Bu il I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarında abituriyentlərin 48.7%-i 200-dən az bal toplayıb.
APA-nın xəbərinə görə, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) nəşr etdiyi “Abituriyent” jurnalının 12-ci sayında bildirilib. Jurnalda qeyd olunub ki, qəbulda toplanılması mümkün olan maksimal bal 700-dür: “0-700 bal diapazonunu şərti olaraq (0-199), (200-299), (300-499), (500-700) intervallarına bölərək, ənənəvi “2”,“3”,“4”,“5” qiymətləri ilə analogiyasını yaratsaq, görərik ki, bu il abituriyentlərin 48.7 faizi imtahandan “2”, 18.4%-i “3”, 22.9%-i “4”, 10.0%-i isə “5” qiymət alıb. Ötən il bu göstəricilər, uyğun olaraq, 55.4%, 16.7%, 19.4%, 8.4% olub. Göründüyü kimi, bu il “2” qiymət alanların faizi nisbətən azalıb, “3”,“4” və “5” qiymət alanların faizi isə artıb. Təbii ki, qəbul imtahanlarında iştirak edən abituriyentlərin topladıqları balların paylanması strukturunda və qəbul planında baş verən dəyişikliklər qəbul olan abituriyentlərin ballarının paylanmasında da öz əksini tapıb. Qəbul olanların topladıqları balların paylanma diaqramından görünür ki, onların 32.9%-ni “3”, 44.4%- ni “4”, 19.1%-ni isə “5” qiymət alanlar təşkil edib.
Ötən il bu göstəricilər, uyğun olaraq, 34.6%, 45.0%, 19.2% olub. V ixtisas qrupu üzrə ərizə verib qəbul (cari ilin məzunları üçün tam orta təhsil səviyyəsi üzrə buraxılış) imtahanlarında iştirak edən və qəbul olan abituriyentlərin bal göstəriciləri isə aşağıdakı diaqramlarda təsvir edilib. Bu imtahanlarda toplanılması mümkün olan maksimal bal 90-dır. Qəbul (buraxılış) imtahanlarında iştirak edən abituriyentlərin 5.9%-nin topladığı bal 20-dən aşağıdır. Qəbul olan abituriyentlər arasında 20-dən az bal toplayan yoxdur. Qəbul imtahanlarında iştirak edənlərin əksəriyyətinin imtahan nəticəsi (50–59) və daha aşağı bal intervallarında yerləşdiyi halda, qəbul olan abituriyentlərin nəticəsi əsasən (60–69) və (70–90) bal intervallarında daxildir”.
Bu il Xızı, Xaçmaz, Samux, Qobustan, Göygöl, Lerik, Ağsu, Sabirabad, Şamaxı, Lənkəran, Ağdaş, Şərur, Şəmkir, Goranboy və Qubarayonlarının cari il məzunlarını təmsil edən abituriyentlərin 30%-dən çoxunun qəbul imtahanlarında topladığı bal 100-dən aşağı olub.
Paylaş: