"Xəritənin dərsliyin rus variantına daxil edilməsini xoşagəlməz ictimai-siyasi nəticələr doğura biləcək kobud elmi-tarixi səhv hesab edirəm. Ancaq bunun məkrli məqsədlərlə edildiyini də istisna etmirəm".
Ovqat.com bildirir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun direktoru, millət vəkili Musa Qasımlı deyib. Onun sözlərinə görə, ölkəmizdə dərsliklər dövlət dilimiz olan Azərbaycan dilində yazılır, sonra isə müvafiq dillərə tərcümə edilir: "Bütün variantlarda verilən fotoşəkillər, sxemlər, xəritələr və s. də eyni olur. Burada fərq ola bilməz, ümumi qayda belədir. Yaranmış qeyri-normal şəraitdə bir neçə ciddi sual yaranır: dərsliyin orijinalı olan Azərbycan dilindəki və tərcümə edilmiş gürcü dilindəki variantlarında həmin üzdəniraq, qondarma xəritə olmadığı halda rus variantına necə daxil edilib? Bu işi kim, hansı məqsədlər üçün edib? Axı, həm dərsliyi yazanlar, həm də Təhsil Nazirliyi tarixdə "Böyük Ermənistan" adlı dövlətin olmadığını yaxşı bilirlər. Dərslik işi ilə məşğul olan peşəkarlar da yaxşı bilirlər ki, dərslik yazılması və nəşrində qəbul edilmiş ümumi bir qayda var: dərsliyin bütün dillərdə olan variantlarının elmi redaktorları nəşrə gedən varianta (həm mətnə, həm şəkillərə, həm sxemlərə, həm də xəritələrə və s.) tarixi göstərib, imza atmayınca heç bir nəşriyyat onu qəbul etməz və nəşri üçün məsuliyyəti öz üzərinə götürməz".
M. Qasımlı əlavə edib ki, xəritənin dərsliyin rus variantına daxil edilməsini xoşagəlməz ictimai-siyasi nəticələr doğura biləcək kobud elmi-tarixi səhv hesab edir: "Ancaq hadisənin məkrli məqsədlərlə edildiyini də istisna etmirəm. Bu barədə müəyyən mülahizələrim olsa da, fikir yürütmək istəmirəm. Ona görə də hesab edirəm ki, Təhsil Nazirliyi mövcud halı ciddi şəkildə araşdırmalı və digərlərinə ibrət olmaq, gələcəkdə belə kobud səhvlərə yol verməmək üçün təqsiri olanları sərt şəkildə cəzalandırmalı, dərslik yazılması üçün keçiriləcək tender prosesinə yaxın buraxmamalıdır. Çünki belə hallar sonda ictimai rəyi zədələyər və daha ağır proseslərə gətirə bilər. Həm də unutmaq lazım deyil ki, dərslik yazmaq və nəşr etdirmək dövlət siyasəti olduğundan bu prosesin başlanğıcından sonunadək bütün mərhələlərində iştirak edənlərin hamısında məhz dövlətçilik məfkurəsi olmalıdır. Həmin şəxslər yad məlumatların və materialların təsiri altına düşməməlidirlər".
Təhsil Nazirliyinin "Təhsilin Məzmunu və Dərsliklər" üzrə Daimi Şurasının üzvü, professor Şahlar Əsgərov məsələ ilə bağlı APA-ya bildirib ki, sözügedən dərsliyin çap olunmasından şuranın xəbəri olmayıb: "Təhsilin Məzmunu və Dərsliklər" üzrə Daimi Şura yeni təşkil olunub, üç aydır işləyir. Həmin şuranın təşkil olunmasında məqsəd odur ki, bu cür səhvlər dərsliklərdə getməsin. Dərsliklərin məzmunu mükəmməl olmalı, milli mənafeyə xidmət etməlidir. Ona görə də hər dərsliyi çap etmək olmaz. O, hər baxımdan - məzmun və dövlətçilik baxımından ekspertlərdən keçməlidir. Güman edirəm, şura işləyəndən sonra bu cür qüsurlar olmaz. Bu, şuraya qədər olan fəaliyyətdən doğub. Dərslik çox əhəmiyyətli, böyük şeydir. Uşaqdan dindar da yarada biləsiniz, ateist də. Bu, dərsliyin məzmunundan asılıdır".
Ş. Əsgərov əlavə edib ki, dərsliyin çapa getməsində cavabdeh olanlar cəzalandırılmalıdır: "Mən bilmirəm o dərsliyin çapa getməsinə kim qol çəkib. Hamı günahkardır. Dərsliyi oxumamış ona qol çəkmək olar? Əgər bunu texniki səhv kimi qəbul ediriksə, gərək onu düzəldək. Amma kimsə də cəza almalıdır ki, bir də belə olmasın. Şifahi tənbeh də cəzadır. Jurnalistlərin etirazları da müəllif üçün cəzadır. Mən düşünürəm ki, yeni yaranan şura dərsliklərdə bu kimi halların baş verməməsi üçün bilavasitə cavabdehdir. Çünki yeni yaranan şuranın tərkibində məsuliyyətini bilən insanlar təmsil olunur".
Tarix İnstitutunun direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bayramov isə APA-ya açıqlamasında məsələnin onun təmsil etdiyi instituta bağlı olmadığını deyib: "Bu məsələnin Tarix İnstitutuna heç bir aidiyyəti yoxdur. Çünki bizim instituta bu kitabla bağlı müraciət daxil olmayıb. Kitabı çapa kim buraxıbsa, məsuliyyəti də o daşıyır".
Qeyd edək ki, X sinif "Всеобщая история" dərsliyindəki xəritədə Türkiyə, Gürcüstan və Azərbaycan ərazisinin bir hissəsi "Dənizdən-dənizə Böyük Ermənistan" dövlətinin tərkibi kimi göstərilib.
Paylaş: