Xəbər lenti

Misirin Şarm-əl-Şeyx şəhərində İsrail hökumətinin nümayəndələri ilə HƏMAS təmsilçiləri arasında oktyabrın 6-da birbaşa olmayan danışıqların ilkin mərhələsi olub. Misirin vasitəçiliyi ilə keçirilən bu görüşdə məqsəd ABŞ Prezidenti Donald Trampın Qəzza zolağında sülh planı üzrə yekun razılıq əldə etməkdir. Danışıqların oktyabrın 7-də davam edəcəyi gözlənilir.

Donald Trampın "Qəzzada sülh planı" 20 maddədən ibarətdir. Bu planı ərəb dövlətləri, o cümlədən Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Misir, habelə Türkiyə dəstəkləyib. Avropa İttifaqı rəhbərliyi, Böyük Britaniya, Fransa və Almaniya da bu planın reallaşmasını alqışlamaqla yanaşı, ona yardım etməyə hazır olduqlarını da bildiriblər.

İsrail sənədlə tamamilə razı olsa da, HƏMAS qismən razılaşdığını bəyan edib.

Hərəkat əsasən tərk-silah məsələsinə etiraz edir. HƏMAS Trampın planında ətraflı təsvir edilmiş "girovların mübadiləsi formulası" ilə razılaşsa da, müəyyən "yerli şərtlərə" əməl olunması şərtini də irəli sürüb. Çünki İsraildən olan girovlar qruplaşmanın əlində başlıca təsir vasitəsidir.

Bu planda Qəzza zolağının heç bir siyasi qrupa aidiyyəti olmayanlar tərəfindən idarə edilməsi, razılaşmadan 72 saat sonra əsir və girovların hər iki tərəfdən azad edilməsi də nəzərdə tutulub. Belə ehtimal edilir ki, HƏMAS-ın girov saxladığı 48 israillidən 20-si sağdır.

Güman edilir ki, bu plan üzrə Yaxın Şərqdə sabitlik və sülh yarana bilər. Başqa sözlə, HƏMAS tərk-silah olub, regiondan çıxarsa, Fələstində sabitliyin və sülhün yaranması, eləcə də vahid idarəetmə sisteminin formalaşması, seçkilərin keçirilməsi, onun bir dövlət olaraq tanınmasının reallaşması da mümkündür.

Ancaq bunlar hələ müzakirə mövzusudur. İlkin olaraq HƏMAS və başqa silahlı qruplaşmaların silahları təhvil verməsi, sülh prosesinə mane olmaması vacib şərt sayılır.

Fələstin dövləti ərazisi mərkəzləşmiş şəkildə idarə olunmur. Qəzza zolağının HƏMAS tərəfindən idarə edilməsi onu indiki vəziyyətə salıb, İordan çayının qərb sahilinə İsrail nəzarət etsə də, Fələstin hökuməti yerli idarəçiliyi həyata keçirir. Şərqi Qüds də Ramallahın nəzarətində deyil.

Mərkəzi hökumət Milli Administrasiyanı bütövlükdə təmsil edə bilmir. Bu da Fələstinin problemlərinin həllinə, siyasi qüvvələr arasında əlaqələndirilmiş şəkildə ortaq mövqedən fəaliyyətə mane olan başlıca amillərdir. Elə bu kimi səbəblərdən Fələstinə kənar qüvvələrin dəstəyi ilə müxtəlif silahlı qruplar fəallıq göstərir. Onların əməllərinin nəticəsində isə Fələstindən bölgədə maraqları olan güclər bu və ya başqa tərəfə təzyiq aləti olaraq istifadə edirlər.

Belə qənaətə gəlmək olar ki, HƏMAS regionda ABŞ, İsrail və müttəfiqlərinin maraqlarına qaşı çıxanların da ümumiləşdirilmiş nümayəndəsidir. Çünki bir sıra hallarda bu qruplaşmanın inadlı müqaviməti şübhələr yaradır. 45 kv/km ərazidə (Qəzza zolağının sahəsi bu qədərdir) müqavimət cəhdini silahlı qruplaşmanın təkbaşına fəaliyyəti saymaq sadəlövhlükdür. Çünki müasir silah və hərbi texnikaya malik olan İsrailin qarşısında onların dayanması müharibə qanunlarının əleyhinə sayılır. Deməli, bu qruplaşmaya kənardan yardımlar edildiyi, dəstək verildiyi istisna deyil. Elə həmin qüvvələri bir mərkəzdən idarə olunan Fələstinin yaranmasına mane olurlar.

HƏMAS-ın bu səviyyəyədək böyüməsində onların rolu az deyil. Onlar müqavimət hərəkatının arxasında gizlənərək yəhudi dövlətinin nümayəndələri ilə danışıqları müşahidə edirlər.

Donald Tramp bildirib ki, zaman gözləmir: "Əks halda, heç kimin görmək istəmədiyi kütləvi qan axacaq".

O, bir neçə gün öncə HƏMAS-a İsraillə razılaşmaq üçün son şans verdiyini bildirmişdi. ABŞ Prezidenti əks halda qruplaşmanı "görünməmiş cəhənnəm"lə hədələyib.

Ağ Ev Qahirədə HƏMAS-la razılaşmanın finalı olacağına ümidvardır.

Bu gün, oktyabrın 7-də hərəkatın İsrailə hücumunun ikinci illiyidir. Bu müharibə baş verməyə də bilərdi. Belə ehtimal olunur ki, müharibənin başlama səbəblərindən biri HƏMAS-ın özünü sponsorlarına nümayiş etdirməsi olub. Başqa sözlə, ona indiyədək maliyyə, silah, təbliğat baxımından yardım edənlər İsrailə hücum etməyin vaxtı çatdığı göstərişini veriblər. O da bərabər olmayan güc müqayisəsi qarşılığında İsraillə müharibəyə girişib. İndi yəhudi dövlətini qınayanların çoxsaylı qurbanların olacağını görməməsi, yaxud proqnozlaşdırmaması da bir müəmmadır.

HƏMAS-ın İsrailə qarşı müharibəsi hansı nəticələri verib?

- Yəhudi dövlətinə qarşı döyüşən qrupların liderləri, o cümlədən Livan "Hizbullah"ının başçısı Həsən Nəsrullah, hərəkatın Siyasi Bürosunun sədri İsmayıl Həniyə öldürüldü;

-"Hizbullah" hələ də toparlana bilmir. İsrail Fransanın Livandakı hərbçiləri ilə birlikdə onun bölmələrinə qarşı əməliyyatı davam etdirir;

-HƏMAS-ın sponsorları üzə çıxdı. Qətərin raket hücumuna məruz qalması bir xəbərdarlıq idi. Bir müddət öncə terrorçu təşkilatları dəstəklədiyi üçün bu ölkəyə qarşı ABŞ və ərəb ölkələri siyasi-diplomatik sanksiya tətbiq etmişdi;

- Əvvəllər HƏMAS-ı dəstəkləmədiyini iddia edən İran ifşa olundu. Onun bu qruplaşma ilə hərbi, maliyyə və başqa sahələrdə əlaqələri aşkarlandı;

-Suriyadakı Bəşşar Əsəd rejimi süquta uğradı;

-Yəməndə husi qiyamçılarının aparıcı qüvvələri İsrailin raket hücumu nəticəsində öldürüldü;

-Husilərə qarşı hərbi əməliyyatlar davam edir;

- İsrail İranın hərbi obyektlərini, hissələrini, Evin həbsxanasını dağıtdı, nüvə alimlərini, silahlı qüvvələrin rəhbərlərini, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi general Məhəmməd Baqerini öldürdü;

-ABŞ İslam Respublikasının nüvə obyektlərini bombalayaraq Tehranın nüvə proqramını məhv etdiklərini bildirdi;

-İsrail-Livana yenidən müdaxilə etdi;

-İsrail Suriyaya raket zərbələri endirir;

-Çin regionda fəallıq göstərməyə səy etdi;

- "Sumud" donanmasının aksiyası uğursuzluğa düçar oldu;

-BMT-nin Baş Assambleyasının 80-ci sessiyasında Mahmud Abbas HƏMAS-sız Qəzzadan bəhs etdi;

- Donald Trampın "Qəzzada sülh planı" beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndi.

Mühüm məsələlərdən biri də Böyük Britaniya və Fransanın Fələstin dövlətini tanımasıdır. Bunu HƏMAS-ın uğuru kimi qəbul etmək məntiqsizlik olardı. Çünki hərəkat heç bir aksiya ilə bu istiqamətdə fəaliyyət göstərməyib. Onun əsas hədəfi İsraili məhv edib, onun yerində Fələstin dövləti qurmaq olub. Yaxud İran hakimiyyətinin iddia etdiyi "İsraili dünyanın siyasi xəritəsindən silməyi" hədəf götürüb. Odur ki, London və Parisin addımları onların regional maraqlarının təmin olunmasına bağlıdır. Çünki Britaniya "HƏMAS-sız Qəzza, Fələstin" şərtini önə çəkir.

Bu müharibə Fələstin dövlətinin tanınması və qurulması yolunda maneələrin hələ də aradan qalxmadığını bir daha ifşa etdi. Fələstinlə İsrailin vasitəçisiz, birbaşa danışıqlara getməsini əngələyənlər 80 ilə yaxındır Fələstin məsələsində vasitəçilik etməklə onun tanınmasına mane olurlar.

HƏMAS ikiillik, İran isə 12 günlük müharibədə İsraili məhv HƏMAS ikiillik, İran isə 12 günlük müharibədə İsraili məhv edə bilmədi. Belə qənaətə gəlmək olar ki, indiki vəziyyət hikkəli siyasi ideoloji yanaşmanın nəticəsidir. Onlar qüvvələrin bərabər olmadığı döyüşdə Fələstin dövlətinin qurulmasına, tanınmasına, İsraillə münasibətlərin normallaşmasına mane oldular. Bu yanlış siyasət nəticəsində minlərlə insan ölüb, yaralanıb, yurd-yuvasız qalıb. İndi özlərini Fələstindəki ac uşaqların halına acımış kimi göstərənlər HƏMAS-a silah daşıdıqları yolla ərzaq və başqa vacib məhsullar niyə daşımırlar?

Bu müharibə İsraildən çox HƏMAS kimi silahlı qruplaşmalara, ona sponsorluq edən İran hakimiyyəti və başqalarına zərbə oldu. 12 günlük müharibədə də, ikiillik savaşda da İsrail daha güclü göründü. İddialıların isə yeni məğlubiyyətlə üzləşəcəkləri qaçılmazdır. 20 ildir regionda "at oynadan"lara danışıqlar masası arxasına keçməkdən başqa yol hələ görünmür. HƏMAS ya gedəcək, ya da dəyişəcək. Çünki Qəzzadakı silahlıların qəzavatı İsrail üçün mübarək olur...

Sədrəddin İsmayılov

Report.az




Ana səhifəyə qayıt        Baxış: 3 111          Tarix: Bu gün, 17:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma