Azərbaycanda körpə uşaq üzərində çətin əməliyyat həyata keçirilib. Pyeloplastika adlanan əməliyyatı tanınmış uroloq-cərrah Fuad Hüseynov uğurla icra edib.
Ovqat.com xəbər verir ki, bu haqda lent.az-a məlumat verən həkim bildirir ki, uşaq 30 həftəlik doğulub və tək qiymətli böyrəyini qorumaq üçün böyük mübarizə aparır: "Belə ki, bətndaxili dövrdən etibarən tək böyrəyində şiddətli hidronefroz olduğu bilinib. Körpə doğulduqdan sonra da aparılan müayinələr nəticəsində təsdiqləndi ki, sol böyrək multikistik displastik böyrəkdir, yəni işləmir. Yeganə işləyən sağ böyrəyində də şiddətli genişlənmə mövcuddur, böyrək ləyəninin ölçüsü 70 mm-ə qədərdir. Genişlənmənin səbəbi böyrək ləyəninin sidik axarına keçən yerində olan daralmadır".
Həkim deyir ki, körpədə böyrək çatışmazlığı əlamətləri başladığı üçün məcburi cərrahi əməliyyat qərarı veriblər: "1300 qr çəkisi olan körpə üzərində pyeloplastika əməliyyatı uğurla icra edildi. Əməliyyatdan sonra körpənin vəziyyəti tam normaldır, böyrək çatışmazlığı əlamətləri yoxdur. İnşallah yaxın günlərdə evlərinə getməsinin sevincini yaşayacaq. Qeyd edim ki, bu, bizim rekordumuz oldu. İndiyə kimi bu əməliyyatı icra etdiyimiz ən az çəkili körpə oldu. 1 yaşından tez bu əməliyyatı icra etmək olmaz deyən həkimlərimiz də öz işlərinə bir az şübhə ilə yanaşsalar, yaxşı olardı".
Paylaş: