Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş MTN-in daha bir generalı Elçin Quliyev və onun əməkdaşı polkovnik Azər Mehdiyevə cəza istənilib.”Qafqazinfo” xəbər verir ki, hakim Elbəyi Allahverdiyevin icraatında olan prosesdə zərərçəkən şəxslər və vəkilləri çıxış edərək mülki iddialarının təmin edilməsini istəyiblər. Zərərçəkən Xaliq Sadıxov E.Quliyevə qarşı 300 min manatlıq iddia qaldırıb və ödəməsini tələb edib.
Ötən iclasda dövlət ittihamçısı çıxış edərək E.Quliyevin 15 il, A.Mehtiyevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Həmçinin E.Quliyevdən general, A.Mehdiyevdən polkovnik rütbəsinin alınması üçün təqdimat verilməyini və əmlaklarının müsadirə edilməsini istəyib.
***
Prosesdə general E.Quliyev və polkovnik A.Mehdiyevin vəkilləri çıxış edərək müvəkkillərinin günahsız olduğunu deyiblər və onlara bəraət verilməsini istəyiblər. E.Quliyev isə keçmiş nazir Eldar Mahmudov haqda sensasion fakt açıqlayıb: “Mənim heç bir günahım yoxdur. Mətləb Mustafayevin həbs edilməsi üçün Eldar Mahmudov öncədən prokurorluqla razılaşmışdı, ondan sonra Mətləbin mənzilinə tapança qoyuldu. Mətləbin istintaqını mən aparsam da, onun həbsinin sifarişini Eldar Mahmudov verib, prokurorluq isə həbs edib”.
“M.Mustafayev də deyib ki, ötən prosesdə E.Quliyev ifadəsində nazir E.Mahmudovun onunla görüşə cəhd etdiyini bildirib: “Eldar Mahmudov vəzifədən azad olunandan sonra Elçin Quliyevlə məxfi yollarla görüşmək istəyib, lakin Elçin razılaşmayıb. Elçin Quliyev çıxışında İlqarın ona zəng edərək vəkil istədiyini də dedi”.
Proses noyabrın 27-də davam etdiriləcək.
****
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
Bakı Hərbi Məhkəməsində hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslərdən Mətləb Mustafayevin vəkili Adəm Məmmədov çıxış edib. O, mülki iddianı müdafiə etdiklərini və prokurorun çıxışı ilə razı olduqlarını deyib.
E. Quliyev deyib ki, hüquqlarını canı, qanı bahasına da olsa, son kimi müdafiə edəcək.
Sonra E. Quliyevin vəkili çıxış edib və bəraət hökmünün çıxarılmasını istəyib.
Qeyd edək ki, dövlət ittihamçısı Elçin Quliyevin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməklə 15 il, Azər Mehdiyevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Bundan başqa, dövlət ittihamçısı təqsirləndirilən şəxslərin rütbələrinin alınması və əmlaklarının zərərçəkənin xeyrinə müsadirə edilməsini, təqsirləndirilən şəxslər tərəfindən Dövlət Təhlükəsizlik Xidmətinə və zərərçəkənlərə vurulan ziyanın tam ödənilməsini istəyib.
Prokuror DTX-ya vurulan 7 milyon manatdan artıq ziyanın ödənilməsini tələb edib. Bundan başqa, zərərçəkənlərə vurulan 500 min manatdan artıq ziyanın ödənilməsi istənilib.
Xatırladaq ki, Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub. Daha sonra MTN-lə bağlı aparılan istintaq zamanı o tutduğu vəzifədən azad edilərək nazirliyin Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilib. Ondan sonra isə şübhəli şəxs qismində saxlanılaraq həbs edilib.
Elçin Quliyevə Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub.//APA
Paylaş: