Xəbər lenti

 

Əmək və əh­a­linin sosial müdafi­əs­i naziri Səlim Müs­lüm­ov ünvanlı sosial yardımın (ÜSY) alınmasında problemlərin olması ilə bağlı şikayətlərə münasibət bildirib. 

"Report" xəbər verir ki, nazir keçirdiyi mətbuat konfransında hazırda  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon və şəhər şöbələri ÜSY ilə bağlı heç bir səlahiyyətə malik olmadığını deyib. 

O bildirib ki, ÜSY-yə aid bütün prosedurlar elektron sistemlə həyata keçirir: "Kimlərinsə sözünə aldanmayın ki, sizi pis vəziyyətə salmasınlar. Sadəcə olaraq notariusdan ərizə alaraq elektron qaydada VEMTAS vasitəsilə müraciət etmək olar. Bununla da iş bitir və 15 gün ərzində cavab gəlir".

S.Müslümov deyib ki, nazirliyə daxil olan məlumatlara görə əlilliyin təyin olunması prosesi zamanı da hələ bu problemlər qalmaqdadır: "Hansısa yerli TSEK-ə getmək mənasızdır. Çünki o işə həmin TSEK baxmır. Bir rayona aid olan iş həmişə başqa rayonun TSEK-inə göndərilir, həm də sənədlər anonim olur. Sadəcə olaraq göndərişdə hər şey dəqiq yazılmalıdır. Bu halda da dəqiq şəkildə əlilliyin təyin olunması məsələsinə baxılacaq. Elektron sistem nə məmurlara, nə də hər hansı vətəndaşlara manipulyasiya etmək yeri qoymur, aldanmasınlar". 

***

"Prezidentin “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” sərəncamı ilə artım pensiyaçıların 94 faizinə şamil olunacaq". 

"Report" xəbər verir­ ki, bunu da Səlim Müslüm­ov deyib.

“Cənab Prezidentin sərəncamının icrası olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən respublikamızda əmək pensiyalarının ümumi məbləğinin də 2018-ci il yanvarın 1-dən hesablanaraq həmin göstəriciyə uyğun, yəni 5,7 faiz artırılması təmin ediləcək. Bununla bağlı Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondu artıq müvafiq işlərə başlayıb. 01 yanvar 2018-ci il vəziyyətinə ölkədə 1 milyon 318 min 434 nəfər əmək pensiyası alır. Sərəncama əsasən əmək pensiyalarının indeksləşdirilərək artırılması pensiyaçıların 1 milyon 236 min nəfərinə və ya 94 faizinə şamil olunacaq. Dövlət qulluqçusu, hərbi qulluqçu, Mərkəzi Seçki Komissiyasının üzvü, Hesablama Palatasının üzvü, deputat və s. kateqoriyalardan olan şəxslər kimi pensiyaya çıxmış vətəndaşların pensiyalarına bu artımlar tətbiq olunmayacaq”, S.Müslümov bildirib.

Bundan başqa, əmək pensiyalarının sığorta hissəsinə qanunun 19-cu maddəsində mütləq rəqəmlərlə ifadə olunan əlavələrə bu artım şamil edilmir.

Nazir diqqətə çatdırıb ki, 1 yanvar 2018-ci il vəziyyətinə ölkədə əmək pensiyalarının orta aylıq məbləği 208,36 manat, yaşa görə pensiyanın orta aylıq məbləği isə 233,68 manat təşkil edir: “Vətəndaşların əmək pensiyalarının məbləğləri müxtəlif olduğundan pensiyalarda artımların məbləğləri də fərqli olacaq. Məsələn, 208,36 manat səviyyəsində olan əmək pensiyası üzrə hesablama aparsaq, indeksləşdirmə nəticəsində həmin pensiyanın məbləği 5,7 faiz, yəni 11,87 manat artırılaraq 220,23 manata çatdırılacaq. Bununla yanaşı, onu da qeyd edim ki, artımın pensiyanın bütün məbləğinə tətbiq olunması prinsipi aşağı məbləğdə pensiya alanlar üçün daha effektiv olması ilə diqqəti çəkir”.

Nazirin sözlərinə görə, fevral ayının 13-14-də pensiyaların hesablara köçürülməsinə başlanılacaq.




Ana səhifəyə qayıt        Baxış: 655          Tarix: 10-02-2018, 11:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma