Qəza namazını qılan şəxs niyyətini əda namazına döndərə bilməz. Məsələn, əgər insan bu günün zöhr namazını qılmazdan əvvəl dünənin qəzaya getmiş zöhr namazını qılırsa, namazın ortasında niyyətini əda namazına çevirə bilməz. Gərək namazı hansı niyyətlə başlamışsa, o niyyətlə də sona çatdırsın.
Ovqat.com islam.az-a istinadən bildirir ki, amma əgər əda namazı qılırsa, ortada niyyəti qəza namazına çevirə bilər. Məsələn, bu günün zöhr namazını əda niyyətilə qıldığı zaman dünənin zöhr namazını qəzaya verdiyini xatırlayır və niyyəti qəza namazına çevirir. Amma burada bir şərt var ki, gərək namazın rükn sayılan hissələri pozulmasın. Rükn elə namaz əməlləridir ki, onları lazım olduğundan az və ya çox sayda edəndə (istər qəsdən, istərsə bilməyərəkdən) bütün namaz batil olur. Belə ki, məsələn, zöhr namazının ədasını qıldığı zaman qəzaya getmiş sübh namazı üçün niyyətini dəyişdirmək istəsə, gərək bunu üçüncü rükətin rükusundan əvvəl etsin. Rüku namazın rüknlərindəndir. Əgər üçüncü rükuya getmişsə, artıq o namazı sübh namazı saya bilməz, çünki sübh namazı iki rükətdir və iki rüku ilə qılınmalıdır. Sübh namazında hər hansı səbəbdən üç rüku etsə, namaz batildir.
Paylaş: