İslam dininin qısa bir zaman ərzində qələbə çalmasının və insanları doğru yola hidayət edərək, cahillikdən uzaqlaşdırmasının səbəbi - Quranın təqdim etdiyi nurani göstərişlərdir.
Ovqat.com deyerler.org-a istinadən bildirir ki, bu göstərişlər sayəsində İslam dini irəli getmiş və zəfər qazanmışdır.
Bəs bu göstərişlər hansılardır?
1. İnsan ictimai varlıqdır. Quran buyurur ki, insan ictimai varlıq olduğu üçün, cəm halında yaşamalıdır. Bir-birinə yardım edərək, ehtiyaclarını aradan qaldıra bilər. Ancaq bu cəmiyyət gərək Allaha imana malik olsun və münkərdən çəkinsin. "Siz (müsəlmanlar), (Allah tərəfindən dünyanın)insanlar(ın)a zahir olmuş ən yaxşı ümmətsiniz, bəyənilən işə əmr edir və çirkin işdən çəkindirirsiniz və Allaha (nazil etdiyi şeylərdə) iman gətirirsiniz". ("Ali-İmran" 110).
2. Şəxsiyyətin meyarı - təqvadır. İnsan şəxsiyyətinin meyarını təyin edən amil - təqvadır. "Ey insanlar! Şübhəsiz, Biz sizin hamınızı bir kişi və qadından (Adəm ilə Həvvadan) yaratdıq (və ya sizin hər birinizi bir ata və anadan yaratdıq) və sizi bir-birinizi tanıyasınız deyə böyük və kiçik qəbilələr etdik. (Odur ki, sizin aranızda irqi üstünlük yoxdur). Həqiqətən sizin Allah yanında ən hörmətliniz - sizin ən pəhizkarınızdır. Həqiqətən Allah çox bilən və xəbərdardır". ("Hucurat" 13).
3. Ədalət və bərabərlik. İslam dini buyurur ki, cəmiyyətin hər bir üzvü - istər güclü olsun, istərsə də zəif - gərək ədalətə riayət etsin. "Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır". ("Maidə" 8).
4. Qadın haqqını dirçəltdi. Quran qadın və kişinin şəxsiyyətini eyni cür qiymətləndirmiş və onların arasında fərq qoymamışdır. Buyurmuşdur ki, Allah dərgahında təqva mühüm amildir, istər qadında olsun, istərsə də kişidə. "Hər kim - kişi, yaxud qadın - imanı olan halda yaxşı iş görsə, onu şübhəsiz, (dünyada) pak bir həyatla yaşadacaq və (axirətdə) mükafatlarını çox gözəl olan əməllərinin müqabilində verəcəyik". ("Nəhl" 97).
5. Məntiq və dəlil ilə iş görməyə dəvət etmişdir. Ona görə də kor-koranə təqlid edənləri məzəmmət etmişdir. "Əksinə, onlar dedilər: "Həqiqətən biz atalarımızı bir dində görmüşük və biz də onlara tabe olmaq nəticəsində mütləq doğru yoldayıq"". ("Zuxruf" 22).
6. Xoşbəxtlik və bədbəxtlik - əməl sayəsindədir. "Və insan üçün etdiyi səy və təlaşdan başqa bir şey yoxdur". ("Nəcm" 39).
7. Təfəkkür etməyə təşviq etmişdir. "(Ya peyğəmbər!) de: "Yer üzünü gəzib-dolaşın, baxın görün günahkarların axırı necə oldu!". ("Nəml" 69).
8. Elmə təşviq etmişdir. "Buna görə də varlığın mütləq sahib və hökmdarı, haqq və sabit olan Allah pak və ucadır. Qur'anın sənə vəhy (edilməs)i sona çatmamışdan qabaq on(un mənimsənilməsi və oxunmasın)da tələsmə və "ey Rəbbim, mənim elmimi artır!" de". ("Taha" 110).
9. Din, insanların mənfəətini təmin edir. "Allah əsla sizə çətinlik yaratmaq istəmir, lakin sizi paklaşdırmaq və Öz nemətini sizə tamamlamaq istəyir (ki,) bəlkə şükür edəsiniz". ("Maidə" 6).
10. Münaqişənin qarşısını alır. "Öz evlərindən nemətdən sərxoş halda və özlərini camaata göstərmək üçün çıxan və (insanları) Allahın yolundan saxlayan kəslər (Əbu Cəhlin Bədrə tərəf gedən qoşunu) kimi olmayın. Allah (qüdrət və elm baxımından) onların etdiklərini əhatə etmişdir". ("Ənfal" 47).
Paylaş: