
Evimin az qala yarısını əhatə edən şəxsi kitabxanamda çox qiymətli kitablarım var. Doğrudur, kitabların hamısı bir-birindən dəyərli və qiymətlidir, lakin avtoqrafla aldığım kitablar mənim üçün bir başqa mahiyyət kəsb edir. Filologiya elmləri doktoru, tənqidçi Vaqif Yusiflinin mənə göndərdiyi kitab hələlik avtoqrafla aldığım sonuncu kitabdır: “Lütviyyə xanıma müəllifindən lütf ilə. Vaqif Yusifli. 07.07.2025”.
Avtoqrafı oxuya-oxuya öz-özümə düşünürəm, Vaqif Yusifli böyüklüyü.
Vaqif Yusifli bütün prizmalarda ədəbiyyat adamıdır, söz adamıdır. Bütün ruhu, düşüncəsi, ədəbi mülahizələri və qələmi ilə Böyük ədəbiyyata xidmət edir. Vaqif Yusifli imzası olan bütün yazıları oxumaq məndə adət halını alıb. Yeni nəşr olunan kitablar haqqında ən gözəl və qiymətli sözləri Vaqif Yusiflinin qələmindən oxuyuruq. O, sözlə nəfəs aldığı kimi, sözü bütün rakurslardan dəyərləndirərək sözə nəfəs verir. Mənalı və şərəfli ömrünün ədəbiyyata xidmətə həsr edən ədəbiyyatşünas alimin oxuduğu kitablar, yaradıcılığını araşdırdığı şair və yazıçılar haqqındakı elmi dəyərləndirmələri özünəməxsusdur, Vaqifsayağıdır. Bir tənqidçi olaraq o, ilk başda oxuduğu kitab və ya araşdırdığı şair və yazıçının yaradıcılığındakı uğurları üzərində dayanır, sonra müəlliflərə kitab haqqında öz tənqidi fikirlərini təqdim edir. “Dəqiq, düzgün, obyektiv, yəni “qərəzsiz və mərəzsiz”.
Məndə belə bir fikir yaranıb ki, yazılan əsərlər haqqında ancaq Vaqif Yusifli yazmalıdır. Heç zaman Vaqif müəllimin kitabı haqqında yazacağımı düşünməmişdim. Bu mənə axına qarşı gəlmək kimi görünmüşdü. Amma Vaqif müəllimin özünün yenicə işıq üzü görmüş kitabını mənə bağışlaması üzərimə bir məsuliyyət qoymuşdu, sanki. Kitabı oxuduqca, adətim üzərə qeydlər etsəm də, yazmağa cəsarət etməmişdim. Ta ki, dəyərli Vaqif müəllimlə çalışdığımız Ədəbiyyat institutunun kolidorunda rastlaşana və kitab haqqında fikirlərimizi bölüşənə qədər. Vaqif müəllimə kitab üçün təşəkkür etdikdən sonra dedim: “Vaqif müəllim, böyük məsuliyyətlə oxudum kitabı. Hətta haqqında yazmaq istədim. Amma ənənəni pozmaq istəmədim. Doğrusu, həm də cəsarət etmədim”. Vaqif müəllim gülümsündü, “yox, təbii ki, yaza bilərsiniz”- dedi. Hətta bəzi şairlər haqqında yazdığım məqalələrə müsbət fikir bildirdi.
Yenidən kitabı nəzərdən keçirdim. Vaqif Yusiflinin Azərbaycan Yazıçılar Birliyinin Qarabağ bölməsinin təsis etdiyi “Qarabağ kitabxanası” seriyasından çap olunan kitabı “Qarabağ şeirimizdə, nəsrimizdə” adlanır. Və “Müasir Azərbaycan ədəbiyyatında Qarabağ mövzusu” başlıqlı məqalə ilə başlayır. Bütövlükdə, kitabda Vaqif Yusiflinin Qarabağ haqqında yazdığı silsilə məqalələri yer alır. Bu məqalələrin bir neçəsi ilə qəzet səhifələrindən tanış idim. Qeyd edim ki, bu məqalələrdə yalnız 30 illik Qarabağ savaşımız deyil, bütövlükdə Qarabağ mövzusu inikas olunur.
Mövzu 1988-ci il hadisələri, Qarabağ olunca, düşünürəm ki, o zamana, o dövrə ekskursiya etməkdə fayda var. Çünki hər şey zamandır. Hər şey zamana bağlıdır. Bütün “gerçəklik – həm olaydır, həm zamandır, həm də məkandır. Olaylar yaranır – zaman başlayır, olaylar yox olur – zaman bitir. Dünyada nə qədər olay, varlıq varsa, hamısı – zamandır. Yaranan, yaradılan nə varsa – zamandır. Doğulub-ölən, yaradılıb-dağıdılan nə varsa – zamandır. Gördüyümüz-görmədiyimiz, duyduğumuz-duymadığımız, bildiyimiz-bilmədiyimiz hər şey – Yer də, Göy də, bir damcı su da – zamandır. Hər şey zamana bağlıdır, hətta ədəbiyyat da”. Bu mənada, “ədəbiyyat dövrün, zamanın sözlərə çəkilmiş rəngkarlıq hadisəsidir”.
Doğrudur, yaranan, yaradılan nə varsa – zamandır. Doğulub-ölən, yaradılıb-dağıdılan nə varsa – zamandır. Lakin ədəbi mətnlərdə hekayənin inkişafını, qəhrəmanların duyğularını müşayiət edən və tamamlayan məkan da önəmlidir. “Ədəbi əsərlərdə məkanlar yaddaşın, nostaljinin, milli-mədəni kolleksiyanın, sosial dəyişikliyin və insan ruhunu dərk etmək səylərinin bir hissəsi kimi konkret reallıqları faktlara və ya hisslərə çevirir”.
Keçən əsrin sonlarında yaşanan hadisələrə zaman və məkan olaraq nəzər salaq. 1988-ci ildə Dağlıq Qarabağda erməni millətçilərinin qanlı cinayətləri ilə başlanan hadisələr, Azərbaycanda xalq hərəkatının yaranması, 90-cı illərin əvvəllərində keçmiş SSRİ-nin süqutu... Müstəqilliyimizi bərpa etmək üçün yaranan tarixi şərait və vətənimizin 70 illik əsarətdən sonra ikinci dəfə öz müstəqilliyinə qovuşması... “Bir kərə yüksələn bayraq, bir daha enməz”, - sözlərinin həqiqətə çevrilməsi. Və müstəqilliyimizə gedən yolumuzun “bəşəri cinayət və qətl” sayılan 20 Yanvardan keçməsi... zaman, məkan, olaylar...
O gecə, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə millət qorxmadan əliyalın rus tanklarının qabağına çıxmaqla Azərbaycan xalqının iradəsinin sarsılmazlığını nümayiş etdirdi. Böyük vətən dediyimiz keçmiş SSRİ, yəni dövlət öz vətəndaşını amansızcasına qətl etdi. Oğullarımız şəhid oldu, lakin qanları ilə yeni tarix, qəhrəmanlıq tarixi yazdı. 20 Yanvar faciəsi milli kimliyimizin formalaşmasında həlledici rol oynadı, Dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi oldu. Zaman və məkan müstəvisindən nəzər saldığımız hadisələr, müstəqilliyə gedən yolda verdiyimiz itkilər, 20 Yanvar faciəsi, 30 il sürən Qarabağ savaşı, Xocalı faciəsi öz ağrısı, acısı ilə, “xalqın azadlıq və müstəqillik savaşına köklədiyi” ədəbiyyatımıza yükləndi.
İctimai-siyasi, sosial hadisələrin birdən-birə dəyişməsi nəsrimizin və poeziyamızın yönünü və mövzusunu dəyişidi. Oğlu Qarabağda şəhid olan Xalq yazıçısı Sabir Əhmədli 20 Yanvar hadisələri ilə bağlı silsilə hekayələr, "Axirət sevdası" adlı roman yazdı. Sabir Əhmədli ilə yanaşı, Anar, Elçin, Seyran Səxavət, Aqil Abbas, Azər Abdulla, Məmməd Oruc, Azad Qaradərəli, Elçin Hüseynbəyli, Təranə Vahid, Eyvaz Zeynalov hekayə və romanlar yazdı. Mürəkkəb və ziddiyyətli, bir o qədər də “müstəqilliyin bəxş etdiyi fərəhli və sevincli illər” ədəbi əsərlərdə yaddaşa çevrildi. Ancaq şəhidlik, köçkünlük, savaş nəsrdən çox bütün ağrısı ilə poeziyada inikas etdi. Vidadinin tariximizin yaddaşına həkk olunmuş, “Küllu Qarabağın abi-həyatı, / Nərmü-nazik bayatıdır, bayatı”, - deyə vəsf etdiyi Qarabağın ağrısı, nisgili, Qarabağ fəryadı, Qarabağ dərdi 30 illik zaman dilimində Azərbaycan poeziyası yükləndi. Ədəbiyyat dövrün özü oldu. “Bütün vəziyyətlərdə ədəbi tənqid ədəbi prosesə və ədəbiyyata yol yoldaşlığı etdi, bədii düşüncə materiallarına, olanların nə varsa hamısına fəal tənqidçi mövqeyi nümayiş etdirdi”. Filologiya elmləri doktoru, tanınmış tənqidçi Vaqid Yusiflinin “Qarabağ nəsrimizdə və poeziyamızda” kitabı bu dediklərimizin təsdiqi və təqdimidir.
Professor V.Yusiflinin adı keçən kitabında dövrün özünə çevrilən ədəbiyyat nümunələri ardıcıllıq prinsipi gözlənilməklə toplanıb, müəllifin qiymətli şərh və təhlilləri ilə oxucuya təqdim olunur. Bu zaman haqlı olaraq poeziyamızda 1988-ci ildə başlamış meydan hərəkatından bu günə qədər keçdiyimiz savaş yolunu, Azərbaycan xalqının torpaq, vətən sevgisini, Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıqları təhlilə cəlb etdiyi şairlərin, Əşrəf Veysəllinin, Əli Mahmudun, Ələmdar Quluzadənin, Ənvər Əhmədin, Elçin İsgəndərzadənin, Adil Cəmilin, Adil Şirinin, Əbülfət Mədətoğlunun, Rizvan Nəsiboğlunun, Rafail Tağızadə, Vaqif Aslan, Elçin İskəndərzadə, Musa Ələkbərli, Mətləb Misir, gənclərdən Tahir Rza və Emin Pirinin Qarabağ haraylı, Qarabağ duyğulu poeziya nümunələrindən seçdiyi misraları oxuculara təqdim edir.
L.N.Tolstoy yazır ki, “Şeir yazmaq sözdən ən gözəl, ən lakonik şəkildə istifadə etməyi bacarmaqdır. Sözlərə məna yükləməkdir. Poeziya insan ürəyində yanan alovdur. Bu alov yandırır, isidir və təzələyir. Əsl şair, özü də bilmədən özü də yanır, ətrafı da yandırır” (L.Tolstoy). Az öncə bəhs etdiyimiz kimi, o illərdə yaranan poeziya nümunələrində yaşanan hadisələrin və hadisələrin yarandığı zamanın qorxunc nəfəsi duyulur. Ədəbi-bədi nümünələrin müəlliflərinin yanğısı, ağrı-acısı, nisgili misralarda əks olunur. Ağrının miqyası o qədər böyükdür ki, yazılan şeirlər müəllifin və oxucunun qəlbini yandırır. “Qarabağ nəsrimizdə və poeziyamızda” kitabında seçilən nümunələrdə Tolstoyun vurğuladığı bütün kriteriyalar gözlənilmiş, gerçəkliklər zaman və məkan müstəvisində əks olunmuş, bütövlükdə 1988-ci ildən bəri Azərbaycanda baş verən ictimai-siyasi hadisələrin fonunda yaranan ədəbi nümunələrə nəzər salınmış, olayların poeziyamızda necə əks olunduğu diqqətə çəkilmişdir. Ən əsası, tənqidçi bu şairlərin yaradıcılığı üzərindən ciddi və əhatəli təhlillər aparmış, tənqidi fikirlərini bəyan etmişdir.
Həmçinin xalq şairlərimizin: Xəlil Rza, Məmməd Araz, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə, Qabil, Sabir Rüstəmxanlı, Elçin, Zəlimxan Yaqub, Fikrət Qoca, Mirvarid Dilbazi və Cabir Novruzun və digərlərinin Qarabağ hadisələrinə qədər yazdıqları Qarabağ mövzusu da şərh olunmuşdur ki, “hər kəs bu şərhlərlə həm baş verənlərin mahiyyətini, həm də həmin mahiyyətin içindəki gerçəkliyin kökünü görmək imkanı qazanmışdır”.
Kitabın nəsr bölümündə isə Aqil Abbasın “Dolu”, Kamil Əşrəfoğlunun çadır həyatının reallıqlarını əks etdirən “Çadır”, Səyyad Aranın “Baş daşı”, “İrəvana gedən yollar”, “Tacın qaytarılması”, Hüseynbala Mirələmovun “Dağlıqlarda atılan güllə”, Elçin Hüseynbəylinin “Vida”, Vüsal Nurunun “Qaraqaşlı”, romanları, Aqil Abbasın “Tut ağacı”, “Donuz kababı” və “Aşotun məktubu”, Mustafa Çəmənlinin “Üç yaşlı əsir” (“Yaddaşın mühakiməsi”), Sevinc Nuruqızının “Qisas”, Elçin Hüseynbəylinin “Əsirlər”, Elçinin “Bayraktar” povestləri, “Qarabağ şikəstəsi” hekayəsi, Vahid Məhərrəmlinin “Kəsilməyən atəş səsləri” kitabı üzərində geniş və əhatəli təhlillər apararaq, öz mülahizələrini və tənqidi fikirlərini oxucularla bölüşmüşdür.
“Qarabağ şeirimizdə və nəsrimizdə” kitabında oxucunun diqqətini çəkən və həyəcanla oxunan bölmələrindən biri də görkəmli tənqidçinin geniş və əhatəli mülahizələrinin yer aldığı “Şeirimizdə Qarabağ” bölməsidir. Bu bölümü əhatə edən 8 məqalənin hər biri müəllifin ayrı-ayrılıqda araşdırma məqalələridir.
V.Yusifli bu məqalələrdə verilən ədəbi-bədii nümunələri elə böyük ustalıqla seçmişdir ki, oxucu bir misrada qarışıq və ağır dövrün (müharibənin), zamanın və yaşanan hadisələrin, qaçqınlıq, köçkünlük, Azərbaycanın bağrında kədərin, ağrının, yurdsuzluğun, həsrətin simvolu kimi bitən çadırların yaratdığı ağrını, iztirabı, çarəsizliyi, bütövlükdə 30 illik dövrün ab-havasını duyur. Oxuduqca ağrıyır, sarsılır, həyəcanlanır. Çünki bu misralardan “Dərd yağır”. Bu misralarda “Qarabağ fəryadı hıçqırır”.
Məsələn, “Günlərin bir günündə üzünə həsrət qaldığı, doğulduğu ocağın, evin şəklini təsadüfən Azıx mağarası ilə bağlı nəşr olunmuş bir kitabda görən” Əbülfət Mədətoğlunun fəryadı kimi:
Qarşımdakı bir şəklə
baxa-baxa qalmışam.
Elə bil ki, bu həkklə
Ağır zərbə almışam.
Qaytarmaq gücüm də yox!
Lal deyil, o danışır.
Bizi, bizi lal edir.
İnsan yesir olarmı?
Ocaq əsir olarmı?
Bu şəkil sual edir.
Bu misralarda şairin yaratdığı “dərdin obrazını” görürük. Və ya “Gənc şair Leyla Əliyevanın “O dərdli uşağın göz yaşı üçün” şeirində Tovuz döyüşlərindəki itkidən doğan kədərli hisslərini ifadə etməsi”. Ata itirmiş uşağın ağlamasına göylərdə Günəşin də yas tutmasının, ağlayan körpəyə qoşulub ağlamasının” təsviri... Şairin misralara pıçıldadıqları ürəkləri dağlayır:
Ağlayır bir ata itirmiş uşaq,
Ağlayır göylərdə Günəş də bu gün.
Elliklə savaşa hazırıq Vətən,
O dərdli uşağın göz yaşı üçün.
Ağır kədər hissi ilə yazılmış bu misralar həm də qələbəyə güclü inam hissi hiss olunur. Kədərlə qələbəyə inam hissi paralel addımlyır. Müəllif yazır: “şeirdə qələbəyə inam intonasiyası qoşa addımlayır. Göz yaşlarını, itkidən doğan qüssəni qələbəyə doğan inam əvəz edir”.
Həqiqətən də, şeirdə bəhs olunan, Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılan hərbi əməliyyatlardan biri olan Tovuz döyüşləri iyulun 17-də Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşdı. “O dərdli uşağın göz yaşı”nın qısası alındı. Və bu döyüşlər “Böyük zəfərimizə gedən yolun son addımları oldu”. Tovuz döyüşlərindən təxminən iki ay yarım sonra rəşadətli Ordumuz Ali Baş Komandanın əmri ilə haqq savaşı başladı (27 sentyabr). Düşmənin növbəti təxribatının qarşısını almaq üçün genişmiqyaslı əks-həmlə əməliyyatı keçirərək 44 günlük Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinə qalib gələrək torpaqlarımızı işğaldan azad etdi. Otuz illik əsarət və həsrət sona yetdi. Vətən müharibəsində əldə edilən Böyük zəfərimiz, torpaqlarımızın işğaldan azad edilməsi, qələbəyə köklənən ədəbiyyatımızın da rəngini, ruhunu dəyişdi. Mənə elə gəlir ki, zəfərimizdən sonra yazılan bütün əsərlərin rəngi, torpaq uğrunda can qurban edən şəhidlərimizin al qanı kimi qırmızıdır. Poeziyamızda 30 il sürən Qarabağ savaşının, Xocalı faciəsinın, Şuşa naləsinin, ağrısının, acısının sözlə çəkilmiş şəklidir. Bu sözlə çəkilmiş şəkillər metal, ağac, daş üzərində qazılmış və ya həkk olunmuş qravürlər kimidir.
Vaqif Yusifli bütün bunları, baş verənlərin mahiyyətini və mahiyyətin içindəki gerçəkliyi zaman, məkan, hadisə və ədəbiyyat müstəvisində kitabında tədqiqata cəlb etdiyi Qarabağla bağlı poeziya nümunələrində inikas etdirir. Ən əsası, Böyük Zəfərimizə olan inamını...
Kitabın sonunda yer almış məqalələr, əsasən Zəfər müjdəlidir. Tənqidçi “Evimizə gedirəm, evimiz Şuşadadır”, - başlıqlı məqaləsində Elçin İsgəndərzadənin, Rəfail Tağızadənin “Qarabağ şeirləri” başlıqlı məqaləsində Rəfail Tağızadənin yaradıcılığı “Şuşa”, Əli Mahmud “Göyərməz bir qara daş” məqaləsində Əli Mahmudun və Emin Pirinin “Yeni səs, yeni nəfəs” məqaləsində gənc şair Emin Pirinin Qarabağ mövzusunda yazdıqları haqqında ədəbi mülahizələrini oxucularla bölüşmüş, onların “ədəbi portret”lərini yaratmışdır. Ədəbiyyatşünas alimin bu məziyyətinə xüsusi diqqətə çəkən akademik Nizami Cəfərov yazır: “Vaqifin ədəbi portretlərinin, adətən, ümumi başlığı olur: Bu filankəsdir... Yaxud: Bu da filankəs... Lakin bu cür ümumiləşdirmənin arxasında hansısa ədəbi şəxsiyyətin olduqca konkret, səciyyəvi, özünəməxsus obrazı canlandırılır... Bir çox hallarda isə başlıq improvizatorluğu edir”.
Bütövlükdə, “Qarabağ şeirimizdə və nəsrimizdə“ kitabında Qarabağ mövzusunda yazılmış poeziya və nəsr nümunələrinə diqqət yetirmiş, onların müəlliflərinin “ədəbi portreti” yaradılmış, elmi şərhlər verilmiş, yazılan əsərlər görkəmli tənqidçimiz tərəfindən dəyərləndirilmişdir. “Azərbaycan ədəbiyyatında ədəbi tənqidin aparıcı siması” olan “üstad tənqidçi”nin şeirlərindən nümunələr seçdiyi şairlərin yaradıcılığını araşdırması, təhlil edərək ədəbi mülahizələrini bildirməsi, dəyərləndirməsi onlar üçün böyük qiymətdir.
Vaqif Yusiflini “Yeni tənqidçilər nəsli üçün əsl canlı tənqidçilik məktəbi” adlandıran akademik İsa Həbibbəyli yazır: “Bu gün filologiya elmləri doktoru Vaqif Yusifli - Azərbaycan ədəbiyyatında ədəbi tənqidin aparıcı simasıdır. Vaqif Yusifli - ustad tənqidçidir. Ədəbi tənqidin nəzəriyyəsinə aşina olan Vaqif Yusifli real ədəbi prosesdə vətəndaş tənqidçi missiyasını şərəflə yerinə yetirir. Bütün mənalarda o, Azərbaycan ədəbi tənqidinin Vaqifidir. Yeni tənqidçilər nəsli üçün Vaqif Yusifli əsl canlı tənqidçilik məktəbidir. Vaqif Yusifli isə heyrətamiz dərəcədə yorulmadan yazıb ardıcıl olaraq çap etdirdiyi sanballı ədəbi-tənqidi əsərləri ilə əsl fədakar tənqidçi olmağın ibrətamiz, düşündürücü yeni dərslərini meydana qoymaqda davam edir” (İ.Həbibbəyli).
Vaqif Yusiflinin “ədəbi-tənqidi "rəssamlığ"ının janr rəngarəngliyi, bu istiqamətdəki axtarışlarının intensivliyi” ilə diqqət çəkməsini, eyni zamanda məhsuldarlığını, işinə məsuliyyətlə yanaşmasını, peşəkarlığını” vurğulayan akademik Nizami Cəfərov yazır: “Vaqif Yusiflinin ədəbi-tənqidi "rəssamlığ"ının janr rəngarəngliyi, bu istiqamətdəki axtarışlarının intensivliyi (və məhsuldarlığı) həmişə diqqəti çəkib, hər zaman maraq doğurub. Çünki o, bizim bir sıra tənqidçilərdən fərqli olaraq nə deyəcəyi ilə yanaşı, necə deyəcəyinə də məsuliyyətlə yanaşır. Və bunu peşəkarlıqla edir...” (N.Cəfərov).
Ədəbi tənqidimizin fədakar, cəfakeş tənqidçilərindən olan filologiya elmləri doktoru Vaqif Yusiflinin böyük “məsuliyyət və peşəkarlıqla” hazırlayıb oxuculara təqdim etdiyi “Qarabağ şeirimizdə və nəsrimizdə“ kitabı ədəbiyyatımıza xidmət, Azərbaycan oxucusuna layiqli töhfədir.
Hürriyyət şairi Namiq Kamal, Əbdülhaq Hamidə yazdığı bir məktubda “ədəbiyyatın vətənə ordu qədər xidmət etdiyinin” altını cızır. Əminliklə deyə bilərik ki, həmişə “böyük ədəbiyyatın mövqeyində dayanan”, mənalı və şərəfli ömrünün ədəbiyyata xidmətə həsr edən Vaqif Yusifli ədəbiyyatımıza bir ordu qədər xidmət etmişdir.
Paylaş: