı, Şeyib evinin ortasında yerə yıxılıb can verdi. Bütün bunları donuq halda izləyən qız qorxusundan səsini çıxara bilmir, başına gələ biləcəkləri düşünürdü. Pasan Əli qıza tərs-tərs baxdı:
-         Düş qabağıma...
-         Haraa? 
-         Səsini çıxartsan səni də güllələyərəm, nə desəm onu edəcəksən, anladınmı?
Qız başının işarəsi ilə “bəli” dedi.  Pasan Əli qızı qabağına qatıb Şeyibin evindən bir qədər kənarda saxladığı maşının yanına gətirdi. Maşının qapısını açdı:
-         Otur...    
Qız maşının arxa oturacağında bir küncə qısıldı. Pasan Əli sükanın arxasına keçib maşını raykomun qonaq evinin yanına sürdü.
***
Əhmədzadə nigarançılıqla “ovunu” gözləyirdi. Axşamdan xüsusi olaraq hazırlatdığı masanın üstündəki ləziz yeməklərin hərdən dadına baxır, az-az Napolyon konyakından süzüb içirdi. Qapının zəngi çalındı. Əhmədzadə qapının gözlüyündən baxdı, gözəl bir qız gördü. İndiyə qədər Şeyibin gətirdiyi qızların heç birinə bənzəməyən bu qız mələk kimi gözəl və yaraşıqlıydı. Tələsik qapını açdı. Qızın arxasında dayanmış Pasan Əlini görəndə duruxdu, qapını örtmək istədi, lakin gec idi.  
- Nə istəyirsiniz?
Pasan Əli tapançanın soyuq lüləsini Əhmədzadənin alnına dayadı:
-         İndi bilərsən...
Qız hələ də key kimi bütün bu olanlara baxırdı. Pasan Əli qıza, rədd ol, burdan,- dedi.
Qız birdən ayılmış kimi oldu. Bir an içində qapıdan çıxıb arxasına baxmadan qaçdı.  Tapançanın soyuq lüləsindən Əhmədzadənin bədəninə sanki soyuq tər axdı.
“Ov” gözlədiyi yerdə başına nələr gəlirdi. Pasan Əli haqqında çox eşitmişdi, hətta ona edilən xəbərdarlıqlarda bu şəxsin əlinin olduğunu güman edirdi. Amma bu cür hərəkət edəcəyini ağlına sığışdıra bilmirdi. Ona görə də onu qorxutmaq, bu yolla xəta-bəladan qurtulmaq istədi. Dilləndi:
-         Sən kimsən, bu nə zarafatdı? Özünü yığışdır!..
-         Danışma, bir dənə artıq hərəkət eləsən, elə burada səni güllələcəyəm, yeri...
         Əhmədzadə lal-dinməz qapıda gözləyən maşına tərəf getdi. Pasan Əli “Jiquli-03”- ün sükanı arxasına keçdi. Əhmədzadə “Jiquli”nin ön oturacağında Pasan Əlinin yanında oturdu. Pasan Əli maşını Kazımın süd tədarükü məntəqəsinə sürdü.  
Gecə yarıdan keçmişdi. Lakin Kazım hələ də tədarük məntəqəsindəydi. Məntəqənin həyətinə maşın girdiyini görüb bayıra çıxdı. Pasan Əlinin yanında raykom katibini görəndə təəcübünü gizlədə bilmədi:
-         Xeyir ola, bu gecə yarı?
-         Kazım bu nə oyundu?
-         Nə olub yoldaş katib?!. Xeyir ola, Əli?
-         Xeyirdi, bir şeylər hazırla... bilərsən...
Kazım nə deyəcəyini bilmədi, içəri keçdi. Məntəqənin həyətində su ilə dolu bir hovuz vardı. Hovuzun yanında stol, stullar qoyulmuşdu. Pasan Əli stullardan birini çəkib oturdu, Əhmədzadə ayaq üstə quruyub qalmışdı. Pasan Əli dedi:
-         Otur.
Əhmədzadə Pasan Əlinin qarşısında əyləşdi:
-         Nə istəyirsiniz məndən?..
-         Darıxma, biləcəksən...
 Kazım stolun üstünə rus arağı, üç stakan və yemək gətirdi. Pasan Əli arağı
stakanlara süzdü, öz payını bir nəfəsə başına çəkdi. Kazım da arağını içdi. Əhmədzadə hələ də gözləyirdi. Pasan Əli dedi:
- İç...                  
  Əhmədzadə stakanı eynilə bunlar kimi başına çəkdi və əl uzadıb bir tikə pendir-çörək götürdü.
Kazım ikinci butulkanı stolun üstünə qoydu. Pasan Əli yenə də butulkanın ağzını açıb stakanlara araq süzdü. Bu dəfə də səssiz-səmirsiz arağı içdilər. Pasan Əli Əhmədzadəyə,- soyun,- dedi.
Kazım qulaqlarına inanmadı. Pasan Əli nə etmək istəyirdi:
-         Əli, xahiş edirəm...
-         Sən qarışma.
-         Əli, xahiş edirəm...
-         Dedim ki, sus. Baxmaram heç nəyə.
-         Soyun it oğlu...
 Əhmədzadə eşitdiyi sözdən dəhşətə gəldi, qışqırıb bağırmaq istədi. Lakin başa düşdü ki, qışqırsa da kimsə səsini eşitməyəcəkdi. Yalvarmağa başladı:
-         Bağışlayın məni... Qələt eləmişəm.
-         Araq ...
Kazım üçüncü butulkanı stolun üstünə qoydu, Pasan Əli yenə əvvəlki qaydada stakanları doldurdu:
-  Deyəsən sənə təsir etməyib, götür, iç.
Əhmədzadənin mədəsi bulanırdı, qorxudan nə edəcəyini bilmirdi. Pasan Əlinin onu soyundurmaq istəməsi canına vəlvələ salmışdı, ölüb bu bəladan qurtarsaydı, daha yaxşı olardı. Əlləri titrəyir, ağzı söz tutmurdu. Ölə-ölə stakanı bu dəfə də başına çəkdi, ancaq hamısını içə bilmədi, yarısını içdi.
Pasan Əli yenidən səsləndi:
- Soyun!
Əhmədzadə Kazımın üzünə baxdı, mərhəmət diləyirdi. Kazım çiyinlərini çəkib, “mənlik deyil” demək istəyirdi. Əhmədzadə bu dəfə də Pasan Əliyə baxdı. Pasan Əli yerə baxırdı, Əhmədzadəyə tərəf baxmırdı. Əhmədzadənin tərəddüd etdiyini görüb tapançanı yenidən çıxartdı, gülləni tətiyə verib dedi:
- Təkrarı xoşlamıram...
Əhmədzadə soyunmağa başladı. Alt paltarında qalan Əhmədzadə başına nə gələcəyini düşünüb ağlayırdı. Pasan Əli bir daha başını qaldırmadan dedi:
- Soyun...
Əhmədzadə alt paltarlarını da soyunub gözlədi. Kazım da yerə baxır, səsini çıxarmırdı.
Pasan Əli:
- Atıl o hovuza,- dedi.
Əhmədzadə eşitdiyi sözü tam dərk edə bilməsə də özünü suya atdı və özünü suda balıq kimi hiss etməyə başladı. Yenə suda boğulub ölmək şərəfli ölümüydü. Dəqiqələr il qədər ağır keçirdi. Əhmədzadə hər dəqiqə tapançanın açılacağı anı gözləyirdi, amma bir qədər keçmiş Pasan Əli yenidən dilləndi:
-Çıx!..
Əhmədzadə titrəyə-titrəyə çıxıb bir tərəfdə dayandı.
-Geyin!..
Əhmədzadə Pasan Əlinin sözlərini göydə it çörək qapan kimi qapdı. Tez paltarlarını geyinib ayaq üstə durdu. Pasan Əli dedi:
- Eşit və agah ol, Şeyibi öldürdüm, səni öldürmürəm, oa görə öldürmürəm ki, birinci sənin murdar qanına əlimi bulamaq istəmirəm. İkinci də bunu sənin üçün  qəhrəmanlığa çevirə bilərlər. Gec-tez sən öz cəzanı alacaqsan.  Hoqqalarına son qoymasan, əlimdən qurtara bilməyəcəksən, bir qaşıq qanından qorxan adamdan kişi olmaz. Rədd ol burdan, gözüm görməsin səni.
Sabahı gün rayonda hamı Şeyibin öldürülməsindən danışırdı. Çoxları Şeyibi öldürənin atasına rəhmət oxuyurdu. Pasan Əli milis şöbəsinə gedib Şeyibi öldürdüyünü etiraf etdi. Məhkəmə Pasan Əliyə on üç il iş kəsdi.
***
Pasan Əlinin həbs olunması xəbəri Ərsəni narahat edirdi. Ərsən bilirdi ki, Pasan Əli Şeyib kimi alçaqların olduğu mühütdə yaşaya bilmir. Onu da bilirdi ki, Pasan Əlinin sözünün qabağında bu günə qədər söz deyə bilən kimsə olmamışdı. Əvvəla ona görə ki, Pasan Əli haqq tərəfdarıydı, nahaq bir işə qol qoymazdı. Bir də Pasan Əlini ürəyində heç vədə qaysaqlamayan bir yara vardı. Pasan Əlinin sevgi oxu daşa dəymişdi. Sevdiyi qız aldadılıb atılmışdı. O vaxtdan da Pasan Əli qızları aldadanlara qarşı amansız olardı. Bildiyi, eşitdiyi hadisələrə biganə qala bilməzdi. Bir dəfə Mətləbin  də dərsini vermişdi.
Pasan Əli yataqxanada qalmasa da hərdən yataqxanaya tələbə dostlarına  baş çəkməyə gələrdi. Onun özünün cəza tətbiqetmə üsulları varıydı. Mətləb haqqında eşitdiyi xoşagəlməz hadisələrlə əlaqədar olaraq yataqxanaya gəlir. Mətləbi hamının gözünün qarşısında küncə qoyub bir ayağı  üstə dayanmağa məcbur edir. Ərsən yataqxanaya gəlib çıxanda Mətləb bir saatdan artıq  idi ki, tək ayağı üstə dayanmışdı, özündən getmişdi. Ərsən istər-istəməz Mətləbin qanının arasına girdi, Pasan Əlini onu bu qədər cəzalanmasına razı sala bildi. Bu hadisədən sonra Mətləb universitetdə bir kölgəyə çevrildi.
Pasan  Əli kəndə gələndə axşamlar çeşmə başındakı cəviz ağacının altında oturar, məhəllənin cavanları ilə domina oynayardı. Ərsən çox zaman işdən gec gələrdi. Amma nə vaxt ki, bir qədər erkən gəlsəydi, mütləq Pasan Əli ilə bir kənara çəkilər dünyanın işlərindən, rayondakı əhvalatlardan danışardılar. Pasan Əli Ərsəni çox istəyirdi, universitetdə oxuduqları zaman da, sonra da Ərsəni yüksək qiymətləndirərdi. Sanki Pasan Əli Ərsənin simasında bu dünyada ən əziz adamını tapmışdı. İndi birdən-birə Pasan Əlinin tutulması xəbəri Ərsən tərəfdən bir haqsızlıq kimi qəbul edilirdi.
Ərsən Bayıl türməsində Pasan Əlinin görüşünə getdi. Pasan Əli Ərsənin gəlişinə o qədər sevindi ki, ürəyindən keçənlərin hamısını danışdı. Pasan Əli onu  da dedi ki, Şeyib kimi bir əxlaqsızların rayonda Əhmədzadə kimilərin əlində alət olmasını, gənc, gözəl qızların, oğlanların bataqlığa yuvarlanmasını qəbul edə bilmirdi. Ona görə də bu yolu seçməli oldu, Şeyibi öldürüb onun kimilərə göz dağı verdi.
Ərsən Pasan Əlinin etirafından sonra yüksək rütbəli bir generalla görüşdü. Bu general ixtisasca jurnalist olduğundan Ərsənin yazılarını da daim izləyirdi. General Ərsən ilə bir rayonda doğulmuşdu. Həm də rayonun ictimai-siyasi həyatı generalın diqqət mərkəzindəydi. General Ərsənə bir neçə sual verdi. Bu suallar əsasən rayonun iqtisadiyyatı ilə bağlıydı. Amma axırıncı sual Ərsəni xeyli düşündürdü. Sual beləydi:
- On qoyuna bir ildə nə qədər yem lazım olar?
Ərsən eşitdiyi sualın hansı məqsədlə verildiyini aydınlaşdıra bilmədi. General isə öz aləmindəydi. Bir anlıq xəyala getmişdi. Qeyri-ixtiyari dedi:
- O dağların qoynunda necə gözəl bir aləm var, düşünə bilirsənmi? Mən təqaüdə çıxandan sonra o dağların qoynuna gedəcəyəm, on qoyun alıb saxlayacağam. Qoyunlarımı hər gün o dağların qoynuna otarmağa aparacağam. Bilirsən dünyada bundan gözəl bir peşə yoxdur. Dünyada o qədər çirkab var ki... Dağlar təmizdi, dağlar safdı, müqəddəsdir... Bax bu dəqiqə səndən o dağların ətri gəlir. Amma bir az keçmiş şəhər səni öz iyində əridəcəkdir.
General ilk dəfəydi ki, yorulduğu haqqında danışdı. Ona görə danışdı ki, Ərsənin saflığına inanırdı, ona görə danışdı ki, Ərsənin simasında öz gəncliyini görürdü. Gəncliyində haqsızlığa qarşı barışmaz olmağa çalışmışdı, amma bəzən onu elə əymişdilər ki, bu vaxta qədər sınmadığına özü də şübhə ilə yanaşırdı. General çox tufanlar görmüşdü, çox qasırğalardan keçmişdi. General təmiz adam imici qazanmışdı.
General Pasan Əlinin işinin araşdırılacağına söz verdi. Ərsən generalın yanından xoş təəssüratla ayrıldı. 
***
Küçədən keçənlər tükürpədici əylənc səsindən bir an duruxdular. Sürətlə şütüyən taksi maşını birdən birə qabağına çıxan cavan gəlini vurub yerə sərmişdi. Adamlar bir an içində yerdə çabalayan gəlini əhatəyə aldılar. Yaşlı taksi sürücüsünün sifəti qorxudan pambıq kimi ağarmışdı. Kimsə dilləndi:
-         Təcili yardım çağırmaq lazımdı...
-         Təcili yardım gələnə kimi bu ölər ki...
-         Bu kimdir, tanıyan varmı?
-         Bu kimin qızıdı, tanıyan varmı?
-         Tanıyan yoxdu, xəstəxanaya götürmək lazımdı.
Taksi sürücüsü bir azdan yuxudan ayılan kimi oldu, vurulan gəlinin qırılmış budundan axan qanı kəsməyə çalışan qadına dedi:
-         Bacı, kömək eləyin, maşına yerləşdirib xəstəxanaya aparaq.
-         Hə, hə... geri çəkilin, yol verin
 İki nəfər orta yaşlı kişi yerdə uzanan gəlini taksinin arxa oturacağına uzatdılar. Qadın sürücünün yanında oturdu, maşın yola düşdü. 
Səda gözlərini açanda özünü xəstəxanada gördü. Başının üstündə qoca taksi sürücüsü, onun da yanında ağ saçlı bir qadın dayanmışdı. Səda tam bir ay xəstəxanada yatdı, zərbədən sınan bud sümüyünün birləşməsi xeyli uzun çəkdi. Anası Rəfiqə xanım, atası Əsəd kişi baş vermiş hadisəni öyrənib xəstəxanaya gəlmişdilər. Səda atasından xahiş etdi ki, onu – Rəfiqə xanımı başa salsın ki, bir daha yanına gəlməsin. Beləliklə, Sədanın anası ilə əlaqəsi birdəfəlik kəsildi. Xəstəxanadan çıxandan sonra da, istədiyi zaman atasına zəng edir, ayrı bir məkanda görüşürdülər. Səda üçün taksi sürücüsü Həsən kişinin evi doğma, əvəzsiz bir ocağa çevrilmişdi.    
***
Həyat qaynayır, dövran dəyişir, hər yanda yenidənqurma işləri gedirdi. Formalizmə, yalan məlumatlara, əliəyriliyə, rüşvətxorluğa qarşı hər yanda ciddi mübarizə başlamışdı. Mərkəzi komitənin son qərarları və xətti-hərəkəti Əhmədzadəun canına vəlvələ salmışdı. Bir yerdə qərar tuta bilmir, mənəvi iztirablar içində çırpınırdı. Belə bir vaxtda rayon qəzetində Ərsənın öz imzası ilə “Çəki artımı və ya aldanmış rəqəmlər” başlığı altında yazı çap olundu. Yazıda kökəltmə birliyinə verilmiş mal-qaranın kökəldilib dövlətə satılmasında olan  nöqsanlar, şişirdilmiş rəqəmlər açıq göstərilmiş, rayon rəhbərliyinin bu sahədə tutduğu liberal mövqeyi kəskin tənqid olunmuşdu.
Əhmədzadə məqaləni oxusa da, sakitcə dayanmış, sudan quru çıxmaq üçün yollar axtarırdı. Artıq başa düşürdü ki, qəzetdə verilmiş tənqidi boğmaq iqtidarında deyildir. Ona görə də hər vasitə ilə olursa-olsun ümumi dil tapmaq, vəziyyətin düzələcəyi ümidi ulə yaşamaq istəyirdi. Lakin vilayətin bir neçə sovxozunda, şərab zavodunda başlanmış yoxlamalar onu da narahat edir, gecələr yuxusunu qaçırırdı.
Bu gün səhər Murtuzovun həbs edilməsi haqqında xəbər yayıldı. Prof. Həsənovun bu xəbərdən infakt olub xəstəxanaya düşdü. Aldığı məlumatlar Əhmədzadənin qanını tamam qaraltmışdı. Səhərdən özünə gələ bilmir, səksəkə içərisində yaşayır, axşamın düşməsini səbirsizliklə gözləyirdi. Raykomda matəm sükutu hökm sürürdü. Əhmədzadəun məyusluğu sanki bütün işçilərə təsir etmişdi.
Nəhayət hava qaraldı. Əhmədzadə maşına oturub evə gəldi, qapını arvadı açdı. İçəriyə keçib qapını arxadan möhkəm bağladı, kostyumunu çıxarıb asılqandan asdı. Arvadına qara meşin çamadanı boşaldıb gətirməyi tapşırdı. Özü isə divanın altında, paltar şkafının alt gözlərində gizlətdiyi bağlı dəstələrini çıxartdı və çamadana doldurmağa başladı. Arvadı Sona servantda və mətbəxdə qabların içərisində saxlanan qızıl, brilyant bəzək şeylərini yığışdırdı. Pulları və bəzək şeylərinin hamısını qablaşdırdıqdan sonra Əhmədzadə çamadanın ağzını bağladı və kostyumunu dəyişib evdən çıxmaq istədi. Qapını açanda qapının ağzında iki nəfər dayanmışdı. Biri mülkü geyimdə, o biri isə milis formasında idi. Əhmədzadənin əlləri əsdi, çamadan yerə düşdü. Mülkü geyimli adam ona yaxınlaşdı:
– Yoldaş Əhmədzadə, siz respublika prokurorluğunun sanksiyası ilə həbs olunursunuz, – dedi.
***
Ərsən üzərinə düşən missiyanı yerinə yetirmişdi. Müəlliminin sonuncu dəfə “Siz Bakıda gözləyirəm” məsləhətinə də əməl etməyi düşünürdü. Bakıya getmədən öncə kənddəki evlərinə baş çəkmək istədi. Həyətlərinin qapısı açıq idi, yəqin ki, yenə də qonşu qızı Güllü həyət-bacaya əl gəzdirmək məqsədi ilə gəlmişdi. Zənni yanılmamışdı, Güllü həyətdə səliqə-sahman yaradıb güllərə su verirdi. Ərsənin gəlişini gözləməyən Güllü səs eşidib diksinən kimi oldu, həm də qarşısında Ərsəni görüb qızardı, allanmış yanaqlarında incə tər damlaları göründü. Balaca çəhrayı güllü çit oymasının yaxalığından ağappaq sinəsi görünürdü. Balaca döşləri çit oymanı qabağa itələyirdi. Ərsən Güllünü birinci dəfə görürmüş kimi qızın lətafətli boy-buxununa nəzər saldı. Orta boyu, mütənasib görkəmi Güllünü bir az da gözəlləşdirirdi. Ərsən indiyə qədər nədən qonşu qızına belə müştəri gözü ilə baxmadığına görə ürəyində özünü qınadı.
Güllünü bir anlığa şəhər qızlarının cərgəsində gördü. Güllü şəhər qızları kimi dəbli don geyinmiş, saçlarını gözəllik salonunda düzəltdirib ətirlənmişdi. Ətrafında olan bütün qızlardan seçilirdi.  Nazlana-nazlana yerişi oğlanların canını alırdı, belə gözəl ilə bir kəlmə kəsmək üçün çoxları canından keçərdi, elə Ərsən özü də sevməzdimi onu?!
Yadına Güllünün uşaqkən ona verilən “sən kimi sevirsən?” sualına cavabı düşdü. Güllü həmişə “Ərsəni sevirəm - deyirdi, - Şahsənəm anam deyir ki, səni Ərsənə alacağam”.  Uşaq ki uşaq... 
Başından keçən ani fikirlərdən utanan kimi oldu. Axı, niyə indiyə qədər bu haqda heç fikirləşməmişdi. Bir az da özünü qınadı, indi bu gethagetdəmi görməliydi onu? İndimi düşünməliydi?..
 Ərsən bu fikirlərin qaynatdığı dalğaların içərisində çabalaya-çabalaya qaldığı zamanda Güllü dilləndi:
-         Gələcəyinizi bilmirdim...
-         Xudahafizləşməyə gəldim, gedirəm...
-         Gedirsiz,.. hara gedirsiz?..
-         Hə, gedirəm, həm də birdəfəlik gedirəm...
Güllü eşitdiklərindən dəhşətə gəldi, “gedirsiz” sözünü elə dedi ki, sanki
“getməyin” demək istəyirdi.
 Ərsən başa düşdü ki, birdən-birə qəbul etdiyi qərar və naqafil dedikləri ilə Güllünü yerə vurdu, qızı varından yox elədi. Güllü, doğrudan da, ayaqüstə müvazinətini saxlaya bilməyib pilləkənin kənarına oturdu, gözləri doldu. 
 Ərsən təsəvvürünə gətirmədiyi bir çıxılmaz vəziyyətə düşdü. İllərlə Şahsənəm anaya qızdan artıq olmuş Güllünün qəlbində özünə qarşı güclü bir məhəbbətin məskən saldığını bu  gün açıq-aşkar görürdü. Özünün də evlənmə yaşı çoxdan keçmişdi. Səda onu atandan sonra bu haqda fikirləşməmişdi, amma tək yaşamağın çətinliklərini də hər an hiss edirdi. İsti bir qadın nəfəsinə həmişə ehtiyac duyurdu. O isti nəfəs burada iki addımlığındaydı. Onu ölüncə öz ağuşunda saxlayıb sevgilərinə qərq edəcəyi insan-gözəl için-için ağlayırdı. Bir an içində xəyalında canlandırıb Güllü ilə Sədanı müqayisə  də etdi. Güllü Sədadan heç də kəm gözəl deyildi, sadəcə fərq təhsilindəydi. Güllü orta-ixtisas təhsilli tibb bacısıydı. Kənddə hamının sevimlisinə çevrilmişdi. Rəhmətlik Şahsənəm ana da Güllünü çox sevərdi, hətta bir neçə dəfə Ərsənin yanında Güllünün yaxşı qız olduğundan, belə bir güvənazanın düşəcəyi ailənin xoşbəxtliyindən ağızdolusu danışmışdı. 
 Ərsən özündə bir təhər güc tapıb cəsarətləndi,  Güllüyə yaxınlaşıb əlindən yapışıb ayağa qaldırdı, üz-üzə dayandılar. Güllü göz qapaqlarını qaldırıb bircə dəfə Ərsənin üzünə baxa bildi, sonra yenə də gözlərini yerə dikdi. Ərsən isə qarşısında titrəyən qızın əlini hələ də buraxmır, nə deyəcəyini düşünürdü. Özünün də ürəyi gubhagub vurur, baş verən dəyişikliyi anlamağa çalışırdı. Ona bu  dəqiqələrdə elə gəlirdi ki, illərlə itirdiyi çox qiymətli bir mirası tapıbdı. Qızın sağ əlini öz ürəyinin üstünə gətirdi, bir anlığa ürəyinin döyüntüsünü Güllüyə çatdırmaq istədi.
Dəqiqələr keçirdi. Güllünün sağ əli hələ də Ərsənin sinəsindəydi, onun ürəyinin necə vurduğunu, həyəcanını hiss edir, özü də həyəcanlanırdı. Həyəcanlı olduğundan Ərsənin dediyi sözləri ya eşitmir, ya da eşitdiyi sözün ona aid olduğunu ilk anda dərk edə bilmirdi, susub durur, göz yaşları yanaqlarından səssiz-səmirsiz axırdı. Ərsən nəsə demək istəyir, təskinlik verəcək bir söz tapa bilmirdi:
         - Gülü...
         Güllü heç nə eşitmirdi, Ərsən qızın özündə olmadığını hiss edir, lakin əllərini buraxsa yıxılacaqmış kimi bərk-bərk tuturdu. Daha dözə bilməyib Güllüyə sarıldı, Güllü də pişik balası anasına sığınan kimi Ərsənə sığındı.
 Güllünün sinəsi  tez-tez enib qalxır, balaca döşləri titrəyir, Ərsənin sinəsini yandırırdı. Güllünün isti ağuşu Ərsəni anlaması çətin olan bir aləmə aparır, bəlkə də Sədanın hərarətli qucağını xatırladırdı. Ərsənin qolları qeyri-ixtiyari olaraq Güllünün belində dolanır, qızı sıxdıqca özünə sıxırdı. Dodaqlarını Güllünün alnına yaxınlaşdırdı, qızın geniş, ağ alnından öpdü, vücuduna isti bir hiss yayıldı. 
Eyni hissləri Güllü də keçirirdi. Bu yaşa qədər həsrətini çəkdiyi qucağın odu onu da yandırır, içindən iliklərinə qədər işləyən qəribə isti cərəyan keçirdi. Uşaqlıqda o qədər qucaqlaşıb öpüşmüşdülər ki, amma o uşaqlıq dövrünün səmimiyyəti idi, bu hisslərin heç biri yaşanmamışdı. Ona görə deyiblər ki, “hər yaşın öz xüsusiyyəti var. Yaş gəldikcə yaşlanar, yaşlılar yaşmaqlanar”. İndi yaşmaq olmasa da, bir utancaqlıq hissi Güllüyə nə isə diktə edirdi. Birdən görən olar, ayıb olar... Güllü o isti qucaqdan ayrılmaq istəməsə də, “görəllər” deyib əllərini Ərsənin sinəsinə söykədi və aralanmağa çalışdı.
Ərsən özü də sanki bir anlıq dalğın fikirlərin cövlan etdiyi atmosferə düşmüşdü. Nə edəcəyini bilmirdi. Qolları boşaldı, yan-yana durdular.  Ərsən nə deyəcəyini, haradan başlayacağını unutmuşdu. Hələ də Güllünün isti qucağı və boyasız dodaqlarının təmasını duyurdu. Bu necə hiss idi, İlahi?!
Güllü Şahsənəm ananı yada salıb ağladı:
- Bax bu gülləri görürsən, heç bilirsən Şahsənəm ana onları necə zəhmət ilə yetişdiribdir? Mən bu gün Şahsənəm ananı ziyarətə gedəcəyəm, bu gülləri də yığıb ona aparacağam.
Ərsən elə bil yuxu görürdü. Birdən ayılıb saata baxdı, qəbir üstə getməyin vaxtı idi. Bura gələndə də məqsədi anasını ziyarət etmək, halallaşmaq deyildimi?! Yaxşı oldu ki, Güllü də ananı ziyarət etməyi düşünürdü, birlikdə gedib gələrlər. Güllünün üzünə baxmadan dilləndi:
-Doğrudanmı anamın ziyarətinə getmək istəyirsən?..
Ərsən özü öz sualından diksinən kimi oldu. Vəzifəli məmurların qarşısına çıxan, öz məqsəd və vəzifəsi uğrunda döyüşən Ərsən Güllünün yanında susub dururdu.
Güllü həyətdəki güllərdən iri bir dəstə düzəldib qucağına aldı. Ona elə gəlirdi ki, bu gün qeyri-adi bir gündür. Bu gün Şahsənəm ananın ziyarətinə elə-belə getmək olmazdı.    
         Gənclər axşamüstü qəbirstanlıqda Şahsənəm ananın qəbrini ziyarət etdilər. Qəbrin baş tərəfində birlikdə dayandılar. Güllünün yanaqlarından süzülən göz yaşları sinəsini islatdı. Ərsən özünü tox tutmağa çalışsa da, nail ola bilmirdi.  Duyğu dolu anlar yaşandı. Ərsən ürəyində anası ilə danışırdı. Güllü də öz ürəyində danışırdı. Beləcə lal-dinməz dayanmışdılar.
         Bu böyük köhnə qəbirstanlıqda onlardan başqa adamlar da varıydı. Hərə öz əzizinin qəbrinin yanında dayanıb, ya ağalyır, ya düşünür, ya da öz-özünə danışırdı. Bura dərdli adamların cəm olduğu bir məkan idi. Burada adamlar maddiyyat haqqında düşünmür, mənən tamamilə dəyişirdilər.
Mirzə Zəki Ərsəni görən kimi özünü Şahsənəm ananın qəbrinin üstünə yetirdi, bir tərəfdə çöməlib, cib dəftərini çıxardı və cır səsiylə həmdi-surəni oxumağa başladı. Sonra fatihə deyib ayağa duranda Ərsən Mirzə Zəkinin cibinə 10 manat pul qoydu. Mirzə Zəki minnətdarlıq edə-edə o biri qəbirlərin yanında dayanıb onu gözləyənlərə tərəf getdi.
Ərsəngil qəbirstanlığı tərk edəndə artıq günəş qüruba doğru əyilir, uca Ars dağının arxasında gizlənməyə çalışırdı. Ars dağının başındakı ağ buludlar günəşin son zərrələrini özündə toplayaraq çəhrayı-sarı rəngin görünməmiş çalarlarını yaradır, o şüalar Ərsənin, Güllünün sifətində oynayır, hər iki gəncin üzünü işıqlandırırdı. Gənclər qəbirstanlığın çıxışında dayanıb ümumi şəkildə qəbul edilmiş qaydaya əsasən cəmi qəbirstan əhlinin adına həmdi-surə oxudular və sonra yollarına davam etdilər.
Yol boyu fikir-xəyal ikisini də ağuşuna almışdı. Ərsən qeyri-müəyyən hallar keçirir, düşünür, nə isə deməyə çalışır, amma deyə bilmirdi. Hərdən də ona elə gəlirdi ki, Şahsənəm ana onlarla birgə addımlayır, hər addımlarını izləyirdi. Başı ağrıyırdı, qəlbində qeyri-müəyyən hisslər bir-birinə qarışmışdı. Dodaqları qeyri-ixtiyari bir söz pıçıldayırdı:
-Ana... 
 
Epiloq
Həyat dəyişdi, inqilablar dövrü başladı. Əprimiş, yıpranmış sovet quruluşu dağıldı. Camaatın əhval-ruhiyyəsi yüksəlmişdi. Hər yerdə mitinqlər, yığıncaqlar keçirilir, əliəyrilər, süründürməçilər, rüşvətxorlar, bürokratlar ifşa edilir, həyatın səhifələrindən silinib atılırdı.
Sovet quruluşu dağıldı, Kommunist partiyası iflasa uğradı, Əhmədzadə həbsdən azad olunandan sonra “mal doxturu” kimi (rayondan onu  belə adlandırırdılar) hansısa ucqar kəndlərdən birində donuz fermasında işə düzəldi. Deyirlər gecə-gündüzünü donuzlarla bir yerdə keçirir.
Pasan Əli beş ildən sonra azadlığa çıxdı, lakin geri qayıtmadı, Sumqayıtda halal zəhmət ilə yaşayır, onu ən ədalətli adam kimi tanıyırlar, hamının yanında hörmət-izzət sahibidir.
Murtuzov vilayətdən arvad paltarında qaçıb aradan çıxdı, uzun zaman Rusiyada gizləndi. Sonradan məlum oldu ki, Murtuzovun həbs edilməsi xəbəri şaiyə imiş. Amma deyirdilər ki, nəyi vardı əlindən almışdılar. Son zamanlarda Bakıda peyda oldu, şəhərin İstiqlaliyyət küçəsində səhər-axşam tək-tənha o tərəf-bu tərəfə gedib gəlir, var-gəl eləyir. Ətrafından keçən adamlar yayın qızmarında da əynindən nimdaş kostyumunu çıxarmayan, qalstuku ilə boğazını sıxan bu adama təəccüblə baxıb keçirlər. O, hələ də keçmiş günlərin havası ilə yaşayırdı: bəlkə də qaytardılar.
Zema xanım ərinin Bilgəhdəki bağında gizlətdiyi qızılları götürüb oğlu ilə qaçarkən avtomobil qəzasında şikəst oldu, oğlu öldü. Nora Qarabağ ermənilərinə qoşulub azərbaycanlılara qarşı nifrət dolu təbliğatla məşğul oldu və sonuncu Vətən savaşında məhv edilən erməni nefaşistlərinin içində onun da meyiti aşkarlandı.
Professor Səlim Axınlı bağ evində özünü asıb xilas oldu.
Xalq Əbülfəz müəllimə Elçibəy adı verdi, bu ad ilə Azərbaycanda keçirilən ilk demokratik seçkidə Respublikanın Prezidenti seçildi.
Professor Həsənovu vəzifəsindən kənarlaşdırdılar. Dayaqları çox olduğundan ona dəyilməsə də, Allahın qəzəbinə gəldi, bir tərəfli iflic olması hərəkətlərini məhdudlaşdırdı, gözləri tutuldu, minnətlərə qaldı,  əzab çəkə-çəkə uzun zaman yaşadı.  
Universitetə Qabil Musanın rektor təyin edilməsi xüsusilə gəncliyin istəyincə oldu. Gənc, müasir dünyagörüşlü professor Qabil Musa universitetin yenidən qurulması işlərini ön plana çəkdi, elm və təhsilin dünya səviyyəsinə qaldırılması yolunda çox çalışdı və məqsədinə nail oldu.
Ərsən Güllü ilə evləndi. Respublika qəzetlərindən birinə baş redaktor təyin edildi. Yazılarında müasir həyatın problemləri, insan amili, bəşəri duyğular əsas yer aldı. 
Səda xəstəxanadan çıxanda taksi sürücüsü onu öz evinə apardı. Taksi sürücüsünün ağ saçlı arvadı Sədanı doğma qızı kimi qəbul elədi. Taksi sürücüsünün övladı olmamışdı. Sədanı Allahın onlara göndərdiyi övlad məhəbbəti ilə sevdilər. 
Ərsənin qızı Səda 7 yaşın içindəydi, birinci sinifdə oxuyurdu.
Bir gün Ərsənin poçtasına şəxsən qrifi ilə bir məktub gəldi. Məktub sahibi  cümə günü saat 17 – də onu bulvarın qurtaracağında dənizin beş addımlığında qoyulmuş köhnə oturacaqda gözləyəcəyini yazırdı. Tanış, lakin çoxdan unudulmuş xətt keçmiş xatirələrin acısını canlandırsa da, Ərsən bu görüşə getdi. Oturacağın yaxınlığında saçları çallaşmış bir qadın dayanmışdı. Bu, Sədaydı. Ərsən xeyli aralıdan dayanıb xəyala getmişdi. Uzaqdan bir qız uşağı anasının əlindən buraxılıb ona tərəf qaçırdı:
-         Ata, ata...
Ərsən geri qanrılıb baxanda gördü ki, həyat yoldaşı Güllü və qızı Səda ona
tərəf  gəlirlər. Evləri bulvara yaxın olduğundan Güllü hər gün qızını bu vaxtlar gəzməyə çıxarırdı. Balaca Səda qaça-qaça özünü atasının qucağına atıb boynunu qucaqladı. Güllü də onlara yaxınlaşdı.
         Saçları ağarmış yaşlı qadın xəyal içərisində oturacağa yaxınlaşıb oturmaq istəyirdi ki, qulağının dibində bir səs eşidib diksindi:
-         Xanım, kənara çəkilin...
Oturacağın yanında bir yük maşını dayandı, Sədanı xəyaldan ayıran kişinin
işarəsiylə fəhlələr oturacağı maşına yükləyib apardılar.
 Xəfif meh əsirdi... Qasırğanın sahildəki qayalıqlara çırpıb dağıtdığı köhnə gəminin tək-tük taxta parçaları suların qoynunda o tərəf bu tərəfə sürünürdü. Dənizin gümüşü suları sakit-sakit dalğalanır, ləpələr su damcılarını inci kimi sahilə çiləyirdi. Qağayılar  qatarlanıb uçuşur, sevdiklərindən ayrılan qızların havadan asılı qalan ağ əllərinə oxşayırdı.
Bulvarda indiyə qədər Bakıda görünməmiş, balaca, sinəsi, qanadları, boynu  rəngbərəng olan gözəl quşlar peyda olmuşdu, bir güldən o biri gülə qonur, yeni zərif səslərlə oxuyurdular.
        Əylis- Bakı
1995 - 2021





Ana səhifəyə qayıt        Baxış: 7 003          Tarix: 16-06-2021, 12:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma