Artıq havalar soyumağa başlayıb. Soyuq və bir qədər də yağışlı havalar isti günləri geridə qoyub. Dəyişən hava durumu geyimlərdə də özünü büruzə verir. Yaydan fərqli olaraq adətən payız və qış fəslində şəhərdə əlvan və ya açıq tonda geyimli insanalara az rast gəlirik. Əksəriyyət qara, boz və ümumiyyətlə tünd rənglərə üstünlük verir. Maraqlıdır, bunun səbəbi nədir?
Ovqat.com bildirir ki, mövzu ilə bağlı tanınmış modelyer Gülnarə Xəlilova modern.az-a açıqlama verib. O bildirib ki, əslində tünd rənglər bu il gündəmdə deyil: "Bilirsiniz, havalar qəfil soyudu. Sanki yaydan birbaşa qışa keçid etdik. Əslində bu il tünd rənglər gündəmdə deyil. Təbii, mövsümün tonunun tünd rəngləri aktual olacaq. Eyni zamanda, bir az çirklənmiş açıq tonlar da dəbdədir. Qara, qəhvəyi, yaşıl, krem, çəhrayının krem rəngi ilə qarışıq çalarları istifadə olunacaq. Bunlar çirklənəndə özünü gec büruzə verən rənglərdir. Hazırda yay qarderobundan qışa keçid olduğu üçün proses çətindir. Çünki havaların normala dönmə ehtimalı və ya əksi də mümkündür. Bu baxımdan insanlarda qərarsızlıq mövcuddur.
Fikir verin, şəhərdə nazik geyimin üzərində isti geyimlərin olduğunu və ya başqa formaları da görürük. Əksəriyyətin tünd rəngli geyimlərə üstünlük verməsi o demək deyil ki, bu rənglər dəbdədir. Bu tendensiya təbii ki, zamanla dəyişəcək. İnsanlar artıq havanın soyuq olduğuna əmin olandan sonra geyimlərini qaydaya salmağa çalışacaqlar".
Modelyer düşünür ki, insanların tünd rənglərə üstünlük verməsinin əsas səbəbi maliyyə durumlarıdır: "Burada maliyyə tərəfi də rol oynayır. Havaların soyuq olduğu vaxtlarda geyimlərin yuyulması, qurudulması var. Əhalinin əksəriyyətinin tünd rənglərdən istifadə etməsinin səbəbi bu tonları çox sevmələri deyil. Gündəlik üst geyimləri qalın olur və onun yuyub qurutmaq çətindir. Əgər sənin 15 gödəkçən varsa, təbii, qarderobunda rəngarənglik müşahidə ediləcək. Amma bir, ya iki gödəkçən varsa, onun əlvan və ya açıq rəngli olması mümkün olmur. Çünki soyuq havalar, yağış, qar olan zaman açıq geyimlər tez çirklənə bilir. Fikir versəniz, nəqliyyatdan az istifadə edənlərin geyimləri daha fərqli olur. Yəni əlvan və ya açıq tonlara müraciət edə bilirlər. Çünki yalnız maşından istifadə edən insanlar kütlənin arasında çox olmurlar. Amma ümumi avtobusdan, metrodan istifadə edənlər əlbəttə ki, daha çox tünd rəngli geyimlərə üstünlük verəcək. Əsasən qəhvəyi, göy, qara, boz və bir çox rənglərin tündə doğru gedən tonlarına müraciət edilir. Bu rənglər çirklənən zaman da çox hiss olunmur və geyimdən bir müddət istifadə etmək mümkün olur.
Düzdür, tünd rəngləri sevən insanlar da var. Amma qarderobunda üst geyimləri çox olan insanların adətən maddi durumları digərlərindən fərqlənir. Gündəlik həyatında insanların arasında daha çox vaxt keçirənlər nəyəsə dəyə bilər, çirklənə bilər. Buna görə də onlar tünd rənglərdən daha çox istifadə edirlər".
Paylaş: