Ukraynanın Çerniqov vilayətinin İçnya şəhəri yaxınlığındakı hərbi bazanın silah-sursat anbarında baş verən partlayış diversiya ola bilər.
Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat xidməti xəbər verir ki, təhlükəsizlik orqanının əməkdaşları bu versiya üzərində işləyir.
Məlumata görə, artıq Xidmətin operativ qrupu hadisə yerində araşdırmalara başlayıb.
Faktla bağlı cinayət işi açılıb.
Məlumata görə, partlayışdan sonra Ukraynanın Baş naziri Qroysman hadisə yerinə gəlib. Onun rəhbərliyi ilə qərargah yaradılıb.
Ukrayna Prezidenti Petro Poroşenko isə güc strukturlarının rəhbərlərinin iştirakı ilə müşavirə çağırıb.
Xatırladaq ki, bu gün səhər saatlarında Ukraynanın Çerniqov vilayətinin İçnya şəhəri yaxınlığındakı hərbi anbarda baş verən partlayışla bağlı ərazinin yaxınlığında 10 min nəfər evakuasiya olunub. Partlayış baş verən 6-cı Arsenal təxminən 682 hektar ərazidə yerləşir, onun 402 hektarı texniki ərazi hesab edilir.
Hadisə yerinə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin, Milli Qvardiyanın, Milli Polisin 600-dən çox canlı qüvvəsi və 100 texnikası cəlb edilib.
Çerniqov vilayəti təcili yardım stansiyasının yaydığı məlumata görə, partlayışdan sonra tüstüdən özünü pis edən 63 nəfər xəstəxanalara müraciət edib. Partlayış zamanı ölüm faktı hələ ki, təsdiqlənmir.
Hadisənin baş verdiyi yerdən 22 kilometrlik məsafədə olan ərazidə avtomobillərin, qatarların hərəkətinə qadağa qoyulub/Azərtac.
Paylaş: